Sağlamlıq / Sağlam ol!

Bayılma və qanaxma zamani nə etməli?

VILVET | 4-06-2012, 13:00
11 190 53


Bayılma (huş itirmə) zamanı ilk tibbi yardım

Qəflətən baş verən hadisələr zamanı (ürək tutması, ishal və ya qusma, qanaxma və s. zamanı) və ya gözlənilmədən xəstələnən yaxud yaralanan şəxsə təcili tibbi yardım gələnə qədər insana real imkanlar çərçivəsində düzgün və vaxtında ilk tibbi yardım göstərilməlidir. Belə hadisələrdən biri də bayılmadır (huş itirmədir). Bayılma beyin-qan dövranının pozulması nəticəsində insanın qısa müddət ərzində huşunu qismən və ya tam, lakin qısamüddətli itirməsidir. Beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənmə baş verir, gözün qaralması müşahidə olunur. İnsan zəiflik, ürəkbulanma, qulaqlarında küy hiss edir. Bu zaman xəstənin gözlərinin qarşısında sönüb-yanan qığılcımlar və zolaqlar əmələ gəlir, əlləri və ayaqları keyləşir. Bayılma zamanı insan huşunu tam itirməyə də bilər.

Səbəbləri:

Bayılmanın səbəbi ürək-damar xəstəlikləri, miokardın infarktı, kəllə-beyin travması, diabetik xəstətələrdə qanda şəkərin kəskin şəkildə aşağı düşməsi, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanların), təzyiqin aşağı düşməsi, qapalı şərait, yorğunluq, qorxu, ağrı, güclü emosiyalar (məsələn, qan gördükdə), istivurma və ya günvurma, uzun sürən aclıq, qəflətən ayağa qalxma, diş çəkildikdə ağrı, qan gördükdə qorxu, çox kəskin sancı və s. ola bilər. Yaşlılarda və hamilə qadınlarda bədən vəziyyətinin kəskin dəyişməsi bayılmaya gətirib çıxara bilər.

Bayılmanın ağır son halını və ya ürək dayanamasını fərqləndirmək lazımdır. Bayılmanın bu hallardan biri ilə bağlı olduğuna əmin olmaq vacibdir. Xəstənin həyatında təhlükə olmadığına əmin olmaq üçün həyat əlamətlərinin olduğunu dəqiq bilmək lazımdır. Bayılma zamanı zərərçəkənə ilk tibbi yardım göstərmək üçün, onu başı bədənindən bir qədər aşağı olmaqla (bu, qan kütləsinin baş beyinə daha çox gəlməsini təmin edir) uzatmaq, onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s), mütləq otağın havasını dəyişmək, pəncərə və ya qapıları açmaq lazımdır. Qəflətən zərərçəkən qusa bilər, dərhal onun boğulmaması üçün başını yana çevirmək vacibdir. Xəstəni özünə gətirmək üçün burnuna kəskin iyli bir şey (naşatır spirti, ətir və s.) yaxınlaşdırıb iylədilir. Nəfəs alma zamanı çətinlik yaranarsa, xəstəni təmiz havaya çıxartmaq, üzünə, sinəsinə, qollarına sərin su çəkmək lazımdır.

Həm uşaqlarda, həm də böyüklərdə tez-tez bayılma halları baş verərsə, o zaman həkimin müayinəsindən keçməsi mütləqdir.



Qanaxma zamanı ilk tibbi yardım

İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəri) ehtiyyat halında saxlanılır. Hər hansı travma zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2- 2,5L qan itirildikdə ölümlə nəticələnə bilər. Qanaxma 3 cür olur: kapilyar, venoz və arterial qanaxma. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır.

Kapilyar qanaxma — cüzi zədələnmə zamanı da baş verə bilər. Kapilyar qanaxma zamanı ilk yardım göstərdikdə, yara ətrafına yod tinkturası sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı qoymaq lazımdır. Və ya sadəcə adi sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Sarğı orqanizmə yad cisimləri, əsasən, mikrobları keçməyə qoymur və qanın tez laxtalanmasına kömək edir. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.

Venoz qanaxma – bu zaman qanın axma sürəti kapilyarlardan çox olduğundan qan laxtası yuyulub aparılır, nəticədə, az müddətdə çox qan itirilir. Bu isə həyat üçün çox təhlükəlidir. Bu cür qanaxmalar ən çox səthinə yaxın venaların zədələnməsi zamanı baş verir. Venoz, güclü kapilyar, həmçinin, kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı sarğı qoyulur. Bu sarğı zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur. Adətən, hətta, güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Xəstəyə ilk tibbi yardım göstərildikdən sonra, yəni, qanaxma dayandırılan kimi onu dərhal yaxınlıqdakı xəstəxanaya və ya tibb məntəqəsinə çatdırmaq lazımdır!

Arterial qanaxmalar Bu cür qanaxmalar həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan “fəvvarə kimi” xaricə axır. Belə halda istifadə edilən sarğı qanı saxlaya bilməz, yalnız qanın axınının sürətini bir qədər azalda bilər. Buna görə də, hadisə yerində həkim gələnə qədər tez tədbir görülməlidir. İlk növbədə, ətrafı yuxarı qaldırmaq və yaralanmış yerdən yuxarıda arteriyanı barmaqla basıb saxlamaq lazımdır. Sonra isə, rezin turna ilə və ya burulmuş parça ilə sıxmaq lazımdır. Turna qoyulacaq yerə əvvəlcə təmiz parça və ya bint parçası qoyurlar ki, dəri zədələnməsin, sonra həmin yeri hər hansı parça ilə boş sarıyırlar. Parça ilə ətrafın arasından möhkəm çubuq keçirir və bu çubuqla parçanı o qədər bururlar ki, yaradan qanaxma dayanır. Bundan sonra çubuğu bintlə turnaya bərkidirlər.

Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır.

Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır.

Qanlı qusma olarsa, ( qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.

Böyüklərə nisbətən uşaqlarda arteriyaların daha elastik, arterial təzyiqin isə daha aşağı olduğunu nəzərə alsaq, onlarda zədələnmiş sahədə nəinki, güclü venoz qanaxmanı, hətta, çox da güclü olmayan arterial qanaxmanı da zədələnmiş sahəyə sıxıcı sarğı qoymaqla dayandırmaq olar. Ona görə də, uşaqlara, yalnız istisna hallarda – sıxıcı sarğı heç bir kömək etmədikdə jqut qoymaq olar!

Daxili qanaxmalar- Qarın, döş, kəllə boşluğundakı qanaxmalar son dərəcə təhlükəlidir. Bu, adətən, hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. Daxili qanaxma zamanı insan zəifləyir, onu üşütmə tutur, tənəffüsü sərtləşir, soyuq tər basır, nəbz tezləşir, rəngi avazıyır, bəzi hallarda, əsasən də, ag ciyər qanaxmaları zamanı qanlı oskürək halları baş verir. Bu halda darhal zərərçəkənə təcili yardım çağırmaq lazımdır. Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Həkim hadisə yerinə yetişənə qədər isə, zərərçəkəni yarım oturmuş vəziyyətə gətirmək və ya tam sakitlik vermək lazımdır. Ehtimal olunan qanaxma nahiyyəsinə (qarın, döş, baş) içərisinə buz və ya qar doldurulmuş polietilen torba, soyuq su tökülmüş qab və ya butulka qoymaq lazımdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz! Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək lazımdır.

 Qanaxma zamanı zərərçəkənə yardım göstərən şəxs yaraya yalın əllə toxunmamalıdır. Yardım göstərdikdən sonra əl sabunla yuyulmalıdır