Sağlamlıq / Sağlam ol!

Həkimə necə gedilir?

Banu. | 30-12-2018, 10:50
398 0

Həkim kimi çıxış etdiyimiz TV proqramlarında, verdiyimiz müsahibələrdə, yazdığımız yazılarda, iştirak etdiyimiz toplantılarda həmişə müəyyən tibbi mövzulardan, xəstəliklərdən, sağlamlıqdan bəhs edirik. Biz həkimlər bunları harada öyrənmişik? Xəstəliklər haqqında harda yazılıb? Əlbəttə ki, tibb universitetində oxuduğumuz cərrahi xəstəliklər, daxili xəstəliklər və s. dərsliklərdə.

Amma bir fənnimiz vardı ki, orda xəstəliklərdən yox, xəstəyə yanaşmadan bəhs olunurdu. Bu fənn propedevtika adlanır. Bu fəndə xəstənin şikayətlərinin dinlənilməsindən tutmuş, müayinə metodlarının seçilməsinə qədər öyrədilir. Amma bu gün bu barədə yazmaq fikrim yoxdur. Sadəcə, həkim fəaliyyətimdə son zamanlarda belə bir boşluq hiss etdim ki, təkcə həkim üçün xəstəyə yanaşma metodikasını bilmək vacib deyil, pasiyentlərin də həkimə necə gedəcəklərini bilmələrində fayda var.

İlk baxışda belə bir fikir yarana bilər: həkimə getməyin nə metodikası var ki?!
Onda belə deyək: metodikası yox, etikası var. Yəni hər davranışın yazılmamış qanunları olduğu kimi, həkimə getməyin də bir qaydası və ya xalq arasında bilinən yanlışları var.

Başlayaq lap əvvəldən. Ümumiyyətlə, həkimə niyə və nə vaxt gedirik? Ya şikayətimiz olanda, ya da profilaktik yoxlanışa. Bu zaman həkim seçirik özümüzə. Ən klassik həkim seçmə metodumuz tanışlardan həkim soraqlamaqdır və ən ağlabatanı da budur. Ən ağlabatmayanı hansıdır? Sosial mediadakı qadın qruplarında həkim axtarışı. Əmin olun, oralarda 5-6 saxta hesab açıb özünü təriflətmək heç də çətin deyil.
Digər yaxşı həkim kriteriyalarımız da var, məsələn, “filan həkimin qapısında növbə var”. Halbuki, gərək professional olaraq işi elə təşkil edəsən ki, xəstələr gözləməsin, randevuları elə verəsən ki, növbə yaranmasın. Əks halda bəzi kolleqalar kimi olan-qalan 3-5 xəstəni eyni saatda müayinəyə çağırmaqla bu meyarı yaratmağa nə var ki?

Deyək ki, məsləhətli bir həkim tapdıq, koordinatlarını öyrəndik, qaldı müayinəyə getmək. Yox-yox, əlaqə yaradıb randevu almaq var hələ. Telefonla məsləhət almaq istəyənləri anlamaq olar, kimsə bəlkə maddi səbəbdən, daha çox da tənbəllikdən, vaxtsızlıqdan həkimə getməyə ərinir, suallarına telefonla cavab almaq istəyir. Əlbəttə, elə suallar var ki, onlara telefonda cavab vermək olar. Bu uzun mübahisə mövzusudur, telefonla həkimlik olmaz, işin hüquqi tərəfləri var və s. Buna baxmayaraq, telefonla sualına cavab arayan pasiyenti də anlayışla qarşılayıram. Amma zəng edib randevu aldıqdan sonra, yəni sabah həkim müayinəsinə gələcək xəstənin sabah müayinədə verəcəyi sualları bu gün axşam telefonda danışmasında məntiqi tapa bilmirəm.

Beləliklə,
Birincisi, həkimi seçəndə diqqətli oluruq.
İkincisi, telefon randevu almaq üçündür, şikayətləri danışıb müalicə almaq üçün yox.

Bir məzəli pasiyent tipi də evindən çıxdığı andan həkimlə görüşənədək zəng edib gəldiyi yolu həkim üçün monitorizasiya edənlərdir:
- Alo, həkim, mən kənddən çıxdım
- Həkim, biz şəhərə girdik
- Mən klinikadayam və yaxud liftdəyəm
- Həkim, qapınızın ağzındayam.

Hər klinikada resepsion var, ora müraciət edin, əməkdaşlar sizi yönləndirsin. Bəli, pasiyentə sifət edən resepsion da yaralı yerimizdir, bu da var.
Və üçüncüsü, randevu saatında həkimə birbaşa gələ bilərsiz, yol boyu həkimə zəng etməyə ehtiyac yoxdur. Axı həkim həmin anda sizin kimi başqa bir xəstəni müayinə edir.

Nəhayət, girdik həkimin otağına. Həkim şikayətləri soruşanda, ona ağrı, qanaxma kimi şikayətləri demək lazımdır. Kiminsə qoyduğu diaqnoz və ya hansısa analiz nəticələrini lazım olsa, özü soruşacaq. Həkimdən hansısa analiz və ya əməliyyat tələb etmək lazım deyil. Bəzi xəstələr hətta həkimdən əvvəl hansısa analiz və ya diaqnostik metodlardan keçib gəlir. Hörmətli pasiyentlər, müxtəlif tomoqrafiyalar, analiz cavabları həkim üçündür, sizin üçün deyil. Onları həkim təyin edir, nəticəsini də özü yorumlayır.

İndi isə bir az da pasiyentin hüquqları barədə. Həkim pasiyentə onun anlayacağı dildə xəstəliyini, müayinə metodlarını, təyin etdiyi müalicəni və əməliyyatı izah etmək məcburiyyətindədir.

Bəs həkim nəyə məcbur deyil? Yuxarıda yazdığım izahatı verdikdən sonra tibb kollecində oxuyan xalaqızının, yaxınlıqdakı doğum evində sanitar işləyən əminəvəsinın, anasının rəfiqəsinın belə sinonimlərlə bəzədilmiş söz ishalından ibarət “sual” dedikləri boşboğazlığa cavab vermək məcburiyyətində deyil. Eləcə də həkimin pasiyentin evə gedəndən sonra ailənin ağsaqqal, ağbirçəkləri ilə “məşvərət” edib, ağlına gələn fərziyyələrinə axşam saatlarında etdiyi telefon zəngi ilə cavab vermək öhdəliyi yoxdur.
Amma bu iki sual hər əməliyyatdan əvvəl mütləq verilməlidir:

1. Mən niyə əməliyyat olmalıyam?
2. Əməliyyat olmasam, nə olar?

Əslində, bu mövzuda yazılası çox şey var. Ən əsası, kimə inanmalı, kimə güvənməli? Yaxşı həkim nə deməkdir? Şəxsi fikir, elmin tələbi, xəstəyə faydalı olmaq kimi anlayışlar da var. Bu tip suallara da aydınlıq gətirməyə çalışacağıq. Hələlik bu qədər.
 
Rəşad Sultan - Ginekoloq, uzman həkim