Sağlamlıq / Sağlam ol!

Qədim zamanlarda sonsuz qadınlar bu cür övlad sahibi olardılar - SƏMƏNİNİN MÖCÜZƏVİ GÜCÜ

Banu. | 20-03-2021, 09:09
1 484 0

İldən-ilə bəzi ənənələr bizim üçün yadlaşır. Bu ənənələrdən biri də səməni cücərtməkdir. Səməni cücərtmək əziyyətsiz bir işdir və çox cüzi xərc tələb edir. Buna baxmayaraq, çoxumuz onu hazır olaraq mağazalardan alırıq. Əslində isə bir sıra mənaları özündə simvolikləşdirən səmənini evdə cücərtmək daha məsləhətlidir.

Bəs, qədim mifologiyalar, adət-ənənələrimiz səməni haqda nə deyir?
 
Bakı Dövlət Universitetinin müəllimi, folklorşünas Məhəmməd Məmmədli səməni haqqında olduqca maraqlı məlumatlar verib:
 
"Novruz bayramının əsas atributlarından biri hesab edilən səməni nəsil artırmanın müqəddəs rəmzidir. Səməni ilk növbədə xəstələrə şəfa bəxş edərdi. İnsanlar arzu və istəklərinə çatmaq üçün səməni cücərdərdilər. İlin təhvil alındığı gündə səməninin süfrəyə təqdim olunması məhz təbiətin ölüb yenidən dirilməsini, canlanmasını özündə təcəssüm etdirirdi. Qədim mənbələrdə də cücərdilən səməni şax, sıx olardısa, bu bolluq, bərəkətə işarə idi. Zəif cücərirdisə, bu məhsulun az olacağına işarə idi. Səməni həyat bəxş edən təbiətin simvolu idi".
 
Məhəmməd Məmmədli səməni ilə bağlı inancların xüsusilə, qadınlar arasında geniş yayıldığını bildirib: 
 
"Qədim zamanlarda qadınlar səməni bişirilən qazanın ətrafında fırlanaraq onun güc, bərəkətverici qüvvəsi haqda nəğmələr oxuyar, oynayardılar. "Səməni, saxla məni, ildə göyərdərəm səni” ifadəsində də biz səməninin qüdrətini görə bilərik. Səməni xalq düşüncəsində bəxt açmaq, səadət, bərəkət bəxş etmək kimi özəlliklərə malik idi. Müxtəlif mifologiyalarda uşağı olmayan, övladsız qadınlara səməninin övlad bəxşetdiyi də söylənilirdi. Mifoloji mənbələrdə, etnoqrafik məlumatlarda bu haqda geniş yazılıb. Övladı olmayan qadının çox vaxt çiləyə düşdüyü söylənilərdi. Belə qadınları çilədən çıxartmaq üçün "Səməni olsun!” ayini icra edilirdi. Oğul-qız övladına sahib olan qadın səmənini övlad arzusunda olan qadının başı üzərində saxlayardı. Başqa qadın isə çərşənbə suyundan axıdardı. Qadınlardan biri isə axıdılan suyu əlinə alan qayçı ilə "doğra”yaraq, "Ay bu səmənini göyərdən, bu gəlini də göyərt!", deyərdi. Həyat bəxş etməsinə görə səməni hər zaman müqəddəs hesab edilib. Bayramın 13-cü günündə onu axar sulara atardılar. Avestada həyat ağacı hesab edilən Xaon adlı bitki ilə səməninin alt hissəsini bağlayardılar. Səməni həm də yazın, təbiətin oyanışının simvoludur".Sfera.az