Sağlam ol! / Düzgün qidalanma

Ramazanda necə qidalanmalı?

Gülçin | 21-06-2016, 16:30
1 329 5

 Sahurda necə qidalanaq?

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək dörd dəfə tez sorulduğundan qanda şəkərin miqdarı yeməkdən sonra qısa müddət sonra çox yüksəlir, sonra isə düşür. Sahurda yumurtaya üstünlük verilməlidir. Yumurta suda qaynadılmış olsa daha yaxşı olar. Çünki, yumurtanın tərkibindəki zülal orqnizmin enerji balansını qoruyur. Suda qaynadılmış parça ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yeməyin də faydası var. Xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ vardır. Kəpəkli makaron və yerli düyü də yemək olar. Duzsuz pendir, qaymaq, xama da yeyilə bilər. Süddə bişmiş yulaf və ya müsli yemək də faydalıdır. Bol-bol su içilməlidir. Köp olmasın deyə razyana ilə çobanyasyığı qarışıqlı çay içmək məsləhətdir. Susuzluğun qarşısını almaq üçün limonlu çay və ya məkkəgülü çayı içmək məsləhətdir. Bir xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün üzərinə 2 ədəd çubuq darçın, 2 ədəd alma və 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edin. Sonra zəif odun üzərində 5 dəqiqə qaynadın. Daha sonra soyuducuya qoyun səhər sahurda için. Bu içki həm dadlı, həm də qanı durultduğundan susuzluğun qarşısını almaq üçün əla vasitədir.

İftarda nə yeməli?

İftar yeməyi iki hissəyə bölünməlidir. Birdən-birə boş mədəni çox yükləmək olmaz. Çünki aclıq zamanı metabolizma (maddələr mübadiləsi) zəifləyir. Bir dəfədə çox yemək qəbul edincə köp sancılar və qəbizlik baş verə bilər. Yeməyə su ilə başlayın. Sonra sulu yeməklərə üstünlük verin. Çalışın süfrənizdə mövsümi meyvələr və qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində qıcqırma olan şəxslər qatığı kefirlə əvəz edə bilər. Sulu yeməkdən sonra biraz istirahət edilməlidir. Məsələn, namaz qılına bilər. Hətta iftarda yemək arasında idman hərəkətləri etmək çox faydalıdır və həzmə kömək edir. Bundan sonra enerjili yeməklər yeyə bilərsiniz. Sahurda olduğu kimi ağ çörək istifadə etməyin. Lifli qidalar, meyvə və quru meyvələrdən yeyin. Yeməkdən sonra köp, qəbizlik və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkilərdən tapa bildiyinizi qarışdırıb çay dəmləyə və ya ayrı-ayrılıqda içə bilərsiniz. İftarda yaxşı qidalanmaq lazımdır. Çünki sabah yenə oruc tutulmalıdır. Allah oruclarınızı qəbul etsin!



  1. Gülçin | 22 iyun 2016 17:17 | Status: Brilliant user | Şərh: 6 783
    Mən təşəkkür edirəm şərh yazan bütün xanımlara.
  2. Dəniz qızı | 22 iyun 2016 13:15 | Status: Brilliant user | Şərh: 8 029
    Mənə də elə bu xəbər lazım idi.Təşəkkürlər..
  3. SEVDA | 22 iyun 2016 09:51 | Status: Nəzarətçi | Şərh: 17 457
    Allah kömek olsun bűtűn oruc tutanlara...
  4. ESMERRi | 21 iyun 2016 18:32 | Status: Brilliant user | Şərh: 5 385
    Təşəkkürlər məsləhət üçün.
  5. B.Fereh | 21 iyun 2016 17:33 | Status: Nəzarətçi | Şərh: 6 986
    Faydali melumatlarcun tewekkurler.