Sağlamlıq / Sağlam ol!

Azərbaycanda süni mayalanma: kişilər utanır, qadınlar gizlədir, qiymətlər də "od tutub yanır"

Banu. | 12-04-2016, 17:45
4 867 10

 

Son illər bir sıra mənfi faktorlar – qenetik modifikasiya olunmuş qidalar, həmçinin çirklənmiş hava və sair bu kimi əks-təsirli göstəricilər xəstəliklərin artmasını, gəncləşməsini daha da tətikləyir.

Bu kimi problemlər arasında sonsuzluğu da vurğulamaq yerinə düşər. Son 10 ildə əvvəlki illərlə müqayisədə sonsuzluq daha qabarıq şəkildə özünü göstərir, desək yanılmarıq. Yəni hər yeni ailə quran 10 cütlükdən 8-i bu problemlə qarşılaşır.

Sonsuzluğa qarşı təyin edilən bir çox müalicələr nəticə vermədikdə isə əksər ailələr ekstrakorporal (EKM), yəni süni mayalanmaya müraciət edirlər.

Bilməyənlərin nəzərinə çatdıraq ki, ekstrakorporal mayalanma cinsi hüceyrələrin kənarda mayalandırılıb qadının uşaqlığına köçürülməsindən ibarət olan prosesdir. Bunun üçün qadın hüceyrələri yetişdirilir və onlar kənarda kişi hüceyrələri ilə mayalandırılır. 

Mayalanma nəticəsində əmələ gələn embrion qadının uşaqlıq boşluğuna köçürülür.

Hazırda kişi sonsuzluğunun faiz göstəricisi daha yüksəkdir

Burada daha bir maraqlı məqam odur ki, əvvəllər qadın sonsuzluğu qabardılırdısa, hazırda kişi sonsuzluğunun faiz göstəricisi daha yüksəkdir. Yəni əvvəllər ailədə uşaq olmayanda, bunu qadının problemi kimi qabardırdılar. İndi isə müasir zəmanədə, insanlar anlayırlar ki, bu problemin kökündə kişinin sağlıq durumu da ən azı qadındakı qədər önəm daşıyır. Ona görə də sonsuzluq problemi yaşayan ailələr həkimə birgə müraciət edirlər. Yəni həkimə həm qadın, həm də kişi müraciət edir və müayinələrdən birgə keçirlər. Kişilərdə sonsuzluğa gətirib çıxaran amillər cinsi yolla keçən xəstəliklərin sayının artması, siqaret, içki, zərərli vərdişlər, qidalanma zamanı hormonal məhsullardan geniş istifadə, radiasiya, eyni zamanda, gərgin iş şəraiti və psixoloji anlardır. Bu, məsələnin başqa bir tərəfidir. Yəni deməyimiz odur ki, bütün bu problemlərin sonunda ailə süni mayalanmaya müraciət edir.

Qadının mayalanmasında yad kişinin spermasından istifadə edilir?

Cəmiyyətimizdə isə bu müalicə üsuluna birmənalı yanaşılmır. Yəni Azərbaycanda ekstrakorporal mayalanmaya 2004-cü ildən başlansa da, bir çoxları düşünür ki, bu proses zamanı qadının mayalanmasında ərinin deyil, başqa, yad bir kişinin spermasından istifadə edilir... Buna baxmayaraq, demək lazımdır ki, əvvəlki illərlə müqayisədə süni mayalanmaya üz tutan ailələrin sayı bir neçə dəfə artıb. Amma bir çox ailələr ekstrakorporal mayalanma yolu ilə uşaq sahibi olduqlarını ətrafda hər kəsdən gizlədirlər. Bunun səbəbi isə çox sadədir: yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyət bunu heç də birmənalı qarşılamır.

Süni mayalanma ilə 4 aylıq hamilə olan həmsöhbətimiz Aysel Nəzərova da bizimlə həmfikirdir. O deyir ki, süni mayalanma ilə hamilə olmasını yaxın ailəsindən başqa heç kimə söyləməyib:

"Süni mayalanma vasitəsilə hamilə qaldığımı hər kəsdən gizlədirik"

"Özünüz bilirsiniz ki, bizdə süni mayalanmaya heç də yaxşı baxmırlar. Hətta bəziləri bunun kişinin əskikliyi kimi qəbul edir. Ona görə də həyat yoldaşımla belə qərara gəldik ki, bunu hər kəsdən gizlədək. Onu da deyim ki, artıq 3 ildir ki, evliyik. Digər ailələr kimi uşaq sahibi olmaq istəyirdik. Lakin hər ikimiz də həkim müayinəsindən keçəndən sonra yoldaşımın xayasında damar genişlənməsi olduğu aşkarlandı. Bu onda ağrılarla yanaşı, həm də spermanın mayalandırma qabiliyyətinin normadan dəfələrlə az olmağına səbəb olurdu (oliqospermiya-red). Düzdür, biz süni mayalanma etmək qərarını verənə kimi alternativ variantlara əl atdıq, yoldaşım əməliyyat oldundu. Lakin spermanın mayalandırma qabiliyyətinin az olduğuna görə süni mayalanma etməyə qərar verdik”.

"Bu proses deyildiyi kimi, 3 min manat deyil..."

Müsahibimiz deyir ki, süni mayalanma prosesi ümumilikdə bir ay çəkdi:

"Mənə ilk öncədən bədən hazırlığı üçün 10 gün ərzində iynələr vuruldu. Sonra "OPU” deyilən yumurta toplama əməliyyatından keçdim. 2 gün sonra isə transfer, yəni artıq yoldaşımın sperması ilə mənim yumurtalarım embrionlaşdırıldı. Növbəti 2 həftəni evdə yataqda keçirdim. İki həftədən sonra analiz verərkən isə hamilə olduğumu öyrəndim”.

Əkiz uşaq anası olacaq A.Nəzərova övladlarını dünyaya qeysəriyyə əməliyyatı yolu ilə gətirəcək:

"Onu da deyim ki, süni mayalanmanı keçmək, heç də asan proses deyil. Çətindir, stresslidir, həyəcanlıdır, amma çox ağrılı deyil. Nəticənin 100 fazi olmadığı üçün insan qorxu və həyəcan yaşayır. Onu da deyim ki, hamiləliyin ayı artıqca xərcləri də çoxalır. Çünki süni mayalanma iynə-dərmanlar hesabına davam etdirilir. Yeri gəlmişkən, bu proses deyildiyi kimi, 3 min manat deyil, daha bahalı prosesdir. Biz ilk öncə 1890 manat, əməliyyatdan sonra iynə və dərmanlara 600 manata yaxın pul ödədik. Hamiləliyimin 3-cü ayı tamam olandan sonra isə mənə 400 manata başa gələn servikal kanal əməliyyatı (uşaqlıq boynu - red) icra edildi. Bununla bitmir, hər dəfə dölün ultrasəs muayinəsi üçün (USM) 59 manat xərcləməli oluruq”.

Müsahibimiz özünü olduqca şanslı hesab edir. Axı süni mayalanma riskli bir prosesdir. O deyir ki, onunla eyni vaxtda süni mayalanmaya müraciət edən 6 qadından dördü hamilə qalıb.

"Yəni hamilə qalmamaq riski də var. Mənə mayalanma zamanı 2 embrion qoyulmuşdu. Nəticədə bətnimdə 2 döl əmələ gəldi”- deyə, A.Nəzərova bildirib.

Sonda oxucuların nəzərinə çatdıraq ki, süni mayalanma zamanı qadının uşaqlığına yalnız iki embrion qoyulur. Buna görə də süni mayalanma nəticəsində 1 və ya 2 uşaq dünyaya gəlir. Amma uşaqlığa eyni vaxtda iki embrion qoyulduğu üçün süni mayalanma nəticəsində 2-4 dölün əmələ gəlməsi də mümkündür. Ümumilikdə süni mayalanmaların 40-45 faizi müsbət nəticələnir. Süni mayalanmada əkiz dölün yaranma faizi isə 30-35 faiz təşkil edir.

Mütəxəssislər: Süni mayalanma nəticəsində 3 və ya 4 dölün əmələ gəlməsi yaxşı hal deyil

Mütəxəssislərin fikrincə, süni mayalanma nəticəsində 3 və ya 4 dölün əmələ gəlməsi yaxşı hal deyil. Bu, əslində metodun düzgün icra olunmaması nəticəsində baş verir. Dünyada uşaqlıq boşluğuna iki embriondan artıq embrionun köçürülməsi yasaqdır. Artıq neçə illərdir ki, Azərbaycanda da üç embrion qoyulmur. Tibbi göstərişlər də uşaqlığa iki embriondan artığını qoymağa icazə vermir. Qadının uşaqlıq boşluğuna ən keyfiyyətli iki embrion qoyulur. Həmin embrionların tutub-tutmaması artıq həkimlərdən deyil, orqanizmdən asılıdır. Buna görə də əməliyyatdan sonra ya bir, ya iki embrion tuta və ya ümumiyyətlə, heç bir embrion tutmaya bilər. gun.az


Dəniz qızı | 14 aprel 2016 07:48 | Status: Brilliant user | Şərh: 8 019
Şükür olsun Allahıma ki bizə bunları yaşatmayıb.Uşağın dırnağıyçın gəzənlər var.
Mister Elyana | 13 aprel 2016 18:28 | Status: Şərhçi | Şərh: 378
Bunlsrin hamisindan men de kecmiwem ve bilirem ne demekdi.allah her kese bu yolla deyol tebii yolla nesib eydin ki nr xerce duwsunler,ne De ki strese.bir soz de deyim ki caresizlerin caresidi bu yol
SEVDA | 13 aprel 2016 14:17 | Status: Nəzarətçi | Şərh: 17 443
Sitat: GULYA-N
Burda utanacaq gizledecek heç ne yoxdur.Sonsuz olmaqdansa süni mayalanma ile övlad sahibi olmaq daha yaxşıdır.Allah olmayanlara nesib etsin
Hali | 12 aprel 2016 23:41 | Status: VİP user | Şərh: 484
Allah òvlad hesretinde olanlara övlad versin inshallah.
BULUTUM | 12 aprel 2016 21:51 | Status: Professional user | Şərh: 7 392
Yarali yerimdi..of offf
ESMERRi | 12 aprel 2016 20:55 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Bu barede hec oxumamiwdim,maraqla oxudum twk..
GULYA-N | 12 aprel 2016 20:42 | Status: VİP user | Şərh: 759
Burda utanacaq gizledecek heç ne yoxdur.Sonsuz olmaqdansa süni mayalanma ile övlad sahibi olmaq daha yaxşıdır.Allah olmayanlara nesib etsin
B.Fereh | 12 aprel 2016 19:40 | Status: Nəzarətçi | Şərh: 6 978
Mende bir nece aile taniyiram,suni mayalanma eletdirib ancaq bunu gizledir.Burda utanacaq ne var anlamiram,sivil insan hec vaxt suni mayalanmaya pis baxmaz,tebii ki eger dinimize zidd deyilse.
nurane nurane | 12 aprel 2016 19:14 | Status: VİP user | Şərh: 1 016
BILIRDIM.COX OXUMUSAM BU BAREDE.TEWEKKURLER.
dılay | 12 aprel 2016 18:40 | Status: Brilliant user | Şərh: 8 185
Bu barede hec oxumamiwdim,maraqla oxudum twk..