Sağlamlıq / Sağlam ol!

Quru yeməklər orqanizmə necə təsir edir?

Aynur_Qurbanqizi | 4-08-2011, 18:05
2 504 28

 


"Ekspress" qəzetinin məlumatına görə, işdə qidalanma ofis işçilərinin əsas problemlərindən biridir. İşçilər vaxt azlığından çox vaxt quru yeməklərə üstünlük verirlər. Amma bunun insan orqanizminə hansı mənfi təsirlərinin olduğunu çox vaxt ağıllarına gətirmirlər.

27 yaşlı Südabə Nəsirovanın sözlərinə görə, ilk iş günlərində yeməkxananın olmadığından yaxınlıqda nahar etmək üçün münasib kafe və ya restoran axtarırdı. "Seçim edərkən çalışırdım, maksimum iş yerimə yaxın yer tapım ki, nahar fasiləsindən sonra işə gecikməyim. Metrodan xeyli aralıda yerləşən ofisin yaxınlığında cəmi bir neçə mağaza, kiçik kafe və sifarişlə ofisə yemək gətirən yeməkxana tapa bildim. Vaxta qənaət etmək üçün sifarişlə gətirilən qidaya üstünlük verdim. Yeməklərin keyfiyyətinin aşağı olmaыına baxmayaraq, qiymətləri qənaətbəxş deyildi. Amma çarəsiz qalaraq sifariş edirdim. Mənimlə bərabər işçilərin çoxu belə qidalanırdı. Adətən, dönər, burger, sendviç, fri şəklində hazırlanmış kartof və hot-doq yeyirdik", - deyən S.Nəsirova bildirir ki, bunun da nəticəsində həzm prosesində problemlərlə üzləşib. Müraciət etdiyi həkim ona daha düzgün qidalanmağı tövsiyə edib. "Demə, uzun müddət yalnız quru yeməklərlə qidalanmanın fəsadları ağır olur".

Nəsirova qeyd edib ki, həkimin məsləhətindən sonra duru yeməklərlə də qidalanmağa başlayıb.
"İndi mən yaxınlıqdakı kafeyə tez-tez üz tuturam. Əsasən mərci və toyuq şorbası yeyirəm. Düzgün qidalanmağa çalışıram, amma kafedə aldığım yemək də keyfiyyətsiz olduğuna görə, məni qane etmir. Müşahidəmə görə, yeməklərin hazırlanması zamanı gigiyena qaydalarına riayət edilmir. Şorbalarda saç teli, kartof qabığına da rast gəlinir. Buna baxmayaraq, kafe və restorandakı qiymətlər hazırlanan yeməklərin keyfiyyətini qat-qat üstələyir".

Ofis işçisi Vüsalə Ağayeva adətən iş yerinin yaxınlığında yerləşən ərzaq mağazalarından aldığı konservləşdirilmiş və paketləşdirilmiş məhsullar ilə qidalandığını bildirir. "Əsasən istiotlu hazır şorbalardan istifadə edirəm. Çünki onların hazırlanma prosesi çox asandır. Paketləşdirilmiş hazır makaronların üzərinə sadəcə isti su əlavə edirsən və 10 dəqiqəyə yemək hazırdır. Ümumiyyətlə, tez və asan hazırlanan yeməklərə üstünlük verirəm".

Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, qidalanma zamanı yaş amilini də nəzərə almaq lazımdır.
"60 yaşında adamın quru yeməklərlə qidalanmasının fəsadları ilə 19 yaşlı adamın bu halda üzləşdiyi fəsadlar arasında mütləq fərq olmalıdır. Qidalanma zamanı yaş faktoru əsas amillərdən biridir. Yaşlı orqanizmə bu cür qidalanma daha pis təsir edir", - deyən həkim yaşlı adamın dönər tipli qidalara üstünlük verməsini məsləhət görmür.

H.Mehdiyev bildirib ki, uzun müddət eyni tipli quru yeməklərlə qidalanma orqanizma mənfi təsir göstərir. "Quru yeməklərlə qidalanma birinci növbədə bağırsaqların işləməsində problemlər yaradır. Uzun müddət sulu yemək yeməyən adamda qəbzliyə meyllilik arta bilər. Bu cür qidalanma mədə-bağırsaq sisteminə mənfi təsir göstərərək həzmi prosesini ləngidir, lazımı miqdarda orqanizmə fermentlərin daxil olmasını pozur. Çünki ofisdə işləyən adam oturaq həyat sürür. Oturaq həyat isə kiçik çanaqda, yəni aşağı ətraflarda qan dövranının pozulmasına gətirib çıxarır. Bu da həzm prosesinin müxtəlif fəsadlarla üzləşməsinə şərait yaradır".

Həkimin dediyinə görə, oturaq şəraitdə qidalanma bir qədər fəqli olmalıdır.
"Ofis şəraitində qidalananlar sulu yeməklərə üstünlük versələr daha yaxşı olar. Quru yeməklərdən də istifadə etmək olar. Amma bu, daimi xarakter daşımamalıdır. Qida özü də rəngarəng olmalıdır. Ofis işçiləri ətli yeməklərdənsə bitkidən hazırlanan yeməklərə daha çox üstünlük verməlidirlər. Ümumiyyətlə, oturaq həyat sürənlər ağır fiziki işlə məşğul olanlardan fərqli olaraq, daha yüngül yeməklərdən istifadə etməlidirlər".

Aşbaz Svetlana Kərimova məsləhət görür ki, ofis işçiləri yağlı yeməklərdən çəkinsinlər.
"Ofisdə qidalanmaq üçün salatlar münasibdir. Kartof, düyü, göyərti, pomidor, balıq kimi məhsullardan hazırlanan salatlar insan səhhəti üçün çox xeyirlidir. Bu salatlarla müxtəlif növ, eləcə də pəhriz üçün nəzərdə tutulan çörəklərdən də istifadə etmək olar".

Onun sözlərinə görə, ofis şəraitində yemək bişirmək üçün kifayət qədər vaxt olmur. "Ona görə də burada ya evdən gətirilən yeməkləri qızdırmaq, ya da asan hazırlanan yeməklər bişirmək lazımdır. Ofisdə yemək bişirərkən vaxt amili nəzərə alınmalıdır. Belə ki, nahar fasiləsi həm yeməyin hazırlanmasına, həm də naharın özünə çatmalıdır".