Sağlamlıq / Sağlam ol!

"Azərbaycanda insanların ağız boşluğu çox qorxulu vəziyyətdədir"

Ulya | 25-03-2011, 12:32
6 482 37


 

 Son illər insanların ən çox növbədə dayandıqları yerlərdən biri də stomatoloji kabinetlərdir. Statistikaya görə, indi Azərbaycanda sağlam dişli insanlara nadir hallarda rast gəlmək mümkündür. 
  Tibb Universitetinin Ümumi stomatologiya kafedrasının məlumatın görə, hazırda Azərbaycanda əhalinin 95 faizinin dişində sərt toxumaların dağılması - kariyes var. Biz hələ digər ağız boşluğu xəstəliklərini demirik. Diş xəstəliklərinin belə geniş yayılmasına səbəb nədir?  

 Müraciət etdiyimiz stomatoloqlar bunun yaranma səbəbi və qarşısının alınma yollarından danışırlar.

 Naxçıvan, Şimal və Aran bölgəsində diş xəstəlikləri daha geniş yayılıb

 Stomaloq həkim Zəlimxan Məmmədli bildirir ki, maddələr mübadiləsinin pozulması və qidalanma faktoru diş xəstəliklərinin yaranmasında başlıça səbəblərdir: “Qidalanma ekolgoji baxımdan təmiz və sağlam olmalıdır. Ancaq Azərbaycana xariçi ölkələrdən daxil olan məhsullar standartlara cavab vermir. Bunlar orqanizmdə zəhərlənməyə gətirir. Digər mühüm səbəb isə su ilə bağlıdır. Bizdə içməli suyun tərkibi  normadan 40 dəfə artıq təhlükəlidir. Bunu loboratoriyada aparılan analizlərin nəticələri də sübüt edir. Təmiz hesab etdiyimiz qaynadılmış suyun tərkibi də 26 dəfə təhlükəlidir.

 Naxçıvan, Şimal və Aran bölgəsinin insanları diş xəstəliyindən daha çox əziyyət çəkirlər. Bunun başlıca səbəbi bu bölgələrdə içməli suda yodun olmamasıdır. Bir çox rayonlarda su 100 faiz  yodsuzdur. Ona görə də məcburuq ki, yodun çatışmazlığını aradan qaldırmaq üçün yodlu duzlardan istifadə edək.

 İçməli su kimi Kür çayından istifadə edən insanların 90 faizi diş xəstəliyindən əziyyət çəkir. Ümumi götürəndə Azərbaycanda insanların ağız boşluğu tibbi baxımdan çox qorxulu vəziyyətdədir”.

 Dişin tökülməsində psixoloji faktor da var.

 Z.Məmmədli deyir ki, diş xəstəliklərinin yaranmasında üçünçü məsələ pisxoloji faktordur: “Sosial-iqtisadi formasiyanın dəyişməsi, kecid dövrü, sisteminin oturuşmaması demək olar ki, hər ailədə əsəb gərginliyi, problemlər yaradır. Xüsusilə, sosial-iqtisadi cəhətdən təmin olunmayan təbəqə çoxluq  təşkil etdiyi üçün o insanlar vaxtlı vaxtında meyvə, tərəvəzdən istifadə edə bilmir, orqanizmdə bunların defisiti yaranır. Bunlar diş, ağız boşluğu xəstliklərinin, o cümlədən ən çox qarşılaşdığımız kariyes xəstəliyinin yaranmasına gətirib çıxarır”.

 Dişləri süni yolla ağartmağın zərərini bilirsinizmi?

 Hazırda dişlərin ağardılması geniş yayılıb. Həkimin buna münasibəti necədir?

 Z.Məmmədli bildirir ki, bunun müxtəlif formaları var: “Bu prosesdən sonra dişlərdə ciddi fəsadlar da yaranır. Bir sıra daha radikal metodlar var ki, bu zaman müxtəlif turşu qarışıqlı mayelərdən istifadə olunur. Dişin minasının üstündən bir qat götürülür, aşılanır, sonra isə o cilalanır. Bu üsul müəyyən fəsad verə bilər. Minanın üst toxumasını zədələmək olmaz.

 


 Ayrı-ayrı qarışıqlardan istifadə edilərək təhlükəsiz məcunların tətbiqi dişlərin ağardılmasına zərərsizdir”.

 Diş əkdirərkən ehtiyatlı olun
  Dişləri tez xarab olanlar indi daha çox diş əkdirməyə üstünlük verirlər. Müsahibimiz deyir ki, diş əkdirmək müasir stomatologiyanın  nailyyətlərindəndir: “Azərbaycanda dişin əkilməsinin tarixi böyük deyil. Diş əkdirilməsi individual yanaşma tələb edir. İndoklin, ürək-damar və əsəb sistemində ağır xəstəlikləri olan insanlarda bu, çox ciddi fəsadlar yarada bilər. Materialın düzgün secilməməsi və əyyarının aşağı olması da fəsadlara yol aça bilər. İmplantlar müxtəlif ölkələrin cürbəcür materiallarından hazırlanır. Bunlarin içində daha çox titan əsaslı materiallar üstünlük təşkil edir. Deyə bilərəm ki, bunların elələri var 100 fazi təminatlıdır, eləsi də var müəyyən dərəcədə risklidir.Ümumiyyətlə, yad bir cismin insan bədəninə yerləşdirilməsi müəyyən fəsadlar yarada bilər, eynilə sonradan düzəldiən dişlər də. Ancaq bunun xərçəng xəstəliyinə səbəb olması ilə bağlı səslənən fikirlər doğru deyil”.

 Qızıl dişlərdən imtina...

 Qeyd edək ki,  müşahidəçilər son dövürlər anadangəlmə diş xəstəliklərinin kütləviləşdiyini bildirirlər.Z.Məmmədli qeyd edir ki, uşaqlara ana südünün verilməməsi,  eləcə də əmziklərdən, antibiotiklərdən istifadə olunması, infeksion xəstəliklər bu problemə gətirib çıxara bilər:  “Bu gün 3 uşaqdan 2-si məhz bu problemlə qarşılaşır və bizə bu problemlə bağlı müraciət edənlərin əksəriyyəti uşaqlardır.  Bir müddət əvvəl insanlar qızıl dişlərə daha çox müraciət edirdilər. Hazırda bunun üçün müraciət edənlərin sayı azalıb. İndi insanlar daha çox estetik gözəlliyə üstünlük verirlər.

Ümumiyyətlə, bizdə insanların qızıl dişlərə üstünlük verməsi mentalitetlə bağlı olub. Vaxtilə Azərbaycan, xüsusilə Bakı və Bakıətrafı kəndlərdə qızıl dəb olub. Hətta qızları ərə verməmişdən əvvəl onların sağlam dişlərinı qızıl dişlə əvəz etdirirmişlər. Ağız boşluğunda arxa dişlərdə qızılın olması o qədər də pis əlamət sayılmaya bilər, çünki, qızılın antibakterioloji təsiri də var və ağız boşluğunda bəzi patagen bakteriyalarının öldürülməsinə kömək edə bilər”.   

 Hamilə qadınlara tövsiyyə.

 Digər stomatoloq həkim Vəfa Əlizadə isə bildirir ki, ağız boşluğunda həm süd, həm də daimi dişlərin inkişafı mürəkkəb bir prosesdir. Onun sözlərinə görə, dişləri qorumaq lazımdır və bu bizim etmədiyimiz ən əsas məsələlərdən biridir: 
 “Dişlərin proflaktikası diş mayasının əmələ gəldiyi və inkişaf etdiyi dövrdən başlayaraq insanın bütün həyatı boyu davam etdirilməlidir.İnkişaf etməkdə olan rüşeymin vəziyyəti hamilə qadının sağlamlığından və qidalanma xarakterindən asılıdır. Ona görə kariesin proflatikasının birinci mərhələsi ana olacaq qadının sağlamlığı qayğısına qalmaqdır. Hamilə qadının səmərəli rejimə riayət etməsi, xəstəlik baş verdikdə erkən diaqnostika və vaxtında mülaicə mühüm əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, bəzi dərman maddələrinin, o cümlədən formalaşan diş toxumalarında toplanmağa meyl göstərən “Tetraskilin”in qəbul edilməsini məhdudlaşdırmaq lazımdır. Hamilə qadınların qidasında geniş çeşidli zülal maddələri üstünlük təşkil etməlidir. Onların süd, pendir, habelə vitamin və  mineral kompenentlərlə zəngin tərəvəz, meyvə ilə qidalanmalarına xüsusi diqqət verilməlidir”.

 Bundan əlavə, stomotoloq hamilə qadınlara optimal miqdarda xlorlu su içməyi məsləhət görür.

 “Uşaq doğulandan sonra dişin sərt toxumalarının mükəmməl strukturunun formalaşması qida rasionundan asılıdır. Ana südü mükəmməl diş strukturlarının inkişafı üçün ən yaxşı şərait yaradır. Qeyd etmək lazımdır ki, uşaq əmizdirən ana düzgün pəhriz saxlamaq qayğısına da qalmalıdır.

 Beş yaşdan sonra çıxan daimi dişlərin mükəmməl strukturlarının formalaşmasından ötrü hələ bir-üç yaşlarında olarkən uşaq üçün  düzgün seçilmiş qida rasionunun mühüm əhəmiyyəti var”. 

Uşaqlara diqqət edin.

 

 Həmsöhbətimiz deyir ki, diş çıxmadan sonrakı dövr həm də minanın yetişmə dövrü adlanır və iki-üç il davam edir: “Bu dövrdə diş toxumalarına mineral komponenlərin çox miqdarda daxil olmasına ciddi səy göstərilməlidir. Bununla əlaqədar olaraq yenə qidalanma rejiminə xüsusi diqqət yetirilir. Uşağa yeməyin vaxtlı-vaxtında verilməsi və yeməkarası dişlərin yaxalanması xüsusi əhəmiyyət kəsb edir. Yeməkarası fasilələrdə şirniyyatdan az istifadə kariesin yaranmasının qarşısını alır. Minanın yetişməsi və beləliklə də kariesə qarşı davamlı strukturların yaranması prosesində xlorun xüsusi rolu vardır.

 Qeyd etmək lazımdır ki, xlorun təsir effekti xeyli dərəcədə onun tətbiqi dövründən asılıdır. Dişlərin çıxdığı vaxtda onun tətbiqi isə yaxşı nəticə verir”.

 Xlorsuz su dişlərə xəstəlik gətirir

 Həkim stomatoloq xlorun mineral maddə olduğunu və minanın yetişməsi və kariesə qarşı davamlı strukturların yaranmasında onun xüsusi rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, suyun 1 litrində 1 mq xlor olmalıdır. Bundan əlavə, diş pastalarının tərkibində də xlor olur: 
“Tərkibində bu qədər xlor olan suyu içən şəxslər karies xəstəliyinə az tutulurlar.

Ümumdünya Ticarət Təşkilatı dünyanın bütün ölkələrində içməli suyun xlorlaşdırlmasını məsləhət görür və ölkəmizin də bəzi yerlərində su xlorlaşdırılır. Yod çatışmayan rayonlarımızda, xüsusilə də Şəkidə yod çatışmazlığı kariesin yaranmasına səbəb olan proseslərdən biridir”.

 Vəfa Əlizadə dişin proflaktikası üçün ən əsas qida rasionuna riayət etmək lazım olduğunu qeyd edib: “Zülal, ağartı məhsulları ilə çox qidalanmaq və gigeyena qaydalarına düzgün riayət etmək lazımdır. Səhər və axşam dişlər yuyulmalıdır. Səhər tezdən yeməkdən sonra, axşam isə yatmazdan qabaq dişlər mütləq təmizlənməlidir.  Yeməklərarası fasilələrdə isə dişlər yaxalanmalıdır.

 Dişlərin yuyulma qaydası ağız suyunun qatılığından da asılıdır. Ağız suyu qatı olan insanlar hər yemək yeyəndə dişlərini yumalıdır. Dişarası saplardan mütləq istifadə edilməlidir ki, atraksiyon hissələrdə qalan qida qalıqları tam təmizlənsin”.

 V.Əlizadə insanların dişlərinin müayinəsi üçün həkimə hansı müddətdə müraciət etmələrini açıqlayıb: “Tez-tez həkimə müraciət etmək, 3 və ya 6 aydan bir həkim müayinəsindən keçmək lazımdır. Həmin müayinə zamanı sanasiya aparılırsa, onda xəstə 6 aydan bir həkimə gələ bilər. Sanasiya o deməkdir ki, xəstənin bütün dişləri müayinə edilib, baxılıb və mülaicəyə alınıb.

 Elə xəstələr də var ki, onlar həkimə tez-tez müraciət edirlər. Bunun heç bir ziyanı yoxdur. Sadəcə, obyektiv müayinə zamanı kariesli boşluqlar aşkara çıxarılıb vaxtında müalicə olunur və dişin pulpası çox zədələnmir.

 Həkimlər insanlara aşılamalıdılar ki, gigiyenik qaydalara, qidalanma rejiminə düzgün riayət etsinlər. Məsələn, çoxlu şirniyyat məhsulları yemək olmaz, yeyəndən sonra da mütləq dişləri yaxalamaq lazımdır. Dişdə yemək qırıntıları qalanda ərp əmələ gətirir, ərpin altında PH ağız suyunda dəyişir və bu da kariesin yaranmasına səbəb olur”.

 Diş əyriliklərinin səbəbləri

 Stomatoloq iş təcrübəsində süd dişlərinin gec tökülməsinə rast gəlidiklərini də deyib: “Süd dişlərinin gec tökülməsi ümumiyyətlə, dişlərdə patoloji proseslər törədir. Yəni diş sıralarının düzgün yerləşməməsinə səbəb olur. Xəstə müraciət edərkən həkim süd dişlərinin tökülməsini, daimi dişlərin vaxtında çıxmamasına diqqət yetirməlidir. Daimi dişin artıq mayası varsa, o zaman həkim süd dişini götürülməlidir ki, daimi diş öz yerinə gəlsin. Əks təqdirdə diş əyrilikləri, diş sıralarının anomaliyaları yarana bilər. Bundan başqa, xəstələrdə çənələrin deformasiyası olur ki, bu da əsasən irsi xarakter daşıyır.

 Uşaqlarda diş əyriliklərini, diş sıralarının anomaliyalarının qarşısını almaq üçün çıxan və çıxmayan aparatlardan istifadə olunur.

 Çıxan aparatlar o zaman tətbiq olnur ki, uşaqlar həkimə vaxtında  müraciət edirlər. Sonra həmin uşaq yeniyetmə dövrünə kimi nəzarətdə saxlanılır. Plastinkalarla da biz əyrilikləri düzəldirik, əgər plastinkalarla işimizi tam yekunlaşdırmamışıqsa, o zaman breykitə - çıxmayan aparatlara da müraciət edirik. Bununla tam normal vəziyyət əldə etmiş oluruq”.

 Dişlərin tez tökülmə səbəblərini siz də bilin

 Sonda stomatoloq insanların dişlərinin tez töküləmə səbəblərini də deyib: “İnsanın daimi dişlərinin tez tökülməsinin səbəbi vaxtında həkimə müraciət etməməsi, orqanizmdə olan xroniki xəstəliklərlə bağlıdır. Həkimə vaxtında müraciət edilərsə, bunun qarşısı alına bilər”.

 

Sədaqət SÜLEYMANOVA
Aytən ƏLİYEVA


  1. ESMERRi | 22 mart 2016 19:54 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: TATLI GUZEL
    Allaha sukur menim dislerim qesengdi.tesekkurler
  2. Yagis_Negmesi | 1 dekabr 2015 23:31 | Status: Gümüş user | Şərh: 1 614
    Sitat: sadəcə MƏN
    Yazıq stamatoloqlar))))
  3. sadəcə MƏN | 14 iyul 2013 23:25 | Status: Brilliant user | Şərh: 4 771
    Yazıq stamatoloqlar))))
  4. Mickey Mouse | 1 iyul 2013 13:24 | Status: Professional user | Şərh: 4 008
    Sitat: RaySum
    hmm..bizim olke cox seyden geri qalib ne pisss

    Hmmm
  5. RaySum | 23 aprel 2013 21:33 | Status: Professional user | Şərh: 2 594
    hmm..bizim olke cox seyden geri qalib ne pisss
  6. Akademik | 27 mart 2013 21:11 | Status: Professional user | Şərh: 4 580
    gunde 3 defe fircalayiram, arada da yaxalayiram.Amma wirin bir wey yeyen kimi diwlerim goyneyir.
  7. TATLI GUZEL | 17 iyul 2012 11:51 | Status: Professional user | Şərh: 5 781
    Allaha sukur menim dislerim qesengdi.tesekkurler
  8. Ayka21 | 7 iyul 2012 17:11 | Status: Yazar | Şərh: 2 770
    sukur dislerimde hec bir problem yoxdu
  9. SoFiYYa AnGeL | 1 iyul 2012 16:26 | Status: Professional user | Şərh: 957
    tesekkurler lazimidir!