Sağlamlıq / Sağlam ol!

Yayda, 30-50 dərəcə istidə rahat yatmağın vacib qaydaları

Azadqadin.az | 19-06-2011, 14:01
3 447 37


Qızmar günlər artıq özünü göstərməyə başlayıb. Proqnozlara görə bu yay da isti keçəcək.


Havaların bürkülü və isti keçməsi, təbii ki, orqanizmdən asılı olaraq, hərəyə bir cür təsir edir. Orqanizm günün yorğunluğunu yuxuda çıxardır. Havanın isti olması isə rahat yatmağa imkan vermir. Gecələr rütubətin normadan artıq olması, orqanizmin istiliyi daha çox hiss etməsinə səbəb olur. Bəs isti havalarda rahat yatmaq üçün nələri bilməliyik?

Şirin yuxumuza haram qatan nələrdir?

İnsan orqanizmi elə mürəkkəbdir ki, bədənin temperaturu normadan aşağı və yuxarı olanda problemlərə gətirib çıxarır. Normal bədən temperaturu 36,6 dərəcədir. Temperatur 35-ə enmişsə, deməli, donuruq, 37-40 arasıdırsa, deməli, xəstələnmişik.

Mütəxəssislər ideal yuxu üçün 18-22 dərəcə istiliyin uyğun olduğunu araşdırıblar. Rahat yatmaq istəyənlərin isə xüsusilə işıqlı yerlərdən kənar durmaları məsləhət görülür. Amerika Birləşmiş Ştatlarında mütəxəssislərin apardığı araşdırmalara görə, bəzi insanların işıqlı yerlərdə yata bilməməsinin əsas səbəbi orqanizmdə olan yuxu hormonu-melotoninin az ifraz olunmasıdır. Melotoninin normada olmaması yuxu pozğunluğuna gətirib çıxarır.

Yayda, 30-40 dərəcədən də çox istidə rahat yatmaq üçün müəyyən qaydaları bilmək lazımdır. Mütəxəssislərin gəldiyi nəticə belədir:


- Stressdən uzaq olun. İdmanla (yatmazdan 2-3 saat əvvəl olmaz) məşğul olun. İlk növbədə balanslı bəslənin. Siqaret çəkməyin. Çay və qəhvə içməyi azaldın.

- Səs-küydən qaçın.
Rahat yatmaq üçün səs-küyün maksimum dərəcədə içəridə eşidilməsinə mane olun. Otağınızdan səsli cihazları çıxardın. Səs-küyü eşitməməyin ən yaxşı yolu isə qulaqcıqlardan istifadə etməkdir.

- İşıq və elektrik cihazları yuxunu pozur. Yatmazdan əvvəl otağınızın işığını söndürün, pərdələri bağlayın, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırın. İşıqlı havada insan narahat yatır. Yayda elektrik cihazları onsuz da isti olan havanı daha da isidir.

- Kiçik yataq rahat yuxunun düşmənidir.
Mütəxəssislərə görə, yataq ən azı, 180x240 sm ölçülərində olmalıdır. Yastıq başı qoymaq üçün yumşaq olmalıdır. Ortası çalalanmış yataqda insan narahat olur. Orqanizm dincələ bilmir. Yataqları seçərkən də diqqətli olmaq lazımdır. Düz və yumşaq, ortopedik çarpayılara üstünlük verilməlidir. Yadda saxlamaq lazımdır ki, yuxu pozğunluğu müxtəlif xəstəliklərə səbəb olur.
 
- Spirtli və kofeinli içkilər içməyin.
Yatmağa yaxın spirtli içki qəbulundan qaçın. Çünki narahat formada yatmaq insanın gələcək gününü məhv edir. Baş, boyun və bel ağrıları get-gedə özünü göstərməyə başlayır. Kofeinli içkilər isə yuxunun qaçmasına səbəb olur. 1 fincan qəhvədə olan kofeinin təsiri 6-8 saat davam edir. Ona görə də, 18.00-dan sonra kofeinli içkilər içmək rahat yatmaq istəyənlərin yuxusunu pozur.

- Su sahələrinə və meşələrə yaxın olan ərazilərdə havalar sərin olur.
Təbii ki, belə şərait rahat yatmaq üçün çox əlverişlidir. Həm də sahil zonalarında soyutma cihazlarının xərclədiyi enerji yüzdə 50 azalır. Təbii mühitdə yatmaq orqanizmə daha çox xeyirdir.

- Kondisionerdən istifadə edin.
Şəhər yerlərində havalar daha çox bürkülü və isti keçir. Ona görə də, şəhər sakinlərinin evlərini kondisionersiz təsəvvür etmək mümkün deyil. Otağa uyğun kondisioner alınmalıdır. Kondisionerin xarici mühitdəki istilikdən ən çox 5-6 dərəcə aşağı işləməsinə fikir verilməlidir. Belə soyuducu cihazlardan qaydaya uyğun normada istifadə edilərsə, orqanizm heç bir zərər görməz.

- Sərinkeşlərdən (ventilyator) də istifadə etmək olar. Otağınızda hava axınının sərbəst hərəkət eməsi üçün lazım olan şəraiti yaradın. Sərinkeşin önünə buzla dolu bir qab da qoya bilərsiniz. Buza hər dəfə külək vurduqca sərinliyi hiss edəcəksiniz.

- Otağı vaxtında havalandırın.
Sübh tezdən və axşam yatmazdan əvvəl otağın pəncərələrini açın, havasını dəyişdirin. Gündüzlər pəncərəni və pərdələri açmayın. Günəş şüalarının əşyaları qızdırmasına mane olun.

- Yatmazdan əvvəl cib telefonunu söndürün. Fransada aparılan araşdırmalara görə, yataq otağında zəngi gələn telefon rahat yuxudan 50 dəqiqə oğurlayır.

- Çox hərəkət etməyin. İsti havalarda, xüsusilə, yuxudan əvvəl həddindən artıq hərəkətli işlər görməyin.

- Günəş şüaları altında çox yanmayın.
Yayda həddindən artıq yanmaq yuxunun ən böyük düşmənidir. Sağlamlığın qeydinə qalmaq üçün günəş vannalarını normada qəbul etmək məsləhətdir.

- Çox yeməyin. Həddindən artıq yağlı və şəkərli yeməklər yuxuya mane olur. İsti havada yüngül yeməklər (süd və qatıq məhsulları, qarpız, meyvə-tərəvəz, dəniz məhsulları və s.) yeyin və yemək ilə yatmaq arasında ən azı, 3 saat fərq olmalıdır. Ac qarına da yatmaq olmaz.

- Su insanı rahatladır.
İsti havalarda tərləmənin çox olması orqanizmdə maye itkisinə gətirib çıxarır. İstidə sərinləmək üçün bol su içmək məsləhətdir. Hər bir insanın gündəlik suya olan tələbatı  1,5-2 litrdir. Yatmazdan əvvəl isə çox maye qəbul etmək düzgün deyil. Çünki maye daha çox tərləməyə səbəb olur.

- Duş qəbul edin. Yatmazdan əvvəl ən çox 37 dərəcədə qəbul edilən ilıq bir duş yatmağa kömək edər. Duşdan sonra otaq temperaturunda yatırsınızsa, saçınız yaş qala bilər. Ən azından, bu, orqanizminizin sərinləməsinə kömək edər. Lakin bu hal hər kəs üçün keçərli deyil.

- Sərin örtüklərdən istifadə edin.
Üstünüzü örtmək üçün sərin, yüngül, yumşaq,  tərlətməyən, pambıq örtüklərə üstünlük verin.

- İncə, pambıq, təri üzərinə hopduran təbii parçalardan olan geyimlərə üstünlük verin. Qara paltarlar geyməyin. Açıq rənglər psixoloji olaraq insanın özünü daha sərin hiss  etməsinə kömək edir.

- Baş, əl və ayaqları sərin su ilə yaxalayın.
Yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun. Çünki bu bölgələr bədənin radiatorlarıdır.

- Su ilə dolu sprey qabı istiləndikcə nəbzinizə fışqırtmaq sərinlik gətirər və rahat yatmanıza kömək edə bilər.

- Üstünüzə örtmək üçün yüngül bir mələfəni torbaya qoyub soyuducuya qoyun, sonra üzərinizə örtün və ya sərin su ilə nəmləndirin.

Ürək xəstəliyindən əziyyət çəkənlərə xüsusi məsləhət


Havaların isti keçməsi xüsusilə ürək və qan təzyiqindən əziyyət çəkənlərə pis təsir edir. Kardioloq Saleh Hüseynov belə xəstələrin mümkün qədər günəş altına 10-16.00 arası çıxmamasını məsləhət görür. Qızmar yay günlərində hər bir kəsin diqqət eləməli olduğu bəzi şeylər var. Xüsusilə, ürək xəstəliyindən əziyyət çəkənlər olduqları yeri havalı və sərin tutmalıdırlar. Gündə 2-3 dəfə duş qəbul etmək, çoxlu maye içmək, ağır və yağlı yeməklərdən uzaq olmaq, rahat və açıq rəngli paltarlar geyinmək, üzü tez-tez soyuq su ilə yumaq görüləcək ilkin tədbirlərə aiddir. Ciddi xəstəliyi olanlar çox isti havalarda  həkim məsləhətlərinə qulaq asmalıdırlar. Təzyiq və ürək xəstələri kardioloqun tövsiyəsi ilə dərman qəbul etməlidirlər. Çünki elə preparatlar var ki, onların dozası vəziyyətdən asılı olaraq dəyişə bilər.

Vüsalə


dılay | 25 dekabr 2015 22:33 | Status: Brilliant user | Şərh: 8 183
Hec rahat yatmaq olar istide. AdamIn ureyi dayanIr.
Yagis_Negmesi | 2 dekabr 2015 00:04 | Status: Gümüş user | Şərh: 1 614
men wexsen rahat yatiram
Kenan :) | 20 noyabr 2013 23:38 | Status: Şərhçi | Şərh: 347
twk xebere gore
RaySum | 4 may 2013 18:12 | Status: Professional user | Şərh: 2 594
37 pisdiye adam narahat olur
Meqa | 2 mart 2013 11:59 | Status: Professional user | Şərh: 2 077
superdi teşekürler
G-----16 | 24 iyul 2012 16:55 | Status: Gümüş user | Şərh: 2 227
Super xeberdi tesekkurler :n28:
TATLI GUZEL | 23 iyul 2012 17:24 | Status: Professional user | Şərh: 5 781
tesekkurler