Sağlamlıq / Qadın xəstəlikləri

Qarnını kirayə verən qadınlar - ARAŞDIRMA

Banu. | 5-01-2015, 13:38
4 893 15
Qarnını kirayə verən qadınlar - ARAŞDIRMA


Qarnını kirayə verən qadınlar - ARAŞDIRMA

Sizdə kirayə ana bətni var?

Surroqat analıq dünyada çox məşhurdur, Azərbaycanda isə...

Biz belə mənzərələri ancaq kinolarda görürük. Türkiyə seriallarında bir-iki dəfə ana mövzu olmağı da bacarıb. Daşıyıcı ana. Tibbdə bunun adına surroqat ana deyirlər. Bəsit dillə desək, cütlük valideyn ola bilmir, daha dəqiq desək, qadının orqanizmində bununla bağlı problem olur. Bu səbəbdən də daşıyıcı ana axtarılır. Qadın 9 ay boyunca başqasının körpəsini bətnində saxlayır, müddət bitəndən sonra isə onu ailəyə təhvil verir. Təbii ki, bəlli “kirayə haqqı” qarşılığında. Mövzunun qısa izahı bu ola bilər. Əslində isə ortada çox daha ciddi mətləblər var.

AZƏRBAYCAN QANUNLARI ACİZ QALIB, DEPUTATLAR “YOX” DEYİR

Öncə Azərbaycandan başlayaq. Azərbaycanda surroqat analığa icazə verilməsi məsələsi cəmiyyətdə qəbul olunmadığına görə parlamentin gündəliyindən birdəfəlik çıxarılıb. Bu barədə açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, məsələ mentalitet, o cümlədən digər fəsadların baş verəcəyini nəzərə alaraq ictimaiyyətdə narazılıqla qarşılanıb: “Ona görə biz də bu məsələni birdəfəlik gündəmdən çıxardıq və yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarmağımız gözlənilmir”.


Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub. Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etirazını bildirərək qeyd etmişdi ki, bu, İslama qarşı olan məsələdir.
Deputatlar bir qayda olaraq bildirirlər ki, surroqat ana layihəsi Azərbaycan üçün vaxtı yetişməmiş məsələ idi. Çünki dünyada surroqat ana məsələsinə birmənalı münasibət yoxdur. Ən çətini isə bunun hüquqi tənzimlənməsidir. Bu metod ən çox Amerikada tətbiq olunur. Geniş yayılmış fikir isə budur ki, Amerikada surroqat ana ilə bağlı minlərlə məhkəmə işi var. Bunun mənəvi tərəfi də problemlidir. Çünki bu situasiyada insandan inkubator kimi istifadə edilir.

Artıq Qafqaz Müsəlmanları İdarəsi parlamentə məktub göndərib. Həmin məktubda göstərilib ki, donorluq məsələsi dini baxışlarımıza ziddir. “Surroqat ana” və “donor” məsələləri “Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında” Qanun layihəsində öz əksini tapıb, lakin 2009-cu ilin payız sessiyasında qanun ətrafında mübahisələr yaranıb və yenidən işlənilməsi üçün komitəyə göndərilib. Göründüyü kimi, indi də açıq qalıb.

ANA QARNINI KİRAYƏ VERƏN İLK ÖLKƏ – AMERİKA...


Öncə qısa dosye. Surroqat ana deyəndə öz uşaqlığında donor embrionu daşıyan somatik və psixi cəhətdən sağlam, müvafiq tibbi genetik müayinə nəticəsində bu xidmətə əks göstərişləri olmayan, yaşı 18-dən 35-dək olan qadın nəzərdə tutulur. Tibbdə bu imkanın yaradılması isə təsadüfən olmayıb. Çünki çoxlu sayda ginekoloji xəstəliklər var ki, qadının ana olmasına, hamiləlik keçirməsinə imkan vermir və ya hamiləliyə tibbi əks-göstəriş sayılır. Bütün bunları uzun-uzadı tibbi terminlərin müşayiəti ilə sadalayıb, baş ağrısı vermək istəmirik. Sadəcə, cütlüyün valideyn olmasına əngəl yaradan nüanslar aşkarlanandan sonra (hansısa qadın sırf “görkəmi” pozulacaq, karyerası yarıda kəsiləcək əndişəsi ilə surroqat ana xidmətindən qanunla istifadə edə bilməz, ortada ciddi, tibbi əks göstəricilər olmalıdır - S.T) surroqat ana tapılırsa, bunun ardınca həyata keçiriləcək proseduraları nəzərinizə çatdıraq.

İlk mərhələdə, təbii ki, surroqat ana seçilir. Seçim zamanı namizədin psixi və fiziki cəhətdən sağlam, yaşı 20-35 arasında, özünün sağlam uşağı olması, hamiləliyə əks göstərişi olmaması əsas götürülür. Tərəflər razılaşandan sonra klinik hazırlıq mərhələsi başlanır. Analar müayinədən keçirlər - surroqat anaya genetik valideynlərin embrionunun köçürülməsi üçün ilk növbədə genetik anayla surroqat ananın menstrual sikllərinin uzlaşdırılması prosesi həyata keçirilir. Surroqat anaya isə bətnində hamiləliyin baş verməsi üçün preparatlar təyin olunur. Bundan sonra embrionlar surroqat ananın bətnində yerləşdirilir. Onların sonrakı inkişafı genetik valideynlərin embrionlarının məsuliyyəti sayılır. Surroqat anadan yalnız hamiləliyin necə keçməsi asılıdır. Yəni qidalanma, yuxu, normal və sakit rejimə riayət etmək və sairə.

Bizim insanların hələ də tam mənasını bilmədiyi bu təcrübə ilə dünya 1986-cı ildə tanış olub. Həmin ildə Amerikada bu proqram üzrə ilk uğurlu əməliyyat həyata keçirilib. Daha sonra isə dünyada ilk dəfə bu proqram qanunla tənzimlənməyə başlanıb. Bununla belə, ABŞ-ın bəzi ştatlarında, Avstriya, Fransa, Norveç və İsveçdə surroqat ana proqramının tətbiqi qanunla qadağan edilib. Belçika, İrlandiya və Finlandiyada bu proses qanunla tənzimlənmir. Avstriya, Böyük Britaniya, İspaniya, Kanada, Niderland və ABŞ-ın bəzi ştatlarında onun yalnız qeyri-kommersiya məqsədilə həyata keçirilməsi mümkündür. Rusiya, Gürcüstan və Ukraynada isə əksinə, onun kommersiya məqsədilə istifadəsinə yol verilir.

Dünyanın surroqat analar məskəni Hindistan sayılır. Hətta bu ölkənin "Anand" adlı məşhur klinikası məhz belə xidmət göstərdiyindən “dünyanın beşiyi” adını daşıyır. Ölkədə daşıyıcı analıq ciddi bir iqtisadi göstəricidir. Ana bətni kirayələyənlər bu işdən ildə 445 milyon dollar qazanırlar. Hindistanda 2002-ci ildən qanuniləşən bu iş bürokratik baxımdan çox asandır. Üstəlik, ABŞ-da daşıyıcı ana vasitəsilə uşaq sahibi olmaq istəyən cütlük bunun üçün 100 min dollar ödəyirsə, "Anand"da bunun üçün cəmi 10 min dollar lazımdır. Bunun 7-8 mini anaya, qalanı isə tibbi prosedurlara sərf olunur. Bir də hindli ana doğumdan sonra uşağı ailəyə verəcəyi ilə bağlı bir sənədə imza atmalıdır. Hindistanda surroqatlıq üzrə aparıcı həkimlərdən biri də Dr. Nayana Pateldir. Son 7 il ərzində o, 200 surroqat hamiləliyə yardım edib. O, şəhərdə hamilə surroqat anaların qayğısına qalmaq üçün yataqxana da yaradıb.


YALNIZ BİR DƏFƏ VƏ…

Dediyimiz kimi, Azərbaycanda isə bu qanun hələ gözləmədədir. Amma ilkin müzakirələr zamanı onun eskizləri də cızılıb. Yəni yumurta donorluğu, toxum donorluğu və embrion implantasiyası saxlanılacaq. Bundan başqa, qanuna bir şəxsin yalnız bir dəfə donor ola bilməsi salınacaq. Hər bir donorun genetik identifikasiya kodunu müəyyən edən məlumatlar toplusu hazırlanacaq. Qanın analizinin nəticələri, genetik müayinələrin nəticələri, yəni şəxsiyyətini, identifikasiyasını müəyyən edən bütün məlumatlar bir məlumat bazasında yerləşdirilir və bir şəxs Azərbaycanın hansısa klinikasında donor kimi qeydiyyata alınıbsa, istəsə belə, heç bir yerdə ikinci dəfə donor ola bilməyəcək.

Bundan başqa, əvvəlki layihədə olan müəyyən pul mükafatı məsələsi də oradan çıxarılıb. Yəni donor anaya hansısa pul ödənilməsi qanunla tənzimlənməyəcək. Bu, tərəflər arasındakı anlaşma nəticəsində həll olunacaq. Daha bir yenilik. Donorun anonimliyi saxlanılmaq şərtilə hüceyrəsi köçürüləcək ailə onun haqqında ümumi məlumata malik olmalıdır. Xarici görünüşü barədə bilgilər donorun kimliyi bilinməmək şərtilə açıqlanacaq.

SURROQAT ANA, YOXSA İNSAN ALVERİ ÜÇÜN VASİTƏ?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da sözügedən qanundan surroqat analıqla bağlı maddənin çıxarılmasını indiki zamanda məqbul hesab edir. O, mediaya açıqlamasında bildirib ki, hazırkı dönəmdə surroqat analığa icazə verilməsinin zərəri xeyrindən çox olacaq: “Surroqat analıq kimlərəsə bundan sui-istifadəyə imkan verəcək. Bununla insan alverində yeni bir mərhələ yarana bilər. Cinayət üçün donorlar ortaya çıxacaq. Surroqat analığın qanuniləşməsindən eyni cinslilər "bəhrələnə" bilər. Yəni bu işin fəsadları daha çoxdur, nəinki faydası. Görünür, MM ictimai təhlükəliliyi nəzərə alaraq, hər iki məsələni qanun layihəsindən çıxarıb. Və mən belə hesab edirəm ki, bu, doğru seçimdir".

Mehriban Zeynalova deyir ki, Avropada bir qadın surroqat analığı boynuna götürür, körpəni dünyaya gətirib, çox sakit bir şəkildə sahibinə qaytarır. Amma Azərbaycan insanı fərqli şüur, fərqli dünyagörüşü və fərqli duyğuların daşıyıcısıdır: "İş təcrübəmizdə dəfələrlə belə hallarla qarşılaşmışıq ki, qadın hamilə olarkən körpəsini uşaq evinə verməyi qərara alıb, lakin körpə dünyaya gəldikdən sonra analıq hissi ona bu addımı atmağa imkan verməyib. Və o qadın öz körpəsinə sahib çıxıb. İndi bir anlıq təsəvvür edək ki, kimsə ehtiyac üzündən surroqat ana olmağa razılıq verir, lakin uşaq dünyaya gəldikdə onu yiyəsinə qaytarmaq istəmir. Ana həmişə anadır. Analıq hissi o qədər güclü ola bilər ki, uşağı qaytarmaq istəməz. Başlanacaq məhkəmə çəkişmələri, cinayət əməlləri və s. Bu vəziyyətdən sui-istifadə etməyə çalışanlar da ola bilər. Bu məsələ bir sıra çətinliklər və cinayət əməlləri ilə müşayiət oluna bilər. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti hələ buna hazır deyil və bu, bizim milli adət-ənənələrimizə, dinimizin qaydalarına da ziddir. Ona görə də sosial siyasət komitəsinin qərarı düzgündür".

Əsli

  1. ziyad1996 | 8 iyun 2016 02:32 | Status: Qonaq | Şərh: 0
    men anlamiram sevdiyin qadindan ovladin olmursa bu neye lazim insan oz sevdiyi ola_ola nece bawqasi ile cinsi elaqeye gire biler anlamiram bu agilsizliqdi ondansa ovladliga uwaq goturerem ama sevdiyime xeyanet etmerem
  2. dılay | 11 mart 2016 21:47 | Status: Brilliant user | Şərh: 8 185
    Allah her kese ovlad nesib etsin ehtiyac qalmasin kimese
  3. leyla_nazim | 8 mart 2015 20:14 | Status: Qonaq | Şərh: 0
    He kinoda gormusdum
  4. Miraj | 28 yanvar 2015 11:31 | Status: Professional user | Şərh: 2 625
    cox qeribe bir seydi
  5. SEVDA | 5 yanvar 2015 22:43 | Status: Nəzarətçi | Şərh: 17 443
    Doğurdan da neye lazımdır?yaxwı ki, parlament birdefelik yox deyib bu işe...
  6. Vetenperver | 5 yanvar 2015 22:41 | Status: Professional user | Şərh: 6 700
    Surroqat anadan dünyaya gələn uşağın əsl anası bilinmyəcək.Yada uşağın iki anası olacaq.
  7. Ay_Sun | 5 yanvar 2015 20:11 | Status: Brilliant user | Şərh: 13 409
    Sitat: Nara88
    Ozcan Denizin kinosu yadima dusdu

    Menimde.
  8. Nara88 | 5 yanvar 2015 19:42 | Status: Professional user | Şərh: 4 254
    Ozcan Denizin kinosu yadima dusdu
  9. Billurə | 5 yanvar 2015 19:41 | Status: Professional user | Şərh: 4 892
    Övaldı olmursa hansısa bir ailənin , getsin internat evləri dolurudur uşaqla birinə himayəsinə götürsün. Böyütsün vəssəlam.
  10. Nergiz love | 5 yanvar 2015 16:42 | Status: Professional user | Şərh: 7 871
    Sitat: SARAXATUN
    Allah her kese ovlad nesib etsin ehtiyac qalmasin kimese

    Amin.amin amin.
  11. Dəniz qızı | 5 yanvar 2015 16:00 | Status: Brilliant user | Şərh: 8 019
    Sitat: mamasinin ureyi
    Allah insallah her 1qadina oz qarninda korpesinin boyumesini nesib etsin insallah.

    Amin
  12. Narin-Ulker | 5 yanvar 2015 15:23 | Status: Gümüş user | Şərh: 2 749
    duzdu insanin beynine bir fikir gelir ki bu bizim millete xas olan bir sey deyil amma bizim milletden olan qansizlarin sahibsiz usaq doqub kuceye attiqlarini da gorende adam bilmir ne desin
  13. S.N | 5 yanvar 2015 14:57 | Status: Şərhçi | Şərh: 120
    Bunun yaxshi ya pis bir shey olduqu haqda fikir bildirmek kimi bir niyyetim yoxdu.Allah her bir ana olmaq isteyen xanima fiziki imkanlarini versin ve hec kimi hec kime mohtac qoymasin.Amin!
    P.S.Bezen dunyaya korpe getirib de ora-bura atan analar gorende usyan(estaqfurlah)etmeyim gelir.... recourse
  14. mamasinin ureyi | 5 yanvar 2015 14:19 | Status: Professional user | Şərh: 1 112
    Allah insallah her 1qadina oz qarninda korpesinin boyumesini nesib etsin insallah.
  15. SARAXATUN | 5 yanvar 2015 14:15 | Status: Professional user | Şərh: 1 529
    Allah her kese ovlad nesib etsin ehtiyac qalmasin kimese