Reklam / Qadın taleyi

Bir də axmaq bir misal varmış: “Dişi quyruğunu yellətməsə, erkək arxasınca gəlməzmiş”

Banu. | 22-12-2021, 19:38
11 312 0



"İtkin düşən 13 yaşlı qızı əmisinin qaçırdığı müəyyən edilib" - Bu xəbəri oxuyanda rəhmətlik Mirzə Ələkbər Sabir yadıma düşdü. Deyirdi ki:

"Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir, hər millətə!"
Rəhmətlik Mirzə bu şerini bu gün qardaşı qızını qaçıran əmiyə və ya qızı ilə özünü sakitləşdirib onu hamilə buraxan ataya həsr edibmiş, sanki. Deyirəm yaman uzaq görən olub Sabir. XX əsrdə hələ bilirmiş ki, zaman gələcək, atalar qızları, əmilər qardaşı qızları ilə cinsi əlaqəyə girəcək, keyif alacaq. Ona görə də belə kişilərin qeyrətinə əsərlər həsr edib.
Bu gün Azərbaycan həqiqətən bu baxımdan acınacaqlı vəziyyətdədir. Atanın qızına, əminin qardaşı qızına tamah salması, insani hisslərin öldüyü, heyvani hisslərin dövrəyə girdiyi andır. Bəli, cinsi əlaqə hər bir insanın qidalanmaq, yatmaq kimi əsas tələbatlarındandır. Ancaq bu hissləri öz doğma balanla yaşamaq, öz doğma balandan həzz almağa cəhd etmək alçaqlıqdır, vicdansızlıqdır, namussuzluqdur, qeyrətsizlikdir.
İmişlidə 11 yaşlı qızı atası zorlayıb hamilə buraxanda hamı deyir ki, “adam nə qədər namussuz olar ki, 11 yaşlı uşaqla cinsi əlaqədə olsun”... Bəs sizə baxıb nə deyək;
balasına, qardaşının balasına tamah salan “kişilər”?
  • İndi papaq dəbdə deyil deyə, qeyrəti də bir kənara tullamısınız?
  • Hanı Azərbaycan kişsinin qoruma, sahiblənmə, dəyər vermə hissi?
  • Sizi heyvandan fərqləndirən nə qaldı bəs?
  • Bəs biz kimə güvənək, kimə etibar edək?
  • Ata, əmi belədirsə, biz başqasından nə umaq?
  • Axı, niyə bizim ümidlərimizi puç edirsiniz?
  • Niyə bizim sizə olan güvənimizi yox edirsiniz?
Axı, biz qadınıq. Sizə ata kimi, əmi kimi, sevgili kimi, dost kimi ehtiyacımız vardı. Elə bir vəziyyət yaratmısınız ki, kimsə bizə dostluq təklif edəndə geri qaytarırıq, kimsə bizə evlilik təklif edəndə və ya kimsə bizə “sevirəm” deyəndə ciddi yanaşmırıq. Başlayırıq araşdırmağa ki, ata, əmi belə davranırsa, bizə yad olan özgə biri nə edər...
Bir zamanlar hamı azad seksdən yazanda düşünürdük ki, “cəmiyyət xarab olub”. Əllərinə sağlıq o yazanların, bu günü görüb yazıblarmış. Bilirmişlər ki, azad seks olmasa, atalar qızlarını, əmilər qardaşı qızlarını...
Günahımız qadın olmaqdırmı?
Bir də axmaq bir misal varmış: “dişi quyruğunu yellətməsə, erkək arxasınca gəlməzmiş”...
10 yaşında, 11 yaşında, lap elə 13 yaşında qız uşağı nə bilir kişi nədir, cinsi əlaqə nədir, zorlanmaq nədir?
Dünən oxuduğumuz xəbərdə deyir ki, ailə şəraiti çətin olduğu üçün ata, ana və uşaqlar bir otaqda yatırmış. Qız da atası ilə yatırmış. Və qız hamilədir, həm də bəkarətini itirmədən. Başa düşürsünüz bu nədir? Ata qızını qucaqlayıb və özünü sakitləşdirib. Niyə dağılmırsan dünya??? Sonra da Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə, bizə qadın və uşaq hüquqlarının qorunmasından, əcnəbi ekspertlərin "əcnəbi" qaldığımız təlimlərindən, pulların büdcədən hansısa formada silinməsindən danışır...
Üç nöqtə... Şərh-siz(in)
İlahin, Bizimyol.info