Reklam / Hüququnu bil!

Azərbaycanda ailələr niyə dağılır? - Qadınların dili, kişilərin əli...

Banu. | 1-05-2020, 13:15
451 0
"Gərgin vəziyyətin və zorakılığın artmasının günahını yalnız kişilərdə görmək düzgün deyil. Çünki həmişə qadınların hüquqlarından danışılırsa, kişilərin zorakılıq göstərdiyi deyilirsə, bu birmənalı olaraq dağıdıcı modeldir. Qadınlar daha çox dili ilə psixoloji olaraq kişilərə zərbə vururlar, kişilərdə isə fiziki gücün tətbiqi özünü göstərir. Evdə gərginlik yarandığı zaman isə hərə öz gücünü işə salır".
Bu sözləri danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib. O qeyd edib ki, ailə stereotiplərinin qırılması ailənin müvazinətini itirməsi ilə nəticələnir:
"40-50 il bundan öncə ailə stereotipləri mövcud idi. Ailə qurduqda oğlan və qız üzərinə düşən məhsuliyyətin nə olduğunu yaxşı bilirdi. İndi o stereotiplər pozulub. Çünki insanlara filmlər və sosial şəbəkələr bir şey, cəmiyyət isə tamam ayrı bir şey deyir. Nəticədə ailə öz müvazinətini itirir".
Sosioloq qeyd edib ki, mövcud problemlərin həll olunması üçün maarifləndirmə işlərinə ciddi ehtiyac var. Bu öhdəlik isə əsasən televiziyaların üzərinə düşür:
"İndiki durumda televiziyaların köməyindən istifadə etmək olar. Lakin belə olan halda televiziyalar köklü şəkildə dəyişməlidir. Cəmiyyəti və ailələri yanlış istiqamətə sürükləyən faktorlardan biri də bizim televiziyalardır. Gərək televiziyalarımızı elə quraq ki, karantin dövründə də, bundan sonrakı dövrdə də maraqlı, insanları cəlb edən maarifləndirici verilişlər təqdim etsin. Adətən televiziyalar bildirirlər ki, o maarifləndirici verilişlərin reytinqi yoxdur. Lakin bu doğru yanaşma deyil. Siz elə təqdim edin ki, reytinqi olsun.

Artıq elə bir vəziyyət yaranıb ki, cəmiyyət günü-gündən gərginləşir. Hazırki durumda problemləri yalnız maarifləndirmə yolu ilə aradan qaldırmaq və ya azaltmaq mümkündür. Bütün ərazilərdə sahə polisi xidmət göstərdiyi kimi, ərazilər üzrə sosial işçi qruplarının da təyin olunması vacibdir. Həmin sosial işçilər təyin olduqları əraziləri nəzarətdə saxlayaraq, insanlarla daim təmas yarada, bəzən onlarla psixoloji söhbətlər apara, problemlərə kömək edə bilərlər". 
Sevda Ulutau /Redaktor.az