Reklam / Kriminal

Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: Qatil ata dörd qızını və arvadını necə öldürüb? (YENİLƏNDİ)

Banu. | 7-12-2017, 13:10
3 785 0
Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub. Qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib.
Məlum olub ki, manyak-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.
Qətlə yetrilən ananın-Mehparə Əliyevanın 1961-ci il təvəllüdlü olduğu məlum olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.
Salyan sakinlərindən aldığımız məlumata görə F.Əliyevin yaşadığı və üç il əvvəl qətliamın törədildiyi həmin ev yarıuçuq daxmadır, baxımsız vəziyyətdədir həyəti tikan, alaq basıb. Qətlə yetirilən ana və qızları namuslu, zəhmətkeş insanlar kimi tanınıblar. Ailənin demək olar ki, bütün ehtiyacları ananın çiyinlərindəymiş.
Ana və qızları yoxa çıxdıqdan sonra Salyan rayon Polis İdarəsində onlar “itkin düşmüş şəxslər” kimi axtarışda olublar. Lakin ana və qızlarının Azərbaycanın dövlət sərhədlərini keçmədiyi dəqiqləşsə də nəyə görəsə onların axtarışı demək olar ki, aparılmayıb. Baxmayaraq ki, qətliamı törədən şəxs və oğlu Salyanda əyyaş, davakar, cinayətə meylli adamlar kimi tanınırdılar. Və onların evlərində tez-tez münaqişələrin baş verdiyi sirr deyildi.
***
"Xəzər" TV-də proqram efirə gedəndən sonra Salyanda qatil-manyak və oğlu arasında mübahisə yaranıb. Salyan sakinlərindən biri deyib ki, ötən gün şəhərdəki ucuz kafelərdən birinin qarşısında manyak-qatillə oğlu arasında bərk mübahisə getdyini görüb. Belə ki, oğul harasa getmək istəsə də sərxoş halda olan atası ona “getmə” deyirmiş. Daha sonra mübahisə davaya çevrilib, kafenin pəncərəsinin şüşəsi sındırılıb. Mübahisə edənlər kafedən uzaqlaşıblar, hadisə yerinə polis gəlib. Lakin kafedəkilər bu mübahisənin səbəbi ilə maraqlanmayıblar. Manyak-qatillə oğlu nəhayət ötən gecə bərk sərxoş halda polisə gedərək törətikləri hadisəni etiraf ediblər.
***
Salyan rayonunda bir ailənin 5 üzvünün qətlə yetirilməsi ilə bağlı istintaq prosesi davam etdirilir.
Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin qətlə yetirilməsi ilə bağlı qadının əri Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevə ittiham elan edilib.
Hər iki şübhəli şəxs rayon prokurorluğunda dindirilib və onlar törətdikləri cinayəti etiraf ediblər. Fərhad Əliyev bildirib ki, hadisə baş verən günü sərxoş olublar. Onun sözlərinə görə, arvadını və qızlarını öldürüb.
Şübhəli şəxsin sözlərinə görə, cinayəti törədən zaman sərxoşluğun təsirindən özündə olmayıb: “Özümə gələndə arvadımı və qızları artıq öldürmüşdüm. Onları öldürdüyümə görə peşman olmuşdum. Amma artıq gec idi. Həbs edilməməyim üçün cinayətin izini itirmək lazım idi. Oğlum da mənə köməklik etdi. Oğlumla birlikdə arvadımı və qızlarımı evin zirzəmisində basdırdıq”.
Fərhad Əliyev deyib ki, bir neçə gündən sonra arvadının və qızlarının itkin düşməsi xəbəri rayon ərazisində sürətlə yayılıb: “Özümü şübhəli aparmadım. Sonra arvadım və qızlarımın itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət etdim. Polisdə onları itkin düşmüş kimi qeydiyyata aldılar və axtarış aparmağa başaldılar”.
Cinayətin açılmasına bu yaxınlarda teleaparıcı Xoşqədəm Hidayətqızının itkin düşən Mehparə Əliyeva və onun qızları ilə bağlı hazırladığı süjeti efirə verməsi səbəb olub. Efirdə Mehparə Əliyevanın qızlarını da götürərək Türkiyəyə getdiyi qeyd olunub.
Həmin süjetin yayılmasından sonra Fərhad Əliyev rayonda qeyrətsiz kimi tanınacağını düşünüb. Bu səbəbdən ata və oğul polis şöbəsinə gələrək cinayəti etiraf ediblər. Onlar Mehparə Əliyeva və 4 qızını harada basdırdıqlarını polisə bildiriblər. (teleqraf)
***
Salyanda 3 il əvvəl qətlə yetirilən ana və 4 qızının meyiti basdırıldığı yerdən çıxarılıb.
Meyitlər Salyan Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının nəzarəti altında şəhərin Tale Davudzadə küçəsindəki evin zirzəmisindən çıxarılıb.
Meyitlər ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb. (report)
***
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlum cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.
2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.
Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.
Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.
Ata və oğul saxlanılıb.
(Virtualaz.org)





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.