Reklam / Xəbəriniz olsun!

Sosial müavinətlər ləğv ediləcək? – DİQQƏT, əvəzində hökumətin başqa planı var

Banu. | 27-06-2017, 18:22
6 556 0

Akif Nəsirli: “İş qura bilən ailələrə yardım layihəsi bir neçə il davam etdirilməlidir”
Sosial müavinətlər ləğv oluna bilər. Gələn il bu məsələyə baxılacağı gözlənilir. Sosial müavinətlərin ləğv edilməsinə səbəb dövlət büdcəsinə qənaət etmək və ailələrə kiçik təsərrüfatlarının qurulmasında yardımçı olmaqdır. Qeyd edək ki, dünya təcrübəsində ünvanlı sosial yardım yoxsul ailəyə ölməmək üçün verilən puldur. Bir müddət əvvəl də Milli Məclisin bir neçə deputatı Azərbaycanda ünvanlı sosial yardımların dayandırılmasını təklif etmişdi. Deputatlar hesab edir ki, müavinət sistemi insanları ələbaxımlılığa öyrədir.
Dünya ölkələrinin təcrübəsində dövlət daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirir. Gözlənilir ki, Azərbaycanda da həmin varianta üstünlük veriləcək. Həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da Azərbaycanda ünvanlı sosial yardımların dayandırılacağına işarə etmişdi. Onun sözlərinə görə, ünvanlı sosial yardım ailələrin gəlirlərində tamamlayıcı həlqədir. Əgər ailələrdə ehtiyac meyarının norması ünvanlı sosial yardımın normasından yuxarıdırsa, əlbəttə, o zaman ünvanlı sosial yardım almağa ehtiyac qalmayacaq. Artıq insanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vəsait verilməyəcək, onlar üçün kimin hansı əmək fəaliyyətilə məşğul olması üçün şərait yaradılacaq. İstər fermer təsərrüfatı, istərsə də sahibkarlıq fəaliyyətini təşkil edib müraciət edən şəxsə müəyyən təminatlar olacaq.
Qeyd edək ki, artıq bir neçə bölgədə aztəminatlı ailələrin özlərini təmin etmələri üçün müəyyən təsərrüfatlar yaradılıb. Yəni bu məsələ pilot layihə kimi həyata keçirilib. Əsas məqsəd isə konkret olaraq gələn ildən etibarən ünvanlı sosial yardımın aradan qaldırılmasıdır.Növbəti ildən ünvanlı sosial yardım alanların yeni işlə təmin olunması və özlərinin təsərrüfatlarını, biznes fəaliyyətini inkişaf etdirməsi nəzərdə tutulub.Həmin insanlar öz sahələrində çalışaraq özlərini təmin edəcəklər.Bununla da ünvanlı sosial yardım tamamilə ləğv ediləcək.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələni çox vaxt bilərəkdən və bilməyərəkdən qarışdırırlar:
“Bu əhalinin aztəminatlı olan hissəsinin müdafiə olunması və işsizliyin aradan qaldırılması üçün müəyyən addımların atılması məsələsidir. Bu məsələləri qarışdırmaq olmaz. Məsələ burasındadır ki, Azərbaycanda həm sosial təminata ehtiyacı olan ahıl, gənc insanlarımızın sayı, həm də iş qabiliyyəti olub iş tapa bilməyənlərin sayı çoxdur. Bunlar ayrı-ayrı əhali təbəqələridir.Tutaq ki, Azərbaycan hökuməti bu ildən özünüməşğulluq layihələrinə başlayıb.
Ölkə başçısının sərəncamı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi həyata keçiriləcək. Bu layihənin perspektivli olması üçün bura keçirilən insanların bilavasitə iş təcrübəsi, idarəetmə qabiliyyəti, iqtisadiyyatın müəyyən seçilmiş sahəsində təcrübələri əsas götürülməlidir. Amma bu kriteriyalar aztəminatlı iş axtaran əhalinin hamısını əhatə etmir və edə də bilməz. Çünki hamının biznes, kənd təsərrüfatı, yaxud sənaye üzrə iş qurmaq qabiliyyəti yoxdur. Elə insanlar var ki, onlar yalnız və ya iş quran insanlara işçi ola bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti gələn ildən sosial müavinətlərin ləğv etdirilməsi istiqamətində addımlar atsa, böyük səhvə yol vermiş olar. Hökumət özünüməşğulluq və ya iş qura bilən ailələrə yardım layihəsini bir neçə il davam etdirməlidir. Onlar cəmiyyətdə real iş yerləri yaratmaq qabiliyyətinə malik olmalıdır”.
Akif Nəsirlinin fikrincə, bu layihə uğur gətirəcəksə, təkcə əhalinin iş qabiliyyətindən asılı deyil. Eyni zamanda hökumətin layihəni həyata keçirməsi səmərəliliyindən də asılıdır:
“Yəni normalda həyata keçirilən özünüməşğulluq layihəsi elə səviyyəyə gəlib çatmalıdır ki, hazırda ölkədə iş axtaran insanları işlə təmin edə bilsin. Hələ ki layihə ilkin mərhələdədir. Amma ünvanlı sosial yardım alan əhalinin heç bir faizini də bu layihə işə cəlb etmək qabiliyyətində deyil. Gələcəkdə ola bilər ki, layihə uğurlu nəticə versin. Azərbaycanın əmək bazarında istənilən səviyyəyə malik insanları işlə təmin ediləcəksə, nəticə verəcək. Nəticə verməyəcəksə, layihə əriyib gedəcək”.   Cebhe.info