Reklam / Xəbəriniz olsun! / Manşet

“Anama desəm ki, iki uşaqlı bir qadınla evlənirəm, siçan dərmanı içib özünü öldürər” – MÜSAHİBƏ

Banu. | 9-09-2017, 16:30
735 0

 

"Deyəndə ki, ailə qurmaq istəyərəm, xalam dedi ki, fahişəmi olacaqsan”?!

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.

Rəsmi statistikaya görə, 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma faktı qeydə alınıb. Yəni, ötən il hər ay təxminən 1091 ailə boşanıb. Bu isə günə 36-dan çox boşanma deməkdir.

2015-ci ildə12764, 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb.

Boşanmalarda ildən-ilə ciddi artım baş verir.

Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərir. Amma ölkəmizdə boşanmanın ən böyük bəlalarından biri qadına olan münasibətdir. Belə ki, boşanmış qadınla kişi arasında fərq uçurumdur. Əvvəla, kişi boşanmış yox, boşamış adlanır, çünki kişi boşanmır, boşayır, əksəriyyətə görə günahkar həmişə qadınlardır. Qadın ailəli olub boşanıbsa, ona olan ilk yanaşma əksər hallarda intim tələbat üzərindən formalaşacaq.

Elə müsahibim Xədicə Abdullayeva (şərti) da 11 il ailəli olub, 3 ildir boşanıb,12 və 7 yaşlarında iki oğlu var.


Boşanmış qadına fahişə kimi baxılır

"Ayrılmaq barədə qərar verəndə qohumlar üstümə gəlirdi, onlar bir qayda olaraq bildirirdilər ki, boşanmış qadına cəmiyyətdə fikir birmənalı deyil. Qısa və konkret ona fahişə kimi baxılır. Cəmiyyətin qərarı odur ki, qadın boşanıbsa o, azad olmaq istəyir. Bizdə azadlığın sinonimi fahişə deməkdir, qadına gəldikdə. Davamlı xəyanət ucbatından 11 illik evliliyi bitirdik. Bəxtim onda gətirdi ki, 5 ildən artıq işlədiyim kollektiv məni normal bir qadın kimi qəbul etmişdi. Boşanma ərizəsini verib, 15 günlük məzuniyyət götürdüm. Məni ayaqda saxlayan işdəkilərin mənə normal – fərqli olmayan münasibəti oldu”.

Boşanmış qadınlar iş yerində də cinsi təzyiqlərə məruz qalırlar

"İşlədikləri yerdə müdürü, şöbə müdürü və ya direktoru tərəfindən cinsi təzyiqlərə məruz qalan rəfiqələrim vardı. Çağırıb deyirmişlər ki, boşanmış qadınsan, başqası ilə münasibət qurmaqdansa mən daha uyğun biri deyiləmmi? Maddi imkanım kifayət edər, sənin də maddiyyata ehtiyacın var, həm də hər bir qadının həyatında bir kişinin olması mütləqdir, heyvanlar da cinsi tələbatını ödəyir. Bilirsənmi, cinsi tələbat da yemək, içmək kimi zəruri şeydir, necə ola bilər ki bu qədər vaxt təksən, o tələbatını necə ödəyirsən?

Sənin son şansındı, məsələn, burda işləmək, sənə iş tapmaq asan deyil və sən işini itirə bilərsən, həm də arqumentlər konkret olur, sərt və açıq şəkildə olur: "Sən məndən yaxşısınımı tapacaqsan, yatmaq üçün?”. Düşünürəm ki, bu cür fikri Avropa ölkəsində desəydi məhkəmə predmeti ola bilərdi, amma burada adi qəbul olunur, qadın utandığından səsini belə çıxarmır, çox zaman rəfiqəsinə belə deməyə utanır ki, mənə filan rəhbərim, müdürüm bu sözü demişdi. O da çox zaman ya razılaşır, ya da razılaşmır, çıxır gedir işini itirir”.


 Boşanmış qadının gəzdiyi biri mütləq olmalıdır

"O şeylərdən qaçmaq üçün çevrəmi daraltdım, çevrəm ancaq işdəki kollektivim idi, ona görə bir qədər qorundum. Boşanmış qadın hər addımında daha diqqətli olmalıdır. Evə bir qədər gec gedirsənsə qonşuların baxışı var.

Tanımayan adamlar fərqli münasibət göstərirdilər. Boşanmış qadındırsa, azaddır, bu gün evdə gecələməyə, hər hansı bir təklifi geri çevirməyə bilər, boşanmışdırsa, onun həyatında kiminsə olması, onun gəzdiyi, hətta, gəzmək istədiyi, müvəqqəti münasibət qurduğu, qurmaq istədiyi biri olması mütləqdir, o tək yaşaya bilməz. Bu cürdür cəmiyyətdə münasibət.

Sosial şəbəkələrdən rəfiqələrim, dostlarım vasitəsilə qeyri – ciddi təkliflər olurdu ki, boşanmış qadındır uşaqları var, yəqinki ailəsini, uşaqlarını dolandırmaq istəyir, mən də özümü təmin edə bilən bir kişiyəm. Bir çox qadınlar ailəli kişilərlə münasibət qurmaq istəmədiyindən evli olduğunu gizlədən də olub”.

İkinci dəfə evlənib fahişəmi olacaqsan?

"Mən valideynlərimlə birlikdə yaşamıram. Ailəm çox mühafizəkardır,  boşanmaya, hətta növbəti ailəyə belə pis baxırlar. Məsələn, bizdə heç kim ayrılmayıb, məndən başqa. Deyəndə ki, nə vaxtsa ailə qurmaq istəyərəm, yaşlı xalam dedi ki, fahişəmi olacaqsan, ikinci dəfə evlənib? Yəni ikinci dəfə ailə qurmaq fahişə olmaq anlamına gəlir, cəmiyyətin bir kəsimi də bu cür yanaşır. Yəni boşanmış qadın ürəyini bağlayıb yaşamalıdır, bilmirəm, necəsə yaşamalıdır.

Mən 2 ildir başqa bir mənzildə yaşayıram, hər səhər çıxanda qonşudakı uşaqlı qadın qapını açır və mənə baxır, görsün evimdən kiminlə çıxıram.

Boşanmış qadınla bağlı cəmiyyətdə yazılmamış qanun var ki, çox az hallarda bu qanun pozulur. Subay biri dəhşətli dərəcədə sevə, normal hisslər bəsləyə bilər, amma cəmiyyət ona qarşıdır. Boşanmış bir qadın əksər hallarda ailə qura bilməz. Qursa belə, neçə uşaqlı, neçə dəfə boşanmış, yaşlı, ahıl bir kişi ilə mümkündür, yəni "it aparan olsun”, cəhənnəmə buna verək, çıxsın getsin deyə. Hansısa bir tanış eşidəndə ki, mən ailə qurmaq istəyirəm, deyir, səni 2 uşaqla kimdir ki, alan? İnsanlar pis maraq göstərirlər, normal insan kimi yanaşa bilmirlər, özləri yanaşsa da cəmiyyət qoymur və sonda onlar da cəmiyyətə tabe olurlar”.


Aktiv həyatda da məhdudiyyətlər qoyulmalıdır

"Boşanmış qadın evə gec gələ, içki içə bilməz. Toya gedəndə də özünü fərqli aparmalı, az oynamalıdır. Boşanandan sonra toylara gedəndə içki içmirəm, çox oynamıram, açıq geyinmirəm. Məsələn, bir qadının xoşu gəlir, hansısa qohumuna təklif üçün kim olduğumu soruşur, biləndə ki, subay deyilsən, fikirləri dəyişir. Hətta o qadının belə sənə qarşı fikirləri dəyişir, gör nə qədər oynamışdı, filankəslərlə oynadı.

Əvvəllər oğlan dostlarla gedib futbola baxırdım, bulvarda açıq çayxanalarda oturub çay da içə bilərdim, amma boşanandan sonra onları yığışdırdım. O dostlarım normal qarşılasa belə, sosial şəbəkələrdə yaydığım şəkillərdən başqaları normal qarşılamayacaq. Mən cəmiyyət üçün yaşayan biri deyiləm, amma son məqamda cəmiyyətlə bir yerdə yaşayıramsa, o şeyləri nəzərə almalıyam”.

"Kişilər əksər halda kişiliyini sübut etmək üçün dul qadından istifadə edir. Ətrafına göstərmək istəyir ki, o kişidir, həyatında kimsə var, o kimləsə əylənir, yatır. Yəni o kişidir, potensialı var, cinsi tələbatını filankəslə ödəyir.

Yəni elə bil qadın heyvandır, ölüb, ortalıqda qalıb, kişilər onun ətrafında bir quzğun sürüsü kimi, leşə baxan kimi baxırlar. Sanki leşyeyən qarğalar gözləyir ki, leş nə vaxt öləcək, kim ona birinci yiyələnəcək, birinci həyatında kim olacaq, onnan kim yatacaq. Kişilər arasında belə bir rəqabət də var.

Bunları iqtisadi cəhətdən özümü təmin edə bildiyim, hər hansı kişidən asılı olmadığım üçün normal qarşıladım. Maddi asılılığım olmadığından, söz deyiləndə üzünə tüpürüb gedə də bilərdim, çünki ona "yox” deyib gələndə uşağıma bir parça çörəyi ala biləcəkdim. Təbii maddi imkanım aşağı olsa, qarşımdakı da maddiyatını gözə soxaraq təklif etsəydi, ona qarşı çox sınacaqdım”.

Cəmiyyətdə kişi cəsarətsizliyi problemi var

"Bir oğlumun 12 yaşı var. Mən ona nə vaxtsa ailə qurmaq istəyim barədə bildirəndə, o ağladı, bağırdı, başa salmağa çalışdım ki, axı sənin atan ailə qursa sən heç nə deməyəcəksən, mən qadınammı deyə, mənə bu münasibət var. Deyir mənim atam var axı. Uşaqlar o qədər mühafizəkar böyüyür ki, onlara anlatmaq da bir problemdir. Onlar hətta uşaqlıqdan başqa kişini qəbul etmək istəmirlər.

Qadının seçimi normal əxlaqlı, ədəbli subay oğlan da olsa, gəlib deməsin ki, bilirsən, mən səni sevirəm, amma evlənə bilmirəm. Mən bir il olmuşdu boşanmışdım, 37 yaşlı subay bir oğlan mənə sevgisini bildirmişdi. Ona nikahdan kənar bir münasibət istəməyəcəyimi demişdim. O bir müddət fikirləşdi, sonra dedi ki, bilirsənmi mən səni sevirəm, amma gedib anama desəm ki, evlənirəm və o iki uşaqlı bir qadındır, anam siçan dərmanı içib özünü öldürəcək. Kişilərdə cəsarət yoxdur, amma qadınlarda var,  boşanmışında da, boşanmamışında da. Cəmiyyətdə kişi cəsarətsizliyi problemi var, onların çoxunun problemi elə ordan başlayır. Boşanmış qadın subay kişi ilə ailə qura bilmir, amma bir neçə dəfə boşanmış kişi xüsusilə axtarır, vurğulayır ki, qadın evlənməmiş, bakirəolmalıdır. Hətta boşanmış kişiləri cəmiyyət normal qəbul edir ki, alınmayıb. Boşanmış qadından hər addımbaşı qisas alır cəmiyyət”.

Sevinc Xan Qızı

  



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.