Qadın / Qadın və problemlər

7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”

Banu. | 6-04-2021, 09:30
581 0


7 uşağıyla birotaqlı evdə yaşayan Xatirə Salmanovanın bir körpəsi dizinin üstündə yatıb, bir neçə aylıq sonbeşiyini isə xalçanın üstünə mələfə sərərək bizimlə danışa-danışa geyindirməyə çalışır, balacaları necə doyuracağını bilmədiyini deyir: “Un olanda qovurub yedirirəm. İndicə həkimdən gəlmişəm, un da yoxdur, nə verəcəm bunlara?”

Ətrafında dolaşan 8-9 yaşlı qızı ona yardım edir. Əynindəki  nimdaş, bozarmış paltarı anası dilənərək aldığını deyir.  

Yevlaxda yerli əhalinin “qaraçılar məhəlləsi” adlandırdığı ərazidə yaşayan Xatirə Salmanova danışır ki, pandemiya dövründə dolanmaq çox çətindir, bəzən rəsmi qurumlar onları ərazidən kənara çıxmağa, işləməyə qoymurlar, sərt karantin dövründə məcbur olub evdə qalırlar. Onun istəyi 7 azyaşlını doyurmaqdır. 

“Biz hökumətdən heç nə istəmirik, uşaqlarımıza vaxtlı-vaxtında ərzaq versinlər, “sosial” versinlər, heç hara çıxmayaq, vallah” - deyir Xatirə Salmanova. 
“Koronavirusa görə heç yerə çıxa bilmirik. Biz də hökumətlə hökumətlik edək? Xəstəliyə görə, karantinə görə “çıxma” deyir çıxmırıq”.

O, pandemiya dövründə cəmi bir dəfə ailələrə yardım olunduğunu deyir; amma bunu rəsmi qurumların, yoxsa xeyriyyəçilərinmi etdiyini bilmir: “Bir qutu ərzaq gətirmişdilər”.

Ayda təxminən 300 manat müavinət aldığını söyləyən çoxuşaqlı ana bu məbləğin ərzaq xərclərini ödəmədiyini bildirir: “Bu gün tapırıqsa, bu gün yeyirik; sabah tapmırıqsa, yemirik. Elə ay olur, pul gec verilir, dolana bilmirik. Maşallah, 7 uşaqdır, hamısı da balaca. Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay pul verəndə, bir yeşik də ərzaq versinlər. Heç yerə çıxa bilmirik məhəllədən. Vallah, dolanmaq olmur. Mağazadan borca alıram ərzağı. “Sosial”ı alanda da aparıb borcu ödəyirəm. Ət almıram. Çay, qənd -  uşaqlı evə bunlar lazımdır. Bax, buna da şirinçay verirəm, o birisinə də, buna “Malış” yedirdirəm. Qonşulardan soruş, bunlar da un qovurub verirəm ki, acından ölməsinlər. Bax, indi evdə un da yoxdur”.

Xatirə Salmanova pandemiya dövründə həyat yoldaşının da işləmədiyini söyləyir: “Hanı, iş var? Özü fəhlədir. “Pol” vurur, “patolok” vurur. Çağıran olsa, gedir. İndi də hamı aldığını boğazına verir. Kim çağırır, kim deyir ki, pul verim, dolansınlar?..”

O, məktəb yaşlı uşaqlarının təhsil ala bilmədiyini də qeyd edir: “Çatdırmırıq. Ən böyüyü budur, məktəbə göndərsəm, gərək əyin-baş alım. Əynimizdəkiləri dilənib gətirmişəm...”

Xatirə Salmanova bunları bizə sentyabrın 25-də - müharibədən iki gün öncə danışıb. 

İcra başçısının müavini: “Hər gün yardım olmur”

Media və İctimai Təşəbbüslər Mərkəzinin (MİTM) eksperti Ülviyyə Babasoy müharibə bitəndən sonra - noyabr ayında Bərdədə sosial qruplara zəruri dövlət dəstəyinin təminolunma durumunun diaqnostikası haqda hesabat hazırlayıb. O da çoxuşaqlı ailələrdən təxminən eyni cavabları aldığını, Bərdə rayonunda yaşayan etnik qaraçıların da pandemiya dövründə hökumətdən dəstək görmədiklərini söylədiklərini bildirir. 

Ülviyyə Babasoy
“Onlara ayrı-ayrı şəxslər tərəfindən qayğı göstərilib” – ekspert əlavə edir. 

Ü.Bababsoy Bərdədə yaşayan 10 ailənin sorğuya cəlb edildiyini, həmin ailələrdən 1-nin 11, 1-nin 9, 1-nin 6 uşaqlı, 2-nin 5, 5-nin isə 4 uşaqlı olduğunu qeyd edir.
“Pandemiya dövründə hansısa maddi dəstək almısınızmı?” sualına rəyi soruşulanların 9-u “Xeyr”, 1-i  “Bəli” cavabını verib. “Bəli” deyən şəxs ərzağın hansı qurum tərəfindən verdiyini dəqiq xatırlamır. 11 uşaqlı ailə isə qeyd edib ki, onlara qohum-qonşular yardım edirlər.  

Rəyi soruşulanlar pandemiya dövründə çətinliklərlə üzləşdiklərini, iş yerlərinin bağlandığını, günəmuzd işlədikləri üçün maddi çətinliklərlə üzləşdiklərini söyləyiblər”.

Ülviyyə Babasoy danışır ki, “Çoxuşaqlı ailə olaraq dövlət tərəfindən hər-hansı dəstək alırsınızmı?” sualına yalnız 1 ailə (5 uşaqlı) çoxuşaqlılığa görə pensiya aldığını, 9 ailə heç bir dəstək almadığını deyib, 4 uşaqlı ailələrdən biri isə dəfələrlə İcra Hakimiyyəti və Məşğulluq İdarəsində olsa da, şikayətinə və müraciətinə baxılmadığını qeyd edib.

“Pandemiya dövründə hökumət qurumlarından ailənizin durumu ilə maraqlanan oldumu?” sualına cavabda da yalnız 2 ailə “Bəli” (yəni maraqlanıblar) və 8 ailə “Xeyr” (yəni maraqlanmayıblar) cavabını veriblər”. 

Yevlax rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bütün aztəminatlı ailələrə həm rayon icra hakimiyyətinin, həm də Heydər Əliyev Fondunun ərzaq yardımı göndərdiyini bildirir.

“Şəxsən mən özüm onlara qutularda ərzaq yardımı göndərmişəm. Rayon rəhbəri də tapşırıq vermişdi, hər gün özü də maraqlanırdı”.
Elnarə Əzizova Xatirə Salmanovanın çoxuşaqlı ailələrə cəmi bir dəfə yardım edilməsi haqda  dediklərinə belə cavab verir: “Gündə yardım olmur, yardım bir-iki dəfə olur”.

Azərbaycan hökuməti çoxuşaqlı ailələri pandemiyanın təsirlərindən necə qoruyub? 

MTİM ekspertləri bu suala cavab tapmaq məqsədiylə tədqiqat hazırlayıblar. Tədqiqatın müəlliflərindən biri olan iqtisadçı Azər Mehtiyevin sözlərinə görə, koronavirusun Azərçbaycan iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hökumətin Tədbirlər Planında pandemiya şəraitində məxsusi olaraq çoxuşaqlı ailələrə yönəlik hər hansı dəstək nəzərdə tutulmayıb: “Tədbir Planında işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 200 min (sonradan bu say 600 minə qaldırıldı) aztəminatlı şəxsə 190 manatlıq birdəfəlik yardım verilməsi nəzərdə tutulurdu. Amma bu yardım da ailədən yalnız 1 nəfərə verilə bilər”. 

Azər Mehtiyev - "Amerikanın Səsi"
Araşdırmanın üzə çıxardığı daha bir məqam budur ki, Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik sistemli şəkildə işlənilmiş və ardıcıl həyata keçirilən vahid hökumət siyasəti yoxdur: “Ayrı-ayrı dövlət proqramlarında və siyasət sənədlərində çoxuşaqlı ailələrə münasibət ya ümumi şəkildə ifadə olunur, ya da çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı müəyyən addımlar nəzərdə tutulur”. 

Ekspert qeyd edir ki, hökumətin sənədlərində “çoxuşaqlı ailə” anlayışı dəqiq müəyyənləşdirilməyib. 

Onun dediyinə görə, Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsi istiqamətində davamlı fəaliyyət göstərən  2 mexanizm mövcuddur: “Birincisi 5-dən çox uşağı olan analara verilən aylıq müavinətdir. Amma 6-cı uşaq doğulub 1 yaşına çatandan sonra anaya aylıq müavinət ödənilməyə başlanır. Yəni bu halda çoxuşaqlılıq 6 uşaqdan başlamış olur (2020-ci ildən hər uşağa görə 55 manat verilir). Bu dəstək 4 və 5 uşağı olan ailələrə şamil olunmur, halbuki Dövlət Statistika Komitəsinin məlumatları da göstərir ki, ölkədə çoxuşaqlı ailələrin böyük əksəriyyəti məhz 4 uşaqlı ailələrdir”. 

Azər Mehtiyev ünvanlı sosial yardımın (ÜSY) ikinci mexanizm olduğunu deyir: “Ailədə hər nəfərə düşən gəlirlər ehtiyac meyarından (2020-ci ildə 160 manat) aşağı olduqda, ünvanlı sosial yardım - əlavə maddi dəstək verilir. 4 və çox sayda uşağı olan ailələrin 60 faizə qədərinin kənd yerlərində yaşadığını və torpaq payı olan ailələrə ünvanlı sosial yardımın verilmədiyi nəzərə alınarsa, onda çoxuşaqlı ailələrin böyük bir qisminin bu yardımdan kənarda qaldığını demək olar”. 
Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin açıqladığı məlumata əsasən, 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödəniş 240 manata çatıb. 

İqtisadçı deyir ki, ÜSY alan ailələrin nə qədərinin çoxuşaqlı olması ilə bağlı nazirliyə ünvanlanan sual cavabsız qalıb, “nazirliyin belə bir statitika aparmadığı bəlli olub”.

Nazir Sahil Babayev pandemiya dövründə sosial tərəfdaşların dəstəyi ilə 110 min aztəminatlı ailəyə 3 dəfə yardım edildiyini; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1052 ailəyə ərzaq yardımı etdiyini bildirir. Ancaq Azər Mehtiyev deyir ki, adıçəkilən hər iki dövlət qurumunda da ölkə üzrə çoxuşaqlı ailələrin dəqiq sayı və dislokasiyası ilə bağlı məlumatlar yoxdur, onlar da bu məlumatların toplanmasıyla məşğul olmurlar. 

Mütəxəssis hesab edir ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayı  70 mindən çoxdur və hökumətin belə ailələrə münasibətdə sosial siyasət istiqamətlərini dəqiqləşdirməsinə ehtiyac var.

Nazirlik aztəminatlı ailələrə kömək edir, çoxuşaqlılara yox

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da etiraf edir ki, DSK çoxuşaqlı ailələrin statistikasını aparmadığı üçün onların dəqiq sayı haqda məlumat yoxdur. 

Onun sözlərinə görə, pandemiya dövründə çoxuşaqlı ailələrə yox, ailə başçısını itirmiş və sosial müavinət alan uşaqlara, sağlamlıq imkanları məhdud olub sosial müavinət alan uşaqlara (60 mindən çox), sayı 5-dən çox olan ailənin uşaqlarına (təxminən 3 min ailə), birinci dərəcəli əlilliyi olan şəxslərin bəzilərinə, ünvanlı sosial yardım alan ailələrə, tənha yaşayan ahıl  və əlillərə yardım edilib. 

Babək Hüseynov “çoxuşaqlı ailə” anlayışının müəyyənləşdirilməməsini normal sayır.

Babək Hüseynov - "Sputnik"
“Yığışaq, ekspertlərlə müyyən edək çoxuşaqlı ailə statusunu. Bu bizə nə verəcək? Yenə də biz köhnə şineldən çıxa bilmirik. “Çoxuşaqlı ailə” anlayışı Qazaxıstan, Rusiya, Gürcüstan və Ukraynadan kənara çıxmır, heç kim “çoxuşaqlı ailə” tanımır. Bəlkə yoxsulluqla, ünvanlı sosial yardımla bağlı baxışlarımızı dəyişək? Bəlkə ehtiyac meyarını dəyişək? Bəlkə yaşayış minimumunun hesablanması ilə bağlı təkliflərimiz olsun? Dörduşaqlı ailəni çoxuşaqlı saysanız, mən inciyəcəm, çünki mənim 3 uşağım var. 5 uşaqlı ailə çoxuşaqlı kimi tanınsa, 4 uşaqlı ailə inciyəcək”.

Pandemiya davam edir. Rəsmi qurumların dediklərindən anlamaq olar ki, yenə də onların çoxuşaqlı ailələrə yönəlik sosial müdafiə proqramları yoxdur.  
Azər Mehtiyev deyir ki, Avropa və Amerikanın bir çox ölkələrində pandemiya dövründə atılan addımlar ailələrə dəstək sahəsində əvvəllcədən mövcud mexanizmlərin tamamlanması üzərində qurulub və yeni şəraitdə ailələrin yoxsullaşmasının qarşısını almağa, onların üzləşə biləcəkləri risklərdən qorunmasına hədəflənib. 

“Məsələn, Kanadada “uşaqpulu” keçici olaraq artırıldı. “The Canada Child Benefit” (CCB) pqoqramı uşaq böyütməyə uyğun ailələrə vergidən azad aylıq ödəniş  növüdür.  Yardımın məbləği uşaq sayına, uşaqların yaşına, ailə vəziyyətinə və ailənin əvvəlki ilin vergi bəyannaməsindən əldə etdiyi xalis gəlirə görə dəyişir. Daha əvvəl ailələrə hər uşaq üçün 600 dollar yardım ödənilirdisə, 2020-ci ilin may ayında 300 dollar əlavə edildi. Məsələn, iki övladı olan bir ailə aylıq CCB ödənişinə əlavə olaraq 600 dollar aldı”. 

Koronavirusa yoluxma sayı isə gah artır, gah azalır, buna uyğun olaraq karantin rejimi də gah sərtləşdirilir, gah  yumşaldılır. Bu o deməkdir ki, körpə uşaqlarına un qovurub yedirən Xatirə Salmanova kimi çoxuşaqlı analar icra strukturlarının və fondların “gündə olmayan” yardımına möhtac qalıb daha ağır sınaqlarla üzləşəcəklər.

Şahnaz Hüseynova