Qadın / Qadın və problemlər

Həyatları alimentdən asılı olan uşaqlar...

Aynur_Qurbanqizi | 20-05-2012, 20:53
6 819 58


Azərbaycanda boşanan cütlüklərin sayı minlərlədir. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 17,2 min nikah, 2,6 min boşanma qeydə alınıb.

Bu ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntılar içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi artıq həlli müşkül bir problemə çevrilib. Bu problemin doğurduğu acı nəticələr uşaqların məsum həyatında silinməz izlər qoymaqla yanaşı, cəmiyyətə də təsirsiz ötüşmür.

Azərbaycandan fərqli olaraq, xarici ölkələrin çoxunda boşanan tərəflər şüurlu şəkildə övladının saxlanma xərclərini ödəmək lazım olduğunu başa düşür, yaşayış və iş yerini, gəlirlərini gizli saxlamır, valideynlər bir-biri ilə düşmən olmur və s.

Alimentin məbləğini qanunvericilik necə müəyyən edir?


Ailə Məcəlləsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur.

Alimentin məbləğini isə qanunvericilik aşağıdakı kimi müəyyən edir...

Bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, 2 uşağa görə, üçdə biri, 3 və daha çox uşağa görə, qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" qərarı ilə işləyənlərin və ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib.

Qadınlar ərlərinin maddi gəlir səviyyəsini məhkəmədə sübut edə bilmir...


Bu sahədə məhkəmə təcrübəsini qənaətbəxş hesab edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyir ki, alimentlə bağlı işlərə baxarkən əsas problem cavabdehin faktiki işsiz olduğu halda, əlavə gəlirlərinin olması və bunu məhkəmədən gizlətdiyi zaman yaranır:

"Azərbaycanda problem odur ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini müəyyən edə bilmirlər. Cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin heç biri cavabdehin adına deyil".

Qanun ərin əlavə gəlir mənbəyini, əməkhaqqının məbləğini sübut etmək vəzifəsini qadının üzərinə qoyur...

Ali Məhkəmənin hakimi deyir ki, əvvəlki illərlə müqayisədə məhkəmələrə sabit pul məbləğində alimentin kəsilməsi ilə bağlı müraciətlər artıb:

"Cavabdehin əməkhaqqının məbləği sabit olmadığı halda, qanun sabit pul məbləği müəyyən etməyə icazə verir. Məbləğ cavabdehin əmlak vəziyyətindən asılı olur və qanunla qazancın dörddə biri miqdarında müəyyən olunur. Ailə vəziyyətində dəyişiklik yarananda alimentin məbləğinə yenidən baxıla bilər".

Mirzəliyev əsas problemin alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı meydana gəldiyini deyir:

"Əsas problem icra zamanı yaranır. İcranı həyata keçirən qurum araşdırma aparıb problemin həlli üçün konkret təkliflər hazırlamalıdır".

Daş daşı, uşağını saxla!..


Mirzəliyev cavabdehin işsiz olması səbəbindən alimenti ödəməməyə görə, ataya haqq qazandırmır:

"Valideyn uşağı dünyaya gətirirsə, qayğısına da qalmalıdır. Ata qanuni yolla qazanc əldə etməlidir və uşağını saxlamalıdır. Düzdür, işsizlik problemi var. Dövlət də bu problemin həllinə çalışır, yeni iş yerləri açır, aztəminatlı ailələrin müdafiəsi ilə bağlı tədbirlər görür. Lakin bu, ataya uşağını saxlamaqdan imtinaya haqq qazandırmır. Əgər ata fiziki cəhətdən sağlamdırsa, işləyib alimenti verməlidir. İndi sərbəst iş yerləri var. Atanın iş yoxdur deməsi, bəhanədir. Daş daşı, uşağını saxla! Sadəcə, buna istək lazımdır".

Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılandan sonra məhkəmə qərarlarının icrasında müsbət dəyişiklik olub.


Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalov bildirib ki, şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır.

Baş icra məmuru alimentin ödənilməsindən qəsdən boyun qaçıran şəxslər barəsində inzibati tədbirlər görüldüyünü deyir:

"İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanılır. Ötən ilin birinci yarısında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran 72 şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılıb".

Onun sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək üçün Baş İdarə tərəfindən müvafiq qurumlara təkliflər verilib.

Nazirlik rəsmisi bildirib ki, qanunla borclunun ölkədən getmək hüququ məhdudlaşdırılandan sonra bu sahədə məhkəmə qərarlarının icrasında müsbət dəyişiklik olub:

"Əvvəl şəxsin borcu olsa da, istədiyi vaxt ölkədən gedə bilərdi. Hətta elələri var idi ki, digər ölkələrdə öz biznesini qurmuşdu. İndi borclu şəxsin bu hüququ məhdudlaşdırılıb. Şəxs borcunu ödəmədiyi halda, icra məmuru tərəfindən məhkəməyə təqdimat verilir. Məhkəmə təqdimata baxaraq onun bu hüququnu məhdudlaşdırmaq barədə qərar çıxarır. Şəxs məhkəmə və digər orqanların qərarı üzrə olan borcunu tam ödədikdə həmin məhdudiyyət icra məmuru tərəfindən götürülür. Bu cəzanın qanunvericiliyə daxil edilməsi məhkəmə və digər orqanların qərarlarının icrasında böyük stimul yaradıb".

Nazirlik rəsmisi bildirib ki, alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı ortaya çıxan problemlər alimenti verən şəxsin işləməməsi, əlavə gəlir mənbəyinin olmaması, işləməkdən boyun qaçırması səbəbindən yaranır.

İdarə işsiz şəxslərin işlə təmin olunması və qərarın icra olunması məqsədilə məşğulluq mərkəzlərinə müraciət edir. Zeynalov bildirib ki, bəzi hallarda həmin vətəndaşların işlə təmin edilməsinə nail olurlar.

Məhkəmələr alimentin məbləğini müəyyən edərkən "qanun qarşısında hamının bərabərliyi prinsipi"ni pozurlar...

Vəkil Qurban Məmmədov hesab edir ki, alimentlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlər əsas etibarilə işsizliklə baglıdır:

"Aliment ödəyicilərinin çoxu işsiz olduqları üçün kəsilmiş alimenti nağd olaraq, həm də təsadüfi qazanc hesabına ödəməli olurlar. Bu da təbii ki, müəyyən problemlər yaradır. Burada iki hal müşahidə olunur. Birincisi, aliment ödəyicisi iş tapa bilmir və alimentin ödənilməsində, obyektiv səbəblərdən, fasilələr yaranır. İkincisi, aliment ödəyicisi qəsdən qazancını gizlədir və aliment ödəməkdən şüurlu şəkildə yayınmağa çalışır. İkinci halın sübut edilməsi məhkəmə icraçıları üçün çətindir (bu məqsədlə qanunvericilik səviyyəsində icraçılara səlahiyyət və vəsait verilməlidir), maraqlı tərəfin sübut etməsi üçün xeyli vəsait və vaxt tələb edilir".

Məmmədovun fikrincə, məhkəmələr alimentin məbləğini müəyyən edərkən "qanun qarşısında hamının bərabərliyi prinsipi"ni pozurlar:


"Məsələn, işləməyən valideynlərin birindən 20, digərindən ən azı 69 manat, bir digərindən isə 100 və ya 150 manat tutulur. Başqa sözlə, alimentin məbləği ilə bağlı fərqlər bütün hakimlərin qətnamələrində var. Bunun bir səbəbi hakimlərin subyektivliyidirsə, digər bir səbəbi də qanunvericinin bu məsələdə mövqeyinin birmənalı və dəqiq olmamasıdır".

Hüquqşünas deyir ki, qanuna görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər və bu müddəanın olması qərar qəbuletmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək imkanı verir və bununla da qeyri-bərabərliyin əsası qoyulur:

"Ya qanunverici, ya da Ali Məhkəmə "ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar"ın dəqiq dairəsini müəyyənləşdirməlidir. Presedent hüququnun tətbiq edilməsi də bu problemlərin (ayrı-seçkiliyin, fərqli məbləğlərin) həllinə yardım edə bilər".

Vəkil bu qənaətdədir ki, qanunverici uşaqların normal inkişafını təmin edə bilmək üçün alimentin minimum məbləğini mütləq müəyyən etməlidir. Məmmədov da aliment məsələsində dövlətin mütləq iştirakının tərəfdarıdır:

"Qanunlarımızın mənasına görə, 18 yaşlı uşaq artıq müstəqil vətəndaşdır və o, valideynlərindən daha çox dövləti ilə müxtəlif vasitələrlə bağlıdır və daha çox dövlətinə xeyir verir, ona qulluq göstərir, əsgəri xidmətə gedir, vergi verir, qanunlarla müəyyənləşmiş vəzifələr icra edir və s. O, yeri gələndə, dövləti üçün ölməlidir də. Onda, bəs, nədən dövlət onun uğrunda ölməli olan, onun büdcəsinin artımında iştirak edəcək vətəndaşının qayğısına uşaqlıqdan qalmır və onu taleyin amansız ümidinə buraxır? Məncə, dövlət alimentin minimum həddini müəyyən etməli, onu ehtiyacı olan uşağa ödəməlidir, yalnız bundan sonra aliment öhdəliyi olan tərəfdən öz xərclərini tələb etməlidir. Heç bir halda uşaq valideynlərinin insafına buraxılmamalıdır".

Alimentin ödənilməsi ilə bağlı qərarlar dərhal icraya yönəldilməlidir...

Ali Məhkəmənin hakimi Mehparə Əhmədova deyir ki, qanuna görə, sabit pul məbləği cavabdehin əmlak vəziyyətindən asılı olmayaraq, qazancının 1/4-i məbləğində müəyyən olunur.

Hakim alimentlə bağlı qərarların icrasındakı problemlərdən danışıb:


"Borclu, yəni alimenti verən tərəf iş yerini, gəlirlərini, əmlakını gizlədir. Bu da məhkəmə qərarlarının qəbulu zamanı ciddi problem yaradır. Həmçinin, borclu iş yerinin, yaşadığı
yerin ünvanını gizlədir, əməkhaqqının cüzi hissəsini rəsmiləşdirir. Müəyyən hallarda borclu işsiz olur, alimenti ödəyə bilmir. Bu da alimentin ödənilməsi ilə bağlı qərarın icrasında problem yaradır".

Hakimin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemin həlli məqsədilə məhkəmələrin alimentin ödənilməsi ilə bağlı qərarları dərhal icraya yönəlməlidir. Qanunvericilikdə alimentlə bağlı qərarların qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməsi nəzərdə tutulur.

Dövlət Komitəsi aliment fondunun yaradılmasını təklif edir...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi alimentin minimum məbləğinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparır. Təkliflərdən biri də alimentin minimum məbləğinin müəyyən edilməsidir.

Komitə, həmçinin aliment fondunun yaradılmasını təklif edir...

Alimenti bu və ya digər səbəblərə görə, ödəyə bilməyən valideyinin əvəzindən uşaqlara dövlət aliment fondundan aliment ödənilməli, valideyn isə fonda borclu qalmalı, daha sonra fond valideyndən alimenti geri almalıdır. Xarici ölkələrdə bu institut var və özünü doğruldub.

Komitənin Hüquqi təminat şöbəsinin rəhbəri Taliyə İbrahimova alimenti ödəməyən şəxslərin cəzalarının ağırlaşdırılmasını problemin həlli yollarından biri kimi görür.

İbrahimova bəzi ölkələrdə aliment ödəməkdən boyun qaçıran şəxslərə alternativ cəza tədbirlərinin də tətbiq olunduğunu diqqətə çatdırıb və bunun Azərbaycanda tətbiqini mümkün sayır:

"Rusiyada cavabdehin telefonuna mobil operator tərəfindən alimentin ödənilməsi barədə tez-tez xəbərdarlıq olunur, bəzi ölkələrdə aliment ödəməyən şəxsin sürücülük vəsiqəsi alınır".

Aliment ödəməkdən boyun qaçıranlar azadlıqdan məhrum edilsin...


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aliment ödəməyən şəxslərin azadlıqdan məhrum edilməsi və məcburi əməyə cəlb olunmasını təklif edir.

Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov bildirib ki, alimentin ödənilməsi mexanizmini təkmilləşdirmək məqsədilə Skandinaviya ölkələrinin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqi effektli ola bilər:

"Skandinaviya dövlətlərində məhkəmənin müəyyən etdiyi müddətdə alimenti ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir, müəyyən müddətə azadlıqdan məhrum edilərək məcburi əməyə cəlb olunur, onun işlədiyi müddətdə aldığı haqq alimenti almalı olan şəxsin hesabına köçürülür. Azərbaycanda da Skandinaviya dövlətlərinin təcrübəsinə istinad etmək olar".

Komitə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı məhkəmə konkret müddət müəyyən etməli, bu müddətdə aliment ödənilməzsə, şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır:

"Azərbaycan qanunvericiliyinə görə, məhkəmə qərarını icra etməmək cinayət məsuliyyəti yaradır. Bu məsələni icraçılar qaldırmalıdır, amma onlar bu işdə aktiv deyillər. İcraçılara da nəzarət artırılmalıdır".

Səfərov hesab edir ki, alimenti ödəməkdən boyun qaçıran şəxslərin əməyə məcburi cəlb olunması məsələsi tətbiq olunarsa, onda cavabdeh şəxslər gəlir və əmlaklarını gizlətməkdə maraqlı olmayacaqlar.

Komitə rəsmisi alimentin ödənilməsi ilə bağlı digər bir problemin xarici ölkələrdə yaşamaq hüququ və vətəndaşlıq alan şəxslərlə bağlı olduğunu deyir.

Onun sözlərinə görə, elə şəxslər var ki, xarici ölkələrdə müvəqqəti yaşayış hüququ, vətəndaşlıq alıblar:


"Onlar tərəfindən alimentlərin ödənilməsində problemlər var. Əsas problem Rusiya, ABŞ və Fransa ilə bağlıdır. Bu dövlətlərlə alimentin ödənilməsi ilə bağlı ikitərəfli müqavilələrimizin olmaması problemlər yaradır. Komitə həmin dövlətlərlə ikitərəfli müqavilələrin bağlanmasını təklif edib. Müqavilə olarsa, bizim 1 məktubla həmin ölkələrdə yaşayan cavabdeh şəxsləri alimenti ödəməyə məcbur etmək olar".

Alimentlərin məbləğinə toxunan Səfərov bildirib ki, alimentin məbləği bu il uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan - 87 manatdan az ola bilməz:

"87 manatdan az müəyyən olunubsa, məbləğin artırılması ilə bağlı məhkəməyə müraciət oluna bilər".

Alimentin ödənilməsi ilə əlaqədar mexanizmin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyən Səfərov bildirib ki, Komitə bu sahədə yaranmış problemlərin həlli məqsədilə təkliflər paketini müvafiq qurumlara təqdim edəcək.

Alimentlə bağlı qərarlar əmlaka yönəldilməlidir...


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli alimentin ödənilməsi ilə bağlı yaranan problemin ciddiliyini nəzərə alaraq, məsələnin müzakirədə olduğunu və komitədə bununla bağlı araşdırmalar aparıldığını bildirib.

Komitə sədri bildirib ki, Ailə Məcəlləsinə alimentin mülkiyyətə yönəldilməsi ilə bağlı təklif verilib:

"Bu, bir sıra ölkələrin təcrübəsində tətbiq olunur. Məsələn, Rusiyanın bu sahədə təcrübəsindən yararlanmaq mümkündür. Rusiyada aliment ödənilmədikdə, qərarın icrası cavabdehin əmlakına yönəldilir. Həmçinin, Rusiyada aliment verən şəxsin ölkədən çıxmasına icazə verilmir".

Rəcəbli alimentin minimum məbləğinin minimum əməkhaqqına uyğunlaşdırılması təklifinin də müzakirə olunduğunu deyib.

Maddi, mənəvi və hüquqi köməkdən məhrum olan qadınların əksəriyyəti insan alverinin qurbanına çevrilmə təhlükəsi ilə üz-üzədir...

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi "Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi" layihəsi üzrə alimentin ödənilməsindən qəsdən boyun qaçırılması hallarının minimuma endirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklər paketi hazırlayıb.

Monitorinq zamanı müəyyən edilib ki, qadınlar boşanma prosesində özlərindən asılı olmayaraq, keçmiş ərlərinin qanuni gəlirlərini sübut edə bilmir və bu səbəbdən də alimentin zəruri məbləğdə tələb edilməsində çətinliklər yaranır. Boşanan ərin rəsmi iş yerinin olmaması, yaxud belə iş varsa da, ancaq əməkhaqqının cüzi hissəsinin rəsmi, əsas hissəsinin isə qeyri-rəsmi olması ona gətirib çıxarır ki, məhkəmə alimentin məbləğini yaşayış üçün zəruri olan məbləğdən də az tutmaq məcburiyyətində qalır.

Təcrübə göstərir ki, maddi, mənəvi və hüquqi köməkdən məhrum olan qadınların əksəriyyəti insan alverinin qurbanına çevrilmə təhlükəsi qarşısında qalırlar. Belə qadınlar uşaqlarını lazımi səviyyədə tərbiyə və himayə edə bilmədiklərindən uşaqlar özləri erkən yaşlarından işləməyə, dilənməyə və s. istismara məruz qalırlar.

Təkliflər paketinə ailə bərpa mərkəzinin (və ya ictimai ailə məhkəməsinin) və dövlət aliment fondunun yaradılması, boşanma prosesinin mürəkkəbləşdirilməsi, alimenti könüllü ödəməyən valideyn üçün müxtəlif formalı cəzaların tətbiqi və s. daxildir.

Komitə hesab edir ki, məhkəmə tərəfindən təyin edilən alimentin məbləği heç bir halda minumum əməkhaqqı məbləğindən az ola bilməz. Həmçinin, məhkəmə qərarı ilə alimenti ödəməkdən qəsdən yayınan tərəfin mobil telefonuna hər gün bir neçə dəfə aliment borcu olması barədə qınaq məktubları göndərilməli, şəxs sürücülük hüququndan müvəqqəti məhrum edilməlidir.

Aliment ödəmək istəməyən valideynlərə qarşı ictimai qınaq olmalıdır...


Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov bildirib ki, əsasən, özəl müəssisələrdə çalışanlar gəlirlərini gizlədirlər. Onlar məhkəmələrə saxta sənəd təqdim etməklə gəlirləri, əməkhaqqı barədə yanlış məlumat verirlər:

"Əksərən, kifayət qədər maddi imkanı olan kişilər şikayət edir ki, məhkəmə alimentin məbləğini düz müəyyən etməyib. Məbləğ az olmalıdır. Belə atalara qarşı ictimai qınaq olmalıdır. Boşanma o demək deyil ki, uşaq sənin deyil, valideynlik vəzifələrin yoxdur. Bu, mənəvi məsələdir. Bəzi xarici dövlətlərdə bu barədə məhkəmə qərarını icra etməyən sürücülük hüququndan məhrum edilir, iş yerinə hansısa sənəd göndərilir. Ölkələrin birində rayon üzrə alimenti ödəməyənlərin tablosu hazırlanır və insanların sıx yaşadığı yerlərdə qoyulur. Hansısa məhkəmə qərarını icra etməməyi başa düşmək olar. Alimenti isə sən öz uşağının inkişafı üçün verirsən və bu da hər bir valideynin borcudur".

Cəfərov bildirib ki, xarici ölkələrdə alimentin ödənilməsi məsələsi daha asan tənzimlənir. Buna səbəb bu ölkələrdə nikahdan əvvəl nikah müqaviləsinin bağlanmasıdır:

"Bu müqavilədə uşaqların saxlanması ilə bağlı məsələ əvvəlcədən həll olunur. Hesab edirəm ki, Azərbaycanda da nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir. Ən azı 5 il müddətinə, insanların şüuru bunu qəbul edənədək nikah müqaviləsinin bağlanması məcburi olmalıdır".

Xarici ölkələrin qanunvericiliyi daha sərtdir...


Xarici ölkələrin əksəriyyətində qanunda nəzərdə tutulub ki, vətəndaş işləmirsə, o, qanuna əsasən, məşğulluq idarəsində qeydiyyata alınmalıdır. Məşğulluq idarəsi isə üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin şəxsin işlə təmin edilməsinə çalışır. Məsələn, Rusiyada hökumət borca görə, köləlik institutu yaradıb. Məhkəmə icraçıları aliment ödəməyənləri məcburən işə düzəldirlər. İşsiz aliment ödəməyənləri əmək birjası vasitəsilə işlə təmin edirlər. Bir sözlə, boşanma uşaq qarşısında məsuliyyətdən azad etmir. Aliment ödəməyən iş yerinin olmamasını əsas gətirərək alimenti ödəməkdən boyun qaçıra bilməz. Əmək birjası məhkəməyə həmin vətəndaşa harada və hansı işi təklif etməsi barədə arayış təqdim edir.

Borcluların (aliment ödəməyənlər, kreditlər üzrə borclular, məbləği bir neçə min manatı keçən vergi və cərimələri ödəməyənlər) xaricə getməsinə müvəqqəti məhdudiyyət də qoyulub. Bu kimi qanunlar Avropa ölkələrinin əksəriyyətində qəbul edilib. Həmçinin, bir çox ölkələrin praktikasında var ki, əgər kişi aliment ödəmirsə, ona məxsus əşya və ya mülk satılaraq aliment ödənilir. 
Trend

dılay | 18 oktyabr 2015 12:48 | Status: Brilliant user | Şərh: 8 185
Tewekkurler
ESMER | 20 sentyabr 2015 23:16 | Status: VİP user | Şərh: 817
Allah heç bir uşaqı valideyinsiz qoymasın
Sirli dunyam | 19 avqust 2015 13:56 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Elcin sangu........ | 10 avqust 2015 19:29 | Status: VİP user | Şərh: 631
Sitat: Nergiz love
Sitat: Milaska.
ne boyukdu sebrim catmadi oxumagaa

Menimde

Menimde
Nagizade.Leyla | 24 may 2015 03:20 | Status: VİP user | Şərh: 1 321
Tesekkurler
Nergiz love | 5 may 2015 22:41 | Status: Professional user | Şərh: 7 871
Sitat: Milaska.
ne boyukdu sebrim catmadi oxumagaa

Menimde
Kenan25 | 3 may 2015 13:20 | Status: Şərhçi | Şərh: 225
Sitat: lady sweet
Sitat: nurlana nurlana
Təşəkkür edirəm
lady sweet | 15 aprel 2015 02:41 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: nurlana nurlana
Təşəkkür edirəm
Nigar | 19 fevral 2015 15:45 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: nurlana nurlana
Təşəkkür edirəm

bendeeeeeeeeeeee
nurlana nurlana | 12 fevral 2015 15:36 | Status: Gümüş user | Şərh: 1 950
Təşəkkür edirəm
●♥ Meley ♥● | 9 fevral 2015 10:15 | Status: Gümüş user | Şərh: 413
Tesekkurler
Miraj | 28 yanvar 2015 20:58 | Status: Professional user | Şərh: 2 625
evlad qedri bilen alimentde yazilani yox artigini verer
Just me | 29 sentyabr 2013 17:53 | Status: Professional user | Şərh: 1 296
Sitat: leyla meherremova
BELƏ ATALAR GÖRƏSƏN QOCALIB ƏLİ-AYAGI ƏSƏ-ƏSƏ ÖVLADLARINA YALVARACAQLARI GÜNÜ NİYƏ GÖZLƏRİ ÖNÜNƏ GƏTİRMİR.
Milaska. | 25 mart 2013 15:34 | Status: Gümüş user | Şərh: 1 486
ne boyukdu sebrim catmadi oxumagaa
Ayka21 | 2 dekabr 2012 21:53 | Status: Yazar | Şərh: 2 770
Uzaq olsun:((
leylawka | 6 oktyabr 2012 20:32 | Status: Professional user | Şərh: 1 866
Sitat: Emel
Allah hec kime gosdermesin

AMIN !!!
sevinc keder | 6 oktyabr 2012 15:55 | Status: Professional user | Şərh: 3 818
Sitat: Narin_yagis
ALLAH HAMININ KOMEYI OLSUN AMIN

amin
Narin_yagis | 30 sentyabr 2012 13:32 | Status: Gümüş user | Şərh: 601
ALLAH HAMININ KOMEYI OLSUN AMIN
cucem. | 30 sentyabr 2012 13:25 | Status: Professional user | Şərh: 4 415
Sitat: şeh
elə kişilər tanıyıram ki,uşağına aliment verməmək üçün qanuni işlərdən belə qaçır.Bəs bu uşağı yaradanda bilmirdin ki,ömrün boyu onu saxlamaq borcundur



ELEDIR DUZ DEYIRSIZ BUNU EVVELCEDEN DUWUNMEK LAZIMDIR
azeri_oglu | 16 sentyabr 2012 03:57 | Status: Gümüş user | Şərh: 2 243
allah heckime gostermesin
TATLI GUZEL | 16 avqust 2012 11:16 | Status: Professional user | Şərh: 5 781
dehset
OZ_DUNYAMIZ | 14 iyul 2012 05:23 | Status: Gümüş user | Şərh: 1 205
EHHHHH BIZDEN UZAQQQ