Qadın / Qadın və problemlər

İranlı qadın Azərbaycanda girov saxlandığını deyir: “Kişiyə görə qadını, uşağı cəzalandırmaq nədi?” - Foto

Banu. | 29-11-2019, 23:54
132 0

İran vətəndaşı olan 1984-cü il təvəllüdlü Atefeh Dehghanizadeh Azərbaycanda məhkəməyə müraciət edərək, burada girov saxlandığını iddia edir.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları pasportunu da əlindən alıb, onu 3 yaşlı qızı və 55 anası ilə birlikdə ölkədən getməyə qoymurlar.

Yasamal rayon Məhkəməsində hakim Günel Əkbərli iranlı qadının şikayətinə baxıb. Hakim Atefeh Dehghanizadehin ölkədən çıxışına qadağa qoyulması, pasportunun əlindən alınması barədə Yasamal rayon Polis İdarəsi və Yasamal rayon prokurorluğunun əməkdaşlarının hərəkətləri qanunsuz sayılıb. Qadağanın aradan qaldırılması, pasportun qaytarılması barədə qərar çıxarılıb.
Atefeh Dehghanizadeh “Bizimyol.info”ya deyib ki, məhkəmənin qərarının icra olunmamasından qorxur: “Mən bir ilə yaxındır zülmdəyəm. Bu müddətdə nələr görmədim? Mən qızım və anamla birlikdə bu il yanvarın 9-da Bakıdan Türkiyəyə gedəndə aeroportda bir nəfər bizə hücum elədi. Sandım ki, uşağı qaçırmaq istəyir. Əlimdən sənədi aldı, cırdı. Səsə polislər gəldi. Sonradan bildim ki, həyat yoldaşımla pul problemi olan Orxan adlı şəxs imiş. Mənə ölkədən getməyə imkan vermirdi ki, bizi girov saxlayıb, yoldaşımdan pulu alsın. Sonra polis idarəsi və prokurorluq bizi ölkədə saxlamaqda ona yardımçı oldu”.
Orxan İsmayılov qadından şikayətçi olaraq, ona böhtan atdığını bildirib. Bununla əlaqədar cinayət işi başlanıb, Atefeh Dehghanizadeh şübhəli şəxs qismində tanınıb. Lakin yetərli əsaslar olmadığından təqsirləndirilən şəxs qismində cəlb olunmayıb. O, sərbəst buraxılsa da Yasamal rayon prokurorluğunun müstəntiqi Zamil Mehralıyev pasportunu qaytarmaqdan imtina edib. Bu üzdən qadın məhkəməyə şikayət edib.
“Bəzən gecə saatlarında 8-10 polis qaldığımız evə gəlir, bizi götürüb idarəyə aparır. Uşaq möhkəm qorxur. Həyat yoıdaşıma görə bizə burada zülm eləyirlər. Kişinin əməlinə görə qadını, uşağı cəzalandırmaq nədi? Pulumuz da tükənib, uşaq günlərlə ac qalır. Bizi girov saxlayıb, zülm eləyirlər”. Onun həyat yoldaşı Fərzad Foroozanmehr haqqında Azərbaycanda CM-in 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. O, Orxan İsmayılzadənin evini 240 min manata satıb, pulu götürüb ölkədən qaçmaqda ittiham olunur.Bizimyol.info