Qadın / Qadın və problemlər

Aybaşıdan sonra hamam - yəhudi qadınların "təmizlənmə" ritualı

Banu. | 7-09-2019, 08:00
50 0
Ortodoks Yəhudi icmasında, qadınlar üçün müqəddəs sayılan bir yer var: mixva. Hazırda mixva həm də qadınlarda döş vəzi xərçənginin və ailə zorakılığının əlamətlərini aşkar etməyə kömək edən bir yerə də çevrilib.
Evli olan bütün ortodoks yəhudi qadınlar aybaşı bitəndən yeddi gün sonra, gecə saatlarında mixvada, yəni ritual hamamında suya dalmalıdırlar.
Bu yolla onlar özlərini həm də ruhən təmizləmiş olurlar.

Qadınlar mixvaya ilk dəfə ənənəvi olaraq, toyqabağı gedirlər və bundan sonra ora menstruasiyaları bitənədək hər ay baş çəkirlər.
Mixvaya daxil olmaqdan əvvəl qadın ilk növbədə bədənini yaxşıcana təmizləyir ki, onunla mixva suyu arasında heç bir maneə qalmasın.
Mixva suyuna dalmaqdan əvvəl qadın özəl otaqda yuyunub özünü təmizləyir, saçlarını darayır, dırnaqlarını təmizləyə və bədəninin vəziyyətini yoxlaya bilər.
Özünü bu yolla hazırladıqdan sonra qadın artıq mixvaya enə bilər və təpəsini örtənədək suyun altına dalmalıdır.
Bir qayda olaraq, mixva suyuna üç dəfə dalmaq lazımdır.
Tipik mixva kiçik çimərlik hovuzunu xatırladır, hovuza "təbii" su, adətən, yağış suyu yığılır.
Çox vaxt mixvada qadınlara kömək etmək üçün xadimələr də olur.
Bu yaxınlarda israilli qadınlar mixvada tək olmaq hüququna məhkəmə yolu ilə nail olublar.
Bəzi qadınlar mixva suyuna tək, xadimənin köməyi olmadan dalmağa üstünlük verirlər.

İsraildə 750 minədək qadın hər ay mixvaya baş çəkir.
Xeyriyyə təşkilatları mixva xadimələri üçün xüsusi məşqlər keçirirlər ki, onlar xərçəng və ya məişət zorakılığı əlamətlərini tanıya və qadınlara kömək edə bilsinlər.
Doktor Naomi Marmon Grumet Yerusəlimdəki (Qüds) Eden Mərkəzinin direktorudur. Xəyriyyəçilik əsasında fəaliyyət göstərən bu təşkilatda 150-dək mixvada çalışan 800-ə yaxın xadimə təlim keçib.

Naominin sözlərinə görə, qadın suya daxil olarkən mixva xadiməsi nəzərini həmin qadından kənara çəksə də, qadının bədənindəki qeyri-adi şiş və ya göyərmiş yeri sezə bilir.
Mixva xadiməsi eləcə də hiss edə bilər ki, qadınlardan hansısa biri ritual başa çatandan sonra binanı tərk etməyə həvəsli deyil, çünki ərinin yanına qayıtmaq istəmir. Bu isə həmin qadının evdə pis rəftara məruz qaldığından xəbər verə bilər.
Doktor Marmon Grumet-in doktorluq elmi işi yəhudi qadınların ritual təmizlik ənənələrinə necə riayət etməsi məsələsinə həsr olunub.
Bu mövzu üzərində işlədiyi dövrdə Marmon Grumet mixvaya gələn qadınlarla görüşüb söhbətləşib.
Onun görüşdüyü qadınlardan birinin 10 uşağı olub, həmin qadının əri isə arvadıyla pis rəftar edib.
"O mənə dedi ki, bu barədə bilən yeganə adam mixva xadiməsidir, çünki həmin xadimə onun bədənindəki göyərmiş yerləri, əzintiləri görmüşdü".
Marmon Grumet hesab edir ki, bəzən belə qadınlara dəstək sadəcə, onlara diqqət göstərməkdən ibarət ola bilər.
"Mixva xadiməsinnin həkimlik etməsinə ehtiyacı yoxdur. Əsas odur ki, xadimə mixvaya gələn qadınlara məsləhət və dəstək verə bilsin", - Marmon Grumet deyir.

Bəzi hallarda mixvaya gələn qadının özü xadimədən məsləhət istəyə bilər.
Marmon Grumet misal çəkir ki, bir qadın mixvadakı xadiməyə bildirib ki, onun döşü arabir qanayır, amma buna səbəb qadının zənn etdiyi kimi onun yeni büstqalteri də ola bilərdi. Xadimə həmin qadına özünü həkimə göstərməyi məsləhət görür, çünki həmin yer qanamamalıdır. O, həmin qadına həkimin adını da verir.
Həmin qadın isə sonradan gəlib xadiməyə təşəkkürünü bildirib, çünki döşündəki halı əhəmiyyətsiz sayıbmış, əslində isə onun döşündə xərçəngin artıq ilk mərhələsi başlayıbmış.
Mixvada döşü yoxlamağın vacibliyini 45 yaşlı Shani Taragin-dən daha yaxşı anlayan qadın bəlkə də tapılmaz.
Shani Yerusəlimdə yəhudi qanunvericiliyindən dərs deyir.

Beş il bundan əvvəl Taragin mixvaya daxil olmağa hazırlaşarkən döşündə şişin olduğunu aşkar etmişdi.
"Döşümün yuxarı sol hissəsində şişin olduğunu hiss etdim. Üstünə basanda sanki özgə, xarici bir obyekt kimi özünü aparırdı. Basmaqda davam edirdim və nəhayət anladım ki, həmin obyekt bədənimin xaricində yox, daxilindədir. Bundan sonra mixvaya girdim, - Şani xatırlayır. - Amma suya daldığım zaman da bu barədə düşünürdüm. Görəsən, bu şişdirmi?"
Taragin özünü həkimə göstərmək qərarına gəlir və nəticədə məlum olur ki, onun döş vəzi xərçəngi var.
Həmin dövrdə Taragin mixva xadimələrinə yəhudi qanunvericiliyinə dair kurslar keçən Eden Mərkəziylə əməkdaşlıq edirdi.
Odur ki, Taragin döş xərçəngi barədə maarifləndirmə kursunu da oxuduğu dərslərin proqramına əlavə edir.
"Mənim əhvalatım göstərir ki, xərçəng xəstəliyindən xəbərdar etmək məsələsində mixvadan baza kimi istifadə etmək olar", - o deyir.

Bu çox mühüm layihədir, çünki aşkenazi deyilən Avropa əsilli yəhudi qadınlarda döş vəzi və yumurtalıq xərçənginin yaranması riski yüksəkdir.
Belə ki, orta hesabla hər 40 aşkenazi yəhudisi mutasiyaya məruz qalmış BRCA geni daşıyıcısıdır, bu isə bütün əhali arasında olan orta göstəricidən 10 dəfə çoxdur.
Bu yaxınlarda keçirilmiş tədqiqatlar göstərib ki, Portuqaliya və İspaniya əsilli Səfərad yəhudilərində də nəsillikcə keçən döş vəzi və yumurtalıq xərçənginə məruz qalmaq riski nisbətən yüksəkdir.
Eden Mərkəzi mixvalarda məişət zorakılığı qurbanlarına yardım göstərən qaynar xətt barədə məlumat verən plakatların yerləşdirilməsiylə də bağlı işlər görür.
Məişət zorakılığı İsraildə getdikcə ciddi problemə çevrilir - WIZO qadın xeyriyyə təşkilatının məlumatına əsasən, 2018-ci ildə məişət zorakılığı hadisələrində 20 qadın öldürülüb.

İngiltərədə də mixva xadimələrini təlimləndirən sxem fəaliyyət göstərməkdədir. Bu sxem mixvaya gələnlərə diaqnoz qoymağa, onların məlumatla təmin edilməsinə, həmin qadınların icmanın resursuna çevrilməsinə imkan yaradır.
Yəhudi icmasının xərçəng xəstələrinə dəstək verən xeyriyyə təşkilatı - "Chai" Xərçəngdən Himayə Mərkəzi mixva xadimələri üçün bukletlər hazırlayıb.
Bu proqrama Londonda və Mançesterdə start verən 41 yaşlı Michal Mocton-da altı il bundan əvvəl döş xərçəngi əmələ gəlmişdi.
Bukletdə qeyd olunur ki, BRCA genini daşıyan qadınlar getdikcə, daha çox hallarda mastektomiya (döşün amputasiyası) olunmaq yolunu seçirlər, odur ki, mixva xadimlərinə belə qadınlara daha çox qayğı və diqqət göstərmək tövsiyə olunur.
"Mixvaya baş çəkmək yüksək mənəviyyat əlaməti olsa da, xərçəng diaqnozu almış qadın üçün mixvaya getmək olduqca çətin bir sınağa çevrilə bilər", - "Chai" Mərkəzinin rəhbəri Louise Hager deyir.
"Mixva xadiməsi olub qadınlara mitsva (əhd) ibadətini yerinə yetirməkdə yardım göstərmək - bu, bir etimaddır, şərəfdir, - Louise Hager fikrini davam edir. - Nə qədər çox xadiməni bu məqsəd üçün yüksək səviyyədə hazırlaya bilsək, o qədər yaxşıdır".
"Biz getdikcə, daha çox sayda qadının xərçəng barədə açıq danışmağa hazır olduğu bir dövrə qədəm basırıq, odur ki, mixva xadimələrinin daha hazırlıqlı olmalarına və vəzifələrini yerinə yetirəcəklərinə əmin olmalarına şərait yaratmalıyıq".
"Məqsəd insanlarda təlaş yaratmaq deyil. Bu, qadınlar üçün hər ay yoxlamadan keçmək imkandır".

Mocton sonuncu dəfə mixvaya 37 yaşında olarkən gedib. O zaman onun yumurtalıqları cərrahiyyə yoluyla çıxarılıb və nəticədə, bundan sonra onun menstruasiyası kəsilib.
O istəyir ki, xadimələr bəzi qadınların, ola bilsin ki, mixvaya sonuncu dəfə gəldiyini nəzərə alsın və həmin qadınlara müvafiq yanaşma tərzi sərgiləsinlər.
Mocton, xadimələrdən "mitsvanın və mixvanın nəsildən-nəslə qadınlar arasında əlaqə vasitəsi olduğunu" yadda saxlamağı xahiş edir.
O, eyni zamanda, "mixvaya gələn hər bir qadının özünü rahat və öz irsinə bağlılığı hiss etməsi üçün" lazımi şəraitin təmin olunmasının vacibliyini də vurğulayır.

Bunları da oxuyun

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı qətlə yetirilən məşhurlar

Aparıcı Vüsalə ilk dəfə üzləşdiyi XƏYANƏTDƏN DANIŞDI

Azər Axşamın ikinci həyat yoldaşı, görün kimin qızı imiş-VİDEO