Qadın / Qadın və problemlər

Toy gecəsinə bələdçi və ya “qız çıxdımı?”- Cəmiyyətin yengə adətinə münasibəti

Banu. | 22-02-2018, 10:32
4 160 0

Hər bir xalqın deyə bilmərəm, amma bir çoxunun özünəməxsus toy adət-ənənələri var.


Əsas təəccüb doğuran ənənələr isə iki gəncin qovuşduğu günün gecəsinə təsadüf edir. Məsələn, Samoada evlilik həyatına yenicə qədəm qoymağa hazırlaşan cütlük qızın valideynləri ilə bir yataqda sevişməlidir. Əgər bu vaxt onlar oyanarsa, qədim ənənələrə əsasən valideynlər təzə bəyi döyməlidirlər.
Ən tükürpədici adətlər isə Afrikalılara məxsusdur. Belə ki, qədim adətlərə görə, toy günü bütün qonaqlar gəlinlə yatdıqdan sonra öz toy hədiyyələrini təqdim edirlərmiş. Deyilənə görə, bu adət sonradan yığışdırılıb.
Başqa bir adətləri isə tayfa başçısının xüsusi vasitələrlə, o cümlədən xəncərlə gəlinin bakirəliyini pozmasıdır. Tayfa başçısı qızın bakirəliyini pozduqdan sonra hamının gözü qarşısında onunla cinsi əlaqədə olur. Gəlin ancaq bundan sonra həyat yoldaşının evinə gedə bilər.
Ümumilikdə Afrika tayfalarında belə qəribə toy adətləri çoxluq təşkil edir.
Azərbaycanda isə ənənələr qeyd etdiklərimizlə müqayisədə elə də dəhşətli deyil.  Yalnız bir adət var ki, hazırkı dövrdə gənc nəsil tərəfindən birmənalı qarşılanmır.
Haqqında bəhs etdiyimiz adət-ənənənin parçası olan, toy gecəsi gəlinlə bəyi müşayiət edən yengədir. Yengə gəlini ilk cinsi aktı ilə bağlı məlumatlandırır, qızın bəkarətinin pozulmasını gözləyir və bu barədə ailələrə xəbər verir.  Bir növ iki gəncin ilk cinsi münasibətinə bələdçilik edir.  Bu ritualın haradan gəlməsi və niyə olduğu ilə bağlı dəqiq tarixi faktlar yoxdur. Güman olunur ki, insanların tayfa şəklində yaşadığı dövrə təsadüf edir.  Elə o vaxtdan da günümüzə kimi gəlib çıxıb.
Hazırda yengəliyin olması gənclər tərəfindən birmənalı qarşılanmasa da, valideynlər onlardan fərqli və daha sərt mövqe sərgiləyirlər. Böyüklər hesab edirlər ki, gəlin gəlmiş və ya gəlin getmiş qızın bəkarəti haqqında mütləq şəkildə hər kəs məlumatlı olmalıdır. Hətta bunu elan etmək üçün yalnız qadınlardan ibarət məclis də qururlar. Gəlin ilk dəfə həmin gün adam içinə çıxır. Düzdür, əvvəllər bu mərasim qapalı və bir o qədər də diqqət çəkməyən şəkildə qeyd edilsə də, günümüzdə bunu restoranlarda keçirənlər də var. Bu yığıncağın “Həftəhamamı”, “3 günlük” , “Üzəçıxdı” kimi müxtəlif adları da var.
Həmin bu məclisdə aşkar və ya qapalı şəkildə gəlindən qalmış ağ mələfə də nümayiş olunur. Ağın üzərindəki qan ləkəsi isə gəlin xanımın bakirə olmasına daha bir sübutdur.
Deyilənlərə görə, hətta toy gecəsi gəlin xanım bakirə çıxmasa, yengənin başını tamamilə qırxarlar. Bunu ona görə edirlər ki, yengə faktı gizlədə bilməsin, hamı bilsin ki, belə bir hal var. Bu “qayda”ya  paytaxtda nə qədər riayət olunduğunu bilməsək də, ucqar rayonlarımızda belə hadisələrin baş verməsi istisna deyil.
Mövzu hazırkı dövrdə də aktual olduğu üçün xanımlar və bəylər arasında sorğu keçirdik. Onlar necə düşünür, yengə lazımdır? Ümumiyyətlə, bu ənənəyə münasibətləri necədir?
İngiltərədə yaşayan azərbaycanlı gənc İlkin Rəhimlinin fikrincə, bu adət-ənənədən daha çox insanların şəxsi həyatına müdaxilə etməkdir:
“Gərəksiz bir ənənədir.  Bu ritual ailələrin öz övladlarına güvənmədiyini, seçimlərinə hörmət etmədiyini göstərir. Heç bir əsasla haqq qazandıra bilməzlər. Bilirsiniz, burada əsas diqqət qızın bakirə olmasına yönəlib. Bu da düşünürəm nə oğlanın, nə də qızın ailəsinə maraqlı olmamalıdır. Digər tərəfdən ailə həyatına başlayan qızı əri ilə yaşayacağı cinsi münasibət barədə məlumatlandırırlar. Hesab edirəm ki, ona da ehtiyac yoxdur. Əvvəla hazırda elə bir dövrdür, texnologiya inkişaf edib, artıq müxtəlif informasiya resursları vasitəsilə istənilən bir obyekt haqqında məlumatı çox asan şəkildə əldə etmək mümkündür. Yəni kiminsə gəlib onlara nələrsə barədə danışmasına ehtiyac yoxdur. Hamının telefonu, internətə çıxışı var. İnternetdə də bildirdiyim kimi, bir çox şey haqqında məlumata rast gəlmək olar.
Qızın bakirə olub-olmaması ilə bağlı valideynlərin marağına, ya da onların özlərinin ad vermək istədiyi qayğıya gəldikdə isə  bunu sözsüz ki, gənclər əvvəlcədən öz aralarında müzakirə etməlidirlər. Yəni əgər elə bir hal varsa, bu barədə qız oğlana bildirməlidir. Başqa ölkələrdə əslində heç belə bir məcburiyyət də yoxdur. Lakin biz birdən cəmiyyətimizdə belə inqilabi dəyişiklik edə bilmərik. Ona görə də tərəflərin danışması, razılığa gəlməsi ən doğru addım olar. Valideynlər isə artıq bunu bir az kobud çıxsa da dərk etməlidir ki, övlad  müstəqil bir fərddir. Şəxsi həyatı, seçimləri barədə özü qərar verməlidir və bu qərarları verərkən onlara danışmaq, fikir almaq kimi bir məcburiyyətə sahib deyil. Ümumiyyətlə, insanların şəxsi həyatına müdaxilə etmək tərbiyəsizlikdir. Bu hər kəsə şamil olunur. Əgər bu gün sən övladının fərdi azadlığını qəbul etmir, seçimlərinə hörmətlə yanaşmırsansa, ona övladım deməyə haqqın yoxdur. Çünki sən onu övlad kimi yox, qulun kimi görürsən və hesab edirsən ki, mütləq sənə tabe olmalı, sənin seçimlərin, istəklərin üzərində bir həyatını qurmalıdır. Bu isə özü ayrıca geniş bir mövzudur, uzun-uzadı müzakirə etmək olar. Yekun olaraq bildirirəm ki, yengəlik bir ənənə, adət deyil, sözün əsl mənasında ədəbsizlikdir”.

Müstəqil jurnalist Dilarə Zamanova yengəliyin də digər çürük adətlər kimi artıq sıradan çıxmağa başladığını bildirdi:
“Məncə yengə adlanan məhfum ümumiyyətlə çox gülünc bir şeydir. İki insanın seks həyatını güdmək, sonra da bunu cammata yaymaq nəyə lazımdır axı? Nəzərə alsaq ki, gənclərin ilk gecəsidir, bu gözəl günü yengə kimi bir məhfumla stresli bir gecəyə çevirmək lazım deyil. Sevindirici hal isə odur ki, bir çox utanc verici adət-ənənələrin yavaş-yavaş itməyə başlaması kimi yengəlik də sona çatmağa başlayır”.

 
Atilla Kəskinqılınc hesab edir ki, yengəliyin olması cəmiyyətdəki problemlərin əsas göstəricilərdindən biridir:
“Çox insan elə zənn edir ki, yengənin olması problemin həllidir. Amma mənim fikrimcə, yengə adətinin olması toplumdakı böyük problemlərin göstəricisidi. Yengə adəti ilk olaraq onu göstərir ki ailə quran iki insan bir-birini tanımır, güvəmir, hörmət etmir, sevmir.  Güvənsizlik, hörmətsizlik üzərində qurulan münsibətə ailə adını vermək böyük səhvdi.
Yengə adəti  onu göstərir ki, iki nəfər ailə qursa da, qonşular, qohunlar elə ilk gecədən onların ailəsinə müdaxilə etmək səlahiyyətini əldə edirlər. Təsəvvür edin, qonşu, qohum sənin arvadının paçası ilə maraqlanır. Bu tərbiyəsizlik deyilmi? Bu  qayda ilə bizim milli adətimiz olan kiminsə şəxsi həyatına burun soxmaq adəti yaranır. Toplumda cinsəl aclığın çox olduğu ölkələrdənik. Yengə adəti bu problemi daha da çoxaldır. Yengə var deyə bakirəliyini qoruyanlar başqa üsullarla intim münasibətə girirlər ki, bu da sonda yalançılıq, fırıldaq, aldatma  ilə qurulan ailə modeli yaradır. Problemin həlli budur ki, insanlar bir-birlərinin şəxsi həyatına burun soxmasınlar”.
Şou yazarı Könül İbrahimin düşünür ki, gənclər  özləri bu məsələdə birgə mövqe sərgiləməlidir:
“2017-ci ili bitirdiyimizə baxmayaraq , hələ də gündəmdə yengə mövzusudur. Yengə gəlinin bakirə olub-olmadığını dəqiq bilmək üçün tutulur. Düşünürəm ki, yengə tutulması bir qadını, xanımı, insanı alçaltmaqdır. Azərbaycanda evlənən cütlüklər kənarda qalır. Oğlan və qız tərəf yengə olmaq üçün sıraya düzülür. Onlar başa düşmürlər ki, iki insanın özəl münasibətinə müdaxilə etməyə haqları yoxdur. Yengə, belə qırmızı lent bağlamaq, toydan sonra üzəçıxma kimi cahil adətlər artıq yığışdırılmalıdır. Cütlüklər də imkan verməməlidirlər ki, onların özəl, cinsi münasibətlərinə kimsə müdaxilə etsin”.

Müstəqil jurnalist Sevinc Müntəzir bildirdi ki, tərbiyəsizliyi adət-ənənə adlandırırlar, bu isə düzgün deyil:
“Adәtәn cinsi mövzularla bağlı söhbәt açılanda buna ayıb, tabu kimi yanaşan vә sәrt reaksiya verәn bir çox böyüklәrimiz nәdәnsә yeni evlәnәn cütlüklәrin әn mәhrәm mәsәlәsinә bu cür kobudcasına soxulur vә buna israrla haqq qazandırırlar. Yeniyetmәlәrin maariflәnmәk mәqsәdi ilә verdiklәri sualları belә pis qarşılayan valideynlәr niyә mәhz toy gecәsi bu “maariflәndirmә” işini belә zorakı şәkildә aparırlar? Belә tәrbiyәsizliyi heç bir adәt-әnәnә ilә әsaslandırmaq yol verilәn deyil”.

Gənc jurnalist Həsən Fətəliyev hesab edir ki, böyüklər adət-ənənə adı ilə gənclərin şəxsi həyatına müdaxilə edirlər:
“Lazım deyil, yengənin olması özü əxlaqsızlıq, tərbiyəsizlikdir. İnsanların həyatına, gələcəyinə müdaxilədir. Amma cəmiyyətdə buna məcbur adət olmasından savayı, bir də qızların “bakirə deyil” adı ilə boşatdırılması faktına görə razı olan insanlar var. Yenə də doğru deyil. 21-ci əsrdə heç bakirəlik söhbəti də doğru deyil, nəinki yengə”.

 
Fotoqraf Ayxan Salahov bildirdi ki, gənclər özləri azad qərar vermək səlahiyyətindədir və bələdçiyə ehtiyac yoxdur:
“Mənim fikrimcə yengə lazımli deyil, amma bəzi ailələrin öz qayda-qanunu var. Əgər subyektiv yanaşmaq gərəkirsə, şəxsən mən özüm elə şeydən utanaram. Oğlanın təfəkkürü, şüuru yerindədirsə, yengəyə nə gərək var? Toy gecəsi yengə oldu-olmadı ilk nəticəni oğlan bilir. Ona görə də yengəni qapıda qarovulçu qoymağa hesab edirəm ki, ehtiyac yoxdur. Qızın bakirə olub-olmaması ilə bağlı qərarı oğlan özü verir. Qəbul edə də bilər, etməyə də bilər. Bu onun seçimidir”.

Gənclərlə yanaşı böyüklərin də fikrinə yer verdik. Onların bu məsələdə mövqeyi zamandan və zamanın tələbindən fərqli olaraq, dəyişməz qalıb.
Paytaxt sakini Elnarə Səlimova bildirdi ki, hər kəs bir nəfər kimi milli adət-ənənələrə sadiq olmalıdır:
“Adət-ənənələr dövrə görə müəyyən olunmur. Biz fərqli bir dövrdə yaşayırıq deyib onları silib ata bilməzlər. Ümumiyyətlə indiki gənclər çox bayağı müasirliyə can atırlar. Seriallar, xarici kinolar psixologiyalarını pozub. Orda olanları, ordan-burdan eşitdiklərini mənimsəyir, öz həyatlarında tətbiq etməyə çalışırlar. Bu da təbii ki, uğursuz alınır. Fikir verin, son dövrlərdə qurulan ailələrdə nə qədər problemlər üzə çıxır. Əvvəl belə hallar olmurdu. Çünki gənclər öz başlarına qərar vermirdilər. Böyüklərin rolu həqiqətən vacib amildir.Qaldı ki, kimsə yengəliyi əxlaqsızlıq hesab edirsə, onun özünün əxlaqında problem var. Özünə güvənən insan niyə bundan çəkinməlidir ki?”.
Gülər Xəlilova hesab edir ki, gənclərin adət-ənənləri qəbul etməməkdə məqsədi öz əməllərinə haqq qazandırmaqdır:
“İndikilər nə böyük bilir, nə kiçik. Qızım, bizim dövr tamam başqa idi. Ona görə ailələr uzun ömürlü olurdu, orada böyüyən uşaqlar da sağlam əqidəyə sahib idi. Öz başına qız seçirlər, heç bilmirlər kimdir, nəçidir, kimlərdəndir. İki gündən sonra telefonunda yad kişinin mesajını tuturlar. Yengəliyi niyə pisləyirlər ki? Biz indikilər qədər bilmirdik, onlar, yəni böyüklərimiz bizi öyrədirdi, başa salırdı. Ailələr narahat olurdular, övladlarına görə qayğılanırdılar. Yengə də onların o narahatlığını azaldırdı. İndikilər amma, əlicən də bilirlər, vəlicən də. Əlbəttə yengəni qəbul etməyəcəklər. Çox təəssüf edirəm ki, belə bir dövrə gəlib çıxmışıq. Üz-üzdən utanar. İndikilərdə utanmaq yoxdur. Necə lazımdır, onlara necə rahatdır elə davranırlar”.
Ayşən Ağayeva
PrimeTime.Az