Qadın / Qadın və problemlər

Sevdiyi qadına əzab verən kişilər!

Banu. | 4-05-2016, 16:30
3 518 4

 

Türkan Türk


Düz yolla gedirsən, qarşına bir maneə çıxır. Keçmək istəyirsən. Yıxılırsan. Dizin qanayır. Sonra qalxırsan. Üstünü təmizləyib, yola davam edirsən. Gözləmədiyin anda bir quyuya düşürsən. Xeyli cəhd edib yenə çıxırsan. Yenə davam edirsən! Edirsən! Edirsən! Edirsən!

Sevgi belə olur. Yıxılırsan, qalxırsan, davam edirsən.


Daha əvvəl "sevgi nədir?” soruşsalar yəqin ki, səyahət, pul, yaraşıqlı kişi, əyləncə kimi cavablar verərdim. Sevgi əslində avtomobil qəzasıdır. Anidən naməlum istiqamətdə peyda olur, bədəninə çırpılır və budur, sən hazırsan!


Sevgi xoşbəxtlikdir. Elə o qədər də iztirab və kədərdir. Narkotik kimi insanın qanına yeriyir. Kiçicik hüsran olanda, insanın nəfəsi kəsiləcək kimi olur.


Elə bil ki, uzun müddət nəfəsliyə bağlı olan aparatı ağzından çəkiblər. İnsan çırpınır, nə danışa, nə yardım istəyə bilmir. Sanki bir xəstəxananın palatasında, tək-tənha qalıb, eləcə çabalayır. Arada gözü qapının dəstəyinə zillənir. Bəlkə kömək edən oldu deyə, son ana qədər ümidini itirmir.


Bax, sevgi eynən bu cür, hər xırdalığına gediləcək qədər dərindir.


Sevgi vəfadır. Elə o qədər də, vəfanın digər adıdır-sədaqətdir!


Sevginin ölçüsü yoxdur! Ağırlığı kilo ilə eni-uzunu heç bir metrlə ölçülməyəcək qədər böyükdür.


Sevgi güclülərin işidir. Zəiflər bununla baş edə bilməz. Frida kimi.


İnanılmaz həyat hekayəsi var.


Həyatı mübarizə ilə keçən güclü bir qadındır.


XXci əsrin məşhur rəssamlarından biridir. Meksikalıdır. Əri Diego Rivera olub. Özündən məşhur və daha böyük bir rəssam idi!


Frida və Diego arasında sevgi və xəyanət paralel davam edib.


Böyük sevgilər həmişə sədaqətlə anılır və ya sədaqətsizliklə. Orta xətti yoxdur.


Böyük sevginin gözləntiləri də, böyükdür. Belə gözləntilər isə nəhəng xəyal qırıqlığıdır.


Xəyal qırıqlığı, eqonu zədələyir. Zədələnən eqo sağalmaz yaradır.


Fridanın eşqi kimi…


O, həyatında iki qəza keçirdiyini deyirdi. Birinci tramvay qəzası idi. Ayağını, daxili orqanlarını sıradan çıxartmışdı.


İkinci qəzası isə ölənə qədər sevdiyi, onun üçün fədakarlıq etdiyi, Diego Rivera idi. Birinci qəza fiziki, ikinci "Diego qəzası” isə ruhunu alt-üst etdi.


Özündən iyirmi bir yaş böyük idi, Diego. İki dəfə evlənmişdi, uşaqları var idi. Qadınlara düşkünlüyü ilə tanınırdı.


Bir çox adam kimi Fridanın anası da onların evliliyinə qarşı çıxır, münasibətlərini göyərçin ilə filin birlikdəliyini bənzədirdi. Lakin o, bütün deyilənləri rədd edirdi. Xəyanətlə dolu, ölümü çağıran, ölümlə bərabər sürən, ölümsüz eşqləri vardı.


Uşaqlığında və yeniyetməlik dövründə üzləşdiyi qəzalar Fridanın sağlamlığını əlindən almışdı. Axsaq və nazik ayaqlarını örtmək üçün daim uzun paltar geyinməyə məcbur idi.


Uzun sürən yataq müalicəsindən, 32 əməliyyatdan sonra ağrı və əzablarla ayağa qalxıb yeriyəndə, hamı təəccüblənmişdi. Hətta həkimlər də üç yerdən bel sümüyü sınmış qızın nə vaxtsa yeriyəcəyinə inanmırdılar.


Xəstəliyi yaradıcı istedadının ortaya çıxmasına səbəb olmuşdu. Bütün rəsimlərində özünü-taleyin, oqatını, acılarını, sevgi dolu Fridanı çəkirdi. İnsanların arasında çılğın, şən, həyat dolu Frida, rəsmlərində ancaq iztirab və əzablar danışırdı.


Hər şeyə rəğmən sevgisindən əl çəkmirdi.


O sevir, acı çəkir, xəyanətlə üzləşir və hər şeyə rəğmən yenə sevməyə davam edirdi. Frida şahid olduğum gəlmiş, kemiş ən fərqli sevgiyə sahib qadındır. Sevgidə devrim yaratmış qadın!


Fridanı nə qədər xəyal qırıqlığına uğratsa da, Dieqonun da onu sevdiyi danılmaz idi. Ən azı məktubları bunu deməyə əsas verir.


Həm bir qadın sevgisini hiss etmədiyi kişiyə dəli kimi aşiq olmaz.


25 illik bir izdivac yaşayan və ən çətin şərtlərdə belə, bir- birindən ayrı yaşamağı bacarmayan bu iki insanın məktubları ağrı-acı içindəki ən böyük sevgidən bəhs edir.


Fridanın Dieqoya yazdığı bu məktubda sevginin ucu-bucağı görünmür:


Səni sevməyə başlayalı çox uzun zaman oldu.


Kiçik bir qız idim, səni sevməyə başlayanda.


İndi isə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Bütün bədənlər çürüyür əslində, Dieqo. Köhnəlir bütün bədənlər.


Ama acı çəkən ürəyi varsa, daha sürətli çürüyür o bədən.


Mənim acı çəkən bir ürəyim var, Dieqo. Səni sevməyə başladığım o gündən bəri acı çəkən bir ürəyim var.


Məni anlamadın, deməyəcəyəm. Məni anladın. Elə ən dözülməz acı da bu idi. Sən məni anladın. Anladığın halda canımı yandırdın, Dieqo.


Mən də səni anlamaq istədim. Bütün həyatımı, həyatımın hər bir zərrəsini səni anlamağa həsr etdim. Sən hara getdinsə, mən də getdim. Sən nəyə güldünsə ona güldüm. Sən kimi sevdinsə onu sevdim.


Hansı qadınla sevişdinsə, o qadınla sevişdim. Məndə tapa bilmədiyin və başqa qadınlarda axtardığın şeyi araşdırmaq üçün, sənin öpdüyün qadınları öpdüm. Toxunduğun qadınlara toxundum.


Sənin sevmədiklərini də sevdim mən, Dieqo. Niyə sevmədiyini anlamaq üçün onları... sevdim!!!


Ya da sevməyə çalışdım... İçimdəki sənə aid olan qəzəbi dayandırmaq üçün etdim bəlkə. Qəzəbim durmadı, Dieqo.


Hər dəfə büsbütün aşiq olaraq, sənə döndüm. Ya da əslində səndən heç getməmişdim.


Səninlə Amerikaya gəlməyimi istədiyində, mənim olduğunu sandım. Ən böyük yanılmam oldu bu bəlkə də. Sən nə mənim, nə də başqa bir qadının ola bilməzdin. Kimsəyə aid ola bilməzdin sən!


Ruhun buna icazə verməzdi. Halbuki, mən sənə aid oldum həmişə. Yatdığım bütün adamlarla sənə aid olaraq yatdım, Dieqo. Acı çəkərək sevişdim onlarla...


Bir tək sənin uşağını doğmaq istədim.


Ah Dieqo...


Bu parça-parça olmuş bətnimdən nifrət etdim, körpəmizi tuta bilməyincə. Söküb atmaq istədim bətnimi. Sənə uşaq doğmağı bacarmayan bir orqanı daşımaq yük oldu mənə.


Qanlar içində qaldığımda ağ örtüklər üzərində, mənə necə ağrıyaraq baxdığını gördüm. Necə qorxduğunu, ölməmdən. Sırf bun buna görə ölmədim mən, Dieqo. Sən acı çəkmə deyə…


Və məni tərk etdiyində, o qanlar içində qaldığım günkü acı dolu baxışlarına sığınaraq, ağrılı məktublar yazdım sənə. Çarəsizlik iyi verən, qadınlıq qürurumu ayaqlar altına atdığım məktublar yazdım. Mənə acı və geri dön istədim. Buna belə razıydım, sevgilim.


Sənin çirkin olduğunu söyləyən anama nifrət etdim. Sənə mənim kimi baxa bilməyən hər kəsə. Sənin gözəlliyini görməmələrini anlaya bilmədim heç ...


Qurbağa sevgilim, Dieqo... Mənə dünyanın ən böyük ağrısını yaşatdın sən. Günbəgün öldüm səni sevməyə başladığım ilk andan etibarən.


Ama sevgilim, bir daha gəlsəydim dünyaya, yenə səni sevərdim... Canlı-canlı çürüyəcəyimi bilərək.


Dieqo növbəti xəyanətlərdən birini Fridanın bacısı, Kristina ilə etdi. Bu xəyanət Fridanın həyatına tsunami kimi daxil oldu, hissləri, istəkləri, duyguları yerlə-yeksan etdi.


Onu bacısı və başqa qadınlarla aldadan Diego, əslində Fridaya dəli kimi aşiq idi.


O, öz həyat hekayəsində belə yazırdı:


"Fridanın vəziyyəti mənə çox təsir edirdi. Bir ər olaraq özümü sorğulamağa başlayanda, öz lehimə çox az şey şey tapa bildim. Bir qadını nə qədər çox sevsəm, ona o qədər çox əzab verirdim…Və Frida bu iyrənc xarakterimin ən bariz qurbanıydı”


Diego onu aldadınca, Frida da onu aldatdı.


Artıq Frida içki düşkünü olmuşdu. Gündə bir şüşə konyak içirdi. Ən gözəl rəsm əsərlərini həmin ərəfələrdə ərsəyə gətirdi. Dostuna belə bir cümlə yazmışdı o günlərdə:


"Kədərlərimi boğmaq üçün içirdim. Amma artıq o lənət kədərlər üzməyi öyrəndilər”


Frida əvvəl onu hər şey adlandırırdı, amma sonra sevgili belə ola bilməyəcək qədər ucuz bir qurbağaya bənzədirdi.


Sevgi belə təzadlı bir şeydir.


Və o qədər təzadlıdır ki, ər ola bilməyəcəyinə əmin olduğu adamla ikinci dəfə evləndi.


Tek bir şərtlə: Onunla seks yaşamayacaqdı.


Onu içinə ala bilməyəcək qədər nifrət, bədənini bədənində hiss edə bilməyəcək qədər ürpərti, qucaqlamayacaq qədər iyrənmə hiss edirdi.


Amma yenə də onunla evləndi.


Əsrin rəssamlarından olan bu iki şəxsin sevgisi, xəyanəti, ölümü, sui-qəsdi, nifrəti, baldızı ilə xəyanət özü ilə daşıdı…


Həyatın gerçəyi nə romana, nə filmə bənzəmir.


Böyük eşqlər bəzən xəyanəti içində saxlayır...


Xəyanət nifrəti alovlandırır...


Nifrət sevgidən doğsa da, sonunda onu məhv edir...


Bir-birlərinə aşiqdilər. Lakin həmişə münasibətlərində "amma" var idi. Fırtınalı, ağrılı bir eşq idi.


Onlarınki yalnız sevgi deyildi; yoldaşlıq, dostluq, analıq, atalıq, uşaqlıq, həmkarlıq idi. Bir-birlərini "ölkənin ən yaxşı rəssamı" olaraq görür, bir-birilərinə dəstək olurdular.


Başqalarının bədəninə toxunsalar da, dinciliyi, rahatlığı, hüzuru, qısacası həyatın özünü bir-birilərində tapıdılar.


Frida yataq xəstəsinə çevrilən vaxt, ölkəsində ilk fərdi sərgisi keçirildi. Həkim yataqdan çıxmağın qadağan olduğunu dedikdə isə, o sərgiyə çarpayı ilə qatılmışdı. Bu qədər güclü, inadkar idi.


Yaşadığı tragedik həyata rəğmən, gülə bilən bir qadın idi. 13 İyul 1954-cü ildə gözlərini yumdu, Frida.


Bu eşqə görə ona alçalmış, qürursuz kimi baxanlar var. Lakin hər şeyə boyun əydisə, sevgidən idi. Fridanı məğlub və gücsüz görən də var, qəhrəman adlandıran da…


Amma o "sevən qadın” idi.


Bütün sirr məhz sevgidə gizli idi!


ESMERRi | 5 may 2016 19:39 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Eh........
dılay | 5 may 2016 09:48 | Status: Brilliant user | Şərh: 8 184
Eh........
SEVDA | 5 may 2016 01:38 | Status: Nəzarətçi | Şərh: 17 442
Sevgi nelere qadirmiw....
B.Fereh | 4 may 2016 17:28 | Status: Nəzarətçi | Şərh: 6 977
Ayy...cox maraqla oxudum...Fridanin heyati mene cox maraqli gelirdi hemiwe,resmlerini de cox beyenirem.Deyirler yataqda olan vaxtlari etrafa guzguler qoyub,ancaq ozune baxirmiw.Ona gore en gozel eserleri mehz ozunun simasini tesvir etdiyi resmlerdir.Cox qeribe qadin olub,eri de kiwi eqoistliyinin,vefasizliginin bariz numunesiymiw.

Tewekkur edirem paylawdiginiz ucun,Banu xanim.Ancaq kawki xebere Fridanin bir iki resminin weklin de yerlewdireydiz.