Qadın / Qadın və problemlər

Qadın və uşaqların istismarı halları artır

Banu. | 4-05-2016, 08:16
1 704 4

 

 

Ekspertlər İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını şərh ediblər

 

Nazir Quliyev: «Bu problemlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin, medianın rolu güclü olmalıdır»

Milli Məclisin aprelin 28-də keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilib. Hesabatı İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edib. Hesabatda il ərzində bu sahədə görülən işlər və statistika yer alıb. Nazirin birinci müavini bildirib ki, "Qaynar xətt" telefon xidmətinə daxil olan 13000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb.

V.Eyvazovun sözlərinə görə, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əmək halları 22 faiz artıb: "Həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarış elan olunmuş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.

Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub.
V. Eyvazov əlavə edib ki, Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb: "Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb"

"Təmiz Dünya" İctimai birliyinin sədri Mehriban Zeynalova açıqlamasında hesabatı şərh edib. O bildirib ki, hələ də ölkəmizdə insan alveri dedikdə qadınların istismarı forması haqqında düşünülür: "İnsan alverinin bir neçə forması var. Bizim ölkə üçün xarakterik olan hal, əvvəlcə cinsi istismar forması ilə bağlı olub. Lakin hazırda müəyyən edilən qurbanlar məcburi əmək və əməyin istismarı halı da qeyd olunur. Milli Koordinator çıxışında məhz bu faktla bağlı faktların mövcud olduğunu və əvvəlki illərdən fərqli olaraq əməyin istisması və məcburi əməklə bağlı faktların aşkarlanmasını qabardıb". 

M.Zeynalova aşkarlanmış istismar formalarının necə aradan qaldırılması ilə bağlı sualımıza cavab olaraq bildirib ki, hər il ABŞ Dövlət Departamenti ölkələr üzrə müəyyən edilmiş minimal standartlar cədvəlinə uyğun olaraq ölkədə mübarizənin gedişatını bu meyarlara uyğun olaraq hesabata salır: "Əvvəlki illər ölkə ilə bağlı hesabatda verilən tövsiyələrdə ölkəmizin əməyin istismarı və məcburi əmək halları faktlarına diqqətin artırılması qeyd edilmişdi. Bu ümumən bütün dünyada baş verən tendensiyaların nəticəsidir. Göründüyü kimi, ölkəmiz insan alveri ilə bağlı mübarizədə dünya prosesləri ilə ayaqlaşır. Əgər mənim şəxsi mövqeyimi soruşursunuzsa, hesab edirəm ki, insan alveri ilə mübarizə üçün vəsait insan alverçisinin istismardan qazandığı vəsaitdən çox olmalıdır ki, mübarizə daha effektiv olsun. Lakin bəzən vəsait deyəndə biz yalnız maliyyəni nəzərdə tuturuq. Ölkəmizdə bu sahəyə cavab verəcək 12 nazirlik və komitələr var ki, onların effektiv çalışması problemin qarşısını almaqda daha mühüm addımlar ata bilər. Biz artıq fikrimizi qurbanlara yox, qurban ola biləcək insanlara yardıma yönəltməliyik ki, daha az xərclə həm mənəvi itkinin, həm də maddi itkinin azalmasına nail olaq". 

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev də Bizimyol.info-ya açıqlamasında bildirib ki, həm yerli, həm də beynəlxalq qanunvericilik uşaqların əməyə cəlb olunmasını qadağan edir: "Bu əmək istismarı kimi dəyərləndirilir. Bizdə son zamanlar həm insan alveri, həm də uşaqların müdafiəsi sahəsində qanunvericilikdə müəyyən sərtləşmələr olub. Yenə də çox təəssüflər olsun ki, uşaq əməyindən istifadə, uşaqların təhsildən uzaqlaşdırılaraq xüsusi əməyə cəlb olunma halları var.  Beynəlxalq standartlarda uşaqların əməyə cəlb olunması zamanı bir neçə kriteriya var. Bunlardan birincisi odur ki, uşaqlar təhsildən uzaqlaşdırılır. İkincisi, uşaqlar qanunvericiliklə nəzərdə tutulmuş ağır işlərdə çalışır. Sonuncusu isə uşağın əməyə cəlb olunması rəsmiləşdirilmədən, yəni hüquqi müqavilə olmadan həyata keçirilir. Eyni zamanda uşaqlar onların fiziki, emosional durumuna uyğun olmayan ağır işlərdə çalışdırılır. Bunların hamısı ümumilikdə uşaqların istismarı, onların əməyinin istismarı kimi dəyərləndirilir".

N.Quliyevin sözlərinə görə, Azərbaycanda problemin aradan qaldırılması üçün bir neçə tövsiyələri olub. Onlardan birincisi, valideyn məsuliyyətinin artırılmasıdır: "İkincisi, uşaqların təhsildən yayınmalarının qarşısını almaq üçün məktəblərin rolunun gücləndirilməsi, işəgötürənlərin məsuliyyətinin artırılmasıdır. Çox təəssüf ki, bunu onunla əsaslandırırlar ki, ailəyə hansısa  dəstək olmaq üçün bunu edirlər. Ancaq hesab edirəm ki, burada ailəyə dəstək üçün uşağın işə cəlb olunması yox, ailəyə hansısa sosial yönümlü dəstəyə ehtiyac var. Bu baxımdan vətəndaş cəmiyyətinin, medianın rolu güclü olmalıdır. Çünki uşağın əməyə cəlb olunması ən ağır pozuntulardan biridir. Həm insan alveri üzrə milli fəaliyyət planında, həm Daxili İşlər Nazirliyinin müvafiq idarəsində əsas vəzifələrindən biri də odur ki, uşaqların əməyə cəlb olunması hallarının qarşısını almaq üçün həm profilaktik, həm də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülsün".

Milli Məclisin iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı deputat Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın. "Bu problemlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Sumqayıtda başqa dilənçilik növü peyda olub. Oğlanlar, uşaqlar əlil kimi Sumqayıtın giriş hissəsində, 4 yolda dilənirlər və əlil olan vətəndaşların imicinə zərər gətirirlər. Dövlət əlil vətəndaşlarına diqqət ayırır, yardım göstərir. Amma özlərini əlil göstərən şəxslərlə bağlı ciddi işlər görülməlidir və onlar haqqında aidiyyatı qurumlara məlumat verilməlidir. Son illər insan alverinin əcaib formaları da meydana çıxıb. Terror təşkilatlarına kişilərlə yanaşı, qadınlar da cəlb olunur. Terror düşərgələrindən azad olunan qadınlar danışarkən deyirlər ki, onları evlənmək adı ilə gətiriblər və cinsi istismara məruz qoyublar. Terror təşkilatlarına qoşulmaq istəyən insanlara qarşı ciddi tədbirlər görülməlidir. Onları nəzarətdə saxlamaq və terror təşkilatlarına qoşulmasının qarşısını almaq lazımdır. Belə hallar hesabatda da təklif edərdim ki, öz əksini tapsın",- deyə E.Axundova fikirlərinə əlavə edib.(bizimyol.info)




ESMERRi | 5 may 2016 17:53 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Allah pis adamlarin leyagin versin.
dılay | 5 may 2016 10:22 | Status: Brilliant user | Şərh: 8 185
Allah pis insanlardan uzag etsin bizleri..
SEVDA | 5 may 2016 01:19 | Status: Nəzarətçi | Şərh: 17 443
deputat Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın[quote][/quote]
Yaxwi fikirdir...
B.Fereh | 4 may 2016 14:00 | Status: Nəzarətçi | Şərh: 6 978
Allah pis adamlarin leyagin versin.