Qadın / Qadın və problemlər

Sığınacaqdakılardan dəhşətli həyat hekayələri - FOTOLAR

Banu. | 19-02-2016, 09:10
8 765 7


 


 

İnsanın həyatda ən böyük dayağı ailəsidir. Hər çətinlikdə, hər problemdə, insan düşünür ki, ailəm mənimlədi, arxamdadı, mənə dayaqdır. Təbii ki, hər bir ailədə müəyyən problemlər olur. Bəzən bu problem o həddə çatır ki, insan buna dözə bilmir. Xüsusilə də qadınlara qarşı olan zorakılıq çox zaman acı nəticələrlə bitir.

Bu dəfə haqqında bəhs edəcəyimiz, ailədaxili zorakılıqdan can qurtarmaq üçün evdən qaçıb sığınacağa məskunlaşan qadınlardır. Məskunlaşdıqları sığınacaq isə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyidir. 


 Sığınacaqda qalan qadınlardan biri 35 yaşlı Arzu Məmmədovadır (ad-soyad şərtidir). O, artıq 3-cü aydır ki, bu sığınacaqda məskunlaşıb: "Bura gəlməyimin səbəbi işsizliklə bağlı oldu. Əvvəllər şirniyyat evində çalışırdım, amma sonra ixtisara düşdüm. Maddi durumum imkan vermədiyinə görə, kirayə ev tuta bilmədim. Ona görə də, bura üz tutdum. Ailəli idim, amma ailədaxili zorakılığa görə, 2013-cü ildə evdən qaçmışam. Yoldaşımla problemlərim çox idi, həm içki içirdi, həm xəyanət edirdi. İki övladım var, qızımın 16, oğlumun 7 yaşı var. Uşaqlar məndə yox, atalarındadır. Bunun səbəbi isə, maddi imkansızlıq, yaşamağa evimin olmamağı ilə bağlıdı. Uşaqlar məktəblidi. İmkanım olmasa belə, onları yanımda istiyirəm, hətta telefonla da danışa bilmirəm. Yoldaşım da qalmır uşaqların yanında, işi ilə bağlı rayonlarda olur. Ona görə uşaqlarım qaynanamın yanında qalırlar

Uşaqlar rayonda olduğu üçün görüşə də bilmirəm. Axırıncı dəfə sentyabrda görmüşəm onları. Yoldaşımın ailəsi uşaqları mənə qarşı qoyublar, deyirlər sənə nifrət edirlər. Amma görüşəndə görürəm uşaqlar təzyiq altındadırlar, qorxurlar, məni görəndə gizlicə qucaqlayıb ağlayırlar. Yoldaşımla rəsmi nigahımız hələ də davam edir, boşanmağa qoymur. Evdən qaçandan sonra 4 ay göz önündə olmadım. Ona görə, rayon yerində haqqımda cürbəcür düşüncələr yarandı. Amma mən həmin müddətdə də burda idim, yəni ilk dəfə 2013-cü ildə evdən qaçanda bura sığınmışdım. Burda qalandan 4 ay sonra şirniyyat evində işə düzəldim, kirayə ev tutdum. Ailəmlə də əlaqələri yoluna qoyurdum, evə gedib-gəlirdim. İndi əslində yoldaşımla münasibətim yolundadı, danışırıq, görüşürük. Amma rayondakı insanların münasibətinə görə, o, deyə bilmir ki, yoldaşımla barışmışıq. El qınağından qorxur, evdən qaçdığım həmin 4 ayda haqqımda söz çıxmışdı deyə. Düzdü yaxın qohumlarla vəkilimizin iştirakı ilə Mehriban xanım bizi görüşdürüb. Yaxın qohumları inansa belə, yenə də ümumi rayon camaatının fikrinə görə gizlətməli olur. Bakıda bir müddət yaşadıq, amma o sözlərə, qınağa dözə bilmirdim ki, ailəmlə gizli yaşayım.

 

Yoldaşımdan ayrılmağıma çox peşmanam, zamanı geriyə döndərə bilsəydim hər şeyə baxmayaraq, dözüb qalardım yenə də. Yoldaşım bu günə qədər də təklif edir ki, gəlim səni aparım bir yerdə yaşayaq. Amma bundan heç kimin xəbəri olmasın, uşaqlarla görüşməyim, danışmayım ki, birdən kiminsə yanında deyərlər camaat bilər bir yerdə yaşadığımızı. Yoldaşıma hədsiz dərəcədə təzyiq edirlər. Bütün qohumları, camaat onu qınadı, o isə dedi ki, mən yoldaşımı istəyirəm, inanıram. Sonra onu heç kim danışdırmadı. O da əsəbiləşib gəlib mənimlə dalaşırdı, vururdu. Dözə bilmədim, dedim əgər belə olacaqsansa, bir yerdə yaşaya bilmərik. Təkrar qaçdım evdən. Sonra mənə təklif elədi ki, heç kim bilmədən bir yerdə yaşayaq, ayrı qalmayaq. Mən isə buna dözə bilmirəm. Mən necə dözüm ki, yoldaşımla bir yerdə yaşayım, amma uşaqlarımı görməyim, səslərini eşitməyim. Deyir ki, illər keçsin, uşaqlar böyüsün, qəbul etsələr sonra görüşərsən.

 

Məhkəməyə də verə bilmədim uşaqları geri almaq üçün. Çünki mənə məsləhət gördülər ki, onlar deyərlər 4 ay uşaqların atıb, evdən qaçıb. Onda da məni analıq hüququndan məhrum edərlər və mən uşaqlarımı həmişəlik itirərəm. İndi uşaqlarımı geri qazanmaq şansım var, amma elə olsa o şansımı daimi olaraq itirə bilərəm, buna görə addım atmağa qorxuram.
Hazırda əsas məqsədim işimin olmasıdır. Bir də ən əsası, istiyərəm evim olsun. Deyirlər, özünün qalmağa evin yoxdu, uşaqları harda saxlayassan. Bircə otaqlı bir evim olsa, işdəsəm, bəlkə də onda uşaqlarımı verməyə razı olarlar. Mehriban xanım mənim üçün ofisdə iş tapıb, gedib danışacam.

 

 

Yaxın qohumları da bilirlər ki, burdayam. Amma kənar sözlərə görə, hamı yoldaşıma deyir ki, əgər bir yerdə olsanız, onda gərək rayona gəlməyəsən, heç bir qohumunla görüşməyəsən. Yoldaşım da onu gözü ala bilmir. Valideynlərim rəhmətə gedib. Heç kimim yoxdu, təkəm. Ögey qardaşım var bircə.
Qohumlarla bütün əlaqələri kəsmişəm, başıma o hadisələr gələndə hansının yanına getdimsə, heç biri mənə kömək etmədi, hamı qırağa çəkildi. Ona görə, bütün qohumların üstündən xətt çəkmişəm. Burda çox rahatam”.

 

 

 

 Digər müsahibimiz da 35 yaşındadır. Qumru Məlikova (ad-soyad şərtidir) 1981-ci ildə Bakıda anadan olub: "Anam məni dünyaya gətirəndə vəfat edib. Məni ana nənəm götürüb saxlayıb. Dayımı qardaşım bilmişəm uzun illər. Doğma atam məni almağa gələndə nənəm verməyib. Yəni mənim eşitdiyim budur. Amma bütün bunları təzə öyrənmişəm. Elə bilirdim nənəm doğma anamdı, dayım da qardaşımdı. Bütün bunları mən ailə qurandan sonra bilmişəm, təxminən 3-4 il olar. İstədim gedim, axtaram atamı, ögey bacı-qardaşımı, amma qaynanamgil ona da icazə vermədi. Atamın anamdan əvvəl də ailəsi olubmuş. Deyilənə görə, doğma atam da rəhmətə gedib artıq.

 

 

 

15 yaşımda nənəm rəhmətə getdi. Sonra qardaşımla, yəni dayımla bir yerdə yaşamağa başladım. Amma onunla günüm xoş keçmirdi, çox söz-söhbətimiz olurdu. 15 yaşım var idi, evə tez-tez xanımlar gətirirdi. Əlacsız olaraq, istəmədən, sevmədən ailə qurmuşam. Düşünürdüm bəlkə ailə qurub rahat gün görərəm. Keçmiş yoldaşım rayondan idi. Onunla 2001-ci ildə ailə qurdum. Yayda rayonda olurduq, amma sonra Bakıya gəlirdik. Əvvəl normal adam idi. Sevməmişdim deyə, düşünürdüm nə olursa olsun bu evdən canımı qurtarmaq üçün ailə qurum. Sonra bir övladım oldu, amma yarımçıq dünyaya gəldiyi üçün yaşamadı. Onda da çox söz-söhbət oldu evdə. Yoldaşım mənə hədə-qorxu gəldi ki, boşayacağıq səni. Mənə dedi hazırlaş, səni aparıram qardaşının yanına. Mən də inandım dedim gedək, sonra dedi zarafat edirəm, apardı məni dayanacağa dedi hara gedirsən, get. Mən də dedim hara gedim, təzə ailə qurmuşam, qardaşımla küsülüyəm, gedəcək yerim yoxdur. Kaş ki, elə o vaxt boşayardı məni. O qədər qorxmuşam, qürurum sınıb ki, cavab da qaytarmamışam. Nə söz olsa deyiblər mənə. Qaynanamgil ailə qurmadan əvvəl də evliliyimizə razı deyildi. Yoldaşıma deyirdilər ki, heç kimi yoxdu, kimsəsizdi, küçədən keçən birini niyə alırsan.

Sonradan üç övladım dünyaya gəldi. Evdə o qədər söz-söhbət olurdu. Evdən qaçmaq, intihar etmək istəyirdim. O vaxtlar bu sığınacaq haqqında məlumatım yox idi. Övladlarım qarşısında qürurumu sındırırdı. Uşaqlarımı aparırdım məktəbə. Qızıma deyirdi ki, bax gör maman kiminlə görüşür. Qorxurdum, deyirdim özündən sözlər uydurub uşağa demə, elə bilər doğrudan da eləyəm. Allaha həvalə edirəm onu. Tək yoldaşım yox, qaynanam, qaynatam, baldızım, eltim, hamısı. Qaynatam rəhmətə gedib indi. Uşağım xəstələndi, üstümə düşdülər ki, səni boşuyacağıq, geri qaytaracağıq. Yoldaşıma deyirdim ki, üstümə bu qədər gəlməyin, məni vadar etməyin evdən qaçmağa. Deyirdi hara gedirsən get, nə istiyirsən elə, mən uşaqları da götürüb rayona qayıdacam. Amma qoymurdu harasa çıxmağıma. Gördüm hamısı çox üstümə gəlirlər, səbr kasam daşdı.

Bu ilin yanvarın 21-i günü evdən qaçdım, bir tanışım var idi, bir müddət onun yanında qaldım. Amma o, da ailəli idi, bir otaqlı evdə kirayədə yaşayırdı, orda qalmağım düz çıxmırdı. Yoldaşım gəlib məni tapdı, izimi itirmək üçün səhər tezdən ordan çıxdım. Bir tanış xanım var, 2 ildir onu tanıyıram, dəfələrlə mənə deyib ailənin yanına qayıt, canına qıyma. Bir dəfə onun yanında intihara cəhd eləmişəm, amma o qoymayıb öləm. Çoxlu sayda dərman içirdim, sonra gördü rəngim çox pis olub, yemirdim-içmirdim, ancaq nə dərmanı gəldisə içirdim, xəstəxanaya düşdüm axırda. Ondan xahiş elədim məni gətirdi bura, indi də köməyini əsirgəmir. İki oğlum, bir qızım var, eşitdiyimə görə, uşaqlarım məni görmək istəmir. Mənə qarşı uşaqların beynin doldurublar. Rayon camaatına deyiblər ki, guya mən dəli olmuşam, deyirlər ki, bu uşaqların anası dəlixanaya düşüb. Bakıdakı qohumlarına isə deyib ki, guya mənim sevgilim olub, ona qoşulub qaçmışam. Bütün bu yalanlara görə əzab çəkirəm. Boşanmaq üçün ərizə vermişəm. Hələ ki, uşaqları geri almağa cəhd etmirəm. Çünki təkəm, evim yox, işim yox. Amma gələcəkdə geri almaq istəyirəm. Çox darıxıram, amma dözməliyəm, elə vaxt olur istiyirəm özümü öldürüm. Sadəcə qorxuram ki, özümü öldürsəm elə biləcəklər həqiqətən də onların dediyi kimiyəm. Zamanla Allah onlara göstərəcək ki, elə bir şey yoxdur, ola da bilməz”. 

 

 

 

 

 

Ailənin 5 övladının ən sonuncusu olan Mələk Qurbanovanın (ad-soyad şərtidir) 32 yaşı var: "Ailədə 3 bacı, 2 qardaşıq. Mən evin sonbeşiyi idim. Böyük bacılarıma elçilər gəlirdi, anamgil onlarla maraqlanırdı ancaq. Mənə gələn elçilərə yox deyirdim, heç maraqlanmırdılar ki, bu qız ailə qurmalıdır, onun üstünə düşək. Ailəmə çox bağlı idim. Bacılarımın hamısı ailə qurub getdilər. Elçilərə yox deyirdim mən də. Bir müddət sonra anamla problemlərimiz yaranmağa başladı. Deyirdi ki, ərə getmədin, qaldın üstümdə. Mən də ağlayırdım ki, övladınızam, niyə yük olum ki, sizə. Evdə, həyətimizdə nə işlər varsa, hamısını ürəklə edirdim. Xoşuma gəlir təsərrüfat işləri ilə məşğul olmaqdan.

 


31 yaşımda yenə elçi gəldi, yox dedim. O oğlanın Mingəçevirdə də, Bakıda da evi var idi, imkanı yaxşı idi. Çox qızların xəyalındakı kimi biri idi, amma yenə yox dedim. Bir gün anam mənimlə ciddi söhbət elədi, mənə ən çox təsir edən bir şeyi dedi. Atamla, qardaşım deyib ki, bu qız niyə ailə qurmur, nədi problem? O qədər pis oldum ki, istədim intihar edim. Amma fikirləşdim ki, intihar etsəm daha da pis düşünərlər haqqımda. Anama söz verdim, dedim madam ki, sizə yükəm, bu dəfə kim elçi gəlsə gedəcəm. Rayonda dil kursuna gedirdim, rəfiqələrim var idi. Bir gün rəfiqəmlə anam danışanda dedi ki, bir oğlan var, həyat yoldaşının dostudur, yaxşıdı. Dedim eybi yox gəlsin, kim olursa-olsun, üzün də görmədən ailə quracam onunla.

 

Ailəmdən uzaq olmaq ən böyük dərdimdir, qardaşımın biri evlidi, biri subay. Evli qardaşımın oğluna mən baxmışam. Ondan ayrı qalmaq mənim üçün lap çətindi. Bütün işləri anamla rəfiqəm həll edirdi. Gördüm toy müddəti uzanacaq. Atamın qohumlarından kimsə rəhmətə gedəndə icazə verməzdi ki, kimsə elçi gəlsin, nəinki toy. Mənim də tək fikrim o idi ki, bu evdən çıxım, canımı qurtarım. Danışdım oğlanla üzünü görmədən razılaşdıq ki, qoşulub qaçım. İki nəfər gəldi maşınla. Təsəvvür edin avtomobilə mindim, bilmədim ki, o iki nəfərdən hansıdı. Edama gedən adam kimi idim, qulağım eşidirdi, gözüm görürdü, amma heç nə dərk edə, düşünə bilmirdim.

6 ay o adamla bir yerdə yaşadıq. Amma rəsmi nikah olmadı, istəmədi. İki ay normal adam kimi davrandı mənimlə. Sonra tamam dəyişdi, evə gec gəlmələr, bir müddət sonra heç günlərlə gəlməmək. Bir gün qollarında iz gördüm, bildim ki, narkomandır. Düzdü mənə zərər vermirdi, amma hamıdan gizlədirdi. Hər ay bir yerdə kirayə ev tuturdu, gecə ilə köçürdük. Deyirdim gündüz rahat köçərik, deyirdi yox. Hətta o iki ay ərzində şəhərə gəzməyə də çıxırdıq, amma heç vaxt gündüz yox, gecə. Sonrakı müddətlərdə qapını arxadan bağlayıb gedirdi, günlərlə gəlmirdi. Heç düşünmürdü ki, bu adam acdı, susuzdu, telefon, internet də yox idi ki, kiməsə xəbər edim ki, burda dustağam. İstiyirdim intihar edim, amma sonra düşünürdüm ki, nə qazanacam belə etsəm, bir müddət sonra cəsədim tapılacaq onunla da hər şey bitəcək. Qardaşım elə bir insandır ki, bütün kəndin qeyrətin çəkir. Həyatımı qardaşıma görə qurban vermişəm. Düşünürdüm ki, açıb hər şeyi ailəmə danışsam ki, bu insan narkomandır, mənə belə zülm edir. Bilirəm ki, qardaşım bunu qüruruna sığışdırmayacaq, gedib həmin adamı tapacaq, öldürəcək. Qardaşım hərbidə işləyir, qorxurdum həyatın məhv edər, onu öldürər, tutular. Guya bu olsa həyatım daha yaxşı olacaqdı? Onda daha çox əzab çəkərdim.

Ailə qurmamışdan əvvəl verilişlərə baxırdım, Mehriban Zeynalovanı görmüşdüm, efirdən tanıyırdım. Amma şəhərlə bağlı heç bir anlayışım yox idi ki, hara gedə bilərəm, buranı necə tapa bilərəm. Qərara gəldim ki, elə edim evdən qaça bilim yoldaşım yatanda. Əvvəllər qorxurdum şəhərə gəlməyə, amma bir gün özümdə cəsarət tapdım. Yoldaşım yatanda açarı, bir də cibindən 3-4 manat yol pulu götürüb qaçdım evdən. Özümlə heç nə götürmədim, nə paltar, nə başqa bir şey. Birtəhər gəlib çıxdım şəhərə. Sonra qərara gəldim ki, ATV kanalını tapım, ordan mənə kömək edərlər. Gəldiyim gün axşama qədər metrolarda qaldım, o başa, bu başa gedirdim, hara gedəcəyimi bilmirdim. Həmin gün o qədər ağırdı ki, düşünmək belə istəmirəm. Düşünürdüm ki, küçədə qala bilmərəm, axşama qədər qalmağa bir yer tapmasam, gedib özümü dənizə atacam ki, meyidim tapılmasın. ATV kanalına gəldim, sağ olsunlar mənə kömək etdilər, yönləndirdilər Mehriban xanıma. Əlaqə nömrəsi verdilər, danışdım onunla gəldim bura. Burda məni çox yaxşı qarşıladılar. Öz evimizdən çıxanda heç olmasa düşünürdüm ki, ailə qurandan sonra gəlib-gedəcəm. Amma ailə qurandan sonra evdən qaçanda daha ağır idi ki, bilirdim hər şey bitdi, bir də görməyəcəm heç birini.

Sentyabrda işə düzəltmişdilər məni mühafizə xidmətində. İki ay orda çalışandan sonra ixtisarla bağlı çıxası oldum ordan. İndi də kompüter dərsləri keçirlər bizə ki, iş tapaq. Həm də bütün sinir sistemim pozulmuşdu, yenidən özümə gəlməyimdə psixoloq kömək etdi mənə. Ailəmdən uzaq olmaq ən çətin işdi mənim üçün. Başıma gələnlərdən bircə anamın xəbəri var. Amma onun səhhətində problem var, xəstədir. Qorxuram dərd otağımı itirərəm, ona görə, onun üzünə vurmuram ki, bütün başıma gələnlərin səbəbkarı sənsən. Atamın, qardaşlarımın başıma gələn heç nədə xəbərləri yoxdur. Onlar məndən imtina etməyiblər, bu dəqiqə də xəbərləri olsa gəlib evə apararlar, mənə sahib çıxarlar. Amma dediyim kimi, qardaşıma görə qorxuram deyə heç nə demirəm, heç bacılarım da heç nə bilmir”.

 

atv.az




SEVDA | 19 fevral 2016 21:26 | Status: Nəzarətçi | Şərh: 17 443
Nə deyim vallah Allah qadın adına layiq xanımların hamısına kőmək olsun...
Sitat: zezema
NECE OLURE KENDDE YASHAYAN GELININ BAKIDA TANISHI VAR? BU TANISH NE TANISH IMISH BELE...

Bu sual da çox maraqlı sualdır....
zezema | 19 fevral 2016 19:59 | Status: Qonaq | Şərh: 0
mence bu qadinlar birterefli danishirlar. qadin istediyi kishini eline ala biler. pisi de duzelde biler, iceni de, doyeni de. duzelmeyen yalniz narkomanlardi. bile bile ki sene exlaqsiz damgasi vurulacaq, ushaqlarindan ayrilacaqsan QACMAQ neye lazimdi? BOSHANMAQ olan yerde, bu cur sheyler neye lazim? menim yoldashimin da xasiyyeti o qeder de urekacan deyildi. sevib evlenmishik, coooooox qisqanc idi. qapi baglayirdi, telefon icaze vermirdi, internetden vabshe deli olurdu, kompyuteri atmishdi, evden ushagi gezmeye cixara bilmirdim, bezene bilmirdim yoldan qaytarirdi meni. 1-2 il kecdi meni daha yaxshi tanidi indi AZAD BIR QADINAM COX SHUKUR. oda meni cox sevir men e onu.
mence sadece bu qadinlarin ozlerinde NESE VAR. NECE OLURE KENDDE YASHAYAN GELININ BAKIDA TANISHI VAR? BU TANISH NE TANISH IMISH BELE...
ESMERRi | 19 fevral 2016 19:52 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Cox pis oldum oxuyub:((Uwaq olmur qadin gunahkardi,uwaq xeste dogulur qadin gunahkardi,ere gec gedir bu da onun gunahidi...Nece mundar,dar duwunceli insanlar var bu heyatda,yawamaq huququ olmayan insanlarla doludu etrafimiz:(((
Taniw bir gelin var,bir defe gorurem gozunun alti qaralib,deyirem ne olub?Deyir "uwaqlar decellik eleyirdiler evde,qaynanam erimin bawin xarab eledi ki,bes senin arvadin terbiye edenmir uwaqlari vehwi kimidirler,o da durdu meni doydu."Baxin indi bu hansi mentiqe sigir?Bu gelin uwaqlari dede evinnen getirmeyib ki,senin eli qurumuw ogluvun da uwaqlaridi daa.Allah cezalarin verecek,bu dunyada da olmasa,o dunyada mutleq paylarin alacaqlar,bele mundar qaynanalar erler:(
Ay_Sun | 19 fevral 2016 13:58 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: B.Fereh
Cox pis oldum oxuyub:((Uwaq olmur qadin gunahkardi,uwaq xeste dogulur qadin gunahkardi,ere gec gedir bu da onun gunahidi...Nece mundar,dar duwunceli insanlar var bu heyatda,yawamaq huququ olmayan insanlarla doludu etrafimiz:(((

Fikrinle tam raziyam bacim.
B.Fereh | 19 fevral 2016 12:49 | Status: Nəzarətçi | Şərh: 6 978
Cox pis oldum oxuyub:((Uwaq olmur qadin gunahkardi,uwaq xeste dogulur qadin gunahkardi,ere gec gedir bu da onun gunahidi...Nece mundar,dar duwunceli insanlar var bu heyatda,yawamaq huququ olmayan insanlarla doludu etrafimiz:(((
Taniw bir gelin var,bir defe gorurem gozunun alti qaralib,deyirem ne olub?Deyir "uwaqlar decellik eleyirdiler evde,qaynanam erimin bawin xarab eledi ki,bes senin arvadin terbiye edenmir uwaqlari vehwi kimidirler,o da durdu meni doydu."Baxin indi bu hansi mentiqe sigir?Bu gelin uwaqlari dede evinnen getirmeyib ki,senin eli qurumuw ogluvun da uwaqlaridi daa.Allah cezalarin verecek,bu dunyada da olmasa,o dunyada mutleq paylarin alacaqlar,bele mundar qaynanalar erler:(
BULUTUM | 19 fevral 2016 10:47 | Status: Professional user | Şərh: 7 392
Offffffffff..Dehsetdiiii
Elgun_Azizov | 19 fevral 2016 10:10 | Status: Professional user | Şərh: 1 393
- Dəhşətli odurki o sığınacaqda yaşamağa məhkum qalıblar. Həyat bilmirki insana nələr yaşadacaq.