Qadın / Qadın və problemlər

"Parkda işləyən kişi mənə yemək verdi, sonra “arvadım ol” dedi"

Banu. | 24-03-2015, 17:20
5 462 18


Əri tərəfindən döyülərək küçəyə atılan qadınlar hələ də cəmiyyətimizdə var. AzadQadin.az-ın məlumatına görə, BBC Azərbaycan küçəyə atılan qadınlarımızın problemlərindən yazıb.

Pərvanə Novruzəliqızı Azərbaycanda köməksiz qalan yüzlərlə qadından biridir. Uşaqkən analığı, sonra həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Pərvanə hazırda paytaxtdakı sığınacaqlardan birində yaşayır. Onun getməyə yeri yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü problemi aktual sayır və Məlumat Bankı yaradılacağını deyir. Vətəndaş cəmiyyətinin üzvləri isə qadınlara qarşı zorakılıq hallarından narahatdır və deyirlər ki, dövlət qadınlar üçün sığınacaqlar yaratmalıdır.

"Anam mən körpə ikən rəhmətə gedib. Atam ikinci dəfə evləndi. Analığımız bacımla mənə qarşı psixi və fiziki zorakılıq edirdi. Bədənim hələ də uşaqlıq illərimdə çəkdiyim əzabların sübutları ilə doludur. Amma zaman keçdi. İndi bacım həyat yoldaşı və övladı ilə xoşbəxt yaşayır. Mən isə övladlarımın üzünə həsrətəm", Pərvanə deyir.

13 yaşında analığı tərəfindən olan zorakılığa dözməyən Pərvanə bibisinin yanına qaçır. 6 il sonra isə bibisi onu məcbur ərə vermək qərarına gəlir: “Oğlanı tanıyırdım. İçki içirdi. Bibimə nə qədər yalvarsam da dinləmədi. Toy günü bibim dedi ki, ər evindən yalnız meyidim çıxmalıdır”.

Gözlədiyi kimi Pərvanə ailəsində xoşbəxt ola bilmədi. Həyat yoldaşı ona qarşı fiziki əzablar verməyə başladı. Səbəb isə elə içki idi: “İçəndə özündə olmurdu. Bəzən səhər durub üzümün şişinə, bədənimdəki yaralara baxıb, özü etdiyni inkar edirdi. Qızım dünyaya gəldikdən sonra da dəyişmədi. 6 aylıq uşağa qarşı belə zorakılıq edirdi”.

Pərvanə zorakılıqdan qaçıb sığınmaq üçün yeri olmayan yüzlərlə qadından biridir.



Körpə qızı 6 aylıq olarkən Pərvanə yenə möhkəm döyülür. Bu zaman qayınanası oğlunun cinayətə belə qadir olacağını deyərək, onu atası evinə yollayır. Amma bu, əzabın sonu deyildi. Analığı bir uşaqla qapısında dayanmış Pərvanəni ölümlə hədələyir. Beləliklə qucağı uşaqlı ana küçə həyatına məruz qalır. Pərvanə o günləri belə xatırlayır: “Qış vaxtı idi. Rəsulzadə qəsəbəsindəki parkın oturacaqlarından birində gecələməyə başladım. Düz bir həftə orda qaldım. Körpə də ac idi, mən də. Amma çarəsiz idim, getməyə yerim yox idi”.

Sosial İşçi Sara Ağayeva deyir ki, işlədiyi 5 qadından 4-ü keçmişdə və ya hal-hazırda zorakılığın müxtəlif növlərinə məruz qalanlardır. Onun sözlərinə görə, şiddətin əsas səbəbi qadınların öz hüquqlarını bilməmələri, iqtisadi cəhətdən kişilərdən asılı olmalarıdır: "Bir çox qadınlar hər gün zorakılığa məruz qalsalar da, həyat yoldaşlarından ayrlmaq istəmirlər. Çünki heç bir peşəyə sahib deyillər. Ayrılsalar, uşaqlarına baxa bilməyəcəklərini düşünürlər. Həm də ailə basqısı çoxdur. Cəmiyyətin boşanmış qadınlara qarşı tolerant olmamasından qorxurlar”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, məişət zorakılığı ilə bağlı mübarizə kompleks şəkildə aparılmalıdır% "Zorakılığa uğramış qadınlara təkcə psixoloji və ya hüquqi yardım ilə kömək etmək mümkünsüzdür. Həmçinin qanunvericilik bazası mükəmməl olmalıdır".

Onun fikrincə, ən pis hal odur ki, qadına qarşı zorakılıq törətmiş tərəf məhkəmədən yalnız cərimə cəzası ilə canını qurtara bilir: "Çünki bu işə cinayət işi kimi yox, inzibati iş kimi baxılır. Və bu haldan sonra ailə daxilində vasitəçilər olmasa, bu ailələr ilə işlər aparılmasa, zorakılıq faktları daha da artır. Evdən çıxmış qadın çox vaxt qohumlar tərəfindən həyat yoldaşının yanına geri dönməyə məcbur edilir. Bu zaman zorakılıq halları daha da çoxalır".

Mətanət Əzizovanın sözlərinə görə, problem illərlə daha da dərinləşir: "Öldürülən qadınlar, cinsi zorakığıla məruz qalan azyaşlılar, küçəyə atılan qocalar ailə zorakılığı ilə aparılan mübarizənin qənaətbəxş olmadığının göstəricisidir. Sivil ölkələrdə polis qurbana çevrilmiş insanların müdafiəçisidir. Bizdə isə əksinədir, bir çox polis işçisi də patriarxal cəmiyyətin bir üzvü kimi davranaraq müraciət edən qadınlara şikayət etməyin doğru olmadığını deyirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov, qanunvericilikdə aparılan islahatlara və maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət "ideal deyil", deyir. 2014-cü ilin statistikasına görə, qadınlara qarşı 1813 fakt cinayət işi kimi qeydə alınıb və qərar verilib. 2013-cü ildə isə bu rəqəm 2114 olub:



"Bu statistika gerçəyi əks etdirmir, çünki qurbanların çoxu müraciət etmir", cənab Səfərov bildirir. Müraciət etmirsə, o faktların tam qeydiyyata alınması mümkün deyil. Amma dövlət tərəfindən yeni qanunlar hazırlanır. Məlumat bankı yaradılacaq. Onun struktur hissəsi hazırdır, texniki avadanlığın alınması da növbədədir".

Pərvanə hekayəsi belə davam edir: "Bir həftədən sonra o parkda işləyən bir adam mənə kömək etdi. Yemək verdi. Uşağımın qarnı doydu. Sonra mənə “arvadım ol” dedi. Razılaşdım. 10 il xoşbəxt yaşadıq. Üç övladım dünyaya gəldi. İlk evliliyimdən olan balamı da özününkülərdən ayırmadı, amma..."

Pərvanənin günəmuzd fəhlə işləyən həyat yoldaşı oğurluq üstündə 12 il cəzaya məhkum edilib. Uşaqlarına baxa bilmədiyini deyən ana üç qızını da körpələr evinə yerləşdirib, dörd yaşlı oğlu ilə hazırda sığınacaqda yaşayır: "Heç bir peşəyə yeyələnməmişəm, məşğul ola biləcəyim iş yoxdur. Uşaqlarımı gətirə biləcəyim bir otaqlı da olsa evim yoxdur. Dörd aydır ki, burdayam. Gələcəyimiz necə olacaq bilmirəm".

Həm zorakılıq, həm də potensial insan alveri qurbanı olan Pərvanənin yaşadığı bu hal başqa bir məsələyə diqqət yönəldir. Qurbanın gedəcək yeri yoxdursa, nə etməlidir? Mətanət Əzizova sığınacaqların yaradılmasını mütləq olduğunu deyir: "Sığınacağın məqsədi təhlükəsizlikdir. Bu, ailələrdə ölümlərin sayını azaldacaq. Sığınacaq reabilitasiyadır. Psixoloji, tibbi və hüququi yardım deməkdir. Sığınacaq insan alveri qurbanlarının azalması deməkdir".

Komitənin sözçüsü Elgün Səfərov dövlət tərəfindən sığınacaqların yaradılmasına ehtiyac olduğunu deyir: "Hazırda Azərbaycanda yeddi QHT-də sığınacaq var".

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə qadınlara sığınacaq verən üç QHT-nin fəaliyyət göstərdiyini deyir. Onun təşkilatının sığınacağı uşaqlar üçün nəzərdə tutulsa da o deyir ki, hazırda üç qadın burada yerləşdirilib.

Qadınlar üçün ilk sığınacaq Təmiz Dünya İctimai Birliyində 2002-ci ildə fəaliyyətə başlayıb. Hazırda sığınacaqda dörd qadın var. Qurumun rəhbəri Mehriban Zeynalova belə sığınacaqların dövlət tərəfindən uzunmüddətli maliyyələşməsinə böyük ehtiyacın olduğunu deyir. Çünki sığınacaqlar qısa müddətli maliyyələşmə ilə "fəaliyyətlərini davam etdirə bilmir". Bu da öz növbəsində reabilitasiya prosesinin effektivliyini azaldır.

Gəncədə fəaliyyət göstərən "Təmas" regional inkişaf ictimai birliyinin sədri Kubra Ələkbərova sığınacaqlarında eyni anda səkkiz böyük, iki ortayaşlı, iki körpə uşağın yerləşdirilməsi üçün avadanlığın olduğunu bildirir. Amma hazırda sığınacaqda üç qadına yardım göstərilir: "Bir xanımın iki azyaşlı körpəsi var idi. Bizim maliyyəmiz az olduğundan o uşaqları SOS uşaq kəndlərinə yerləşdirmişik".//AzadQadin.az

miss xərçəng | 23 iyul 2015 15:29 | Status: Şərhçi | Şərh: 437
Allah xanıma sıbr versin və köməyi olsun...
Gulshen. | 25 mart 2015 09:14 | Status: Qonaq | Şərh: 0
Sitat: SEVDA
Yazıq uwaqlar....
Nagizade.Leyla | 25 mart 2015 01:35 | Status: VİP user | Şərh: 1 321
Allah köməyi olsun
Gulus. | 25 mart 2015 01:06 | Status: Professional user | Şərh: 2 436
Allah komeyi olsun,oxudum pis oldum
SEVA | 24 mart 2015 23:08 | Status: Professional user | Şərh: 5 151
Doga doga hara gedirsen axi....
SEVDA | 24 mart 2015 22:35 | Status: Nəzarətçi | Şərh: 17 442
Yazıq uwaqlar....
SARA55 | 24 mart 2015 22:33 | Status: Qonaq | Şərh: 0
SÖZ TAPMIRAM VALLAH
kristal | 24 mart 2015 21:17 | Status: VİP user | Şərh: 1 184
Doga doga da gedib.uşaqlar da yaziqdi ozu de
Leyla Ezizli | 24 mart 2015 20:36 | Status: Şərhçi | Şərh: 372
Şükür bu günümüzə ay allah.Allah köməyi olsun.
Nergiz love | 24 mart 2015 20:32 | Status: Professional user | Şərh: 7 871
Allah komey olsin.ne deyek.pis kisilerden uzaq olsun qadinarmiz

Allah komey olsin.ne deyek.pis kisilerden uzaq olsun qadinarmiz
BULUTUM | 24 mart 2015 19:36 | Status: Professional user | Şərh: 7 391
Qadinlar qadinlar Allah komek olsun.yaziq.Insanda bext gozel weydi.Wukur bu gunume.Ancaq cox yaziqim gelir.
Ay_Sun | 24 mart 2015 19:31 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: perishka2
Ay Allah şükür bu günümüzə ki,döyən,içki içən,siqaret çəkən ərimiz yoxdu.

Menim yoldasim siqaret cekir,qalan hec birinden istifade etmir Sukur bacim.
nurlana nurlana | 24 mart 2015 19:22 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: perishka2
Ay Allah şükür bu günümüzə ki,döyən,içki içən,siqaret çəkən ərimiz yoxdu.

ALLAH MENEDE ELESİNİ QİSMET ETSİN
Lumia | 24 mart 2015 19:16 | Status: Professional user | Şərh: 5 380
Sitat: Nara88
basa duse bilmirem bele qadinlari((ozu bogazina yemek tapmir ama 4 usaq dunyaya getirir((yaziq deyilmi o usaqlar((

Ele onu de.Tek bu deyil,bele agina-bozuna baxmadan dogan qadinlar coxdu.Erin fehledi,gune 3-5 manat qazanir,ne vacibdi ard-arda dogub tokesen indi de baxa bilmeyesen?Yene de Allah komeyi olsun ne deyim.
lady sweet | 24 mart 2015 18:32 | Status: Gümüş user | Şərh: 1 880
Yazigin bexti hec getirmeyib Allah kömeyi olsun cox pis oldum
Real Madrid CF | 24 mart 2015 17:44 | Status: Qonaq | Şərh: 0
Sitat: Nara88
basa duse bilmirem bele qadinlari((ozu bogazina yemek tapmir ama 4 usaq dunyaya getirir((yaziq deyilmi o usaqlar((
Nara88 | 24 mart 2015 17:31 | Status: Professional user | Şərh: 4 254
basa duse bilmirem bele qadinlari((ozu bogazina yemek tapmir ama 4 usaq dunyaya getirir((yaziq deyilmi o usaqlar((
Dəniz qızı | 24 mart 2015 17:26 | Status: Brilliant user | Şərh: 8 019
Ay Allah şükür bu günümüzə ki,döyən,içki içən,siqaret çəkən ərimiz yoxdu.