Qadın / Məşhur qadınlar

Supermodel Həlimə Aden: "Heç bir qadın öz iradəsi əleyhinə hicab taxmamalıdır"

Banu. | 14-01-2020, 13:18
268 0

Çılpaqlığın və seksuallığın hökm sürdüyü dəb dünyasında supermodel Həlimə Aden podiuma həmişə başı örtülü və qapalı geyimlərdə çıxır. Fanatları onun gözəlliyinə və cəsarətinə heyran qalırlar, tənqidçiləri isə bəzi şəkillərinə görə qınayır və deyirlər ki, inanclı müsəlman qız bu işlə məşğul olmamalıdır.
Somali qaçqını olan, çox mühafizəkar mühitdə böyüyən Həlimə cəmi iki il ərzində "başgicəlləndirən karyeraya" sahib olub, moda dünyasında ən çox tanınan şəxslərdən birinə çevrilib.
AzadQadin.az  bildirir ki, BBC dünyanın bir nömrəli hicablı top-modeli Həlimə Adendən müsahibə alıb, ondan sərt İslam qaydalarını model karyerası ilə birləşdirməyi necə bacardığını soruşub. Eyni zamanda, bu sahənin ekspertlərindən müsəlman qızın moda dünyasına gəlişinin səbəbini soruşub.

"Qrim otağında namaz"

Həlimə deyir ki, gündə beş dəfə namaz qılmağa çalışır: "Amma hər dəfə alınmır. Bununla bağlı ən yaddaqalan xatirəm Nyu-York moda həftəsində əlimdə namaz xalçası ora-bura qaçıb dua etməyə yer axtarmağımdır. Çox vaxt bunu ya qrim otağında, ya da çəkiliş meydançasında edirəm".
İlk dəfə mən Həlimə ilə İstanbuldakı "Modest Fashion Week" ("Təvazökür Dəb Həftəsi") tədbirində görüşdüm. Fotoqrafların və dizaynerlərin əhatəsində olan, meneceri və şəxsi cangüdəni də yanından ayrılmayan gənc qız rastlaşdığı adamlarla söhbət fürsətini qaçırmır, üstəlik, şou təşkilatçılarının yanında durub həvəslə selfie də çəkir.
22 yaşlı Həlimə Aden şəkli Britaniyanın "Vogue" jurnalının üz qabığında dərc olunmuş ilk hicablı modeldir. Amerikanın "Sports Illustrated" jurnalında isə onun burkinili (hicablılar üçün çimərlik geyimi) şəkli çıxıb.

Top-model üçün boyu xeyli alçaq olsa da (cəmi 166 sm) onu tez-tez lüks brendlərin, o cümlədən. "Max Mara" və "Yeezy"-nin moda nümayişlərinə dəvət edirlər. İki il əvvəl Həlimə ən böyük model agentliyi olan "İMG Models"-lə müqavilə bağlayan ilk hicablı model olub.
"Özünü yox, oyun qaydalarını dəyiş" - Həlimə belə deyir. Onun hədəfi moda sənayesini etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün qızlar üçün daha əlçatan etməkdir:
"Hər şey çox pis olanda, kastinqə getməyəndə, hətta məni hansısa moda nümayişinə dəvət etməsələr belə, ruhdan düşmürəm. Çünki mənim inancım həmişə mənimlədir. O, özümə inamımı azalmağa qoymur, məni bütünləşdirir".

Həlimə Quranın ən çox hansı mesajını özü üçün vacib sayır?

"Heç vaxt qınama, çünki ancaq Allah hökm verə bilər. İnsanlara dəstək olmaq, onları sevmək, pis günlərində kömək etmək" - gənc qız heç düşünmədən belə deyir.
"Mən qaçqın düşərgəsində böyümüşəm və yaxşı bilirəm ki, bu lüks həyat bir anda bitə bilər. Mən buna hazıram".
"İnancımın vacib hissələrindən biri də budur - sənin fikirlərini bölüşməyənlərə, həyata sənin kimi baxmayanlara sənin münasibətin necədir".

"Müqavilədə hicab şərti də yazılıb"

Həlimə Keniyadakı qaçqın düşərgəsində doğulub. Ailəsi əslən Somalidəndir. 1990-cı illərin sonunda onlar Afrikanın ən qanlı müharibələrindən birindən qaçıblar. Keniyaya çatana qədər Həlimənin anası 12 gün piyada yol gedib. Həlimənin 6 yaşı olanda anası onu və qardaşını götürüb ABŞ-a köçüb. Onlar müharibədə atası ilə əlaqəni itiriblər.

"Amerikadakı dostlarım elə bilirdilər ki, mən Somali şahzadəsiyəm, çünki onlara Keniyada tez-tez bir yerdən başqa yerə köçməyimizi danışmışdım" - o vaxt ailəsi ABŞ-dakı ən böyük Somali diasporasının olduğu Minnesota ştatına köçən Həlimə belə deyir.
"Onlar bilmirdilər ki, bizim yaşadığımız evlər plastik butulkalardan və tikinti zir-zibilindən düzəldilmişdi və güclü külək əsəndə, ya da yağış yağanda uçulub dağılırdı. Anamın bundan yaxşısını tapmaq imkanı yox idi.
Sinif yoldaşlarım mənə gülürdülər, deyirdilər ki, saçlarım kirli olduğu üçün başımı örtürəm. Bəzən də terrorçu qadınlar barədə zarafat edirdilər. Amma orta məktəbdə belə şeylər olur".
Həlimənin 19 yaşı olanda "Miss Minnesota" gözəllik müsabiqəsinə hicabda və burkinidə qatılan ilk iştirakçı olur.

"Gözəllik müsabiqəsində iştirak etmək mənim arzum idi, ancaq Somalidə mənə qədər heç biq qız bunu etməmişdi. Müsabiqədən sonra rəfiqələrimə dedim ki, hətta burkinidə belə açıq çimərlik paltarları geymiş qızların yanında özünü inamlı hiss edə bilərsən. Düzdür, biz hamı kimi görünmürük, amma heç kim bizə hansısa yeni bir başlanğıcı qadağan edə bilməz".
Müsabiqədən sonra Həlimə dünyanın ən böyük model agentliklərindən biri olan "İMG Models"-dən əməkdaşlıq təklifi alıb.
O razılaşıb, amma şərt qoyub: çəkilişlərə və moda nümayişlərinə hicabla qatılacaq: "Mən uşaqlıqdan hicab taxıram. Ayaqqabı kimi, mənimçün hicab da qarderobumun əzəvolunmaz hissəsidir".
Həlimənin reklam etdiyi geyimlərlə bağlı da şərtləri var. Onun inancı adam içində ancaq üzünü, əllərini və ayaqlarını açıq qoymağa icazə verir. Bu, onun şirkətlə müqaviləsində də yazılıb.

Tələb olunan obraz

Bu il bir neçə lüks marka, o cümlədən, Michael Kors və "Burberry" öz kolleksiyalarına hicablı geyimlər daxil ediblər.
Mütəxəssislərin rəyinə görə, 2023-cü ildə müsəlman dünyasına hesablanmış geyimlərin satışı 361 milyard dollar təşkil edəcək - 2017-ci illə müqayisədə 1/3 dəfə çox.
Həlimənin uğuru və İslam dəbinin populyarlaşması arasında əlaqə varmı?

"İMG Models" agentliyinin direktoru Ayvan Brat belə düşünmür: "Karli Kloss və Coan Smolsdan Cici Hadidə qədər bizim bütün digər modellərimiz kimi, Həlimə də görgəmli şəxsiyyətdir".
"O, olduğu hər yeri işıqlandırır. Əgər kefiniz yoxdursa, sadəcə ona zəng vurun. Otaqda hamıdan gözəl olmaq azdır, hamıdan yaxşı olmaq, parlaq individuallığa sahib olmaq lazımdır. Bu, Həlimədə var" - 20 ildən çoxdur ki, model biznesində çalışan Ayvan belə deyir.
Kommunikasiyalar üzrə professor və "Metro Models" agentliyinin direktoru Devid Ratmoko hesab edir ki, mətbuat və siyasi polemikalar moda brendlərinə təzyiq edir: "İnklüzivlik çatışmazlığında günahlandırılmamaq üçün dizaynerlər öz kolleksiyalarında bütün etno-mədəni spektri əhatə etmək məcburiyyətindədirlər. Uzun illər boyu model standartı birtipli idi. Artıq dünya dəyişib, ona görə də brendlər sürətlə bu bərabərsizliyi aradan qaldırmağa məcburdurlar".

"İstəyirəm ki, anam mənim dəfiləmi görsün"
Həlimə deyir ki, dəyişiklik istəyirsənsə, özünü yox, oyun qaydalarını dəyişməlisən. Deyəsən, o, bunu bacarır.
"İndi podiumda hicablı modellər çoxdur, bizim agentlikdə də var. Məncə, bu, artıq normaya çevrilir".
"Hicablı qadınlar haqqında çox vaxt mənfi fikirlər deyilir və mövzu siyasiləşdirilir. Mən bunu dəyişmək istəyirəm. Mən gəncəm, modanı və dizayner geyimlərini çox sevirəm. Mənim ürəyim və hisslərim var, heç nə ilə başqalarından fərqlənmirəm".

Belə görünür ki, Həlimə arzusuna çatıb: məşhur dizaynerlər onunla çalışmaq üçün növbəyə dururlar, fanatları onun iştirak etdiyi bütün nümayişlərə gəlirlər, dünyanın ən böyük KİV-ləri onu müsahibəyə dəvət edir, onun haqqında film çəkirlər.
Ancaq Həlimənin hələ reallaşmamış bir arzusu var:
"Çox istəyirəm ki, bir gün anam birinci cərgədə oturub məni izləsin. Amma bu, həyatımın ən böyük şousu olmalıdır".
"Ümid edirəm, bir gün bu olacaq".