Qadın / Kriminal

Ərin qazanla döydüyü arvad: “O məni tovladı...” – Təfərrüat

Banu. | 27-01-2020, 17:50
488 0
Astara rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vüqar Əliyev Astaranın Məçitməhəllə kəndində yaşadığı evdə ailə münasibətləri zəminində mübahisə zamanı arvadı Nüşabə Qurbanovanı dəmir qazanla vurub, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Vüqar Əliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Əliyev bildirib ki, Nüşabə ilə nikahlarından iki azyaşlı uşaqları var: “Fərdi qaydada əmək fəaliyyəti ilə ailəmi dolanışığını təmin edirəm. 2019-cu il iyunun 4-də günorta mətbəxtdə nahar edərkən arvadıma həyətdəki su quyusundan mənə içməli su gətirməyi tapşırdım. Onun sözümə əməl etməməsi aramızda mübahisə yaratdı. Mübahisə zamanı əsəbləşdiyim üçün içərisində göy-göyərti olan balaca dəmir qazanı süfrədən götürüb sifət nahiyəsinə vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nüşabə Qurbanova bildirib ki, əri ondan su istəyən zaman bir qədər yubanıb və suyu gec gətirdiyi üçün mübahisə ediblər.
Zərərçəkmişin sözlərinə görə, əri onu qazanla vuraraq, göz nahiyəsinə xəsarət yetirib, sonra da döyüb. Əri ilə barışdığını söyləyən Nüşabə Qurbanova məhkəmədən ona cəza təyin olunmamasını xahiş edib.
Astara rayon Məhkəməsinin hökmü ilə Vüqar Əliyev Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmdən narazı qalan zərərçəkmiş Nüşabə Qurbanova apelyasiya şikayəti verib. Astara rayon Məhkəməsinə işə baxılan zaman əri tərəfindən xoş ifadələrlə ələ alındığını, bu səbəbdən barışdıqlarını qeyd edib.
Zərərçəkmiş bildirib ki, məhkəmə hökm çıxarandan sonra əri sözlərinə əməl etməyib, onu döyüb və atası evinə qovub. Bu səbəbdən zərərçəkmiş apelyasiya şikayətində ərinə cəza təyin olunmasını xahiş edib.
Nüşabə Qurbanovanın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Zərərçəkmiş şəxsin şikayəti təmin edilib, Astara rayon Məhkəməsinin hökmü ləğv edilib, Vüqar Əliyevin barəsində yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Vüqar Əliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib, ona 360 saat ictimai işlər cəzası təyin edilib. Hökmün icrası Vüqar Əliyevin qeydiyyatda olduğu Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Hacı Zeynalov