Qadın / Kriminal

“Zəng vurub dedilər ki, qardaşı başını kəsib”

Banu. | 25-11-2019, 10:39
2 035 0

Abşeron rayonunda qardaşın bacısının boğazını kəsib öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov hadisə ilə bağlı verdiyi açıqlamasında bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də sözügedən hadisəylə bağlı məlumat yayıb. O bildirib ki, Aytən Fərzalıyevaya sığınacaqda qalmağı təklif etsə də, qəbul etməyib: 
"Daha bir körpə ANASIZ qaldı...Aytən...Dəfələrlə sığınacaqda qalmasını təklif etdim. Acı taleyi onsuz da əvvəldən bəxtinə yazılmışdı. İndi zəng vurub dedilər ki, qardaşı aparıb başını kəsib.
Bir bəxtsiz körpəsi qaldı. Başı kəsilmiş bir qadının özünü müdafiə edəcək heç nəyi qalmadı".
“Qafqazinfo”