Qadın / Kriminal

Azərbaycan kişisinin qanına qəltan etdiyi “sevgi(li)”:Qadınlara qarşı cinayətlərə “namus” donu

Banu. | 23-10-2016, 13:34
2 426 0

 

 

Azərbaycan qadınlara qarşı törədilən cinayət xəbərləri ilə o qədər "doyurulub” ki, deyəsən hətta ən kriminal xəbərlə də kimsəni təəccübləndirmək olmur. Həyat yoldaşları, ailə üzvləri tərəfindən öldürülən qadınların sırasına çoxuşaqlı analar, hamilə qadınlar, cavan gəlinlər də daxil olur.Statistika artdıqca, cəmiyyətdə narahatlıq artmaq əvəzinə daha da azalır. Sanki hər şey adiləşir, öldürülən qadınlar sadəcə statistikaya daxil edilir, mütəxəssislər, qadın hüquqlarının müdafiəçiləri, mətbuat həyəcan təbili çalır. Hüquq-mühafizə orqanları araşdırma aparıldığını bildirir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi narahatlıq üçün ciddi əsas görməyərək inadla susur, bir neçə ay sonra mətbuat arvadını qətlə yetirən şəxsin çox zaman qapalı keçən məhkəməsindən xəbər yayımlayır.

Məhkəmədə günahkar tərəf özünə bəraət qazandırmaq üçün "namus söhbətlərini” açır, hakimlər inanmır, ittiham edilən tərəfi bu söhbətlərin əsassız olduğunu bildirir, qatil həbsxanada onu gözləyən cəzadan nə zamansa qurtulmaq ümidi ilə ora yollanır. Beləcə bir ailə insanlar üçün marağını itirir, yeni hadisələr köhnəni çox tez unutdurur. Öldürülən qadını xatırlayan isə ancaq statistika və yəqin ki, yaxınları olur. Vəziyyət illərdir ki, belə davam edir. Ancaq ən pisi davam etməklə qalmayıb, həm də daha da pisləşməsidir. Az qala hər gün qadınlara qarşı törədilən cinayətlərlə bağlı xəbər yayılır.

5 uşağın anasını kim öldürdü: sərxoş ər, yoxsa etinasızlıq?

Bu günlərdə Zaqatalada 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülmə xarakterli xəsarətlər olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub. Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib. Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb. Əri tərəfindən qətlə yetirilmiş Kainat Çobanovanın baldızı Əşayə Somarova onların ailəsində problemlərin olduğunu təsdiq edib. Hadisə barədə danışan Ə. Somarova deyib: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi". Beləcə ailənində hər kəs tərəfindən sevilən, sakit, mülayim xasiyyətli gəlin sərxoş ərin qurbanı olub. Özündən sonra isə düz 5 uşaq qoyub gedib. 5 uşağının anasına əl qaldırıb onu öldürəcək qədər döyməyə cəsarəti bu kişiyə ancaq içkimi verib, yoxsa cəmiyyətdən görmədiyi təpki onu bu qəddarlığına imkan yaradıb? Birinci nə qədər günahkardırsa, ikinci də o qədər günahkardır. Cəmiyyət susqundur, sadəcə izləyir, susaraq, heç bir qınaq olmadan. Nəticə isə göz qabağındadır.

17 yaşlı qıza əvvəlcə gəlinlik, sonra kəfən

İmişlidə isə ər öz yeniyetmə arvadını qətlə yetirib. Hadisə rayonun Gövhərli kəndində baş verib. Həmin kəndin sakini, 26 yaşlı Ağabba Alibaba oğlu Nəsirov arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovanya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb. 17 yaşlı qadını öldürən ərin hansı düşüncə sahibi olduğunu söyləmək çətindir. Ən çətini isə bu yaşda gənc birinin necə ailə qurmasıdır. Erkən nikah qurbanı olduğu ehtimal edilən 17 yaşlı yeniyetməni ər evinə, yoxsa məzara yola saldığının acısını yəqin ki, valideynlər də çəkəcək. Amma bu dərs başqa valideynlərə dərs olacaqmı? İndiyə qədərki müşahidələr göstərir ki, yox. Ümumiyətlə, indiyə qədər erkən nikaha görə məsuliyyətə cəlbetmə barədə demək olar ki, heç bir xəbər eşidilməyib. Cəzasızlıq mühitidirmi, yoxsa gənc qızların erkən yaşda ərə verilməsini görüb susanlar həm də toyda yedikləri bir qarın yeməyin əsrimi olurlar?İki ehtimalın da olması mümkündür.

Təkcə qadınlarını yox, uşaqlarını da öldürürlər

Azərbaycanda ərlər təkcə arvadlarını, bacılarını yox, həm də dünyaya gəlməmiş körpələrini öldürməkdən çəkinmirlər. Öz övladına əli qalxacaq qədər qəddarlaşan bu "atalar” üçün hardansa eşitdikləri "namus” söhbətləri övladlarının həyatından daha önəmli olur. Belələri dünyaya gələn təqdirdə uşaqlarını asanlqıla küçəyə ata, başqasına sata, uşaq evinə qoya, diləndirə, zamanı çatanda isə daha bir namus söhbətinə görə öldürə bilərlər. Gözlərini belə qırpmadan. Siyəzəndə də hamilə qadın bıçaqlanıb. Zarat kənd sakini olan 1981-ci il təvəllüdlü Aynurə Cəbrayılova əri tərəfindən biçaqlanıb. Xəstəxanaya aparılan qadının hamilə olduğu aşkar edilib. Ötən il isə hamilə qadının bıçaqlanması hadisəsi Oğuzda baş vermişdi. 29 yaşlı kişi hamilə həyat yoldaşını bıçaqlayıb. Rayonun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Teyub Aydın oğlu Atakişiyev həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Elman qızı Atakişiyeva ilə Bucaq kəndində yaşayan qaynatası Elman Qədirlinin evində ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı 29 yaşlı Teyyub Atakişiyev əlindəki bıçaqla həyat yoldaşı Röyalə Atakişiyevanın qarın boşluğuna bir bıçaq zərbəsi vurub. Röyalə Atakişiyeva aldığı bıçaq xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. 8 aylıq uşağının anasını məhz qarın boşluğundan bıçaqlayan ata üçün qadın qədər, övlad da dəyərsizdir.


Övladlarını ölümə göndərən valideynlər

Tez-tez belə hadisələrlə üzləşən "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəriMehriban Zeynalova deyir ki, qadınlara qarşı zorakılığın artmasının kökündə bir sıra səbəblər dayanır. Bura cəmiyyətdə günbəgün artan stress və gərginlik, ailələrin iqtisadi durumunun pisləməşsi, kənar təsirlərin ailələrə dağıdıcı müdaxiləsi, insanların psixoloji durumunda baş verən dəyişiklik, virtuallaşma kimi amillər daxildir: "Ailədə ilk mübahisədən qətl hadisələri nadir hallarda baş verir. Bura əksərən ehtiyatsızlıq ucbatından baş verən hadisələr aiddir. Cinayət hadisələri əsasən bir neçə dəfə davamlı münaqişənin olduğu ailələrdə qeydə alınır ki, buna da əsas səbəb ətrafdan biganəlikdir. Təəssüf ki, hələ də bir çoxları məsələyə "ər arvadı sevər də, döyər də” prinsipi ilə yanaşırlar. Halbuki bu, artıq təhlükənin siqnalıdır. Dvaamlı baş verən münaqişələrin sonunda faciənin gözlənildiyini təxmin etmək çətin deyil. Amma bəzən elə hallar olur ki, valideynlər övladlarını gözləyən təhlükədən xəbərdar olduqları halda müdaxiləni vacib hesab etmirlər. Qız övladı sanki onlar üçün ər evinə qədər övlad olur. Ondan sonra sanki yadlaşır və onun hansısa probleminə müdaxiləni uyğun hesab etmirlər. Belə düşünürlər ki, bununla ailəni dağılmaqdan qoruyurlar, amma təəssüf ki bu metod həmişə uğurlu olmur. Nəticədə övladlarının problemini həll etmək əvəzinə böyük faciəyə yol açırlar”.

"Əsl kişi”lərin qətliam maşını

Həmsöhbətimiz deyir ki, zorakılığa, işgəncəyə, qətlə əl atan kişilərə qarşı qanun sərt davransa da, cəmiyyət adekvat münasibət göstərmir. Bu da bir çox dəhşətli hadisələrə səbəb olur:

"Əvvəllər ictimai qınaq, el qınağı deyilən anlayış vardı. Bir kənddə, qəsəbədə, şəhərdə hansısa əməli törətmək istəyən şəxs hüquq-mühafizə orqanından daha çox bu qınaqdan çəkinərdi. Bir çox hadisələrin qarşısı məhz bu yolla alınardı. İndi bu qınaq yoxdur. Cəmiyyət baş verənləri laqeyd baxışlarla izləyir, müdaxilə barədə düşünmür və düşündüyü zaman da bu müdaxilə ancaq məsələni daha da qəlizləşdirməkdən ibarət olur. Bir çox hallarda ailə üzvləri illərlə işgəncə və ya zorakılıq faktını gizlədirlər. Bu faktların mövcudluğu ancaq dəhşətli sonla üzə çıxır. Sığınacağa gətirilən qadınlar arasında illərlə zorakılığa dözüb vəziyyətin düzələcəyi günü ümidlə gözləyən, el qınağından çəkinib bu barədə kimsəyə məlumat verməyən və hətta hüquq-mühafizə orqanlarının hansısa formada müdaxiləsinə də etirazını bildirən qadınlar az deyil. Onlar belə demək mümkündürsə, bəxti bir az da olsa, gətirənlərdir. Gec də olsa, məruz qaldıqları zorakılığa qarşı çıxa biliblər. Ancaq buna qarşı çıxa bilməyib sonunu gözləyənlər də az deyil və onlara ən böyük dəstək cəmiyyətin bu hadisələrə reaksiyası ola bilər. Nə qədər ki, həyat yoldaşını özü də bilməyən səbəb üzündən qətlə yetirən ərə "əsl kişi” kimi yanaşma sərgilənəcək, belə hadisələr təəssüf ki,azalmayacaq”.

Sevil Ağazadə