Qadın / Kriminal

Redaksiyaya basqın edən keçmiş rəisin özü və arvadı haqda yeni şok məlumatlar

Banu. | 2-10-2016, 17:49
4 216 0

Əkbərovlar dələduzluq yolu ilə yaxın qohumlarının küllü miqdarda pullarını mənimsəyib; Mahir Əkbərovun anası isə...  

Keçmiş polis rəisinin arvadı olmuş və dələduzluqda təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. 

Dələduzluqda təqsirləndirilən Leyla Əkbərova ona qarşı irəli sürülən ittihamlarla razı deyil. 

Qeyd edək ki, bu işdə L.Əkbərovanın həyat yoldaşı olmuş Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun da adı keçir.

AzadQadin.az bildirir ki, Musavat.com adı dələduzluqda hallanan L.Əkəbərovanın cinayə işi və onun həyat yoldaşının əməlləri ilə bağlı yeni təfərrüatlar əldə edib

Əvvəlcə Leyla Əkbərova haqda...

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunaraq 2015-ci ilin iyul ayında həbs edilib. L.Əkbərova özünü internat evinin direktoru və yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyərək insanların etibarını qazanaraq onlardan işə, təqaüdə, universitetə düzəltmək adı ilə külli miqdarda pul alıb. 

İş üzrə ən çox zərərçəkmiş şəxs kimi L.Əkbərovanın yenicə qohum olduğu Anarə Məmmədova və onun həyat yoldaşı Dəyanət Məmmədov tanınıb. Anarə Məmmədovanın qardaşı ilə Leyla Əkbərovanın nişanından sonra tərəflər arasındakı münasibətlər daha da yaxın olmağa başlayıb. Ancaq bu qohumluq uzun çəkməyib.

Qohumluq münasiblətləri başlayandan sonra Dəyanət Məmmədov işə düzəltmək üçün 42.000 manat, sonra təqaüd düzəltmək üçün 10.000 manat, diplom alınması üçün 6.500 manat, Anarə Məmmədova isə təqaüd düzəltmək üçün 4.000, diplom almaq üçün 5.000 manatı Leyla Əkbərovaya verib.

Diplom üçün aldğı pulu restoranına xərcləyib

L.Əkbərova istintaqa ifadəsində qohumu vasitəsi ilə D.Məmmədovu ikinci ali təhsil üçün Naxçıvan Dövlət Univesitetinə tələbə kimi düzəltməyə söz verdiyini etiraf edib. Daha sonra L.Əkbərova qayınanası Nigar vasitəsi ilə Dəyanəti Bakıda universitetə düzəldəcəyini vəd edib və ondan 12.000 manat pulu alıb. Həmin pulu da əri Mahir Əkbərova verib.

L.Əkbərovanın istintaqa dediklərinə görə, iş alınmadığı üçün Dəyanət verdiyi pulu Mahir Əkbərovdan geri istəyib. M.Əkbərov isə həmin 12.000 manatı özünün restoranının sənədləşməsi üçün xərclədiyini və qısa müddətə qaytaracağını bildirib. 

Anarə Məmmədova ümumilikdə ona 110 min manata yaxın maddi zərər dəydiyini deyir. L.Əkbərova isə aldığı pulları geri qaytardığını söyləyir.

Məktəbdə "Zavxoz” işinə düzəlmək üçün 12 min manat

Digər zərərçəkmişlər Anarənin əmisi qızı Şəfəq Əliyeva internat məktəbində müəllimə kimi işə düzəlmək üçün 5.000 manat, Anarənin digər əmisi qızı Raydə Məmmədova işə düzəltmək üçün 5 min manat, Anarənin qonşusu Pərvanə Tağıyevanı işə düzəltmək üçün 9.000 manat, Anarənin qaynatası Nurməmməd Məmmədova təqaüd düzəltmək üçün 4.000 manat, qaynanası İradə Məmmədovaya təqaüd düzəltmək üçün 3.500 manat, Anarənin atası Vəli Zəkiyev təqaüdə düzəlmək üçün 10.000 manat, Anarənin anası Heyran Zəkiyeva təqaüdünün artırılması üçün 4.000 manat, eyni məqsədlə Anarənin xalası Zahidə Məmmədova 3.000 manat, digər xalası Ceyran Həsənova 3.000 manat, Anarənin qonşusu Yeganənin qardaşı İsaq Loymanov məktəbdə "Zavxoz” işinə düzəlmək üçün 12.000 manatı Anarə vasitəsi ilə Leyla Əkbərovaya verdiklərini istintaqa ifadələrində bildiriblər.

Keçmiş polis rəisinin anasının da adı cinayət işində

Zərəçəkmiş Anarə Məmmədova istintaqa ifadəsində bildirib ki, həyat yoldaşına ikinci ali təhsil diplomu alması üçün danışıqlarda Mahir Əkbərov şəxsən iştirak edib və bu məsələ ilə bağlı onunla bir neçə dəfə telefon əlaqəsi də yaradıb. M.Əkbərov da işin həll ediləcəyi ilə bağlı A.Məmmədovaya vəd verib.

Leyla Əkbərova istintaqda və məhkəmdə ifadə verərək ittihamlarla razılaşmayıb və aldığı pulları geri qaytardığını qeyd edib. Mahir Əkbərov da istintaqa eyni məzmunda ifadə verib.

İş üzrə şahid qismində dindirilmiş Mahir Əkbərovun anası Nigarə Əkbərova da ittihamlarla razılaşmışır. Qeyd edək ki, Nigarə Əkbərova 1998-ci ildən Bakı şəhəri Səbail rayonu Əhalinin Sosial Müdafiə mərkəzində sektor müdiri vəzifəsində çalışır.

Leyla Əkbərova saxta sənədləri özü hazırladırmış

Bu cinayət işi ilə bağlı o da məlum olub ki, Leyla Əkbərova saxta sənədləri internet klubda hazırladırmış. Hazırlanan sənədlərə isə şəxsən özü başqalrının adından imza çəkirmiş. Saxta sənədlərin hazırlanmasında iştirak edən Ramin Ağayev adlı şəxs də dindirilib.

Şahid qismində dindirilmiş Ramin Ağayev deyib ki, kompüter proqramçısı və foto dizayner kimi 2014-cü ilin sentyabr ayında Xətai rayonu G.Şıxlinski küçəsi 15 ünvanda yerləşən foto-atelyedə çalışıb. 

R.Ağayev ifadəsində həmin ərəfədə bir nəfər əvvəllər tanımadığı şəxsin gələrək ona vərəqlərin arasında bir neçə sənəd verdiyini, içərisində dəyişiklik etmək lazım olduğunu deyib. O, bunun qanunsuz olduğunu deyərək əvvəlcə bu təklifdən imtina etdiyini, sonradan Leyla Əkbərovanın atelyeyə gələrək özünü direktor kimi təqdim etdiyini və ərinin də polis olduğunu söylədiyini deyib. R.Ağayev bundan ehtiyat edərək 10 manat qarşılığında təkliflə razılaşdığını söyləyib.

Maraqlı olan isə L.Əkbərovanın törətdiyi əməli ağırlaşdıran hal kimi Cinayət Məcəlləsinin 61.1.3-ci maddəsi göstərilir. Belə məlum olur ki, L.Əkbərova qabaqcadan bir qrup şəxslə əlbir olaraq bu əməli törədib.

Keçmiş polis rəisi Mahir Əkbərov haqda...

Polis rəsinin keçmiş arvadı və özünün əməlləri barədə bundan əvvəl də bir çox mətbuat orqanlarında və musavat.com-da məlumat dərc edilib. Həmin məlumatların sonuncusu Bağı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesindən idi.

Sonuncu məhkəmə prosesi ilə bağlı dərc edilən yazıdan sonra Mahir Əkbərov əvvəlcə redaksiyamızla telefonla əlaqə saxlayaraq yazının silinməsini tələb edib. Ardınca isə redkasiyaya hücum edib. Həmin o, əməkdaşımızı təhqir edərək, hədə-qorxu gəlib. 

Əvvəlcə M.Əkbərovla bağlı qeyd edək ki, o, işində yol verdiyi çoxsaylı nöqsanlara görə daxili işlər naziri Ramil Usubov tərəfindən polis orqanlarında qovulub. Hələ vəzifədən kənarlaşdırılmadan öncə, 2014-cü ilin oktyabr ayında Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin rəisi olarkən polis mayoru Mahir Mikayıl oğlu Əkbərova nazir Ramil Usubov tərəfindən töhmət verilib. 

Ancaq M.Əkbərov nədənsə bunları "unudub”. Redaskiyamızla əlaqə saxlayarkən əvvəlcə qeyd edir ki, o, ümumiyyətlə polis əməkdaşı olmayıb. Və ardınca bizi ən ağır sözlərə təhqir edir. Təbii ki, keçmiş polis rəsinin bu dedikləri səs yazıları ilə də sübut etmək mümknüdür.

Mahir Əkbərovun redaksiyamıza hücumu...

M.Əkbərovun sonrakı narazılığı isə Leyla Əkbərova ilə birlikdə olan şəklinin saytda yerləşdirilməsi olur. M.Əkbərov iddia edir ki, o, arvadından 1994-cü ildə boşanıb. Keçmiş arvadının dələduzluğu ilə əlaqəsinin olmadığını deyən M.Əkbərov "söhbəti həll eləmək” üçün redaksiyamıza hücum çəkir. Hədə-qorxu gəlməkdə davam edən M.Əkbərov özü də etiraf edir ki, bəzi şəxslərdən pul alıb. Həmin pulları yüksək vəzifəli şəxslərə verdiyini deyən M.Əkbərov yazını hazırlayan müxbiri maşının arxasına bağlayıb, sürüyəcəyini deyir. Onu döymək üçün redaksiyadan bayıra dəvət edir.

M.Əkbərov üçün xatırlatma veririk ki, o, 1994-cü ildə Leyla Əkbərova ilə ailə həyatı qurub və birgə nigahlarından üç övladları var. Onun arvadına qarşı boşanmaq iddiası isə məhz dələduzluq məsələsi ortaya çıxdıqdan sonraya təsadüf edir. Bunu Bakı Apellyasiya Məhkəməsinin rəsmi saytında yerləşdirilən məlumatla da dəqiqləşdirmək mümkündür. Apellyasiya Məhkəməsinin saytında yer alan məlumata görə, tərəflər arasında boşanmaq iddiası üzrə son məhkəmə prosesi 2015-ci ilin 18 avqustunda baş tutub.

Hədə-qorxu gələn M.Əkbərov iddia edir ki, onun adı L.Əkbərovanın cinayət işində hallanmır. Ancaq yuxarıda da qeyd etdiklərimizdən görünür ki, onun adı zərərçəkmişlərin ifadəsində yer alır, istintaqa şahid kimi ifadə verib. Digər bir məsələ isə M.Əkbərovun özünün və anasının əməlləri ilə bağlı araşdırmaların aparılmasıdır. Belə ki, L.Əkbərovaya cinayət işi açıldıqdan sonra M.Əkbərov və anası ilə bağlı daxil olan şikayətlərə bağlı da araşdırmalar aparılır. 

Yəqin ki, onun əməllərinə də hüquqi qiymət veriləcək..