Qadın / Kriminal

Qadınlara qarşı 30 min cinayət törədilib

Banu. | 24-06-2018, 12:00
500 0



Ailədaxili zorakılıqlar artan xətt üzrə davam edir Əhməd Qəşəmoğlu: «Azərbaycan ailəsi indiyə qədər görünməmiş gərginlik içindədir»
1 il 8 aydır övladı ilə görüşə bilməyən Məryəm Nəsirovanın müraciətini dərc etmişdik. O, 2013-cü ilin noyabr ayında azyaşlı qızı Natella ilə görüşməyə gedərkən keçmiş həyat yoldaşı və qayınanası tərəfindən fiziki təzyiqlərə məruz qaldığını demişdi. M.Nəsirova ağır bədən xəsarətləri alsa da, Gəncə şəhər, Nizami Rayon Polis İdarəsi Pakt üzrə cinayət işinin açılmasını rədd edib…

M.Nəsirova ölkədə fiziki və psixoloji təzyiqlərə məruz qalan nə ilk, nə də son qadındır. Bəs qadınlara qarşı olan zorakılıqların kökündə nə durur? Zorakılıq hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Qanun belə hadisələr baş verərkən bir çox hallarda qadınları niyə müdafiə edə bilmir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, 2014-cü ildə qadınlara qarşı 2114 cinayət törədilib: "2015-ci ilin I rübündə bu rəqəm 567 olub. Əvvəlki illərlə müqayisədə qadınlara qarşı törədilmiş ümumi cinayətlərin sayında bir qədər artım müşahidə olunur. Burada ailə münaqişəsi, habelə cəmiyyətdə, iş yerində qadınlara qarşı zorakılıqdan söhbət gedir".
E. Səfərov bildirib ki, 2014-cü ildə qısqanclıq, ailə münaqişəsi zəminində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 782 fakt təşkil edib: "2015-ci ilin birinci üç ayı ərzində bu rəqəm 167-dir. Əvvəlki illərlə müqayisədə burada fərq o qədər də böyük deyil".
Şöbə müdirinin sözlərinə görə, 2014-cü ildə məhkəmələrdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna 8 fakt üzrə istinad edilib: "2015-ci ilin 5 ayı ərzində isə iki işdə bu qanuna istinad olunub".

E. Səfərov qeyd edib ki, 2014-cü ildə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" beynəlxalq konvensiyasında 2014-cü ildə ölkə məhkəmələrində 3, 2015-ci ilin 5 ayı ərzində isə 1 iş üzrə istinad edilib.

Son 5 ilin statistikası

Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilən "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi" adlı konfransda bildirib ki, son beş ildə Azərbaycanda qadınlara qarşı 30 277, o cümlədən zorakılıqla bağlı 18 486 cinayət qeydə alınıb. Onun sözlərinə görə, həmin dövr ərzində müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub.

Nazir müavini bildirib ki, bu hüquqa zidd əməllərə görə, 18 948 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub: "2014-cü ilin 9 ayında isə qadınlara qarşı 4 195, o cümlədən zorakılıqla bağlı törədilən 1687 cinayət faktı qeydə alınıb. 2024 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 23 faizi və yaxud hər beş hadisədən biri ailə-məişət münaqişəsi zəminində baş verib.
O.Zalov bildirib ki, son beş ildə qadınlara qarşı baş verən 30 min 277 cinayətin 6933-ü 2009-cu ildə, 6507-si 2010-cu ildə, 6705-i 2011-ci ildə, 5478-i 2012-ci ildə, 4654-ü 2013-cü ildə qeydə alınıb".

Bəs qadınlara qarşı artan cinayətlərin kökündə nə durur?

Azadqadin.az- ın məlumatına görə, Sosioloq Əhməd Qəşəmoğlu "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, bu məsələ olduqca mürəkkəbdir. Tam əminliklə statistikanı doğru adlandırmaq olmaz: "Ona görə ki, bizim ölkəmizdə bu sahədə statistikanın toplanma metodları ümumiyyətlə lazımi səviyyədə deyil. Hələ məlum deyil ki, o rəqəmlər nə qədər realdır,onların arxasında duran proseslərdə nələr var və s. Qadınlara qarşı olan zorakılıqlar deyiləndə nələr nəzərdə tutulur, kim hansı orqanlara müraciət edir? Ona görə belə məsələlər Azərbaycan statistikasında həmişə amorf şəklində olur. Bu rəqəmlərdən tədqiqat zamanı mən istifadə etmirəm. Çünki bu rəqəmlərə həmişə bir sual işarəsi var. Ancaq bununla yanaşı ümumi şəkildə demək olar ki, qadınlara qarşı zorakılıqlar artır".

Ə.Qəşəmoğlunun sözlərinə görə, qadınlara qarşı zorakılığın artması ilə paralel qadınlar tərəfindən kişilərə qarşı olan zorakılıqlar artıb. "Biz sadəcə olaraq belə bir mənzərə yaradırıq ki, Azərbaycanda ailələrdə qadınlara qarşı zorakılıq var və artır. Ölkədə elə bir mühit var ki, qadınlar sərbəstlik, azadlıq məfhumunu lazım olan qədər mənimsəməyiblər. Bəziləri elə azadlıq, sərbəstlik dedikdə ürəyi nə istədi etmək, evdə istədiyi kimi davranış sərgiləmək başa düşür. Ortada gərginliyin yaranmasının əsas səbəbi isə kişilərin daha çox adət-ənənənin qorunması tərəfdarı olması, konservativ olması, qadınların isə azadlıq, sərbəstlik meyarlarını yanlış anlamasıdır. Bunlar məsələnin mənəvi tərəfləridir. Ancaq iqtisadi amillər də burada müəyyən qədər rol oynayır. Çünki Azərbaycan ailəsi indi heç vaxt olmadığı qədər gərginlik yaşayır. Bu da ailələrdə söz-söhbətə səbəb olur. Kişinin evə lazımi qədər gəlir gətirə bilməməsi, qadının özünü həddindən artıq sərbəst aparması problemlər yaradır. Statistikaya baxmadan da demək olar ki, bu rəqəmlər get-gedə artacaq. Cəmiyyətdə maddi dəyərlər qabağa keçəndə, mənəvi dəyərlər basqı altında olduqda gərginliyin artması qaçılmazdır".

Azad İsazadə: "Ailədaxili zorakılığa qarşı təkcə polis yox, cəmiyyət mübarizə aparmalıdır"
Psixoloq Azad İsazadə isə deyir ki, qadınlara qarşı zorakılıqlarda bir çox amillərin rolu var. "Sözsüz ki, əsrlər boyu hansısa ənənələr yaranıb. Kişilərin hökmranlığıdır. Yəni padşah da, din xadimi də kişi olurdu. Qadın üçün ancaq uşağa baxmaq, yemək bişirmək funksiyaları verilmişdi. Bu problemin kökü ümumiyyətlə, dərindir. Qadına qarşı olan zorakılığa hər yerdə rast gəlinir. İndiki zamanda isə zorakılığa məruz qalan insanların dövlət tərəfindən qorunması vacibdir. Çünki bu problem əvvəldən də var idi, indi də qalır. Qanun qəbul olunmasına baxmayaraq zorakılıq halları ilə rastlaşırıq. Burda ilk növbədə söhbət tədqiqatdan, təhsildən getməlidir. Ailədaxili zorakılığa qarşı təkcə polis yox, cəmiyyət mübarizə aparmalıdır".

A.İsazadənin fikrincə, bu halların qarşısını almaq üçün ilkin və düzgün istiqamət qadınların biliklərini, öz hüquqları uğrunda mübarizə qüvvələrini artırmaq lazımdır: "Sözsüz ki, düzgün kişi cəmiyyəti ilə də işləmək lazımdır. Söhbət təkcə Azərbaycandan getmir. Şərq ölkələrində, Amerikada sözsüz ki, qadının hüququ praktiki olaraq tam kişi hüququna bərabər götürülür. Ancaq həmin ölkədə periodik olaraq belə problemlər yaşanır. Kiçik formada diskriminasiya hələ də qalıb. Maaş, karyera məsələsi eyni olmalıdır. Bərabərliyə kiçik şeylərdən başlasaq, nə vaxtsa bu cinayətlərin də sayı azalacaq".

Mehriban Zeynalova: "Mədəni insanın davranışında zorakılıq ola bilməz"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, qadınlara qarşı zorakılıqla mübarizə üçün ən önəmli vasitə qadının rolunu kişi ilə bərabərləşdirməkdir: "Bu məsələdə mədəni səviyyənin yüksəlməsi ən böyük şərtdir. Bu gün adi görünən davranışların kökündə mədəniyyətsizliyin təzahürü özünü göstərir. Mədəni insanın davranışında zorakılıq ola bilməz. İnsanlar kitab oxumur və eyni zamanda duyğulardan, hisslərdən məhrum olurlar. Hisslər qabalaşır və kobudlaşır. Mahnılarda daha çox kədər və mənfi enerji var. Bu gün mahnılar da daha çox ölümdən danışır. Bir çox başqa amillər də var. Son zamanlar teatr tamaşaları ilə bağlı təbliğat getsə də, digər mədəni tədbirlər kifayət qədər təbliğ olunmur".
M.Zeynalova deyir ki, bu faktorlar zorakılığın qarşısını ala biləcək zəncirdir. "Cinslərin birinin zəifləməsi digərinin güclənməsi və ya əksi heç bir effekt verməz. Cinslərin ikisinin bərabər güclənməsi, lakin bu gücdən sui istifadə etməkdə qarşılıqlı hörmət və subordinasiya çərçivəsində istifadə etmək lazımdır. Bu isə tərbiyə və nümunələrdən bəhrələnə bilər. Zorakılıq şüurdan, davranışdan, nümunədən başlayır".

Ehsan Zahidov: "Son 5 ildə qadınlara qarşı zorakı cinayətlərin sayı 2,1 dəfə azalıb"

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə virtualaz.org saytına açıqlamasında həmin rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb: "Bu rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, bu ilin I rübündə qadınlara qarşı törədilən cinayətlərin sayı ötən ilin analoji dövründə törədilən cinayətlərin sayı ilə müqayisə edildikdə bu növdən olan cinayətlərin artımının 5 dəfə (!) yox, cəmi 18,2 faiz olduğu üzə çıxır. Bu hüquqazidd əməllərin profilaktikası sahəsində daxili işlər orqanları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər müsbət nəticələrlə müşayiət olunaraq son 5 ildə qadınlara qarşı zorakı cinayətlərin sayı 2,1 dəfə azalıb. O cümlədən məişət zəminində cinayətlərin sayında 1,9 dəfə azalma qeydə alınıb. Bu müddətdə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində göstərilən növ cinayətlərin açılması orta hesabla 85,2 faiz təmin edilib".

Aysel İsgəndərli