Qadın / Kriminal

Sensasion fırıldaq: Bağça müdirəsi 200 nəfərin adına kredit götürüb aldatdı

Banu. | 8-04-2015, 14:53
5 515 23


“Atamın goru haqqı, ödəyəcəm” demişdi...”
AzadQadin.az virtualaz.org saytının “Sensasion fırıldaq: Bağça müdirəsi 200 nəfərin adına kredit götürüb aldatdı” başlıqlı məqaləsini təqdim edir:

...Bu fırıldaq Qazaxda hər kəsi şoka salıb. Onun miqyası inanılmazdır. Axı bir kəndin nə az, nə çox - 200-dək sakini bu fırıldağın qurbanı olub. Lakin bu əməli törədənlər hələ ki, qanun qarşısında cavab verməyib. Hələ ki...

Müdhiş fırıldaqçılıq hadisəsi Qazaxın Xanlıqlar kəndində baş verib. Kənddəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova 200-dək həmkəndlisinin adına müxtəlif yollarla və fərqli məbləğlərdə kredit götürüb və... qaytarmaqdan imtina edir. Onun bu əməlinin üstü ötən ilin may ayında çoxalan şikayətlərdən sonra açılıb.

X.Əsgərovanın bu əməli haqda məlumatı virtualaz.org saytına yeni yaranan ADR hərəkatının Qazax rayon şöbəsinin sədri Nazim Haqverdiyev verib.

Saytın müxbiri bu olayı araşdırmaq, kənd sakinlərinin şikayətini yerində dinləmək üçün Qazaxa ezam olunub.


Bağça müdirəsi banklarla necə dil tapıb?

Kənd sakinləri ilə söhbətimizdə onların problemləri və X.Əsgərova tərəfindən necə aldadıqlarının təfərrüatlarını öyrəndik. Kənddə 30-dan çox aldadılmış şəxslə görüşdük. Hər kəs əlində bankdan gələn xəbərdarlıq kağızı dərdini danışmağa başlayır.

Məlum olur ki, təkcə Xanlıqlar kəndində 183 nəfər X.Əsgərovanın “kredit əməliyyatı”nın qurbanı olub. Bağça müdirəsi bu insanların ona olan etimadından sui-istifadə edərək adlarına “Zaminbank”, “Beynəlxalq Bank”, “Kredaqro” Qeyri-Bank Kredit Təşkilatı, “Finca-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı və “Kapital Bank”ın Qazax şöbələrindən kredit götürüb. Elə adam var ki, onun adına bu bankların hamısından kredit götürülüb.

Kənd sakinlərinin şikayətlərini dinləməzdən əvvəl ümumi vəziyyəti izah edək və bu suala cavab arayaq: bağça müdirəsi bu qədər insanı necə aldadıb?

X.Əsgərova əslən Xanlıqlardandır. Kənd yeridir, sakinlərin əksəriyyəti bir-biri ilə uzaq da olsa qohum sayılır. Elə X.Əsgərova da kənd sakinlərinin çoxu ilə qohumdur. Əksərinin adına krediti də elə bu qohumluq əlaqələrindən istifadə edərək götürüb. Gah müdirə statusundan yararlanıb, gah da oğluna qonşu kənddə ev almağı əsas gətirərək həmkəndlilərinin razılığını alıb.

X.Əsgərovanın adına kredit götürdüyü şəxslər arasında ümumiyyətlə heç yerdə işləməyən, bu kreditlərdən xəbəri olmayan, hətta fiziki qüsurlu insanlar da var.

Sakinlərlə söhbətimizdən məlum olur ki, X.Əsgərova bu “kredit əməliyyatı”na 2012-ci ildən başlayıb. Bu illər ərzində kreditlərin bir hissəsini ödədiyi üçün problem yaşanmayıb.

Bəs necə olub ki, banklar işsizlərə, maaşı az olanlara kredit verib?

Əsgərovanın adına kredit götürdüyü şəxslərin sayı 2013-2014-cü illərdə həddən artıq çoxalıb. Bundan sonra kreditlərin ödənilməsində problemlər yaranıb və X.Əsgərovaının əməlləri ortaya çıxıb...

Bir məsələni də qeyd edək: X.Əsgərova adına kredit götürdüyü şəxslərə əvvəlcədən bərk-bərk tapşırırmış ki, bu barədə heç kimə heç nə deməsinlər.

Lakin ötən ilin sonlarında kreditlə bağlı yaranan çoxsaylı problemlərdən sonra bank işçiləri kəndə ayaq açıb. Onlar qapı-qapı gəzərək sakinlərə xəbərdarlıq edib, kredit borclarının olduğunu deyiblər. Bundan sonra kənd sakinləri bir-birinin borcundan xəbər tutub. Bu söhbət yavaş-yavaş bütün kəndə yayılıb...

Sakinlərin şikayətlərini dinlədikcə çoxsaylı suallar yaranır. Eyni zamanda o da aydın olur ki, bu, X.Əsgərovanın heç də təkbaşına qol qoya biləcəyi fırıldaq əməli ola bilməz. Çünki ortada saxta arayışlar, etibarsız sənədlər, fiziki qüsurlu insanlara verilən kreditlər var.

Azərbaycanda vətəndaşların əksəriyyəti kredit götürür. Bank müştərisi olan hər bir kəs bilir ki, heç bir bank vətəndaşa sadə yollarla və asanlıqla kredit vermir. Kredit şərtləri çətin olur. İş yerindən arayış tələb olunur. Bu arayışdan sonra sənin hansısa bir banka borcunun olub-olmadığı araşdırılır. Daha sonra necə müştəri olduğun yoxlanılır. Ailə vəziyyəti, aylıq gəlirlər hesablanır. Bircə günlük gecikmə olanda da bankdan ilk xəbərdarlıq edilir və s.

Amma bəs bu kənddə nələr baş verib? İşləməyən şəxslərə verilən kreditlər, pensiyaçıya 4 bankdan verilən kredit, 120 manat maaş alan müəlliməyə 4 bankdan verilən kredit, ən əsası isə bu kreditlərin ödənilməsindəki gecikmələrə görə müştərilərə 1 il sonra edilən xəbərdarlıq...

Şikayətini dinlədiyimiz ilk kənd sakini Rəcəb İsayev öncə X.Əsgərova ilə qohum olduğunu vurğulayır. Deyir X.Əsgərova oğluna ev aldığını deyərək onun üçün kredit götürməyi xahiş edib. Bununla razılaşan R.İsayevin adına “Zaminbank”dan 2500 manat kredit götürülüb. Bundan başqa X.Əsgərova R.İsayevin xanımının da adına “Zaminbank”dan eyni məbləğdə kredit götürüb. Bu da az deyilmiş kimi R.İsayevin anasının da adına 4 bankdan ayrı-ayrı məbləğlərdə kreditlər götürülüb. Hamısı da X.Əsgərova üçün...

Ödəniş edilmədiyindən bank əməkdaşları İsayevlərin evinə gəlib. Məhz onda xəbər tutublar ki, ailənin banklara külli miqdarda borcu var. R.İsayev fəhlədir. Anası isə 160 manat təqaüd alır. Bu təqaüdün yarısı “Zaminbank”a, qalan yarısı isə “Kapital Bank”a olan borca tutulur. Yəni qadın faktiki olaraq pensiyasından məhrum, deməli, ac yaşamağa məhkum edilib.

Məhkəmə qaşı tərəf olmadan necə qərar çıxarıb?

Banklar kreditlərin ödənilmədiyini görərək məhkəməyə üz tutublar. Məhkəmə isə vətəndaşların iştirakı olmadan qərar çıxarıb ki, maaş və ya təqaüd alan borcluların hesabından pul tutulsun və borcları bağlansın. Narazı sakinlər də buna etiraz edir.

“Axı necə ola bilər ki, bizim iştirakımız olmadan məhkəmə keçirilsin, qərar verilsin?” - deyə Xanlıqlar sakinləri şikayətində bildirir.

Bütün bu proseslərdən məlum olur ki, X.Əsgərova bu işdə tək deyil. Axı bir bağça müdiri necə ola bilər ki, 200 nəfərə yaxın şəxsə kredit düzəltsin və banklar da buna etiraz etməsin?

Kənd sakinləri üzləşdikləri problemlə bağlı rayon polis şöbəsinə, rayon məhkəməsinə, prokurorluğa, icra hakimiyyətinə müraciət ediblər. Lakin onlara heç bir kömək göstərilməyib.

X.Əsgərovanın “oğluma ev alıram” yalanının daha bir qurbanı - Xanlıqlar kənd orta məktəbinin müəlliməsi Münəvvər Məmmədova başına gələnləri belə danışır: “Bir kənd ziyalısı kimi ona hörmət edirdik. Kredit götürəndə kənd sakinlərinin bir-birindən xəbəri olmayıb. Məktəbə gedirdim, Xatirə xanım qabağıma çıxıb dedi oğluma ev alıram, pul lazımdır. Mən də övladlarımın müalicəsi üçün 5000 manat kredit götürmüşdüm. Dedim ki, kredit götürə bilmərəm, adıma kredit var. Xatirə isə mənə bu problemi həll edəcəyini dedi. Şəxsiyyət vəsiqəmi ona verdim. “Zaminbank”dan adıma 4500 manat kredit götürdü. Sonra mən özüm üçün yenə kredit almaq istədim. Amma bankdan dedilər ki, adınıza kredit olduğundan sizə yeni kredit verə bilmərik.

Xatirə bir də mənim adıma kredit götürməyi təklif etdi. Amma o zaman ödəniş etmədiyini bilmirdim. Mənə kredit verməyən banklar Xatirənin düzüb-qoşması ilə yenidən 1800 manat kredit verdilər. Bu kreditlərin heç birində bankdan pulu mən almamışam. Xatirə özü götürüb. O, bu kreditləri ödəməyib. Keçən ilin sentyabr ayından bəri maaş almıram. 220 manat maaşımın yarısını “Kapital Bank”, qalan yarısını isə “Zaminbank” tutur. Kartıma maaş köçürülmür. Uşaqlarım xəstədir. Mənim iştirakım olmadan məhkəmə qərar çıxarıb ki, maaş verilməsi dayandırılsın. Bütün sakinlərlə birgə şikayət etmişik. Amma şikayətimizə baxan olmayıb”.

Bankdan kredit götürən şəxs vəsiqəsini təqdim etmədən necə pul ala bilər?

Sakinlərlə söhbətimiz zamanı məlum olur ki, heç kəs bankdan pul götürərək Xatirə Əsgərovaya verməyib. Onlar banka gedib qol çəksələr də pulu kassadan X.Əsgərova özü götürüb. Məlumdur ki, bankdan kredit götürən şəxs sənədləşmə işi başa çatandan sonra kassaya yaxınlaşır və ona verilən məbləği yalnız şəxsiyyət vəsiqəsini təqdim edəndən sonra ala bilir. Burada daha bir sual yaranır: bəs X.Əsgərovanın banklarla hansı əlaqəsi var ki, ona belə “güzəştlər” edilir?

“Pulu Xatirənin özünün aldığını bankların nəzarət kameraları da sübut edə bilər”- deyə sakinlər bildirir.

O da məlum olur ki, bəziləri sadəcə olaraq şəxsiyyət vəsiqəsini X.Əsgərovaya verib. O isə öz növbəsində bütün prosesi özü həyata keçirib. Vətəndaş heç banka getmədən, imza atmadan ona kredit ayrılıb.

Zərərçəkənlərdən biri də Yaşar Həmşəyevdir. O və ailəsi X.Əsgərovanın həm də nağd pul aldığı qurbanlardandır.

Belə ki, X.Əsgərova Y.Həmşəyevin adına bir dəfə kredit götürüb. Bu krediti vaxtında bağlayıb. Daha sonra isə onun anasının adına kredit götürüb. Amma bu krediti ödəməyib. X.Əsgərova onlarla da qohumdur.

Y.Həmşəyevin dediklərindən: “Polisə, prokurorluğa, məhkəməyə müraciət etmişik. Deyirlər bizlik deyil. Xatirə anamın qızıllarını və 20 min manat nağd pulumuzu götürüb. 8 il Rusiyada işləmişəm. Anam yığdığım pula burada mağaza almaq istəyirdi. Xatirənin tanışı Pərvanə Süleymanova mağazasını satırdı. Ondan mağazanı almaq üçün 20 min manat verdik. O pul da getdi. 8 aydır bu hadisə baş verib. Prokurorluğa şikayət edirsən, xeyir yoxdur”.

Heç yerdə işləməyən şəxslərin adına da kredit götürüldüyünü deyən Y.Həmşəyev əlavə edir: “Dostum Arzu Nəsibov xəstədir. Evdə yatır. Onun da adına kredit götürüblər. Saxta arayış düzəldiblər ki, guya o, bağçada gözətçi işləyir. Başqa kəndlərdə də bu problem var”.

Şikayətçilərlə söhbətimizdə məlum olur ki, X.Əsgərova bağçada işləyən xadimədən tutmuş aşpaza qədər hamının adına kredit götürüb.

Bağçada işləyənlərdən biri də Sara Daşdəmirovadır. Bağçada aşpaz işləyən S.Daşdəmirova X.Əsgərova üçün bankdan kredit götürməsini belə danışır: “Xatirə mənə dedi rəfiqəm Pərvanə işə düşüb, ona kömək edəcəm. Xahiş etdi ki, adıma kredit götürək. “Zaminbank”dan adıma 2500 manat, “Beynəlxalq Bank”dan 3000, “Aqrobank”dan isə 1000 manat kredit götürdü. Bir il “Zaminbank”dan mənə dedilər ki, kreditiniz ödənilib. Sonra məlum oldu ki, yalandır. Bütün borc durur və əlavə olaraq da faiz gəlib. 108 manat maaş alıram. Yarısını “Zaminbank” tutur. Digər banklar hələ gözləyir”.

X.Əsgərovanın “kredit əməliyyatı”nın qurbanı olan pensiyaçı Aybəniz Nəsibova da şikayətini danışır: “Şəkər xəstəsiyəm, oğlum isə dializ xəstəsi. Xatirə mənim adıma “Zaminbank”dan 2500 manat, “Kapital Bank”dan isə 1100 manat kredit götürüb. Keçən ilin oktyabrından pensiyam tam kəsilib. Bağçada xadimə işləyirəm. 118 manat maaşımın 74 manatı tutulur”.

Söhbətə başqa xadimə Sədaqət Nəsibova da qoşulur: “Orta məktəbdə xadimə işləyirəm. Xatirə dedi ev alacam, pulum çatmır. 3 bankdan - “Zaminbank”, “Beynəlxaq Bank” və “Kapital Bank”dan adıma kredit götürüb. Qızımı da zamin durmaq adı ilə aldadıb banka aparıb. Sonra məlum oldu ki, qızımın da adına kredit götürüb”.

““Atamın goru haqqı, ödəyəcəm” demişdi...”

Söhbət zamanı kənd sakinləri onu da deyir ki, zərərçəkənlər arasında xeyli müəllim, bələdiyyə və icra hakimiyyəti işçiləri də var. Lakin onlar işlərini itirməkdən qorxduğu üçün şikayət etmir və hazırda çətinliklə də olsa kreditlərini ödəyirlər.

Narazı kənd sakini Sevil Qədimova danışır: “Peşə məktəbində arxiv müdiri işləyirəm. Xatirə evimizə gəldi. Dedi oğluma ev alıram, 3 min manatım çatmır. “Qurban olum, başına dönüm”lə məni yola gətirdi. Dedi atamın goru haqqı, ödəyəcəm. Elə evdə kağıza qol çəkdim. Sonra gedib adıma “Zaminbank”dan 3 min manat kredit götürüb. İndi hansı banka gediriksə, deyirlər adınıza kredit var, verə bilmərik. Banka şikayət edirəm, deyirlər ödəməlisən”.

X.Əsgərovanın yanında - bağçada ayda 21 manat maaşa (bunun özü də çox maraqlıdır-müəl.) köməkçi işləyən Əminə Hüseynova indi sosial yardımdan mərhum olub.

Ə.Hüseynova indi heç yerdə işləmir. Heç yoldaşı da. 4 uşaqları var. X.Əsgərova onun və həyat yoldaşının adına “Zaminbank” və “Beynəlxalq Bank”dan 2500-3000 manat kredit götürüb. Kredit götürdükləri üçün sosial yardımları dayandırılıb. İndi ailənin bir qəpik də olsun gəliri yoxdur.


İşsiz epilepsiya xəstəsinə necə kredit verildi?

X.Əsgərova epilepsiya xəstəsi olan şəxsin də adına kredit götürüb. Bunu bizimlə söhbətində Yasəmən Əsgərova deyir.

Y.Əsgərovanı dinləyək: Xatirənin “Zaminbank”dan adıma kredit götürməsinə razı oldum. Amma oğlum və gəlinim heç yerdə işləmir. Onların da adına kredit götürüb. Oğlum epilepsiya xəstəsidir. Saxta arayış düzəldib ki, guya “Akkord”da sürücü işləyir, 600 manat da maaş alır. Guya gəlinim də diaqnostika mərkəzində tibb bacısı işləyir. Dekabrdan pensiyamın 80 manatı tutulur. Hara şikayət ediriksə, xeyri olmur. Prokurorluqda müstəntiq dedi ki, Xanlıqlar kəndi hələ 10 il zülm çəkəcək, gedin dərdinizə çarə axtarın”.

Bənövşə İsmayılova X.Əsgərovanın “kredit əməliyyatı”nın qurbanı olan ən yaşlı kənd sakinidir. O, X.Əsgərova üçün bankdan 1800 manat götürüb. Borcunu tələb edəndə isə X.Əsgərova tərəfindən təhqir edilib.

Uşaq bağçası müdirəsi tərəfindən uşaq kimi aldadılan başqa bir ailə də Mustafayevlərdir. X.Əsgərova 2013-cü ildə Rüstəm Mustafayevin adına “Zaminbank”dan 2500 manat kredit götürüb. Onun həyat yoldaşının da adına eyni məbləğdə kredit götürülüb. Bundan 1 il sonra ailəyə bankdan xəbərdarlıq gəlib.

Hazırda pensiyasından məhrum olan kənd sakinlərindən biri də Ülkər Nəsibovadır. X.Əsgərova onun oğlunun adına “Zaminbank”dan 2500 manat kredit götürüb. Amma onun oğlu heç yerdə işləmir. Ü.Nəsibovanın özü də X.Əsgərova üçün kredit götürüb. X.Əsgərova bu krediti ödəyib. Növbəti dəfə Ü.Nəsibovaya 500 manat lazım olub. X.Əsgərova Ü.Nəsibovanı banka aparıb və onun adına 2500 manat kredit götürüb.

“Krediti alanda gördüm adıma 2500 manat yazıblar. Xatirə 500 mənə verdi. 2 mini də özünə götürdü. Mən 500 manatı ödəmişəm. O isə 2 mini ödəmədi. İndi pensiyamdan tuturlar” - deyir çarəsiz qadın.


“Xanlıqlar kəndi borc əlindən batıb gedir” - bunu isə söhbətə sonradan qoşulan kənd sakini İsrail Məmmədov deyir.

“Kənddə peşə məktəbində işləyirəm. 150 nəfərdən çox ailəni məhv ediblər. Mənim adıma “Zaminbank”dan 2500 manat götürüblər. 120 manat maaş alıram. “Ev alıram” adı ilə pul götürdü. Bu iş təkcə Xatirənin görəcəyi iş deyil. Bunu qrup şəklində ediblər. Polisə, prokurorluğa şikayət edirsən, baxmırlar. Kənd batıb gedir. Rəhbərlik baxmır. Bələdiyyə, icra hakimiyyəti, məhkəmə, prokurorluq, polis baxmır” - deyən İ.Məmmədov ölkə rəhbərliyindən kömək gözlədiklərini söyləyir.

Kifayət İsmayılova adlı sakinin adına isə sadəcə olaraq şəxsiyyət vəsiqəsinin surəti ilə kredit götürüblər. K.İsmayılova əməliyyat olunduğu üçün evdə yatırmış. X.Əsgərova ona adına kredit götürmək istədiyini deyib. K.İsmayılova evdən çıxa bilmədiyi üçün banka gedə bilməyib. X.Əsgərova buna “çarə” tapıb və şəxsiyyət vəsiqəsini istəyib. Ev sahibi şəxsiyyət vəsiqəsini tapa bilməsə də surətini tapıb. X.Əsgərova həmin kağız parçası ilə “Zaminbank”dan 2500 manat götürüb. Sonra isə ödəməyib.

Kənd sakini Aygül Sarıyevanın da dərdi açılır: “Qızımın da, mənim də adıma “Zaminbank”dan 2500 manat götürüb. Kənd məktəbində xadimə işləyirəm. 70 manat maaşımı tuturlar. 5-6 aydır maaş almıram. Qızımın da xəbəri olmadan adına kredit götürüb”.

Kənd məktəbinin coğrafiya müəlliməsi Nazxanım Qoçiyeva da qurbanlardandır: “Xatirə 2012-ci ildə “Zaminbank”dan adıma kredit götürdü. 2013-cü ildə də gəldi ki, borca pul lazımdır. Mənə dedi bankdan götürdüyümü ödəmişəm. Evdə 2600 manat nağd pulum vardı, onu verdim. Bir müddət sonra gəldi ki, gedək sənin adına kredit götürək. Bu kreditlə mənim borcumu qaytaracaqdı. “Kapital Bank”dan adıma 1500 manat kredit götürdü. Nəticəsi budur ki, 2012-ci ildən maaş almıram”.

N.Qoçiyevanın həyat yoldaşı Mübariz Nəsibov deyir ki, bunun arxasında rəhbər şəxslər də dayanır: “Banklar 120 manat maaş alan müəlliməyə bu qədər krediti necə veriblər? Buna kim cavab verəcək? Əlbəttə, bu, Xatirənin təkbaşına görə biləcəy iş deyil. Banlkar və rəhbər şəxslər də bu işin içindədir”.

Adil Xəlilovda kəndin adına 5 min manat krediti olan işsiz sakinlərindəndir. Onun oğlunun da adına “Zaminbank” və “Finca”nın hərəsində 2500 manat kredit var.

Başqa bir müəllimə də şikayətini danışır. Cəvahir Pirvəliyevanın adına kredit götürülməyib. O, X.Əsgərovaya əlbəəl verdiyi 8500 manatı 3 ildir ala bilmir: “Qazax şəhər məktəbində müəllimə işləyirəm. Yoldaşım dializ xəstəsidir. Bankdan yoldaşımın əməliyyatı üçün götürdüyümüz 8500 manatı Xatirəyə borc kimi verdik. Dedi üç günə qaytaracam. Amma 3 ildir qaytarmır. Maaşım banklardadır. Bu kəndin yiyəsi yoxdurmu? Bütün kəndi aldadıb. Niyə heç kim cavab vermir?”

...Bir sözlə, X.Əsgərovadan narazılığını dilə gətirən sakinlərin sayı-hesabı itib. Kənddə olduğumuz müddətdə Bakıdan jurnalist gəlməyindən xəbər tutanlar da bizimlə görüşməyə gəlirdi.

Hələ hamısı ilə görüşə bilmədik. Xanlıqlar kəndində olduğumuz gün kənddə həm toy, həm də yas məclisləri vardı. Kəndlilər dedilər ki, xeyli insan bu məclislərdə iştirak etdiyi üçün gələ bilməyib.

Xatirə Əsgərova haqda ilginc məlumatlar...

Sakinlərdən öyrəndiyimizə görə, X.Əsgərovanın iki övladı var. Qızı ailəlidir. Kürəkəni Qurban Babayev hazırda Qazax Rayon İcra Hakimiyyətində işləyir - RİH-də sektor müdiri-baş mühasib vəzifəsini tutur.

Əldə etdiyimiz digər məlumata görə isə X.Əsgərovanın həyat yoldaşı bir müddət əvvəl intihar edib. Borc ucbatından özünü asıb...

ESMERRi | 3 noyabr 2015 21:57 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Tewekkurler

............................................
dılay | 23 oktyabr 2015 19:52 | Status: Brilliant user | Şərh: 8 185
Tewekkurler

............................................
ESMER | 20 sentyabr 2015 08:50 | Status: VİP user | Şərh: 817
Sitat: BULUTUM
Oxumadim.maraqli gelmedi ki oxuyamda.
teenager | 12 iyul 2015 04:48 | Status: Qonaq | Şərh: 0
Bunun ele uzunden masennikliy tokulur ki? lol
Ay_Sun | 10 aprel 2015 17:24 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Abır-heya yaxwı weydir adamda....o olmayanda axırı bele olur...
SEVDA | 9 aprel 2015 15:34 | Status: Nəzarətçi | Şərh: 17 443
Abır-heya yaxwı weydir adamda....o olmayanda axırı bele olur...
gulu_95 | 9 aprel 2015 14:14 | Status: Şərhçi | Şərh: 568
tv eşitmişdim bu xəbəri
Gulshen. | 9 aprel 2015 09:22 | Status: Qonaq | Şərh: 0
Sitat: NUR-AY.
Yaziq adina kredit goturen adamlar..oturduqlari yerde ise dusduler...
Vetenperver | 9 aprel 2015 09:11 | Status: Professional user | Şərh: 6 700
Qadınlarda keçib fırıldağa.Yaraşqırmıram qadınlara!
Nur | 9 aprel 2015 08:32 | Status: Professional user | Şərh: 3 989
Yaziq adina kredit goturen adamlar..oturduqlari yerde ise dusduler...
lady sweet | 9 aprel 2015 03:17 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: nilay87
Sebrim catmadi oxuyum

ama onu deye bileremki yaman sey imis
kristal | 9 aprel 2015 02:15 | Status: VİP user | Şərh: 1 184
Içi men qariwiq hamı yazib ki oxumaga sebrim catmadi.
Biz cavanlarin hovselesi , sebri niye yoxdu goren?
Bele getse qocalanda halimiz hovselemiz gor ne gunde olacaq
0132
nilay87 | 9 aprel 2015 01:14 | Status: Şərhçi | Şərh: 303
Sebrim catmadi oxuyum
Nergiz love | 9 aprel 2015 00:44 | Status: Professional user | Şərh: 7 871
Oxumadim.....
boris arxan | 9 aprel 2015 00:12 | Status: Professional user | Şərh: 4 784
Sitat: Ag Gul
Oxumağa səbrim çatmadıııı....
sirin bala | 8 aprel 2015 21:45 | Status: Gümüş user | Şərh: 1 669
indiki zamada qardasa daverya yoxdu qaldi uzaq qohma
BULUTUM | 8 aprel 2015 19:10 | Status: Professional user | Şərh: 7 392
Oxumadim.maraqli gelmedi ki oxuyamda.
Dəniz qızı | 8 aprel 2015 18:30 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: Ag Gul
Oxumağa səbrim çatmadıııı....
Narin-Ulker | 8 aprel 2015 17:31 | Status: Gümüş user | Şərh: 2 749
Sitat: Ag Gul
Oxumağa səbrim çatmadıııı....

Sitat: Milashka 1
Ferasete baxe...
nurlana nurlana | 8 aprel 2015 16:08 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: Milashka 1
Ferasete baxe...
Milashka 1 | 8 aprel 2015 15:47 | Status: Şərhçi | Şərh: 462
Ferasete baxe...
Real Madrid CF | 8 aprel 2015 15:27 | Status: Qonaq | Şərh: 0
Sitat: Ag Gul
Oxumağa səbrim çatmadıııı....

men axira qeder oxudum wink
Ag Gul | 8 aprel 2015 14:56 | Status: Professional user | Şərh: 4 333
Oxumağa səbrim çatmadıııı....