Qadın / İş qadını - karyera

Pandemiya iş axtarışlarına necə təsir edib?

Banu. | 10-05-2020, 13:21
67 0


LinkedIn sosial şəbəkəsi pandemiya dövründə hansı sahələr üzrə mütəxəssislərin daha fəal iş axtarmağa başladığını və hansılarının bu prosesə fasilə verdiyini araşdırıb. Məlum olub ki, əmək bazarında vakansiyaların ümumi sayı azalıb.

Tədqiqata görə, bir il əvvələ nəzərən ictimai təhlükəsizlik sferası işçiləri 28%, təhsil sahəsi peşəkarları 23%, turizm və istirahət sənayesində fəaliyyət göstərənlər 19%, idman sahəsində çalışanlar isə 5% daha çox vakansiyalara baxmağa başlayıblar. Təhlil dünya miqyasında 50 milyon mütəxəssisin maraqlandığı bütün vakansiyalara əsaslanır.

LinkedIn işçi axtaran şirkətlər üçün bu sahələrdə çalışanlarla əlaqə qurmağı məsləhət görür. Şirkətiniz konkret olaraq onlara ehtiyac duymasa belə, sosial şəbəkə yeni insanları əməkdaşlığa cəlb etməklə komandanı genişləndirməyi tövsiyə edir. Yeni əməkdaş seçimini sırf sizin sferanızda təcrübəsi olan mütəxəssislərlə məhdudlaşdırmayın.

LinkedIn indi iş axtarmağa başlayanların yalnız öz peşə sahəsindəki vakansiyalara deyil, həm də fərqli sferalara iddia etdiyini bildirir. Məsələn, dövlət təhlükəsizliyi sahəsi mütəxəssisləri ictimai yerlərdə işləmək imkanlarını itirdikləri üçün uzaqdan iş axtarırlar.

Məktəblərin bağlanması təhsil işçilərini də işsiz qoydu. Söhbət təkcə müəllimlərdən getmir, inzibati heyət və xidmət personalı da problemlərlə üzləşib. Turizm və istirahət sənayesi mütəxəssisləri öz sahələrindən fərqli iş axtarır, baxdıqları vakant yerlərin yalnız 6%-i öz peşələrinə aiddir.

Bəs hansı sahələr üzrə mütəxəssislərin iş axtarışında azalma müşahidə olunur?

İş axtarışında aktivliyi cəhətdən şəbəkə avadanlığı və maliyyə sektoru 17%, logistika və nəqliyyat sahələri 12%, dövlət idarələri 11%, energetika və dağ-mədən sənayesi mütəxəssisləri isə 10% azalma nümayiş etdirib. Görünür, bu işçilər pandemiyaya daha hazırlıqlı olublar. Belə ki, onların peşə sahələri digər sferalara nisbətən ciddi dəyişikliklərdən təsirlənmir. Bundan əlavə, sadalanan sahələrin bir çoxu, məsələn, IT və nəqliyyat sosial məsafə dövründə insanlar arasında ünsiyyətin qorunmasında mühüm rol oynayır. Banco.az