Qadın / İş qadını - karyera

Azərbaycanda təhsilli evdar qadınların hekayələri: Universitetdə niyə oxumuşdum?

Banu. | 3-10-2019, 23:44
398 0


"Evləndikdən sonra yoldaşım dedi ki, işləməyəcəksən"

Ailəm təhsilin əleyhinə olmayıb, əksinə, anam həmişə istəyib ki, ali təhsilim olsun. Deyirdi: "Acından ölməmək üçün kişi gedib fəhləlik də edər, amma qadına bu yaraşmaz. Həyatda öz yerini tapmalısan!"
Yoldaşımla, demək olar ki, küçədə tanış olduq. Bir neçə ay ərzində məni güdürdü, gizlincə arxamca düşürdü, sonradan tanış olmağa yaxınlaşdı. Əvvəlcə özünü mülayim göstərirdi, deyirdi: "Əlbəttə, işləyəcəksən, sənin qırmızı diplomun batmamalıdır". Amma toydan sonra qəfəsimin qapısı bağlandı. Evlənəndən sonra dərhal hamilə qaldım. Uşaq doğulanda isə yoldaşım deyirdi: "Uşağa ana lazımdır, gərək qızımıza baxasan, evdə oturasan".
Doxsanların əvvəli idi, çətin zaman idi. İxtisasca hüquqşünas olan yoldaşım işsiz qaldı, yaşamaq uçun vəsaitimiz yox idi. Əli-qolu bağlı otura bilməzdim. Öz cehizlərimi satdım, biznes qurduq. Gördüm ki, bazarda boşluq var - Dubaydan avtomobil aksessuarlarını gətirib satmağa başladıq. Əvvəl azdan başladıq, sonra bir neçə mağaza sahibi olduq.
Amma yoldaşım pulun yaratdığı sınaqdan keçmədi: mənə xəyanət etməyə başladı, qəddarlaşdı, evdə bizimlə pis davrandı, hətta əl qaldırdı. Amma tərbiyəmə görə dözürdüm. Anam həmişə ailədə kişinin söz sahibi olduğunu və onun fikrinə diqqətlə yanaşmaq vacibliyini beynimə yeritmişdi.
... İndi də, yoldaşımla bir neçə ağır məhkəmələrdən keçib ayrıldıqdan illər sonra yenə də hesab edirəm ki, kişilər ailədə söz sahibidir. Sadəcə mən özümə güvənməyə, özüm özümü və ailəmi təmin etməyə öyrəşmişəm".

Mila Fətəliyeva ilə ticarət mərkəzlərinin birində görüşürük. Gənc görünüşlü qadına 47 yaşı vermək olmaz, amma mühasibimiz ömrünün 50-ci ilinin astanasındadır.
"İxtisasca riyaziyyat müəllimiyəm. Amma bu sahədə özünü doğrulda bilmədim, ona görə ki, ailə qurdum - hər şey bayağıdır", - Mila gülümsəyərək deyir.
"Ailəm natamam olsa da (məni və bacımı anam böyüdüb) ziyalı idi: atam bank işçisi, anam həkim. Məktəbdə əlaçı idim, deyilənləri göydə tuturdum. Həm də idmanla məşğul idim - əvvəl atıcılıq, sonradan qılıncoynatma ilə. Milli rəqsləri də öyrənirdim.Kitab oxumağı da çox sevirdim.
Hüquqşünas olmaq istəyirdim, amma anam məni fikrimdən yayındırdı, dedi ki, vəkillik qadın işi deyil, qıza daha çox müəllimlik yaraşar.
Mənə çox ciddi tərbiyə veriblər. Rusiyada doğulsam da, biz hələ yetkinlik yaşına çatmamış, anam bizi vətənə, Azərbaycana gətirməyə qərar verib, çünki onun fikrincə, Rusiya Azərbaycan mentaliteti ayaqlaşmır. Nə makiyaj etmək, nə qısa ətək geyinmək olardı.

"Əgər 200-300 manat maaş alacaqsa..."

Ailədə ev əməyinin gender bölgüsünü tədqiq etmiş sosioloq Humay Axundzadə deyir ki, ali təhsilli evdar xanım dünyanın hər bir ölkəsində ola bilər və bu məsələnin təhlilində həm institusional, həm şəxsi səbəbləri nəzərə almaq lazımdır:
"Sovet ittifaqı dağılandan sonra belə bir tendensiya yaranmışdı. Ali təhsilli qadınların bir qismi peşə fəaliyyətini dayandırmış, evdarlığı seçmişdi. Bunun səbəbi əmək bazarının dəyişməsi, sərtləşməsi idi".
Humay Axundzadənin sözlərinə görə, ötən əsrin 90-cı illərində bəzi qadınlar bir çox gəlirli sahələrdə, məsələn, yeni yaranan biznes sahələrində rəqabətə tab gətirə bilmədilər: "Üstəlik müəyyən sosial xidmətlərin fəaliyyəti də məhdudlaşmışdı: məsələn, pulsuz, dövlət hesabına işləyən körpələr evi, uşaq bağçaları ya azaldı, daha keyfiyyətsiz oldu".
Sosiloq deyir ki, hazırda cəmiyyətdə ali təhsilin dəyəri də birmənalı deyil.
Humay Axundzadə cinsi mənsubiyyətindən asılı olmayaraq, diplomun insanın iş tapmasına, karyera qurmasına zəmanət vermədiyini vurğulayır:
"Təsəvvür edək ki, ali təhsilli qadın ailə qurur, övladı dünyaya gəlir və qadın anlayır ki, aldığı 200-300 manat maaşla uşağına heç dayə də tuta bilməyəcək. Öz seçimini məcburiyyət qarşısında edir, sonra isə seçiminə cəmiyyətdə hökm sürən ideologiya əsasında bəraət qazandırır.
Özünə belə etiraf etməyə çəkinir ki, bu seçimi məcburiyyət qarşısında edib, "bu, mənim həyatda əsas missiyamdır", "qadın üçün ana olmaq daha önəmlidir" deyə özünü inandırmağa çalışır".
Sosioloq düşünür ki, adətən, ətrafdakılar da qadının bu kimi həyat tərzini dəstəkləyir və beləliklə də ali təhsilli evdar qadınların sayının artmasına problem kimi yanaşılmır:
"Müqayisə üçün deyim ki, 40-50 il bundan əvvəl işləməyən qadın ictimai qınağa məruz qala bilərdi, çünki ideoloji səviyyədə "işləyən ana" obrazı təbliğ olunurdu. Yəni ideal qadın obrazı həm evdarlığın, həm də peşə fəaliyyətinin öhdəsindən gəlməyi nəzərdə tuturdu.
Hal-hazırda isə ali təhsilli qadınların evdar qadın olmasının qarşısını ala biləcək ciddi bir maneə yoxdur. Belə maneə yalnız konkret insanın öz motivləri, inadkarlığı ola bilər".

"Ali təhsil heç vaxt artq deyil"

Psixoloq Ellada Qorina isə, əksinə, düşünür ki, diplom hələ heç kəsə mane olmayıb:
"Ali təhsil almış hər bir kəs, ən azı, gələcəkdə yeni biliklər əldə etməyi bacarır, daha geniş dünyagörünüşü var. Hətta qadın universiteti bitirən kimi ailə qursa da, ali təhsilin həyatda ona yalnız köməyi dəyəcək. Həyatında dəyişiklər olsa, aldığı ali təhsillə özünü tapmaq daha asan olacaq.
Onun fikrincə, bəzən diplom "cehiz üçün əlavə bônus" hesab olunur.
"Qız ərə gedir və hər şey yaxşıdır. Amma elə də ola bilər ki, gənc gəlin evdə oturur, amma özünü xoşbəxt duymur. O, özünü tək ailə həyatında, ana və həyat yoldaşı kimi yox, ictimai həyatda da doğrultmaq istəyir.
Və buna çatmayanda özünü bədbəxt hiss edir. Lakin belə hissləri "öz yerində olmayan" hər bir qadın keçirə bilər. Və bu, onun ali təhsilli olub-olmamasından asılı deyil".