Qadın / İş qadını - karyera

Feministlər qoltuğunun altını qırxmır?

Banu. | 18-03-2019, 09:13
520 0

Feminizm əsas suallara cavab verir 
Əlbəttə, ötən əsrdə qadınlar öz hüquqlarını müdafiə edərək, çox şeyə nail oldular. Məsələn, indi onlar da seçkilərdə iştirak edir və uşaq dünyaya gətirib-gətirməmək, ya da neçəsini dünyaya gətirmək istədiyi barədə qərarı özləri verir. 
Yenə də, tam bərabərliyə çatmaq üçün hələ uzun bir yol gedilməlidir. Bu yolda öndə gedənləri feminist adlandırırlar. Müəllif onların kim olduğu və nə istədikləri barədə danışmağa qərar verib. Ən geniş yayılmış stereotipləri müzakirə edəcəyik. 
Feminizmin qələbəsi - qadınların kişiləri əvəz edəcəyi, bütün sahələrdə aparıcı rol oynayacağı zamandırmı?
Xeyr, onda feminizm deyil, matriarxat alınacaq. Feminizm kimliyindən asılı olmadan, üstünlük təşkil etməsinə qarşı çıxış edir. 
Hərəkat tərəfdarları, əksinə, qadınlar və kişilər üçün bərabər hüquq və imkanlar tələb edir. Hərəkat üzvləri qadınların ayrı-seçkiliyinə və cinslərə əsaslanan hüquqların pozulmasına etiraz edirlər. Qanuna əsasən, qadın, hər bir kişi öz ölkəsinin vətəndaşı olduğu kimi, öz ölkəsinin bərabərhüquqlu vətəndaşıdır. Nəticədə, o, kişilərlə bərabər şəkildə eyni siyasi, iqtisadi və vətəndaş hüquqlarına sahib olmalıdır.
Feministlər kişilərə nifrət edir, ailə institutuna qarşı çıxır, qoltuqlarının altını qırxmır və ümumiyyətlə, onlar lesbiandırlar.
Feminizm kişilərə qarşı deyil, patriarxata qarşı mübarizədir. Bu ictimai həyatın istənilən səviyyəsində - siyasi, ailə və ya biznesdə-hakimiyyətin kişilərin əlində cəmləşdirildiyi sistemə qarşı mübarizədir.
Feminizm cinsi oriyentasiya və ya uşaqların sayı ilə ölçülmür. Feministlər evdar qadınlar arasında da var, çox uşaqlılar arasında da. Feministlər arasında plastik cərrahiyyə edən və qlamur jurnallarda poza alanlar da var.

Fiziologiya ilə nə etməli? Feministlər qadınlar və kişilərin eyni olduğunu düşünürlər.
Heç bir sağlam düşüncəli feminist qadın bunu sübut etməyə girişməz. Əlbəttə ki, qadın və kişilər fizioloji cəhətdən fərqlidirlər. Amma yalnız fizioloji cəhətdən - qadın və kişilər arasında vətəndaş hüquqları baxımından heç bir fərq olmamalıdır.
Dünyada ümumiyyətlə bənzər insan mövcud deyildir. Fiziki cəhətlər və qabiliyyətlərə görə, bütün insanlar fərqlidirlər - ağ və qara, uca və alçaq boylu, incə və dolğun, bininin gözəl səs duyumu, birinin gücü, digərinin isə riyazi qabiliyyətləri var. Amma qanun qarşısında onların hamısı bərabərdir.
Bundan əlavə, kişilər rəhbər vəzifələrə qəbul olunduğu halda, onların fiziki xüsusiyyətləri nəzərə alınırmı? Bir işə qəbul edilərkən fizioloji fərqliliklər bu dərəcədə əhəmiyyətli olduqda, şirkət rəhbərləri müsahibə nəticələrinə görə deyil, əl güləşi turnirinin nəticələrinə görə təyin olunmalıdırlar.
Əslində, stereotiplərin təməli insan beyninə erkən uşaqlıqdan qoyulduğuna görə, fiziologiya ictimai həyatda böyük əhəmiyyət kəsb edir. Uşaq baxçasında, məktəbdə, küçədə, evdə - hər yerdə kişinin cəsur, qətiyyətli və güclü, qadının isə zəif, qayğıkeş, dürüst və namuslu olmalı olduğunu eşidirik.
Niyə dahi bəstəkarlar və rəssamlar arasında qadınlar yoxdur?
Əslində qadın bəstəkarlar da, rəssamlar da az deyildir. Ancaq sualın qoyuluşunun özü bu səbəbdən səhvdir:
Bəli, musiqi, rəsm, elmdə və digər sahələrdə dahi kişilər qadınlardan daha çox xatırlanır. Ancaq gəlin, bəşəriyyət tarixini nəzərdən keçirək - məgər kişi və qadınların inkişafı üçün şərtlər eyni idimi? Minilliklər ərzində qadınlar istənilən intellektual fəaliyyətdən uzaqlaşdırılmışdırlar, onların nəyinki qabiliyyətlərini inkişaf etdirib tətbiq etməyə, hətta təhsil almağa belə imkanları yox idi.
Bəlkə qadınlar arasında "Leonardo da Vinçi" və "Rafael" də var idi, ancaq onlara əlinə fırça almaq icazəsinin verilmədiyi üçün, bəşəriyyət onları itirdi.
Qadınlar özlərini realizə etmək üçün yeganə yol kimi, kişi psevdonimlərindən istifadə etmələri haqqında tarixə bir çox nümunələr bəllidir.
Amerikada 1920-ci, Böyük Britaniyada 1928-ci ilə qədər qadınlar seçkilərdə iştirak edə bilmirdilər. Səudiyyə Ərəbistanda yalnız 2015-ci ildə qadınlar səsvermə hüququ əldə etdi. 

Feministlər niyə bütün qadınların adından çıxış edirlər? Bərabərliyi hər kəs tələb etmir axı.
Çox vaxt qadınlar öz stereotiplərinin əsirləri olur və "bütün qadınların axmaq" olmasıyla razılaşırlar. Belə qadınlar dostlarının əksəriyyətinin kişilər olduğunu vurğulamağı çox sevirlər. Beləliklə də, onlar "axmaqlardan" özlərini uzaqlaşdırır və özlərində "kişi zəkasının" olduğunu sübut etməyə çalışırlar. 
Bərabərlik ideyasını tanıyan, ancaq feminist kimi qəbul olunmaq istəməyən qadınlar var. Bu, feminizm anlayışı çox vaxt marjinallaşdırıldığına görə baş verir, feministlər şəxsi həyatlarında uğursuz olan aqressiv qadınlar kimi təqdim olunurlar.
Qadınlardan ailələrindən və sobanın yanında dayanmaqdan imtina etməyi heç kim tələb etmir, heç kim belə yaşamağa dəyməz deyə iddia etmir. İş, ümumiyyətlə, bunda deyil. Əsas məsələ, azad seçimdədir. Feministlər, qadının uşaq sahibi olub-olmaması, bir ailə qurub-qurmaması, futbol oynayıb və ya oynamaması, plastik əməliyyat etdirməsi və ya təbii görünüşünü qorunması uğrunda mübarizə aparırlar.
Ancaq bir qadının başına qadın həyatında iki ən mühüm hadisənin toy və uşağın həyata gətirilməsi olduğu fikri yeridildikdə-azad seçim etmək çox çətindir.
Köhnəlmiş təhsil sistemi də kömək etmir və bu xüsusilə tematik televiziya tok-şoularında öz əksini tapır.
Bir çox qadınların bərabərlik haqqında heç düşünməməsinə səbəb onların məhdud maliyyə resurslarıdır. Onlar çox vaxt tamamilə kişilərdən asılı olaraq "maliyyəçi"nin ssenarisinə görə yaşayarlar.
Kişilər feminist ola bilərlərmi?
Dünyada milyonlarla kişi feminist fikirlərini qəbul edib. Əslində, dünyanın patriarxal quruluşu kişilərin özünə də zərər vurur, bərabərlik həm də onların işinə yaramalıdır.
Cinsi stereotiplər qadınları bir tərəfdə qəfəsə salır, amma kişilər də cəmiyyət tərəfindən qəbul edilmiş bir modelə görə "əsl kişi" imicinə uyğunlaşmağa məcbur edilirlər. O, ailənin rifahını təmin etməlidir, onun zəif cəhətləri olmamalıdır. İki yaşından etibarən gələcək kişilərə ağlamaq qadağan edilir, ona dərhal “sən kişisən” deyilir!
Bir kişi «qadın» işləri ilə məşğul olduqda- mətbəxdə iş gördükdə, uşaqlara qayğı göstərdikdə cəmiyyət ona çəp baxır. Məsələn, həyat yoldaşı işgüzar səfərdə olduqda, uşaqla qalan kişiyə «qəhrəman» deyilir. Bəs bir qadını körpənin bezini dəyişdirdyinə görə kimsə "qəhrəman" adlandırarmı?
Sinxron üzgüçülüklə məşğul olan və ya toxuma həvəskarı olan kişilərə şübhə ilə baxırlar. Yəqin ki, Facebookda Gürcüstan prezidentinin əlində toxuma milləri olan şəklinə verilən şərhləri xatırlayarsınız.
Feminizmin əsas ideyası - heç kimin kimisə müəyyən rollara uyğun olmağa məcbur etməməsindədir. Hər bir insan ona zövq verən işlərlə məşğul olur, nə həyat yoldaşının, nə qonşusunun, nə xalasının, nə də qaynanasının xoşu gəldiyi kimi deyil, özünün xoşu gəldiyi kimi yaşayır.

Aktivist olmadan, feministlərlə razılaşmaq mümkündürmı?
Əlbəttə, mümkündür. Lakin feministlər, bir qayda olaraq, sakit olmurlar. Axı, onlar hər bir addımda ədalətsizliklə qarşılaşırlar - hətta sükan arxasına oturarkən kinayəli gülümsəmələrlə rastlaşa və ya hər hansı bir atmacalı sözlər eşidə bilərlər. Eyni zamanda, statistikaya görə, qadınlar arasında yol qaydalarını pozma ehtimalı kişilərə nisbətən azdır. Feminizm bu və ya digər şəkildə aktiv bir mövqe nəzərdə tutur. Halbuki, bu mövqeyi ifadə etmək vasitəsi və üsullarını hər kəs özü seçə bilər. İşdə çox məşğulsunuzsa, küçə yürüşlərinə qoşulmaya da bilərsiniz. Amma qadın olmağınız səbəbindən bir işə götürülmədiyiniz halda, məhkəməyə müraciət etməyə dəyər.
Feministlər sadəcə özlərinə diqqət çıkirlər, onların işində real heç bir səmərə yoxdur. 
Feministlər olmasaydı, bu gün qadınlar seçkilərdə iştirak etmək, ali təhsil almaq, siyasətdə iştirak etmək, futbol oynamaq, yüksək vəzifələrdə çalışmaq hüququna malik ola bilməzdi. Bütün bu hüquqlarına qadınlar öz hüquqları uğrunda mübarizədə nail oldular.
Qadınların ictimai fəallığı, onların biznesdə iştirakı iqtisadiyyat üçün çox faydalıdır. 2016-cı ildə 91 ölkədə aparılan araşdırma, şirkətlərin idarə edilməsində qadınların iştirakının biznesi daha sərfəli etdiyini göstərir. Bu, BMT-nin məlumatlarıyla təsdiqlənir - ölkədə təhsilli və işləyən qadınların sayı çox olduqda, bu ölkələrin iqtisadi artımı daha çox hss olunur.
Eyni zamanda ölkədə təhsilli qadınlar çox olduqca, uşaq ölümünün səviyyəsi aşağı olur. 
Feministlərin artıq hər şeyə nail olduqları ortaya çıxır. Bəs onlar bu gün nə uğrunda mübarizə aparırlar?
Təəssüf ki, hələ hər şeyə nail olunmayıb.
Qadın və kişilərin məvacibləri arasında ciddi fərqlər hələ də qalır. Fərqli ölkələrdə yaşa görə qadınların əmək haqqlarındakı ayrı-seçkilik 0,5- 52,9 faiz arasında dəyişir.
Ailədaxili şiddət mühüm problem olaraq, qalır. Həm də, bunu hər kəs cinayət hesab etmir. Təcavüzə məruz qaldıqda, əksər hallarda elə qurbanın özünü günahlandırırlar. 
Bu günə qədər, patriarxal cəmiyyət tərəfindən qadınlara qarşı ənənəvi hesab edilən cinayətlər vardı. Məsələn, məcburi ərə vermək; qadınların qaçırılması və "namusun bərpa edilməsi" məqsədilə törədilən qətllər; qadın cisni orqanları üzərində əməliyyatlar; abortlara qadağa; qadınların cinsi istismarı.
Bütün bunlar bugünkü həytımızda baş verir.
2016-cı ildə Dünya İqtisadi Forumunda təqdim olunan məlumatlara əsasən,  ən geniş hüquqlara İrlandiya, Finlandiya və Norveç qadınları malikdirlər. Ən ağır vəziyyət Səudiyyə Ərəbistanı, Suriya, Pakistan və Yəməndə qeydə alınıb, burada qadınların 92 faizi sabit gəlirə malik deyildir.
Günel Mövlud