Qadın / Hüququnu bil!

Bakının mərkəzində keçirilən yürüşdə "Qadına şiddətə yox" deyildi

Banu. | 20-10-2019, 19:35
208 0

Bakının mərkəzində bir qrup ictimai fəal "Dözmə, yürüş et" adlı yürüş keçirib.
Yürüş iştirakçıları məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb etdiklərini bildiriblər.
Yürüşdə "Qadına şiddətə yox!", "Qadın qətlləri siyasidir", "Elinaya susma!", "Erkən nikahlara yox!", "Ailə məsələsi deyil", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə!" şüarları səsləndirilib.
Polis ilk öncə yürüşü dağıtmağa çalışıb və aksiya iştirakçılarının əllərindən şüarları dartıb. Bir müddət sonra isə ara küçələrin birində yürüş iştirakçılarının bəyanat oxunmasına imkan verilib.
Yürüş iştirakçıları Azərbaycanın qadın hüquqlarının müdafiəsini dəstəkləyən İstanbul konvensiyasının imzalamasını, qadınlara qarşı zorakılıq hallarına daha ciddi yanaşılmasını tələb ediblər.


Yürüş iştirakçıları bildiriblər ki, onlar təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirlər:
"Biz bəyan edirik ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər qadınların hüquqlarını qorumalı olan hüquq-mühafizə sistemində və digər dövlət strukturlarında da hakimdir. Bəyan edirik ki, Azərbaycanda mövcud olan hazırki qanunvericilik qadınların müdafiəsi üçün yetərli qabaqlayıcı tədbirləri əhatə etmir və təkmilləşdirilməlidir".


Yürüş zamanı bir neçə iştirakçı polis və mülki geyimlilər tərəfindən saxlanılaraq ərazidən uzaqlaşdırılıb. Polis sonradan onların buraxıldığını deyib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya "yürüş zamanı saxlananların olmadığını, bütün iştirakçıların sərbəst buraxıldığını" deyib.

Yerli mətbuatda gedən xəbərlərin monitorinqinə görə, bu ilin yanvarından indiyədək 80-dən çox qadın ailə üzvləri tərəfindən ya öldürülüb, ya da ağır bədən xəsarətlərinə məruz qalıblar.
Ailə, Qadın və Uşaq Dövlət Komitəsi məişət zorakılığlnın qarşısının alınması üçün Milli Fəaliyyət planın hazırlandığını bildirib.


bbc