Qadın / Hüququnu bil!

“Qadınların iqtisadi müstəqilliyinin təmini olduqca vacibdir”

Banu. | 10-12-2017, 10:34
548 0
“Gender əsaslı zorakılıq bütün dövlətlərə xas problemdir”
Əliməmməd Nuriyev: “Polis orqanlarında qadınların daha çox təmsil olunmasına ehtiyac var”


“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır”

10 dekabr bütün dünyada Beynəlxalq insan hüquqları günü kimi qeyd edilir. Bu günlərdə ölkəmizdə insan hüquqlarının önəmi, gender və məişət zorakılığına qarşı mübarizənin vacibliyi ilə bağlı bir sıra mühüm tədbirlər keçirilməkdədir. Ölkəmizin gender və məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən layihələr, habelə bu sahədə atılması gərəkən addımlarla bağlı fikirlərini öyrənmək üçün tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevə müraciət etdik.

-Əliməmməd bəy, müasir dünyamızda gender əsaslı zorakılıqdan əsasən hansı dövlətlər əziyyət çəkir? Elə ölkələr varmı ki, orada bu problem mövcud olmasın?

-Öncə onu deyim ki, gender əsaslı zorakılıqla bağlı hər ilin sonunda – noyabrın sonuncu və dekabrın ilk həftəsində bütün dünyada kampaniya aparılır. Bu kampaniya çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gender zorakılığının qarşısnı almaq üçün çox böyük işlər görülüb. BMT ilə birlikdə də müxtəlif tədbirlər həyata keçirilib. Habelə, Amerika İnkişaf Agentliyinin, Avropa İttifaqının nümayəndələri də bu kimi təbirlədə iştirak edir.
Gender əsaslı zorakılıq istisnasız olaraq bütün dövlətlərdə mövcuddur. Bu, ölkənin və ya oradakı demokratik institutların inkişaf səviyyəsi ilə bağlı olan bir məsələ deyil. Isveç yetərincə inkişaf etmiş bir ölkədir. Amma orada belə hər 30 saniyədən bir qadına qarşı gender əsaslı zorakılıq baş verir.

-Gender əsaslı zorakılıq sadəcə fiziki şiddətlə məhdudlaşır, yoxsa onun başqa formaları da mövcuddur?

-Zorakılığın xüsusiyyətləri ölkədən-ölkəyə dəyişir. Zorakılıq deyəndə biz ancaq onu düşünürük ki, söhbət fiziki zorakılıqdan gedir. Halbuki, zorakılıq sadəcə fiziki zorakılıq anlamı daşımır. Bu, eyni zamanda psixoloji, iqtisadi zorakılığı özündə ehtiva edir. Yəni zorakılığın müxtəlif aspektləri mövcuddur. Əgər Afrikanın, Asiyanın və Cənubi Amerikanın bir sıra ölkələrində fiziki zorakılıq üstünlük təşkil edirsə, bəzi ölkələrdə psixoloji və iqtisadi zoraılıq baş verir. Yəni zoraılıq hər ölkədə özünü bir cür göstərir.

-Sizcə bu problemin qarşısını almaq üçün hansı tədbirlərə üstünlük verilməlidir?

-Dünyada bu zorakılıqların qarşısını almaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm struktur dəyişikliklərinin aparılması baxımından müxtəlif addımlar atılır. Bəzi ölkələrdə isə gender əsaslı zoraılıqla bağlı müəyyən qurumlar daxilində müəyyən bölmələr formalaşdırılıb. Gender probleminin həlli sahəsində geniş biliklərə malik olan, konfiliklərin həllində xüsusi təcrübəyə yiyələnən mütəxəssislərə ehtiyac vardır. Bu, gender əsaslı zorakılıqlara daha çevik reaksiya verməyə imkan verir.

-Ölkəmizdə gender zorakılığının qarşısını almaq əlaqədar qurumlar lazımınca iş aparıbmı?

-Azərbaycanda gender zoraılığınnın qarşısını alamq üçün çox mühüm addımlar atılır. 2006-cı ildə gender bərabərliyi haqqında qanun qəbul edildi. Dünyuanın bir çox ölkələrindəı bu qanun yoxdur. Hətta inkişaf etmiş bəzi ölkələrdə də belə bir qanun mövcud deyil. Məişət zorakılığı ilə bağlı qanun da 2012-ci ildə qüvvəyə minib. Bu qanunlar I vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə qəbul edildi. Bunu xüsusi olaraq qeyd etmək lazımdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən geniş fəaliyyət həyata keçirilir. Gender əsaslı zorakılığın statistikasının təkmilləşdirilməsi, milli fəaliyyət planının hazırlanması ilə bağlı layihə hazırlanıb. Eyni zamanda, icra hakimiyyətlərində müvafiq monitorinq qrupu yaradılıb.

-Sizcə bu problemə qarşı effektiv mübarizə aparmaq üçün hansı addımlar atılmalıdır?

-Bunun üçün öncə gender əsaslı zorakılığı doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Qadınların ictimai-siyasi həyatda fəaliyyətlərini genişləndirmək və onların iqtisadi müstəqilliyini təmin etmək vacibdir. Bu istiqamətdə QHT-lər də ciddi layihələr həyata keçirir. Bizim “Konstitusiya” Araşdırmalar Fondunun bir çox layihələri olub. Avropa İttifaqı, bizim fond və Qadınlar Arasında Həmrəylik Təşkilatı birlikdə ötən il məişət zoraılığına qarşı mübarizəyə dəstəklə bağlı böyük bir layihə həyata keçirdi. Bu layihə əsasında xeyli işlər görüldü. Regionlarda seminarlar keçirildi. Təlim modulu hazırladı. Bu, təlim modulu Azərbaycanda yeganə təlim moduludur. Hətta bu təlim modulundan dövlət qurumları da geniş istifadə edir.
Ombudsman Aparatı da bu istiqamətdə müxtəlif addımlar atır. Onlar bununla bağlı geniş səlahiyyətlərə malikdirlər.

-Bəs görülməsi gərəkən daha hansı işlər var?

-Əlbəttə ki, bu istiqamətdə görüləsi xeyli iş var. Azərbaycanda məişət zorakılığı ilə bağlı hadisələr haqqına məlumatın verilməsində problem var. Bu, bir çox hallarda latent cinayətə, latent hüquq pozuntusuna çevrilir. Ailə dəyərləri çox vacibdir. Məişət zorakılıqları ilə bağlı əlaqədar qurumların məlumatlandırılması, əslində bu dəyərlərin qorunmasına xidmət edir. Lakin bizdə gender əsaslı zorakılıq baş verəndə bir çox hallarda bununla bağlı məlumat vermirlər. Qurban özü də bu barədə məlumat verməyə maraq göstərmir. Bu isə statistikanın aparılmasına əngəl yaradır.

-Sizcə polis orqanlarında qadın kontingentinin sayının artırılması gender əsaslı zorakılığa qarşı mübarizədə öz müsbət təsirini göstərə bilərmi?

-Bu istiqamətdə polisin özündə də peşəkarlaşma prosesi getməkdədir. Polis orqanlarında qadınların daha çox təmsil olunmasına ehtiyac var. Bunu isə sadəcə bir qərarla reallaşdırmaq mümkün deyil. Çünki bu işdə qadınların özü də polisdə işləməyə meyilli olmalıdır. Ənənəvi olaraq qadınlarımız polis orqanlarında az işləyir. Polis orqanlarında geniş şəkildə təmsil olunmurlar. Bu məsələdə təşviqata ehtiyac var. Vətəndaş cəmiyyətləri, yerli icra qurumları da bu istiqamətdə səylər göstərməlidir. Belə olan halda zorakılıqdan əziyyət çəkən şəxsin polislə əlaqə qurması psixoloji baxımdan daha asan ola bilər.
Bəzi hallarda əlaqədar qurumlar bu kimi hadisə baş verəndə bunun ailə münaqişəsi olduğu üçün onu daha dərindən araşdırmağa lüzum görmürlər. Qeyd etdiyim kimi, məlum adət-ənənə faktoru bu məsələdə özünü hiss etdirir. Bəzi hallarda isə araşdırma prosesi başlayandan sonra qurban dövlət qurumuna müraciət eədərk heç bir şikayəti olmadığını bildirir. Belə olan halda hüquq-mühafizə orqanlarının geniş mənada hərəkətə keçmək imkanları məhdudlaşır. Çünki zərərçəkmişin mövqeyi vacib olan bir məsələdir.
Hüquq-mühafizə orqanlarında müvafiq ixtisaslaşmaya ehtiyac var. İndiki mərhələdə gender zorakılığını araşdıran xüsusi bir polisin yaradılmasına zərurət görmürəm. Amma ixtisaslaşma və bölmələr olmalıdır. Bunun olması faydalı olar.

-Psixoloji və hüuqi yardım sahəsində vəziyyət nə yerdədir?

-Hesab edirəm ki, psixoloji və hüquq yardım məsələsində də fəaliyyəti genişləndirməyə ehtiyac var. Bu istiqamətə dövlət qurumları, Ombudsman Aparatı, vətəndaş cəmiyyətləri öz fəaliyyətlərini daha dərindən əlaqələndirməlidir. Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Elə eləmək lazımdır ki, o, tam olaraq koordinasiya orqanı funksiyasını həyata keçirmək imkanına malik olsun. Onun qəbul etdiyi qərarların icrasının təmin edilməsinin sürətləndirilməsi də olduqca vacibdir.

Seymur Əliyev