Qadın / Hüququnu bil!

Ünvanlı dövlət sosial yardımı

FARIZ NAMAZLI | 5-12-2011, 18:00
9 140 50

 

 Ünvanlı dövlət sosial yardımı

 

 

 


Çoxlarını maraqlandıran mövzulardan biri dövlətin aztəminatlı ailələrə göstərdiyi yardımlardır. Bu yardımlar necə verilir, kimlərə təyin olunur. Aşağıda bu haqda məlumat əldə edə bilərsiniz .

 

Əvvəlcə qeyd edək ki, dövlətin aztəminatlı ailələrə göstərdiyi yardımlar ünvanlı dövlət sosial yardım adlanır.

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən(ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

 

Ehtiyac meyarı - ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

2011-ci il üzrə ehtiyac meyarı 75 manat təşkil edir. 2012-ci il üçün 87 manat olması nəzərdə tutulur.

Sosial yardım bir il müddətinə təyin edilir.

Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə xüsusi ərizə forması, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə” və Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi ilə müraciət edir.

Ailəni təmsil edən şəxs ailə üzvləri tərəfindən ailənin yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan üzvləri arasından könüllü seçilir. Bu barədə ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim olunur.

Ailəni təmsil edən şəxs bu sənədlərlə birlikdə ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə zəruri hallarda aşağıdakı sənədləri təqdim edir:

-  nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti;

- qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti;

- iş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən ödənclər də daxil olmaqla) haqqında arayış;

- ailə üzvlərinin aldıqları bütün növ pensiya, müavinət və təqaüdlərin məbləği haqqında aidiyyəti orqanın arayışı;

- ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;

 - ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi barədə müvafiq sənədlərin surəti;

- ailə üzvlərindən hər hansı birinin ali, orta-ixtisas və ya ilk peşə-ixtisas təhsili alması barədə təhsil müəssisəsindən arayış; 

- ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə (kirayəyə) götürülməsi barədə müqavilənin surəti; 

- məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti;

- ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı;

- ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

- ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı;

Ailəni təmsil edən şəxsə sosial yardım təyin edilməsi üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi barədə səlahiyyətli şəxs tərəfindən bildiriş verilir.

 

Sosial yardım ailənin yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən təyin edilir. Rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial yardımın təyin edilməsi üçün sənədləri sosial yardımlar üzrə səlahiyyətli şəxslər qəbul edir, ailənin gəlir və əmlakı haqqında məlumatları təsdiq edilmiş müvafiq formalar üzrə doldurur və komissiyanın müzakirəsinə hazırlayır. Sosial yardımın təyin edilməsi barədə sənədlərə komissiya tərəfindən 10 gün müddətində baxılır, sosial yardımın təyin edilməsi və ya sosial yardımın təyin edilməsindən imtina olunması barədə, təqdim edilmiş sənədlər üzrə məlumatların yoxlanılması zərurəti yarandığı hallarda isə sənədlərə baxılması müddətini daha 10 gün müddətinə uzatmaqla məlumatların yerində yoxlanılması barədə qərar çıxarılır.


Hansı hallarda sosial yardımın təyin olunmasından imtina edilir?

  • Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən  çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə;
  • Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);
  • Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər);
  • Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;
  • Sosial yardımın təyin olunmasından imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir.


Sosial yardım necə ödənilir?

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə şöbəsi) vasitəsilə ödənilir.


Sosial yardımın ödənilməsi aşağıdakı hallarda dayandırılır:

Aztəminatlı ailəni təmsil edən şəxs vəfat etdikdə və yaxud ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə;

- sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda;

-  sosial yardım ailə tərəfindən 3 aydan çox alınmadıqda.


Ünvanlı dövlət sosial yardım təyin edilərkən ailənin aylıq gəliri aşağıdakılardan hesablanır:

 

- əsas iş yeri və əvəzçilik üzrə əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə), digər pul təminatları, natura formasında ödənilən əməkhaqqı; 

- istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə zərərə görə verilən ödənclər (əlavə xərclər istisna olmaqla);

- qanunvericiliklə müəyyən edilmiş digər növ gəlirlər (işdən çıxmaqla əlaqədar dövlət qulluqçularına ödənilən birdəfəlik haqq, işçiyə istifadə etmədiyi əsas məzuniyyətə gör pul əvəzi, müəssisə ləğv edildikdə, işçilərin sayı və ştatları ixtisar edildikdə və əmək müqaviləsi ləğv edildiyi digər hallarda işçiyə verilən ödənclər, iş yerindən işçilərə ödənilən maddi yardımlar və s.);

- bütün növ pensiya və müavinətlər, o cümlədən ömürlük müavinət, işsizliyə görə müavinət, uşaq üç yaşa çatanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövründə verilən müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət, digər sosial müavinətlər (bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət və birdəfəlik müavinətlər istisna olmaqla), o cümlədən məcburi köçkün və məskunlaşmamış qaçqınlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ləğvinə görə ödənilən müavinətlər və s.; 

5.5. bütün növ təqaüdlər, o cümlədən fərdi təqaüdlər, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi, şəhid ailəsi üçün müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü, fəxri adlara görə aylıq təqaüd, tələbələrə verilən təqaüd, işsizlərə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə verilən təqaüd, istehsalatdan ayrılmaqla oxumağa göndərilmiş tələbələrə, doktorantlara (magistrlərə) müəssisə hesabına ödənilən təqaüd; 

- aliment;

- sahibkarlıq fəaliyyəti və ailə kəndli təsərrüfatında məşğul olanların gəliri, mülki-hüquqi müqavilə əsasında qazanılmış gəlirlər, qonorarlar; 

- əmanətlər və onların üzərinə hesablanan faizlər (1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında istifadəsiz qalmış indeksləşdirilməmiş əmanət qalıqları istisna olmaqla);

- qiymətli kağızlardan əldə edilən dividendlər;

- ailəyə və yaxud ailənin hər hansı bir üzvünə mənsub olan və ya hədiyyə edilmiş əmlakdan əldə olunan gəlirlər;

- Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda istənilən mənbədən ailəyə daxil olan milli və xarici valyutanın məbləği;

- ailəyə natura formasında ödənilən yardımların dəyəri;

- ailənin hər hansı üzvü tərəfindən qeyri-hökumət təşkilatları, beynəlxalq

- humanitar təşkilatlar, xeyriyyə və digər cəmiyyətlər, sahibkarlar və fiziki şəxslərdən alınmış qrantlar və yardımlar;

- qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər və kompensasiyalar (xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələrinin dəyəri, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri istisna olmaqla);

- şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlər (mal-qara, quş, arı, baramaçılıq.).


Ailənin gəlirinə aşağıdakılar daxil edilmir:

- təbii fəlakət (sel, yanğın, epidemiya), müharibə və s. gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);

- ailəyə təyin olunan birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət və s.) və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilən əlavə aylıq müavinət;

- ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.


Ünvanlı sosial yardım təyin edilərkən ailənin ümumi aylıq gəliri müəyyən edilir və ehtiyac meyarından həmin məbləğ çıxılır və alınan məbləğ əhaliyə ödənilir.

Tutaq ki, ailənin 6 üzvü var, onların gəliri ümumilikdə 300 manatdır, bu halda ehtiyac meyarını 75 manatı vururuq 6-ya. 450 manat. Bu halda həmin ailəyə 450-300= 150 manat sosial yardım veriləcək ..

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hər ay adambaşına düşən ünvanlı sosial yardımın məbləği 23 manat 60 qəpikdir. 

Respublikada 131 min 122 ailəyə ünvanlı sosial yardım verilir. Hər ay adambaşına düşən yardımın orta aylıq miqdarı, 23 manat 60 qəpik, hər ailəyə düşən orta aylıq məbləğ isə 105 manat 82 qəpikdir.Yardım alan ailələrin əksəriyyətini tərkibində 3 və daha çox uşaq olanlar təşkil edir. Belə ailələrin sayı 51 min 628-dir. Həmçinin 35 şəhid ailəsi, 195 qəyyum təyin edilmiş ailə, 558 tərkibində müharibə əlili olanlar, 16 min 339 tərkibində müxtəlif səbəblərdən əlil olanlar, 10 min 49 məcburi köçkün ailəsi, 258 cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxlərin ailələri bu il ünvanlı sosial yardım alanlardır.


  1. ESMERRi | 23 mart 2016 23:55 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: Miraj
    sosial yardim almaq ucun gerek 4 ayini veresen ki sene yardim duzeltsinner
  2. Yagis_Negmesi | 20 dekabr 2015 22:41 | Status: Gümüş user | Şərh: 1 614
    Bize de duzeltmediler serf elemedi chunki
  3. Miraj | 22 yanvar 2015 09:47 | Status: Professional user | Şərh: 2 625
    sosial yardim almaq ucun gerek 4 ayini veresen ki sene yardim duzeltsinner
  4. Nigar | 24 fevral 2014 19:54 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: azeri_oglu
    Cox maraqlidi. Tskle

  5. Gulshen. | 23 fevral 2014 08:43 | Status: Qonaq | Şərh: 0
    Tewekkurler melumata gore
  6. cucem. | 29 sentyabr 2012 21:02 | Status: Professional user | Şərh: 4 415
    BIZ ALMIRIQ
  7. sevinc keder | 3 sentyabr 2012 20:27 | Status: Professional user | Şərh: 3 818
    MENDE ALMIRAM :n1:
  8. azeri_oglu | 2 sentyabr 2012 22:05 | Status: Gümüş user | Şərh: 2 243
    men almiram
  9. _Peri_ | 2 sentyabr 2012 21:58 | Status: Gümüş user | Şərh: 1 662
    twk
  10. azeri_oglu | 29 avqust 2012 21:10 | Status: Gümüş user | Şərh: 2 243
    Cox maraqlidi. Tskler