Qadın / Ah, qadınlar...

Siz şopoqoliksiniz?

Terane | 6-04-2012, 19:00
2 797 78


Geyim dolabınızda yetərincə geyim olduğu halda alış-veriş etmək hissi sizi rahat buraxmır? Bu zaman siz şopoqolik ola bilərsiniz.

Şopoqolik termini alış-veriş vərdişinə nəzarət edə bilməyən insanlara aid edilir. Onları hər zaman bu hiss narahat edir. Bəzən ehtiyac olmasa belə, artıq paltar, aksesuarlar və s. əldə etmək üçün pul israf edirlər. Alış-verişin sonunda isə pullarının qalmadığını görüb
vicdan əzabı və narahatçılıq çəkirlər. 

Müasirləşən dünyanın yenilikləri bu xəstəliyin daha geniş yayılmağına və təhlükəli hal almağına şərait yaradır. Texnologiyanın yeni icadı - İnternet-maqazinlər sayəsində insanlar evdən çölə çıxmadan alış-veriş edə bilirlər. Banklardan verilən kredit kartları isə istifadəçinin büdcəsindən kənara çıxmağa və nəticə olaraq yüksək miqdarda borclar etməyə səbəb olur. Araşdırmalara görə, tək Amerikada 17 milyon əhali alış-veriş aludəçisidir və bu xəstəlik uğrunda onlar hətta ailələrini və maddi vəziyətlərini riskə atmağa hazırdırlar.

Gülər Musayeva (şopoqolik): “Məndə alış-verişə aludəçilik xüsusilə universitetdə oxuduğum zamanlar artdı. Düşünürəm ki, bu birbaşa mühitin təsiri ilə əlaqəli idi. Çünki Tibb Universitetində oxuyurdum və burada tələbələr arasında yaxşı geyinmək uğrunda hər zaman gizli rəqabət olub. Alış-veriş etmək mənə xüsusi bir zövq verirdi. Özümü güclənmiş və yeni planlar həyata keçirməyə hazır hiss edirdim. Hətta xatırlayıram ki, imtahanlara dərs oxuyaraq hazırlaşmaqla yanaşı, yeni geyim alıb getmək mənim üçün adət olmuşdu. Sanki bu mənə uğur gətirirdi. Vitrində gördüyüm və xoşuma gələn geyim mənim olana qədər fikrimdən çıxmırdı. Mən ilk işimə də istədiyim paltarları almaq üçün pul qazanmaq məqsədi ilə başladım. 

İndi evli və iki uşaq anasıyam, amma bu vəziyyət dəyişməyib. Özümdən başqa, uşaqlarımın da yaxşı geyinməsinə xüsusi diqqət yetirirəm. Bunu xəstəlik saymıram, əksinə, mənə çox zaman stimul verir”.

Necə şopoqolik olduq?!

Şopoqolikə çevrilməyin müxtəlif səbəbləri var. Psixoloqlar iddia edirlər ki, bu xəstəliyin kökü hətta uşaqlıq dövrünə gedib çıxır. Valideynlərin öz uşaqlarının başını qatmaq və saktləşdirmək üçün ona istədiyini almaları artıq az yaşlarından uşaqda alış-verişə böyük həvəs oyadır. Daha sonrakı illərdə yetkinləşib öz pulunu və maddi azadlığını qazanan yetişkində isə bu istək aludəçiliyə çevrilir. Bundan əlavə, insanlar bəzən özlərini dəyərsiz və yalnız hiss etdikləri zaman alış-verişdən kömək umurlar. Çünki aldıqları geyimlər sayəsində yaratdıqları yeni görkəmlə diqqət çəkəcəklərini və daha güclü olacaqlarını düşünürlər.

Həmçinin adi halda ehtiyacın olduğunu almaqdan savayı, bəzən istədiyin və xoşladığın bir 
əşyanı elə gördüyün an almaq insanda azadlıq hissi yaşadır. Digər tərəfdən, mağazada satıcıların qulluğu və komplimentləri də işə daxil olanda alıcı özünə hörmət və güvən hissi yaşayır.

Şopoqolikin cinsi yoxdur

Cəmiyyət tərəfindən uzun müddət bu xəstəliyin yalnız qadınlara aid olduğu düşünülürdü. Lakin 2006-cı ildə “Amerika Psixiatriya jurnalı”nın dərc etdiyi araşdırmanın nəticələrinə görə, kişilər bu xəstəlikdən, demək olar ki, qadınlar qədər əziyyət çəkirlər. Kişilərdə geyimə aludəçilik az görülsə də, elektron alətlərin alış-verişinə qarşı həvəs heç də belə deyil. Müsahibim Elvin Vəliyevözünü qacet (cihaz) aludəçisi sayır: “Mən telefonumu, netbukumu, demək olar ki heç köhnəlməmiş dəyişiriəm. Çünki işlətdiyim modeldən daha güclü və funksiyaları çox olan yeni model görəndə dayana bilmirəm. Günlərlə həmin model haqqında araşdırmalar aparıram və eyni zamanda işlətdiyim qacetə müştəri axtarıram. Beləliklə, köhnəni satıb pul əldə edən kimi yenisini almaq zamanı gəlir. İstədiyimə nail olanda bir müddət rahatlaşıram, amma təəssüf ki, bu çox çəkmir. Çünki texnologiya çox sürətlə dəyişir və onun aludəçisi olmaq, geyim aludəçisi olmaqdan daha çətindir. Bunun xəstəlik dərəcəsində olub-olmadığını dəqiq deyə bilmərəm. 
Amma məni çox aqressiv etdiyini düşünürəm. Maddi tərəfdən isə ziyan vurmur, çünki mənim işim texnologiya ilə bağlı olduğu üçün aldığım hər yeni qacet daha çox iş görməyimə və pul qazanmağıma səbəb olur”.

Həmçinin o qeyd etdi ki: “Bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizim ölkədə texnologiya aludəçiliyi çox lazımsız formada yayılıb. Məsələn, insanlar telefon alarkən daha bahalı və çox reklam olunanı alırlar. Heç düşünmürlər ki, bunu işlədə biləcəklərmi? Bu telefonu bahalı edən yeni funksiyalar heç onlara lazım da olmur. Ən pisi - bu funksiyaları öyrənməyə də çalışmırlar. Buna görə də mənim aludəçiliyimlə belə kor-koranə aludəçilik arasında çox böyük fərq var”.

Dünyanın məşhur şopoqolikləri

ABŞ-ın Ayova şəhər universitetinin professoru Donald Blekin araşdırmalarına görə, alış- veriş aludəçiliyi heç də müasir dövrdə yaranmış xəstəlik deyil. O, iddia edir ki, alman psixiatrı bu xəstəlik haqqında apardığı ilk müşahidələri hələ 1915-ci ildə kitab halında yayınlamağa nail olmuşdur. Bu dövrdə özünəməxsus məşhur şopoqoliklər olub. Bunlara misal olaraq, Meri Told Linkol (ABŞ prezidenti Avraam Linkolunun xanımı), Uilyam Rendolf Herst (amerikalı media-maqnat), Jaklin Kennedi Onassis (ABŞ prezidenti C.F.Kennedinin xanımı) və şahzadə Diananın adlarını çəkmək olar. Bu məşhurların hər birinin hansısa bir əşyaya qarşı xüsusi aludəçiliyi olub. Məsələn, şahzadə Diana və Jaklin geyimləri, Herst sənət əsərləri və antikvariatları, Meri Told Linkoln isə əlcəklər almağı çox sevirmiş.

Bəs Azərbaycanda vəziyyət necədir?
   
Bütün Şərq ölkələri kimi, Azərbaycanda da əhalinin hər zaman zəngin geyinməyə və bəzək əşyaları ilə bəzənməyə böyük marağı olub. Hətta SSRİ dövründə alış-veriş sahəsində qoyulan məhdudiyyətlər insanların bu həvəsini azaltmayıb, gizli yollarla olsa belə, ölkədə istənilən malların satışı və əldə olunması mümkün olub. İndiki dövrdə isə Azərbaycanda ən baha brendlərlə yanaşı, cibə uyğun aşağı qiymətlərdə geyim, bəzək əşyaları və s. tapmaq mümkündür. Gündən-günə artan ticarət mərkəzləri heç də Avropada olan mərkəzlərdən geri qalmır. 

Vəfa Məmmədli (geyim dükanının sahibi): “Bəzi qadınlar var ki, nə isə almasalar da, həftədə heç olmasa, bir neçə dəfə mağazaya gəlirlər. Özləri də etiraf edirlər ki, başqa heç
bir şey onların kefini paltarlara baxmaq qədər açmır. Bəzən isə aralarında mübahisə olmuş cütlüklər bizim mağazada barışırlar. Belə ki, qadınlar həyat yoldaşları istədikləri geyim, ayaqqabı və s. alanda çox sevinir və arada olan incikliyi tezliklə unudurlar".
 
Son zamanlar şəhərimizdəki mağazaların müştəriləri cəlb etmək üçün istifadə etdikləri üsullardan biri də endirimdir. Hətta bəzən həddindən artıq şişirdilən, doğru olmayan endirim tarifləri ekspertlərin narazılığına səbəb olur. 

Endirim üsulundan sahibi olduğu mağazada istifadə edən Vəfa Məmmədli deyir ki, bu, alıcı psixologiyasından asılıdır: “Bəzən malın maya dəyərinə çox az əlavə edib endirimsiz satışa qoyuruq. Alıcı isə mütləq endirim etməyimizi tələb edir. Sanki bu onlara qalibiyyət, nədənsə qazanmaq hissi yaşadır. Biz də onların psixologiyasına uyğunlaşmaq məcburiyyətindəyik. Ona görə malın üzərinə elə qiymət qoyuruq ki, endirim edəndə bizə də ziyanı olmasın. Özümüzü də, alıcıları da sevindirək”.
   
Min dərdin min bir dərmanı var

Şopoqoliklik bizim alışdığımız xəstəliklərdən deyil, ona görə yaşadığımız fəsadlar qarşısında aciz qalanda kimə müraciət edəcəyimizi bilmirik. Lakin bu mininci dərddirsə, onun artıq min birinci dərmanı da mövcuddur. Amma əvvəlcə bunu başa düşməlisiniz ki, hər şey öz iradənizdən asılıdır. Yəni bu dərmanı başqa xəstəliklərdə olduğu kimi sizə həkim verməyəcək, özünüzü idarə edə bilmək üçün bəzi tədbirlər düşünməlisiniz. Məsələn, alış-verişə çıxarkən üzərinizdə çox böyük miqdarda pul götürməyin. Çünki belə olduğu halda hər xoşunuza gələn əşyanı deyil, yalnız sizə lazımlı olanları almalı olacaqsınız. Ehtiyacınız olan əşya və ya paltar yoxdursa, boş vaxtınızı keçirmək üçün mağazaları və ya ticarət mərkəzlərini gəzməyə getməyin, başqa məşğuliyyət tapın.

Əgər bunlar da sizə kömək olmursa, alış-veriş aludəçiliyiniz həddindən keçib və siz bunu artıq idarə edə bilmirsinizsə, psixoloqa müraciət edin. “Axı alış-verişin nə ziyanı var ki?!” deyə düşünməyin. Çünki sizi bu aludəçiliyə aparan başqa ciddi səbəblər ola bilər. Amma ən əsası da başa düşməlisiniz ki, siz bu aludəçiliklə yalnız özünüzə deyil, ətrafınızdakılara da ziyan vura bilərsiniz. Hər zaman alış-veriş fikri ilə yaşamaq, bunun üçün maddi vəsait axtarmaq sizi insanlara qarşı aqressiv edə bilər. Büdcənizi idarə edə bilməməyiniz, lazımsız alış-veriş və israf olunan pullar borclar etməyinizə səbəb olacaq. Bu da sonda insanlar yanında etibarınızı itirməyinizə gətirib çıxara bilər.

Ən əsası isə unutmayın ki, geyim sadəcə həyat tərzimiz üçün lazımlı faktordur. Amma yaşamaq üçün əsas şərt deyil. Mövlana Cəlaləddin Rumi demiş: “Nə geyimlər gördüm, içində insanlar yox, nə insanlar gördüm, üzərində geyim yox”.

“Olaylar”