Qadın / Ah, qadınlar...

Fermer xanım: “Niyə kiminsə əlinin altında...” - Foto

Banu. | 11-12-2016, 15:24
2 909 0

 

Masallının Xırmandalı kəndi rayonun ucqar kəndlərindəndir. Bu istiqamətdə yerləşən kəndlərə el arasında "Çöl kənd” deyirlər. Bu kəndlərə Həsənli, Hacıtəpə, Ərəb, Xırmandalı və başqaları daxildir. Kənd yayda quraqlıq, qışda isə yağmurlu olur. Dəniz səviyyəsindən 80 metr aşağıda yerləşən kəndin torpaqları əsasən, şorandır. Əhali heyvandarlıq, əkinçilik, bostançılıq, son vaxtlar tütünçülüklə məşğul olur. Ovçuluq və balıqçılıq da əhalinin dolanışığını təmin edən məşğulluqdur.

Budəfəki Masallı səfərimizin səbəbi Xırmandalı kənd sakini, fermer Sərimə Qulam qızı Əhmədovanın təsərrüfatı ilə yaxından tanış olmaq, əmək adamı olan xanımın uğurlarına işıq tutmaq, problemlərini dinləmək, arzularına qulaq asmaq idi. Görüşümüzə qonşu Hacıtəpə kənd sakini, təqaüdçü müəllim, dostum Əlizamin Baxışov körpü yaratmışdı. Xanımın əmək fəaliyyəti ilə bağlı xoş sözlər demiş, 5 nəfər ailənin oradan dolandığını söyləmişdi.

Onu da qeyd etmişdi ki, Sərimə əldə etdiyi bütün uğurlara təkbaşına nail olub. Heç kəsin köməyindən yararlanmayıb, kömək umduğu bəzi dövlət idarələri rəhbərlərindən sınmayıb, geri çəkilməyib. Necə deyərlər, Robinzon Kruzo kimi bir "adaya” sığınıb. Kəndin kənarında, ona və rəhmətlik atasına aid olan 44 sot pay torpağında iş qurub.

- Doqquz ildir bu işlə məşğulam. Qardaşlarım şəhərdə olur, dedilər, gəl Bakıya, razı olmadım. Gedib kiminsə firmasında, əlinin altında işləməkdənsə, öz işimi qurdum. Düzdür, yerim azdır və bu torpaqlar əkinçilik üçün nəzərdə tutulub, amma torpaqda buğda, digər bitki əkmək perspektivli görünmədi. Toyuqçuluqla məşğul olmaq istədim, inad etdim və istəyimə nail oldum...

Sərimə xanımın indi haqq dünyasında olan atası vaxtı ilə kolxoz sədri kimi fəaliyyət göstərib. Torpağa bağlılıq, təsərrüfata ürək vermək atasından qalıb ona:

- Atam xəstə idi, ona qulluq etdim, eyni zamanda da işlədim. Atam toyuqçuluqla məşğul olmağıma razı deyildi. "Bir nəfərin, özü də qız xeylağının işi deyil bu”, - deyirdi. Mən isə istəyimdən dönmədim. Qohumun, qardaşın dediklərinə qulaq asırdım, amma onları da inandırmağa çalışırdım ki, bu, mənim bacaracağım işdir. Atam təsərrüfat başçısı olmuşdu, dövlət dəstəyi və maliyyə yardımı olmadan tək adamın bu işlərdə necə çətinliklə rastlaşacağını yaxşı bilirdi. O, məndən incimişdi də. Dostu, qonşu kənddən olan Salman dayı vardı. O da uzun müddət kolxozda məsul vəzifədə işləmişdi. Salman Kəlbiyev atama deyib ki, sənin qızın bilirsən nələr görüb? Kərpic kəsib, quş ferması tikib, ağac tingləri basdırıb, quyu qazdırıb. Atam xəstə idi, gəlib gözləri ilə görə bilməmişdi. Dostunun sözlərindən sonra sanki ona güc gəlmişdi, sevinmişdi. Alnımdan öpdü, mənə halallıq verdi.

Ayrı-ayrılıqda hər birimizə 22 sot torpaq verilmişdi, öz payını da mənə bağışladı, amma toyuqçuluq üçün bu, çox azdır. Mənim öz sahəm olmalıdır, əkim, yem tədarükü görüm. Dövlət fondundan olan torpaqlar artıq icarədarlar tərəfindən götürülüb, əkilir və buğdaçılığa yararsız olduğuna görə heç bir mənfəət əldə olunmur. Əksinə, dövlətdən hər il vəsait alınır, boş yerə xərclənilir.

- Gözəl xanımsınız. Özünüz də deyirsiniz ki, qohumlar, qardaşlar sizi şəhərə dəvət etdi. Axı indi çoxları şəhər mühitində yaşamağa can atır...

Qəribə, xoş təbəssümü var Sərimə xanımın. Danışdıqca əllərini bir-birinə barmaqlayır. Sanki bu əllər növbə ilə biri digərinə sığal verir, qayğısını çəkir. Əllərinə baxdığımı görcək, sifətinin utancaq təbəssümü deyəcəyi sözlərə fon verir:

- Bir dəfə Sumqayıtda avtobusda gördüm ki, hamı əlimə baxır. Özüm də baxdım, eyni zamanda digər qadınların da əlinə fikir verdim. Mənim əllərim, barmaqlarım o qədər yaraşıqlı idi ki... Utandım, doğrusu, istədim, gizlədəm əllərimi... Əmioğlum vardı, AzTV-nin operatoru idi, onlara getmişdim. Dedi, ay Sərimə, bu əllər bir rəsm əsəridir...

İndi kəndə qayıdanlar çoxdur. Dövlətimiz var olsun, kəndə qaz çəkildi, başçı da sağ olsun, kanallar çəkildi ki, su basqınlarının qabağı alındı. İndi yol çəkilir, körpü salınır... İndi kənddə yaşamağa nə var ki!

Məndə torpağa meyil lap çoxdan olub. 12 il bundan qabaq hər kəs kartof əkirdi. Mən də həyətimizdə kartof əkdim. Tək idim, atam xəstə, anam da dünyasını dəyişmişdi. Qardaşlar şəhərdə. Karkası istixanaların altında əkirdim, 14 karkas idi. Sellofan örtüyün altında lampa bağlayırdım ki, elektrik işığı ilə düşəcək şaxtanın qarşısını alım. Demə, qonşu qadınlar yığışıb mənim bu hərəkətimə baxırmışlar. Bir də gördüm ki, kimsə deyir, "bəsdir, bu qızın işlərinə tamaşa etdik, gedək, indi Amacinin filmi başlayacaq”. Demək, bunlar mənə əyləncə kimi baxırmışlar. Pis oldum, amma inadımdan dönmədim. "Eybi yoxdur, mən filmə baxmasam da olar”, - dedim. Xəstə atamın qulluğunda durmalıydım. İş görməli, pul qazanmalı idim. Həmin il məhsulumu yığıb yığışdırmaq mümkün olmadı. Bir karkasın altında 2-3 maşın məhsul toplandı.

Bəs, Sərimə xanımın toyuq-cücə saxlamağa meyli haradan yaranıb? Qəribə tarixçəsi var bunun, yaxşısı budur, onun dilindən eşidək:

- Qonşuluqda inkubator aparatı yerləşdirmişdilər. İnsanlar yumurtaları verirdi və həmin aparatlardan cücələr çıxırdı. Bir dəfə qonşunun evinin arxasındakı çökəklikdən civilti səsləri eşitdim. Maraqlandım ki, bu, nə səsdir. Dedilər, yumurtadan çıxmayan cücələrdir, gec əmələ gəlir deyə, çıxarıb ora tökürlər. Ürəyim ağrıdı, onlar canlı idi axı. Düşdüm dərəyə, 22 yumurta seçib gətirdim evə. Odun sobasının altına düzdüm. İstidən o cücələr yumurtanı deşib çıxdılar, bəziləri zəif idi, gücü çatmırdı, özüm deşdim yumurtaları. Hamısını böyütdüm. İnanmazsınız, necə də gözəl idilər. Həyətdə, çöldə işləyəndə ürəyim onların yanında olardı, tez qaçardım evə. Sonradan özüm də yumurta alıb həmin aparatda cücə çıxartdırdım və bu işə beləcə başladım. Niyə daha çox olmasın? Niyə 4-5 ailə bu işdən yararlanmasın? Kənddə bəzi adamlar mənə deyirdi, get adını yazdır, sosial müavinət al, il boyu ye də. Deyirdim, mən sağlam, iş görə biləcək, dövlətə xeyir verə biləcək adamam, niyə dövləti aldadım? Elə iş quraram, 4-5 nəfər də işləyər, bu da dövlətə xeyir. Mənə gülənlər var idi.

Sərimə xanımın gileyi də var, onları dilə gətirir:

- Baxın, mənim 3 sexim var: ətlik, yumurtalıq və kiçik quşlar üçün. Kəsilib, təmizlənib, saxlanc yerim olan yer də tikmişəm. Amma məhsulumu sata bilmirəm. Kənd icra nümayəndəsinə dəfələrlə demişəm ki, bir yer verin, dükan tikim, bu ətin satışı ilə məşğul olaq. Yoxdur deyir, amma mənim müraciətimdən sonra onlarla dükan yeri, çayxana yeri verib. Vaxt tapım, icra başçısının qəbuluna gedəcəyəm. Onun iş görmək istəyənə xüsusi diqqəti var. Rafil müəllimə (Masallı rayon icra başçısı Rafil Hüseynov – red.) deyəcəyəm ki, təkbaşına tikdiyim, yaratdığım bu boyda təsərrüfat binalarının sənədləşməsinə, işimizi genişləndirmək üçün kredit götürməyimizə kömək olsun, göstəriş versin. İnanıram ki, o, mənə kömək edəcək.

Sərimə xanım quş yeminin tonuna 900 manat ödədiyini deyir.

- İmişli Yem Zavodundan gətirilən yemin tərkibi heç də ürəkaçan deyil. Özüm burda buğda, arpa, soya alıb yemi hazırlayıram. Bu, daha keyfiyyətli olur. Bir-iki dəfə müraciət etmişəm ki, mənə icarəyə torpaq verin, həmin dənli bitkiləri əkim, becərim, işçi də götürüm, müraciətimi cavabsız qoyurlar. Sanki bir qadının bunu bacardığına inanmırlar. İldə təxminən 10 min tona yaxın ət istehsal edirəm, ancaq satışını qura bilmirəm. Bəzən maya dəyərindən aşağı satıram. Bu il ancaq işçilərin maaşını və aldığım yemin, dərmanın, istilik üçün istifadə olunan materialların pulunu ödəmişəm. Soyuducularım ətlə doludur. Təbii yolla böyüdülən ətlik cavan toyuqlardır, ətinə iynə vurub şişirtmirəm ki!

Sərimə xanım Prezidentə müraciət də edəcəyini və kömək istəyəcəyini deyir:

- Birincisi, Prezident kənd təsərrüfatı sektorunun genişlənməsi üçün çox mühüm işlər görür. İkincisi də mən bu işə onun atası, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə başlamışam...

Baxışdakı sualı tutur, çox ciddi halda deyir:

- Bu, həqiqətən belədir. Heydər Əliyev bir dəfə yuxuma girdi, mənim də əllərim təmiz deyildi, önlüyümə silib ona baxırdım. Kişi gülümsəyə-gülümsəyə saçımı sığalladı, "qızım, səndən xoşum gəldi, hamı məndən nə isə istədi, sən isə susdun, görürəm ki, işgüzarsan, al, bunu sənə hədiyyə verirəm”, - deyib, mənə bir tovuzquşu verdi. Yuxudur da, qaçaraq anamın yanına getdim, dedim bax, Prezident mənə tovuzquşu verdi. Anam dedi ki, bu, göyərçindir, o qədər gözəldir ki, tovuzquşuna bənzəyir. əlimi göyərçinin – tovuzquşunun üstünə çəkdim. Gördüm, ətrafımda həmin o ölümdən qurtardığım kiçik cücələr dolaşır. Yuxudan ayıldım. Bax, elə bil, o kişi mənə öz xeyir-duasını verdi.

Sərimə xanımın həmkəndlisi, vaxtı ilə kənddəki İslahat Komissiyasının sədri olan Mürsəl Hüseynovla söhbətimiz zamanı o da xanım fermerin işlərində bəzi maneələrin olmasını dilə gətirdi:

- Bu boyda tikilini başa çatdırmaq asan deyil. Bəzən bir dövlət idarəsi bu işi başa çatdıra bilmir. Düzdür, torpağın təyinatı əkinçilik üçün nəzərdə tutulub. Birincisi, o, 44 sot torpaqda nə qədər taxıl əldə edə bilər ki? İkincisi də torpaq əkinə yararsızdır. Bunun təyinatını dəyişmək, daha səmərəli istifadə etməyin yolunu tapmaq lazımdır...

Qeyd: Layihə Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.

Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.Axar.az



Array