Qadın / Ah, qadınlar...

Azərbaycan xanımları Milli Orduda həqiqi hərbi xidmət keçməyə hazırdırlarmı?

Banu. | 18-04-2018, 15:12
2 416 0



 
 
 
Azərbaycan Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası”nı təsdiq edib.

Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Azərbaycanda ilk dəfə olaraq Milli Orduda qadınlar həqiqi hərbi xidmət keçəcəklər. Ali təhsilli, 19-40 yaşında olan qadın vətəndaşlar Milli Orduda öz istəklərinə uyğun olaraq 3 və ya 5 illik müddətə müqavilə ilə döyüş bölgələrində və arxa cəbhədə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmətdə ola biləcəklər. Döyüş bölgəsində olacaq qadınlar 2 qat əmək haqqı almaq imkanı qazanacaqlar.

Dünyanın bir çox inkişaf etmiş ölkələrinin ordularında bu yanaşma artıq xeyli müddətdir tətbiq olunur. İsrail, Fransa, Böyük Britaniya, Ukrayna və digər dövlətlərin ordularında qadınlar gənc yaşlarından müqavilə ilə orduya götürülür və konkret olunmuş müddətlərdə həqiqi hərbi xidmətdə olurlar. Məsələn, İsrail ordusu bu məsələdə dünyada öncül sıralardadır və gənc xanımlar peşəkar qulluq zamanı kifayət qədər ciddi maliyyə ala bilirlər.

Keçək Azərbaycan Ordusuna.

Yuxarıda da qeyd etdiyimiz kimi, 19-40 yaşlı ali təhsilli xanımlar öz istəkləri ilə Orduda xidmət etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə bilərlər. Edilən müraciətlər əsasında xanımlar arasında aparılacaq seçimdən sonra onlar işə - yəni, hərbi qulluğa qəbul olunacaqlar. Məlumat üçün nəzərə çatdıraq ki, yeni tətbiq olunacaq bu formatın imkanlarından təkcə Azərbaycan vətəndaşları deyil, həm də əcnəbi vətəndaşlar da yararlana biləcəklər.

Məsələ ilə bağlı azxeber.com-a danışan hərbi ekspert Üzeyir Cəfərli bildirdi ki, bu Azərbaycan üçün vacib sənəddir. O qeyd etdi ki, hərbi uçot ixtisası olan gənc qadınlar bu imkandan yararlana biləcəklər: "Ali təhsil almış ixtisas sahibi olan gənc xanımlar həqiqi hərbi xidmətə gələ biləcəklər. Azərbaycan qadınları döyüş bölgəsində həqiqi hərbi xidmətdə olarsa, ikiqat əmək haqqı ilə təmin olunacaqlar. Arxa cəbhədə isə onlar ştat cədvəlinə uyğun olaraq, əmək haqqı alacaqlar”.

Oxucuların nəzərinə çatdırırıq ki, seçimdən sonra müraciət edənlər arasından seçilən qadınlarla Müdafiə Nazirliyi arasında müqavilə bağlanılır. Müqavilədə göstəriləcək hərbi xidmətin müddəti isə müraciətçi qadının istəyi əsasında 3 və ya 5 il zamanında təyin ediləcək. Bundan başqa, qəbul olunmuş müddəalar əsasında qadın müraciətçilər döyüş bölgəsi və yaxud arxa cəbhədə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmət etmək seçimini edəcəklər.

Azərbaycanda Milli Orduda ilk dəfə tətbiq olunacaq bu formatda diqqətimizi çəkən məqam var. Bu detalın üzərində bir qədər həssas dayanmağa ehtiyac duyuruq. Belə ki, Azərbaycan Milli Ordusuna qadınların cəlb olunması formatından Azərbaycan vətəndaşlığı olmayan qadınlar – yəni, əcnəbi vətəndaşlar da yararlana biləcəklər. İlk dəfə olaraq, Azərbaycanın güc strukturunda bu model tətbiq olunacaq. Bu günə kimi, Azərbaycan Milli Ordusunda Azərbaycan vətəndaşlığı olmayan əcnəbi vətəndaşlar həqiqi hərbi xidmətdə olmayıblar. Yeni tətbiq olunacaq bu modeldə isə artıq bu mümkün olacaq. Əcnəbi vətəndaş olan qadınlar müraciət edərək Milli Orduda müqavilə əsasında həqiqi hərbi xidmətdə ola biləcəklər.

Bizimlə söhbətində hərbi ekspert Üzeyir Cəfərli bu halı təhlükəli məqam adlandırdı. O qeyd etdi ki, güc stukturu olan Azərbaycan Milli Ordusunda bu halın tətbiq etmədən öncə çox ciddi düşünmək lazımdır: "Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bu situasiya hələ davam edir və hazırda münaqişənin nə zaman bitəcəyi tam bəlli deyil. Məhz bu baxımdan əcnəbi vətəndaşların Orduya cəlb olunması bir qədər təhlükəlidir. Hesab edirəm ki, əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin orduya cəlb olunması məsələsi hələ tezdir”.

Diqqətli oxucunun nəzərinə çatdırırıq ki, müasir dövrdə texnika sürətlə inkişaf edir. Bu isə qapalı olması vacib olan, qulluq sirri olan məlumatların olduğu Milli Orduda əcnəbi vətəndaşların qulluğa qəbul edilməsi məsələsinin üzərində ciddi düşünməyə və bir qədər də ehtiyatlanmağa vadar edir. Çünki müasir zamanda kommunikasiyanın bolluğu sirlərin tam qorunmasını bir qədər risq altına alır. Buna görə də, bu məsələdə yüz ölçüb, bir biçməkdə fayda oldüğunu düşünürük.

İngiltərə ordusunun 9 faizi, Nepal ordusunun isə 40 faizi qadın döyüşçülərdir. Dünya ölkələri arasında yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Bu ölkədə qadınlar 20 yaşda əsgər aparılır. Kişilərin 3 il hərbi xidmət etdiyi bu ölkədə qadınlar məcburi 2 il hərbi xidmətdə olur. Müsəlman ölkələri arasında isə ən çox qadın İran ordusundadır. Ukrayna ordusu da qadın əsgərlərin sayına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bu ölkənin ordusunda 50 min qadın əsgər var. Rusiya da qadınlar üçün hərbi xidməti məcburi etmək istəyir. Əfqan qadınları da ordu sıralarında qulluq edirlər. Əfqan ordusunun qadın zabitləri NATO ekspertləri
tərəfindən hazırlanılır, öyrədilir. Qadın əsgərlər əfqan ordusunda cəbhəyə göndərilmir, daha çox administrativ vəzifələrdə xidmət edirlər.

Qəbul edilən sənədin mətnini daha ətraflı məlumatlar əldə etmək üçün oxuculara təqdim edirik:

Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar.Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:

- müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular;

- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
Ədliyyə Nazirliyinə, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər.

Hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycanın qadın vətəndaşlarına, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir. Zərurət yarandığı halda, müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Şəxsi iş tərtib edilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd, ərizə və ya raport, şəxsən yazılmış tərcümeyi-hal, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti (evli olduqda), uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda), 4 ədəd (başıaçıq, anfas) 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil (kursantların həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5x6 sm ölçüdə) məhkumluğun olub-olmaması barədə arayış təqdim edilir. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlərə isə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı, rejim obyektlərində işə buraxılışı rəsmiləşdirmək üçün sənədlər daxildir.

Müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından ikilivətəndaşlığıvə yadigər dövlətlər qarşısında öhdəlikləri olduqda (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla), məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət törətdikdə, təqdim edilən sənədlərdə təhrif olunmuş məlumatların qeyd edilməsi aşkar olunduqda, hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə, peşə psixoloji seçimdən keçmədikdə, bilik, bacarıq və fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş tələblərə cavab vermədikdə, öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə imtina edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək öz istəyindən imtina edə bilər. Müvafiq dövlət orqanları nəzərdə tutulmuş tələblərə cavab verməyən,

bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan imtina edirlər. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.

Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab edilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir:

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;

- gizirlər və miçmanlar üçün – 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır;
- ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;

- bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.

Məsələylə bağlı tanınmış xanımlar arasında sorğu da keçirilib: 

Ülviyyə Heydərova, yazıçı-publisist: "Ataların yaxşı məsəli var: Aslanın erkəyi, dişisi olmaz. Azərbaycan kimi müharibə şəraitində yaşayan ölkə üçün qadınların hərbi xidmət keçməsi, məncə, labüddür. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, qadınların hərbidə rolu heç də kiçik deyil. Vacib deyil ki, ön cəbhədə silaha sarılıb düşmənə qarşı çıxasan. Hərbidə tibb bacısı, aşbaz və b. sahələrdə çalışmaq özü böyük şücaətdir. Ali təhsilim var, 40 yaşıma hələ çox qalıb. Əgər hərbi xidmətə yararlıyamsa, niyə də getməyim? Cəbhədə jurnalist kimi də çalışa bilərəm. 

Afət Yaqubova, PR menecer: "Bu məsələni birdəfəlik həll etmək lazımdır və hər kəs öz borcunu verməlidir. Şəxsən mən indiki vəziyyətdə nə öndə nə arxada olmaq istəmərəm. Çünki inamım yoxdur"

Röya Rəfiyeva, "Yeni Müsavat" qəzetinin əməkdaşı: "Bu xəbəri, Azərbaycanda qadınların həqiqi hərbi xidmətə çağırılacağını eşitməmişəm. Hərbi xidmətdə olmaq istəyərəm, ancaq indi və bizim ölkədə deyil. Çünki ordudakı vəziyyəti normal, xüsusən də qadının xidmət etməsi üçün normal hesab etmirəm. Əsgər ölümləri ilə bağlı media vaxtaşırı yazır, hərbi hissələrin, əsgərlərin durumunun yaxşı olmadığı da tez-tez müzakirə edilir. Ancaq normal cəmiyyətdə qadınların əsgərliyə getməsinə, hərbi xidmət keçməsinə normal baxıram və özüm də gedərəm".

Leyla Abdullayeva, radio aparıcı: "Əlbəttə, kritik anda heç kim əlindən gələni əsirgəməyəcək, amma məhz bu hərbi xidmət məsələsi qadınlar arasında könüllü olmalıdır, məncə."

Şəlalə Dağlarqızı, şairə: "Azərbaycanın yetərincə vətəni qorumağa layiq ouğlları var Azərbaycan müftə yeyənləri qırılıb ki, 19 yaşında gənc və ya 40 yaşında evli qadın xidmətə getsin? Mmənim iki oğlum əsgərdi, əsgərlik kişilik məktəbidir, qadınlıq yox.

Arzum Əlizadə, xaricdə oxuyan tələbə: "Çox sevinərəm buna. Azərbaycanın mərd və cəsur qızları var. Mərd qızlar bunun öhdəsindən gələrlər, lazım gəlsə mən də gedərəm hərbi xidmətə"

Azadə Balayeva, tanınmış teleaparıcı: Mən böyük məmnuniyyətlə gedərəm. Əgər dövlət buyurursa, mütləq gedərəm. 

Günay Rəhimova, tanınmış teleaparıcı: "Vətən bizim var olmağımızdır, vətən ailəmizdi, vətən biz özümüzük. Ən böyük,ən müqəddəs adı daşımaq şansımız olarsa nə xoş bizə.. Əslində nə qədər vətənpəvərvər olduğumu,məni ən azı mənim qədər tanıyan ailəm, ətrafım, çevrəm məni izləyən tamaşaçıların bir qismi yaxşı bilirlər.Bütün səmimiyyətimlə deyirəm ,cəbhədən gələn hər üzücü xəbər üzüntüm,hər xoş xəbər isə sevincimdir.Vətəni qorumaq,uğrunda hər çətinliyə hazır olmaq bizim vəzifə borcumuzdur..

Tamilla Həmidova, model: "Çox maraqlı təklifdi. Şəxsən mən heç vaxt xidmət etmərəm."
Qadınların orduya həqiqi hərbi xidmətə çağırılması Azərbaycan Milli Ordusunda aparılan təkmilləşdirmə, inkişaf prosesinin tərkib hissələrindən biridir. Bu prosesin Milli Ordu üçün yeniləşmə, inkişaf gətirəcəyinə inanırıq.