Müsahibə / Məşhurlar

Hacıbaba Bağırovun həyat yoldaşı:"Onu nişan üzüyü ilə dəfn etdilər"

Banu. | 30-03-2015, 12:15
16 267 25

Bu dəfə onu yada salmaq istədik. İstədik yoxluğunda belə böyük hörmətlə anılan, Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qapısını döyək. Özündən sonra yadigarı olan balaca qızı və həyat yoldaşı, ömrünün son saatlarını bölüşdüyü Arzu xanımla həmsöhbət olaq. Hacını xatırlayaq.

H.Bağırov bir neçə dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.

Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib, Aleksandr isə 60 yaşındadır.
Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə, Almaz adlı qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, Xalq artistinin bu nikahdan övladı olmayıb.
Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən özününküləşdirib və "Bağırov” soyadına keçirib. Bu arada maraqlı bir faktı da qeyd edim. "Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub.

Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı var.

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə iki dəfə müəyyən müddətdə teatrda qalmalı olub. Qısaca desək, karifey sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.

Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin ovaxtkı sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır.
Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində 3 otaqlı mənzil verilir.
Hacıbaba Bağırov Azərbaycan teatr və kino sənətinin karifeylərindəndir. Sənətkarın geniş şaxəli yaradıcılığıyla yanaşı, maraqlı və eyni zamanda da təzadlı şəxsi həyatı olub. Hamının sevdiyi böyük sənətkarın onsuz qalan yuvasında qonaq olduq.

Bizi Hacının həyat yoldaşı Arzu xanım qarşıladı. İçəri daxil olanda diqqətimizi ilk Hacıbaba Bağırovun divarda asılmış portreti çəkdi.
Arzu xanımla çay süfrəsi ətrafında söhbətə başladıq.

- Arzu xanım, bilirəm ki, sizin üçün də Hacını xatırlamaq çətindi. Amma istərdim bu gün ondan danışaq. Hacıbaba Bağırov necə insan olub?
- İnsan kimi çox gözəl qəlbə sahib idi. Mən Hacıye nə qədər ömür sürdümsə, onun kimi insan görmədim ki, ailəsini sevsin. O qədər ailəcanlı idi ki. O, ailəsinə görə hər şeydən keçərdi.

- Baxmayaraq ki, aranızda böyük yaş fərqi vardı?
- Qətiyyən. Bizim aramızda yaş problemi olmayıb heç vaxt.
O çox ailəsinə bağlı insan idi. Deyim ki, tək mənimlə belə olub? Yox. O, digər qadınlarla da ailəli olanda belə olub. Hacı ailə üçün yaranmışdı. Vallah, billah deyirəm. Sadəcə onun qədrini bilən bir insan olmalıydın, bu ona bəs edirdi.

- Ona necə müraciət edirdiz?
- Ooo, müraciət formalarım çox idi. Əsas Baba deyə müraciət edirdim. Babaş da deyirdim. Hər şey deyirdim. Qocam deyirdim, "aşkım” deyirdim. O da mənə gözəl sözlər deyirdi. Əsas ceyranım deyərdi.



- Necə tanış olduz Hacı ilə?
- Onu ilk dəfə teatrda yaxından gördüm. Bizi aktrisa Lütfiyyə xanım tanış etdi. Onunla yaxşı münasibətlərimiz var idi. Qonşuyduq. Hacıbaba Bağırov bizi çay içməyə dəvət etdi. Mənim üçün çay süzdü. Özüm haqqımda onu deyim ki, o zamanlar işləmirdim. İyirmi səkkiz yaşım var idi. Yaşımdan daha gənc görünürdüm. "Bir könüldən min könülə aşiq olmaq” deyirlər ha, bax, Hacıbaba belə hisslər keçirirdi. İkimiz də çaşqın vəziyyətdəydik. Mən sevdiyim aktyorla, o isə gənc xanımla qarşılaşdığına görə özünü itirmişdi. Özünü əsl centlmen kimi aparırdı. Mənim üçün çayı nəlbəkiyə özü süzdü. Bilmirdi neyləsin ki, onu bəyənim. İlk görüşümüz qısa oldu. Mehribanlıqla ayrıldıq.

O görüşün səhəri aramızda telefon zəngləri başladı. İlk görüşümüzdən bir, ya iki gün sonra mənə dedi: "Bilmirəm bəyənəcəksən, ya yox, sənə ətir alıb göndərmişəm. Sürücü gətirəcək”. Sürücü gəldi. Hacı (Arzu xanım Hacıbaba Bağırovu belə çağırırmış - red.) mənə böyük qızılgül buketi, bir də fransız ətri göndərmişdi. Bu, Hacının mənə ilk jestlərindən biri oldu...
Biz tanış olanda o, böyük həyat təcrübəsi keçmişdi. Hacının dediyi kimi, onun yanında mən bəbəydim.
Amma həyatdan baş çıxarmayan balaca uşaq da deyildim. Elə ilk görüşümüzdən mən də onu çox bəyəndim. Alicənablığı, xanımlara diqqət göstərməsi xoşuma gəldi.
İşdə iki-üç telefonu var idi. Görürdün, eyni vaxtda biri ilə ev, o biri ilə cib telefonumu yığır. Gecə saat 4-də belə mənə zəng vururdu. Amma desəm ki, bu məni narahat edirdi, yalan olar. Hacı məni hər gün görmək üçün direktoru olduğu Musiqili Komediya Teatrına işə götürdü. Getdim gördüm balaca yerdir. Qayıtdım Hacının yanında, dedim, mən işləyə bilmərəm, ora nə gündədir. "Sən tələsmə, özün görəcəksən”, - dedi. Bir də gördük, otaqda bütün əşyaları təzələməyə başladılar. Yerə xalça salındı, kreslo, stol dəyişdirildi, divara saat vuruldu. Televizor gətirilib qoyuldu. Novruz (aktyor Novruz Qartal nəzərdə tutulur - red.) bilirdi bunlar məndən ötrüdür. Başqa işçilər ondan xəbər aldılar: "Otağınızda təmir gedir? Bu nə dəyişiklikdir?”. Novruz dəhlizdə onlara mahnı oxudu: "Evimizə gəlin gəlir”.
Görüşümüzdən mənə sevgi sözləri deyirdi. Hərdən söyləyirdi: "Mən səni sevirəm. Bu yaşımadək çox az qadına bu sözü deyə bilərdim”. Bir də hər zaman deyirdi: "Elə bilirəm ilk dəfə sevirəm. Heç vaxt belə sevməmişəm”. Mənə mahnılar yazdırmağa başladı. Təzə görüşdüyümüz vaxtlarda Xanım İsmayılqızına dedi ki, bir mahnı yaz, kişi çox yaşlıdır, qadın isə çox cavandır. Xanım İsmayılqızı mahnı yazdı. Sözləri belə idi: "Ruhum gəlib tapacaq ruhunu. Sev məni dəlilər kimi”. Ondan əvvəl ilk mahnını isə bəstəkar İmruzə xanıma yazdırmışdı: "Gəldin saçım ağaranda. Gəldin könlüm ağlayanda”... Hacının şou-konserti oldu. Birinci sırada əyləşmişdim. Hacı gəlib həmin mahnını mənim qarşımda oxudu. Onda hələ evli deyildik. Hacının tamaşalarında, şou-konsertlərində əvvəllər birinci sırada, sonralar lojada əyləşirdim. Mənə baxa-baxa oxuyurdu. Barmağını tuşlayırdı, yəni, bu mahnıları məhz sənin üçün oxuyuram. Deyirdi: "Sən mənə ruh verirsən. Elə bil, mənə nəfəs gəlib”. Onun həyatına ən çətin zamanında gəlmişdim. Biz rastlaşanda Hacının ömrünün çox ağır məqamlarından idi. Evsiz-eşiksiz qaldığı vaxtlarıydı. Həyat yoldaşının bankdan götürdüyü kredit borcuna görə evindən olmuşdu. Əyin paltarlarını çamadanlara yığıb teatra gəlmişdi. Özü də bir var gənc olasan, düşünəsən həyatın qabaqdadır, hər şey əldə edə biləcəksən. Amma yaşlı insanlar belə zərbə alanda həyatdan qopmuş kimi olurlar. Hacı da stres içindəydi. İş yerində kabinetində tibb işçiləri onun damarına sistem qoşurdular. Bəlkə biz rastlaşmasaydıq, o belə də sönüb gedəcəkdi. Ancaq Hacı məni gördü, tanıdı. Həyatdan daha möhkəm yapışdı. Bir müddət görüşəndən sonra qərara aldıq evlənək. Məclis qurduq. Qohum-əqrəbanı, Hacının aktyor yoldaşlarını yığdıq.
Yaxşı ki, anam sevgimə qarşı çıxmadı. Hacını tanıyandan, onun necə insan olduğunu biləndən sonra o məni çox dəstəklədi. Həmişə deyirdi, bu dünyadan arxayın köçəcəyəm, bilirəm məndən sonra Hacı var. Nə biləydik, həyatımız belə gətirəcək...

- Çoxları üçün o zaman təəccüblü oldu sizin evliliyiniz. Axı aranızda yaş fərqi vardı...
- Məşhur aktyorun özündən xeyli cavan qızla evlənməsi o zaman çoxuna təəccüblü göründü. Mənim malına-puluna görə onunla ailə qurduğumu deyənlər də tapıldı. Ancaq həmişə zarafatla deyirəm: onda Hacıbabanın bir quru canı idi, bir Xalq artisti adı, bir də "Şöhrət” ordeni.
Bunların üçünü də başqası ilə bölüşmək mümkün deyil. Başqa heç nəyi yox idi. O vaxt Hacıbaba Bağırov teatrda divanda yatırdı, sabaha ümidi yox idi. Biz evlənəndən sonra altı ay kirayədə qaldıq. Bir gecə ayılıb gördüm ağlayır. Soruşdum: - Hacı, nə olub? Mən axı sənə demişəm, hər şey yaxşı olacaq.

- Arzu, sən başa düşmürsən bu yaşda evsiz qalmaq nə deməkdir. Çox çətindir mənim üçün bunları danışmaq... Mən onda daha yaxşı anladım onu. Təsəlli verdim:
- Bizim evimiz olacaq. Mənim ayağım ruzilidir, Hacı, görəcəksən, biz hər şey əldə edəcəyik. Bir də nə olsun, mən ki sənin yanındayam.
O, elə bil özündə təmkin tapdı, rahatlandı. Dedi:
- Hə, inanıram.
Üstündən ikicə həftə keçdi. O zaman Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev bizə ikiotaqlı mənzil hədiyyə etdi. Ora bizim üçün, bilirsiniz nə idi? Cənnət sarayı! Məhəbbətlə qurulan ocaqda hər zaman istilik olur. Bizə gələnlər də deyirdilər, bu evdə gözəl ab-hava var. Mənim çevrəm geniş deyildi. Hər insanı yaxına buraxmağa ehtiyac duymuram. Hacı da belə idi. Dostu çox deyildi. Məndən qabaq onun evinə çox qonaq gəlməzmiş. Ona görə aktrisa Kübra Əliyeva deyirdi: "Hacını Arzu 180 dərəcə dəyişib. Hacının evində qonaqlıq nə idi, gəlib oturmaq nə idi?”. Hacı içinə qapanan yox, sakitliyi sevən adam idi. Həyatı ağır keçib. Anası ilə atası ayrılıb. Hacını ata nənəsi Törə saxlayıb. Anası, demək olar ki, ona analıq etməyib. Bunlar mənə Hacının danışdıqlarıdır. İndi bu məsələləri yenidən saf-çürük etmək istəmirəm. Olub-keçib. Məndən sonra Hacının anası ilə əlaqələri daha da yaxşılaşdı. Heç gizlətmirəm, bunda mənim rolum oldu. Sona xanım mənim üçün Hacıbabanın anası idi. Düşünürdüm, bu qadın sevdiyim insanı dünyaya gətirib, həyat verib. Ona qarşı necə laqeyd ola bilərəm?
Hacıbabada gözəllik yox idi. Ancaq onun gözəl qəlbi var idi. Bir də danışığı, hərəkətləri, qadınlarla rəftarı kişiyana idi. Yəqin, buna görə qadınlar onu bəyənirdilər. Ətrafında dolanmaqdan xoşlananlar çox idi. Hacı da etinasız kişi deyildi. Amma elə ən böyük zərbələri də qadınlardan almışdı. Biz ailə quranda onun altmış yeddi yaşı var idi. Taleyi elə gətirmişdi ki, dönə-dönə evlənmişdi, azərbaycanlı kişilərin çoxu kimi həyatından bəlkə onlarla qadın keçmişdi. Amma bunların hamısı keçmişdəydi. Artıq Hacının məndən başqa fikri yox idi. Aramızda elə bir konflikt, dava-dalaş olmurdu. Mən elə tələbkar qadın deyiləm, həyat yoldaşımdan tələb edəm: "Mənə onu al, bunu elə...”. Ola bilərdi nəyi isə zarafatla deyəydim. Ancaq onu sıxışdırmazdım. Hacının pul kisəsi ilə maraqlanmazdım. Fikirləşirdim, görərəm pulu azdır, narahat olaram, ya da bilərəm çoxdur, mənə az xərcləyib, onda da pərt olaram. Hacının nəyi var idisə, ailəsi ilə bağlı idi. Ailəsi üçün yaşayan insan idi. Ona görə məndə maraq doğurmurdu pulunu nəyə xərcləyir. Bir də görürdüm, Hacı pulunu ən çox geyimə xərcləyir. Bir kişi kimi çox təmizkar idi, özünə həddindən artıq fikir verirdi. Ondan həmişə gözəl ətir qoxusu gəlirdi. Pal-paltarı həddindən artıq təmiz idi. Mənimlə görüşəndən sonra tamamilə idman üslubuna keçdi. Cins şalvarlar, sviterlər geyinirdi. Məndən soruşurdu: "Ceyran, necədir?”. Mən də tərifləyirdim. Ona o qədər xoş sözlər deyirdim. İstəyirdim, həmişə əhval-ruhiyyəsi yaxşı olsun.

- Qısqanc xanımsız. Hacını qısqanırdız?
- Mən Hacını dəlicəsinə qısqanırdım. Bunu hamı bilirdi. Divara da qısqanırdım. İnsan sevirsə, qısqanmalıdır. Mənim qənaətim belədir. Qısqanclıq yoxdursa, deməli, o adam sənin üçün o qədər əhəmiyyətli deyil. Mənim yanımda televizorda qızların rəqsinə, ən çox da göbək rəqslərinə baxmırdı. Bilirdi ona sual verərəm: "Hacı, xeyir ola, belə baxırsan, bəyənmisən?”. Adam yanında ona irad tutmağı xoşlamırdım. Hacı məni bir baxışımdan anlayırdı. O, Allaha bağlı insan idi. Hər gecə kəlmeyi-şəhadətini söyləyir, dua edirdi. Sonra mənə deyirdi: "Arzu, xoşbəxtəm ki, səni qısqanmıram. Sənə inanıram. Mənə qısqanmağa yer qoymursan”. Özümü Hacının xasiyyətinə uyğunlaşdırmışdım. Ondan məsləhət alırdım. Bir paltarı geyinməyə icazə verirdisə, geyinirdim. Həddindən artıq özümə baxan, gözəllik salonlarından çıxmayan qadın deyildim. Bütün günü bir yerdəydik. Hacı məni kimə qısqanmalı idi? Onun yanında işləyirdim. İşə ya birlikdə gedirdik, ya da Hacı səhər saat 10-da, 11-in yarısı ardımca maşın göndərirdi. Hacı həmişə deyirdi: "Mən indi bilirəm rahatlıq nədir, kişiyə necə qulluq olunar, kişi necə qarşılanar, necə işə yola salınar”. Ona qarşı çox diqqətli idim. İşə birlikdə getmirdiksə, mütləq onu qapıda öpür, Allaha tapşırıb yola salır, liftin qapısı bağlananadək gözləyirdim. Köhnə evimizdə hər səhər düşürdü aşağı. Onu pəncərədən baxışlarımla yola salır, əl eləyirdim. O da mənə əl eləyir, sonra maşına əyləşirdi. Bir səhər durub onu yola saldım. Gəlib yatdım. Qəflətən cib telefonuma zəng gəldi. Telefonu açan kimi Hacının səsi eşidildi: "Hə, yadından çıxaram da, qalmışam burda, yağışın altında. Kim məni yola salacaq?”. Əl eləməmişəm, bu da dayanıb yağışın altında, baxır pəncərəyə. Dedim, Hacı, qurbanın olum, bağışla, yuxulu olmuşam.

- Axı deyirlər ailə qurduqdan sonra münasibət adiləşir...
- Altı il yarım bir yerdə yaşadıq. O mənim üçün adiləşmədi. Bir də mən qadınlığımı onun yanında hiss etdim. 6 il yarım mənə bir ömür özümü qadın olaraq xoşbəxt hiss etməyə bəs etdi. Hacı ağırxasiyyətli yox, ağırtəbiətli insan idi. Qədimi kişilərə xas xasiyyəti var idi. Rollarından tam fərqlənirdi. Mən idim zarafatcıl. Danışırdım, gülürdü. O çox ciddi idi. Belə xoşuma gəlirdi. Kişidə zəhm olmalıdır. Ona zarafatla min söz deyə bilərdim. Ciddi söhbətə gələndə, aradan pərdəni götürmürdüm. Hiss edirdim qarşımda kişi dayanıb. Xoşbəxt idim. Aramızdakı yaş fərqini görmürdüm. İnsan sevəndə gözünə heç nə görünmür.
...Sənətə bağlı adam idi Hacıbaba. Teatrı dəlicəsinə sevirdi. Teatr onun ikinci də demərəm, birinci evi idi. Ona görə əvvəl teatrı, sonra evini düşünürdü. Mənə deyirdi, biz bütün günü buradayıq da. Doğrudan da günümüz teatrda keçirdi. Hacının elə tamaşası olmazdı ki, mən teatrda olmayım. Tamaşa başlamamış zəng edib soruşurdu: "Harada qaldın? Mən qrim otağına gedirəm”. Deyirdim: "Ay Hacı, tamaşanı sən oynayırsan ey, mən yox. Get, gəlirəm”. Saat 6-ya qədər özümü teatra çatdırmalı idim ki, qrim otağına Hacı ilə bir yerdə gedim. Tamaşa zamanı səhnə arxasında, bəzən salonda olurdum. Hamilə olanda, o isti günlərdə halsız vəziyyətdə yenə Hacının yanında idim. Təzyiqini, şəkərini ölçürdüm. O, mövsümün son tamaşasını iyunun 14-ü oynadı. İyulun 8-də Şölə dünyaya gəldi. Onda Hacı ilə dörd il idi evliydik. Hacı övlad istəyirdi. Deyirdi, Arzu, sən gəncsən, mən yaşlıyam. İstəyirəm, səndə bir yadigarım qalsın. Mir Mövsüm ağa ziyarətgahına ayda bir-iki dəfə gedirdi. Əllərini göyə qaldırır, Allaha yalvarırdı ona bir övlad versin. Özü də qız uşağı istəyirdi. Onun əvvəlki evliliklərindən övladları var idi. İndi bu məsələyə də qayıtmaq istəmirəm...

- Şölənin gəlişini necə qarşıladı?
- Biz onunla dostdan da yaxın idik. Hər sözümüzü, sirrimizi bölüşürdük. Düzünü deyim, ona deyəndə sevincindən yerə-göyə sığmırdı. Dedim Hacı, deyəsən, ata olacaqsan. Tez sürücüsünü göndərdi ki, test alsın. Özü də 10 dənə test. Sürücü aptekdən gələnə qədər 20 dəfə zəng vurdu. Testdən sonra əmin olduq ki, övladımız olacaq. Çox həyəcanlandı. Dedi, Ceyran demə heç kimə hələ bir müddət. Qorxuram, göz dəyər bizə. Dedim yaxşı, istəməsən, demərəm. Bir müddət gizlətdik hamıdan. Ancaq anam bilirdi, bir də bacım ki, hamiləyəm. Axır vaxtlar göz-nəzərdən qorxardı.
Mən hamilə olanda həkimlər əvvəl dedilər oğlunuz olacaq. Hacı deyirdi: "Oğlan pis deyil, düşmən çəpəridir... Amma qız uşağı daha yaxşıdır”. Allaha yalvarırdım qızımız olsun. Növbəti müayinədən sonra həkim dedi, uşaq qızdır. Hacıya bu xəbəri verəndə inanmadı. Dedi, səhər gedək, qızımı görüm. Hər çərşənbə axşamı səhər saat 11-də teatrda beş dəqiqəlik iclas olurdu. İclasdan qabaq Hacı mənimlə xəstəxanaya getdi. Həkim məni müayinə etdi. Qızını görəndə Hacının gözləri doldu. Uçmağa qanadı yox idi.
Onda hələ ikiotaqlı mənzildə yaşayırdıq. Eyvanla aranı açıb mətbəxi genişləndirmişdik. Hacı istəyirdi eyvanı olsun, kreslo qoysun ora, oturub siqaret çəksin. Yaxşı ki, bu arzusuna da çatdı. Yetmiş illiyində prezident Heydər Əliyev ona zəng etdi. Deyirdim, Hacı, nə olar, de ki bizim heç eyvanımız da yoxdur. İtələyirdi məni: "Yox, demərəm”. Telefon əlində danışa-danışa otaqlarda gəzir, mən də ardınca düşmüşdüm. Təkrar edirdim: "De ki eyvanımız yoxdur”. Hacı belə iyirmi dəqiqə prezidentlə danışdı. Mənim israrıma baxmayaraq, heç nə istəmədi. Sonradan prezident Musiqili Komediya Teatrına gələndə Hacıbabaya dedi, övladın dünyaya gəlsin, gərək sənə böyük ev verilsin. Verildi də.
Qızımızın dünyaya gəldiyi günü xatırlayanda indi də məni gülmək tutur... Gecə 2-nin yarısıdır. Deyirəm:

- Hacı, biz xəstəxanaya getməliyik, vəziyyətim pisdir.
- Ceyran, qurban olum sənə. Səhər açılsın, adam balası kimi duraq, sürücüyə zəng vuraq. Gəlsin, oturaq maşına, gedək.

- Hacı, biz xəstəxanaya getməliyik. Qurban olum, məni çatdır xəstəxanaya.
Sürücünü tapmırıq. Telefonu sönülüdür. Birdən necə qışqırdımsa "Hacı, tez ol!”. Özünü itirdi. Mən o halda işığı, qazı söndürdüm, qapını bağladım. Qonşudan xahiş elədik, bizi maşınıyla Mərkəzi Kliniki Xəstəxanaya çatdırdı. Gecə saat 3-də Şölə dünyaya gəldi. Hacı bütün gecəni xəstəxanada oldu. Səhər getdi. Saat 11-də mənə zəng vurdu: "Televizoru aç, sənə sürprizim var”. "İllərboyu yol gələn Arzumun Şöləsisən” mahnısını o gün eşitdim. Bəstəkar Mətanət Dadaşova pianoda çalır, Hacı oxuyurdu.
Hər ikimiz çox sevinirdik. Şölə həyatımıza rəng qatmışdı. Hacının günü xəstəxanada keçirdi. Həkim demişdi, Hacıbaba müəllim, burda çox uşaqlar doğulur, belə atasına oxşayanını görməmişəm. Elə bil, balaca Hacıbabadır (Həqiqətən Şölə Hacıbaba Bağırova zahirən çox bənzəyir -T.M ). Şölə zəif doğulmuşdu, çəkisi bir kilo yeddi yüz qram idi. Hacı deyirdi, bu böyüyənə qədər mən bunun fikrindən öləcəyəm.

- Hacı hansı təamları, yeməkləri sevərdi?
- Hacı isti qoğalı kəmşirin çayla sevərdi. Yağı tökülən isti paxlava sevərdi. Anam tez-tez bişirərdi. Xingalı, düşbərəni çox sevərdi. Bir də əsasən döşəməli aşı, fisincanı sevərdi.

- Hacının vida mərasimində bəzi həmkarları sözün həqiqi mənasında artistlik belə etdilər. Əslində həmin artistlər onun yerinə keçmək üçün canfəşanlıq etdilər. Amma deyəsən, alınmadı?
- Hacıbabanın ayaqqabısını geyinmək istəyə bilərlər. Onun yerişini yeriyə bilməzlər. Hacıbabanın yerini kimsə əvəzləyə bilməz səhnədə.

- O insanlarla ünsiyyətiniz var bu gün?
- Vallah, mən bilmirəm kimə eyham vurursuz? Amma onu bilirəm ki, elələri oldu. Teatrda o qədər artistlər var ki.

- Axı siz bunu hiss eləməmiş deyildiz. Siz onun hər işindən xəbərar idiz.
- Əslində həqiqətən mənim hiss etmədiyim heç nə yox idi. Hiss edirdim. Bəziləri məndən çəkinirdi. Çünki bilirdilər ki, mən ağıllı qadınam. Bundan ehtiyat edib narahat olanlar var idi.

- Yaş onun üçün kompleks yaradırdı?
- Hacının ruhu cavan idi. Özünü gənc hiss edirdi. Deyirdi, "Arzu, vallah, elə bilirəm, sən mənim yaşıdımsan. Yəqin, mənim yaşımı düz yazmayıblar. Eh, Sona xanım bir gün deyir, güllər açanda, bir gün deyir solanda, bir gün deyir qar yağanda... Heç özü də bilmir məni nə vaxt doğub”. Arxivi araşdırtdı. Demə, onun təvəllüd tarixi 1932-ci ilin 12 iyunu yox, 9 iyulu imiş. Vaxtından ay yarım qabaq dünyaya gələn Şölə ilə atasının arasında illəri nəzərə almasaq, altı saat fərq oldu. Hamısı qismət imiş.
Bilmədim, bu dərd haradan gəlib tapdı bizi. Əvvəl Hacının bir az ayağı, beli ağrıdı. Ciddi bir şey görmürdük. Bir ay evdə müalicə olundu. Çox həkim gəlib-getdi. Bir az müalicəsi də düz getmədi. On iki barmaq bağırsağının qanaxması ilə Onkoloji Xəstəxanaya apardıq. Orada iki-üç gün qaldı. Şöləni atasının yanına apardım. Onu heç vaxt belə vəziyyətdə görməmişdi. Qapıda dayandı. Hacı dedi: "Atan üç gündən sonra evə gələcək. Sən daha bura gəlmə, qızım”. Şölənin gözləri doldu. Hacı mənə dedi ki, daha uşağı bura gətirmə.
Mənə heç vaxt ölümü barədə danışmazdı. Bilirdi onu dəlicəsinə sevirəm. Sonadək Hacı öləcəyini bilmədi. Elə şərait yaradırdım, xəstəliyi barədə öyrənməsin. Onun yaşamaq eşqi böyük idi. Ölümündən altı saat öncəsini telefona çəkdim. Danışıb-gülürdü. Qanaxmanı gec bildik. Bəlkə vaxtında bilsəydik... Görünür, yazısı belə imiş. Xəstəxanada ona yaxşı baxırdılar. Hər cür şərait yaradılmışdı. Hacının yanından ayrılmırdım. Əlimi əlindən çəkən kimi çağırırdı: "Arzu, Arzu”. Əvvəllər də belə idi. Maşında yol gedəndə də əlimi buraxmırdı. Xəstəxanada mənə dedi, Arzu, məni sevdiyini bilirdim, amma bu qədər sevdiyini heç ağlıma gətirməzdim.

...Hacı canüstəydi. Ona əziz olduğunu deyə bilmərəm, ancaq taleyi bağlı olan bir neçə nəfərin adını çəkdim, soruşdum, onları çağırım gəlsinlər? Birinin adını eşidəndə dedi: "Mənim ölümümü tezləşdirmək istəyirsən?”. Mən borcumu yerinə yetirib onun oğluna zəng vurdum. Saşa onsuz da bizimlə əlaqə saxlayırdı. Ona xəbər vermişdim. Hacı oğlunun bura gəlməsinə ehtiyac duymurdu. Sağalacağına ümidliydi. Artıq tələffüzü itir, zəifləyirdi. Otaqdan çıxdım. Saşaya zəng edib dedim: "Dəstəyi verirəm atana. Onun son saatları, bəlkə son dəqiqələridir. Yaxşı nə sözün varsa, de. Cavab verə bilməsə də, səni eşidir”. Bilmirəm o, atasına nə dedi. Hacı artıq danışmırdı. Ona son anlarınadək deyirdim: "Səni sevirəm, hər şey yaxşı olacaq. Sağalacaqsan”.

- Son sözü nə oldu Hacının?
- (Ağlayır. Sakitcə göz yaşını gizlətmək istəyir). Son sözləri bu oldu: "Balam yetim qaldı”. Yenə ürək-dirək verdim: "Niyə yetim qalır? Sənin kimi atası, mənim kimi anası var”. Hacının gözləri örtüldü. Yalvardım ona: "Məni sevirsənsə, gözlərini aç”. Son dəfə gözlərinə baxmaq istədim. Güclə gözlərini açdı, mənə baxdı. Bu onun həm mənə, həm də bu dünyaya son baxışı oldu. Yəqin əksimi gözlərində apardı. Onun əlini əlimdə saxladım, tam soyuyanadək buraxmadım. Mənə vəsiyyət etmişdi ki, nişan üzüyümü öləndə əlimdən çıxarma. Bilirəm ki, müsəlman qaydasına ziddir. Amma qoymadım üzüyü barmağından çıxarsınlar. Onu nişan üzüyü ilə dəfn etdilər.

Hacıbabasız illər...

- Yoxluğu yəqin ki, çətindi?
- Hacısız həyatım başladı. Onun gəlişi mənim üçün məktəb idi, gedişi daha böyük dərs oldu. Hacıya, ailəsinə qarşı yaxşı çıxanlar çox oldu. Pislər də oldu. Düz deyirmişlər, həyat səhnədir. Çoxunun həyatda artist olduğunu gördüm. Hacıdan sonra həyatımın ən ağır günləri, qadın xoşbəxtliyindən uzaq taleyim başladı. Bir ana kimi çətin günlərimə salam verdim. Bilirsiz, atasız övlad tərbiyə etmək çox çətindi. O, uşaq olanda atasından hər gün qayğı görürdü. Düzdü, Şölə atasız qalanda 2 yaşı vardı. Amma o, ana qədər ata qayğısı hiss etmişdi. O bu qayğıdan məhrum oldu. Hər ata da onun kimi qayğıkeş deyil. Hacı evdən çıxanda da, evə gələndə də pis səslənməsin, mənimlə də, qızımla da öpüşürdü, qucaqlaşırdı. Bu, sevgidən yaranırdı. O mənim başımın tacı idi. Hacıdan sonra bir il bizim qapı döyüləndə qızım deyirdi ki, "Papa prişol”- Atam gəldi. Bu çox çətin hissdi. Qayğı görən ailə başsız qalanda çətin olur. Bilirsiz, adicə evdə harasa xarab olurdusa, usta çağırırdım. Amma hiss edirdim ki, mənim arxamda bir sahibim, bir kişi var. Yanımda bağlı qapıları açan, bir sözü yetərli olan kişi var idi.


Tahirə Məmmədqızı
sherg.az

dılay | 12 fevral 2016 17:08 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: Dəniz qızı
Allah qəni-qəni rəhmət eləsin.Sevdiyim aktyor idi.
ESMERRi | 5 noyabr 2015 16:28 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: SARA55
Sitat: drop
hacibaba bagirovun o yawda sevgisine baxe.onun jestlerine..... Allah rehmet elesin
Rüzgarım | 5 aprel 2015 12:27 | Status: Qonaq | Şərh: 0
Sitat: Ag Gul
Sitat: Nergiz33
sebrim catmaz cox uzundur
Ay_Sun | 3 aprel 2015 12:36 | Status: Brilliant user | Şərh: 13 409
Cox uzundur yazi sebrim catmadi.
Ag Gul | 30 mart 2015 21:08 | Status: Professional user | Şərh: 4 333
Sitat: Nergiz33
sebrim catmaz cox uzundur
SARA55 | 30 mart 2015 21:01 | Status: Qonaq | Şərh: 0
Sitat: drop
hacibaba bagirovun o yawda sevgisine baxe.onun jestlerine..... Allah rehmet elesin
SEVDA | 30 mart 2015 20:01 | Status: Nəzarətçi | Şərh: 17 443
Allah rehmet elesin....
nurlana nurlana | 30 mart 2015 19:13 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: lady sweet
oxumaga sebrim catmadi allah rehmet elesin
Lumia | 30 mart 2015 19:03 | Status: Professional user | Şərh: 5 380
Rehmetlik her il bir arvad alirmis ki.Neyse Allah rehmet elesin.

PS.Dogus hekayesindeki bir epizod lap menimkine oxsadi.Men de gece yoldasima deyirem dur get qonsuya denen masini hazirlasin gedek xestexanaya,suyum gelir,dogusdu.O da deyir aaa Lamiye dogusdu,bes sen kesar olmayacaqdin?Aaa bes nece dogacaqsan,hekim dedi kesar olmalisan axi filan)))Axirda nece qisqirdimsa ade,senin neyive lazim tez ol,get masin tap gedek xestexanaya,yaziq alt paltarinda qacirdi bloka)))
Nergiz33 | 30 mart 2015 18:59 | Status: VİP user | Şərh: 1 079
oxudum ancag hecde yaxsi kisi tanimadim ne bilim yaxsi kisi her kucede bir qadini buraxmazdi gor nece defe aile dagidib aile bascisi olmag ucun evvel kisi olmag lazimdir. bu menim fikrimdir eyer desez ki arvadlari yaxsi olmayib yende onun kisiliyi olsaydi yaxsi qadin secerdi ne bilim yeni uzunden gornusundende esl kisi simasi yoxdur
boris arxan | 30 mart 2015 17:18 | Status: Professional user | Şərh: 4 784
Sitat: lady sweet
oxumaga sebrim catmadi allah rehmet elesin
bayaz gulum | 30 mart 2015 16:54 | Status: VİP user | Şərh: 1 050
Sitat: lady sweet
oxumaga sebrim catmadi allah rehmet elesin
Gülçin | 30 mart 2015 15:54 | Status: Brilliant user | Şərh: 6 781
Nədənsə, Hacıbaba Bağırov heç baxt mənə səmimi insan təsiri bağışlamıyıb..
Yenə də, Allah rəhmət eləsin.
Dəniz qızı | 30 mart 2015 15:51 | Status: Brilliant user | Şərh: 8 019
Allah qəni-qəni rəhmət eləsin.Sevdiyim aktyor idi.
lady sweet | 30 mart 2015 15:50 | Status: Gümüş user | Şərh: 1 880
oxumaga sebrim catmadi allah rehmet elesin
Sariwka1 | 30 mart 2015 15:12 | Status: VİP user | Şərh: 1 774
Allah rəhmət eləsin
Ekberli Nermin | 30 mart 2015 15:11 | Status: Şərhçi | Şərh: 305
Sitat: drop
hacibaba bagirovun o yawda sevgisine baxe.onun jestlerine..... Allah rehmet elesin
BULUTUM | 30 mart 2015 14:40 | Status: Professional user | Şərh: 7 392
Her tockada bir arvad bir qadin saxliyan insan oz evladina ataliq elemiyen Xalq artisimiz haqqda hecne yazmaq istemirem.Qizi Atv Zaurun verliwine cixib atasiyla kuslu oldugunu onu arayib axtarmadigini ewidenden sonra men bele sevgi mehebbete inanmiram.Dunyada evlad sevgisisinden guclu hecne ola bilmez.Allah rehmet elesin.Arzu xanimada Allah komek olsun balasini boyutsun.
Aytekin82 | 30 mart 2015 14:34 | Status: Brilliant user | Şərh: 6 588
Axıradək oxudum...
Belə sevgilər az olur, amma var...
Allah Arzu xanıma balasına analıq etməkdə yardımçı olsun love
Nergiz love | 30 mart 2015 14:30 | Status: Professional user | Şərh: 7 871
Sitat: drop
hacibaba bagirovun o yawda sevgisine baxe.onun jestlerine..... Allah rehmet elesin

AMIN
Nergiz33 | 30 mart 2015 14:00 | Status: VİP user | Şərh: 1 079
sebrim catmaz cox uzundur
Real Madrid CF | 30 mart 2015 13:58 | Status: Qonaq | Şərh: 0
COX UZUN IDI OXUMADIM.
Sunay Elizade | 30 mart 2015 13:57 | Status: Gümüş user | Şərh: 2 157
hacibaba bagirova baxee
Elgun_Azizov | 30 mart 2015 13:48 | Status: Professional user | Şərh: 1 393
Belə bir qanun olmasa və qadınnar eyni evdə yaçamağa razı olsa sevə srvə 2-3lə evlənərdim :) bu rəhmətdiyin hər yerdə arvadı olub )
drop | 30 mart 2015 13:44 | Status: Gümüş user | Şərh: 2 448
hacibaba bagirovun o yawda sevgisine baxe.onun jestlerine..... Allah rehmet elesin