Münasibətlər / Sevgi

Valideynlərindən gizli qəzetlərə yazı verən 14 yaşlı jurnalistimiz

Aynur_Qurbanqizi | 1-09-2011, 21:12
4 238 34

 

Kim gündəmdə qalmaq, məşhurlaşmaq istəyirsə Cəfərlə dostlaşsın ))

 

 

 

 

Maraqlı insanlar bölməsinin növbəti qonağı MİRAS İctimai Birliyinin Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri və İdarə Heyətinin üzvü, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Səbail rayon üzrə "Gənc turist" klubunun koordinatoru, bir sıra qəzetlərin əməkdaşı, gənc jurnalist və bu il xaricdə tələbə adını qazanmış Cəfər Mənsimidir. Fəaliyyət dairəsi bu qədər geniş olan oğlanın isə cəmi 17 yaşı var. Hələ bu harasıdır. Jurnalıstika fəaliyyətinə valideynlərindən gizli 14 yaşından başlayan bu «uşaq» 15 yaşında Yeni İstedadlar Uşaq və Gənclər təşkilatının sədri, N.Nərimanov adına kütləvi kitabxananın nəzdində fəaliyyət göstərən "Asudə vaxt" qrupunun yaradıcısı və rəhbəri olub, o cümlədən bir sıra saytlarda redaktor kimi çalışıb.

 

Onunla tanışlığım facebookda başladı. Mənə «Olaylar» qəzetinə müsahibə verməyi təklif etdi. Razılaşdım və universitetdə görüşdük. Onu gördüyümdə çox təəccübləndim. Qarşımda görünüşcə yaşından da balaca təsir bağışlayan bir oğlan vardı. O zaman 11-ci sinifdə oxuyurdu. Müsahibəyə başladıqda təəccübüm bir az da artdı. Bu «uşaq»ın sualları olduqca dolğun və maraqlı idi. Müsahibi ilə əsl jurnalist kimi davranırdı. Söhbət zamanı məlum oldu ki, valideynləri onun bu xobbisinə, ictimai fəallığına qarşıdırlar. Hətta ailəsində «jurnalist olmayacaqsan, biz istədiyimiz ixtisas üzrə təhsil alacaqsan» qadağası da var. Valideynlərinin istəyi onu neft sahəsində görmək idi. Çox təəssüfləndim. O, həvəskar olduğu sahə üzrə ali təhsil alsa, jurnalistikanın sirlərinə dərindən yiyələnsə daha mükəmməl fəaliyyət göstərər, bəlkə də gələcəkdə ən məşhur yazar kimi tarixə düşərdi. Amma, deyəsən Cəfər heç valideynlərinin də istəyi ilə də getmədi. Bu il xaricdə, Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetində tələbə adını qazanan bu gənc jurnalist 4 il sonra vətəninə iqtisadçı kimi dönəcək.


Bu maraqlı oğlan haqqında çox danışmaq olar. Kim gündəmdə qalmaq, məşhurlaşmaq istəyirsə Cəfərlə dostlaşsın. Maşallah, o qəzet, o xəbər portalı, o  sayt, o jurnalist, yazar yoxdur ki, Cəfərin onlarla əlaqəsi, tanışlığı olmasın. Hamı da bu sadə, gülərüz oğlanın xətrini çox istəyir. Hətta bu yaxınlarda uşaqlarla bağlı bir tədbirdə iştirak edirdim. Aaa, bir də baxdım Cəfər ortada göründü. «Ay Cəfər, sən hara, bura hara?». Məlum oldu ki, yağıncağın təşkilatçıları ilə dostdur. Onlara dəstək olmağa gəlib.

 

Ürəyiaçıqdır. Hər kəsə əlindən gələcək qədər kömək etməyə çalışır. Onun əlini tutanları isə əsla unutmur. Hazırda vaxtsız vəfat etmiş jurnalistimiz Ceyhun Nağı haqqınla xatirə kitabı hazırlayır. Ona dəstək olan müəlliminin vaxtsız ölümü ilə barışa bilmir.

Cəfərin müsahibələri adətən gördyü işlərlə bağlı olub. Bu ilk müsahibədir ki, burada sadəcə bu istedadlı oğlanın şəxsiyyəti, həyati düşüncələri, xarakteri ilə tanış olacağıq. Azərbaycanda bu cür istedadlı, fəal gənclərin olması sevindiricidir. Gəlin, onu daha yaxından tanıyaq.

 

 


 

 

 Ay Cəfər, bu qədər işi necə çatdırırsan?

 

Allahın verdiyi enerji, istedad nəticəsində...

Həmişə görüşə gedən zaman başqalarından bu sözü eşidirəm: “Bilirsiniz bu Cəfər nə, Cəfərdir?! Enerjisi tükənmir ki, tükənmir...”

Bəzən pulum olmurdu, elə görüşlər olurdu ki, ora piyada getməyə məcbur olurdum. Buna baxmayaraq heç vaxt həvəsdən düşmürdüm, enerjim elə necə vardısa elə də qalırdı... Həm də, Allah internetin canını sağ eləsin. İnternet mənim sağ əlimdir. Çox insanları internet vasitəsilə tapmışam, o cümlədən elə sizi də. Əgər indi sizi tanımasaydım, müsahibəmizdə baş tutmaz, insanlarda məni tanımazdı…

İnterneti uğurlarımın başlancığı hesab edirəm...

Bu gün işləməyimin, az da olsa tanınmağımın əsas səbəbi internetdən düzgün istifadə edə bilməyimdir...

 

İlk yazın hansı qəzetdə çıxıb və sənə ilk olaraq kim dəstək olub?

 

İlk yazım qəzetdə deyil, jurnalda çıxıb. Səhv etmirəmsə bu Herba Flora jurnalında bal haqqında yazım idi. Bundan sonra Çox yaşa qəzetində yazılarım çıxmağa başladı. Daha sonra, Paritet, Palitra, Həftə içi və s qəzetlərdə...

Həmişə yanımda jurnalist Arzu Soltan olub. Neçə illərdir ki, mənə dəstək olur. Elə bu gün də...

Əldə etdiyim uğurlarımın hər biri bu insanla bağlıdır... Arzu xanımı, öz mənəvi anam hesab edirəm... Onun verdiyi məsləhətlər ömrümün axırına qədər mənə bəsdir...

 

 

 Gördüyün işlərdən qazancın olub?

 

Əlbəttə... Bütün gördüyüm işlər, mənə böyük təcrübə qazandırıb. Bundan başqa çoxlu dəyərli dostlar qazanmışam...

Ziyalı insanların, elm adamlarının əhatəsindəyəm. Buna görə də, çox  xoşbəxtəm... Bütün bunlar mənim mənəvi qazanclarımdır.

Maddiyyat baxımından da  çox qazancım olub. Şükürlər olsun ki, bu baxımdan evdəkilərdən o qədər də asılı olmamışam. Öz tələbatımı özüm ödəmişəm... Hətta, hazırlıq pullarımı da özüm vermişəm... Bir ildən çoxdur ki, MİRAS İctimai Birliyində çalşıram. Burdan aldığım daimi maaş mənə çox köməklik edir.  Elə yeri gəlmişkən, mənə hər zaman dəstək olan rəhbərliyimizə öz dərin təşəkkürlərimi çatdırıram...

 

İmtahanlara necə hazırlaşdırdın? Bu işlərlə dərsi birlikdə necə çatdırırdın?

 

Hamı kimi mən də hazırlığa gedirdim. Təhsil haqqında müəllimlərim bir qədər güzəşt edirdilər.  Hər şeyə vaxt tapmaq olur. Bu insanın öz əlindədir. İnsanların, “Sənin arxanda kim dayanıb” sualından artıq bezmişəm. Bəlkə də gündə bu sual ilə qarşılaşıram. Belə insanlara hələ də başa sala bilmirəm ki, bəyəm tanışsız qabağa getmək olmur?!.. Sonrada deyirlər ki, iş yoxdur. İşsizlikdir. İşsizlik olacaqdır da. Əgər kimsə oturub kimdənsə iş təklifi gözləyəcəksə bu da təbii bir haldır...

 

Xaricdə təhsil almaq fikrin yox idi, birdən-birə bu necə oldu? Qəbul olunduğunu eşidəndə hansı hisləri keçirdin?

 

Həmişə demişəm, bir daha söyləmək istəyirəm ki, hər şey qismətlə bağlıdır. Heç yatıb yuxumda da görməzdim ki, nə vaxtsa xaricdə təhsil alacam. Heç bunu ağlımdan da keçirməmişdim. Amma hər şey qismət.. Düşünürəm ki, xaricdə təhsil almağın bir çox üstünlükləri var. Yeni tanışlıqlar, dünyagörüş və s.  Elə yeri gəlmişkən, mənə hələ də hədiyyə verməyən insanların nəzərinə çatdırmaq istərdim ki, sentyabrın 13-dən sonra burda olmayacam. Alacağınız hədiyyələri bir az tezləşdirsəniz yaxşı olardı. Elə bu  sizə də aid ola bilər (Gülür).

 

Həyat devizin nədir?

 

Sevdiklərinizə zaman ayırın yoxsa, zaman sizi sevdiklərinizdən ayırar. İstedadlıya dəstək vermək lazım, onsuzda istedadsızın dəstək verənləri çoxdur. Böyük oyna, böyük qazan... İnadkarlıqla, bu gündən gələcəyə...

 

Hobbin?

 

Qızlarla gəzməyi çox sevirəm (Gülür)  Bundan başqa, üzgüçülük.

 

Boş vaxtlarında nə ilə məşğul olursan?

 

Mən yazığın başını qaşımağa heç vaxtı olur ki?! Elə olur ki, evə gec gəlib çıxıram. Bu artıq bəlkə də, məndə adət halını alıb. İşdəkilər, məni ailəmdən çox görür. Bir sözlə, günümün çox hissəsi işdə keçir. Hətta, nəzərinizə çatdırmaq istərdim ki, başım o qədər işə qarışır ki, ancaq yatanda yadıma düşür ki, günorta və axşam yeməyini yeməmişəm… Mən belə işgüzar oğlanam da…(Gülür).

Mənimlə ailə quran xanım da xoşbəxtdir. Həm üzümü görməyəcək, həm də ki, yemək bişirmək cəhətdən çox əziyyət çəkməyəcək...

  

 Niyə insanlar cəmiyyətin qınağından bu qədər qorxurlar?

 

Mən belə düşünməzdim. Çünki, şəxsən mən özüm belə deyiləm. Bir iş görən zaman onun dəyərini cəmiyyətin gözü ilə yox, öz gözüm ilə baxıb dəyərləndirirəm... Əslinə qalsa, cəmiyyətin qınağından qorxmaq özündə bir sıra müsbət və mənfi xüsusiyyətəri  cəmləşdirir...

 

Ən çox hansı mövzuda kitabları oxuyursan? Ən sevimli əsər və yazıçın?

 

Bu günə qədər oxuduğum kitabların çəkisi, mənim hazırkı çəkimdən dəfələrlə çoxdur... Buna görə də, onlar arasında hər hansı bir fərqi qoymaq mənim üçün çətindir.Daha çox, sevgi, fantastik və həyatı əsərərləri oxumağa üstünlük verirəm. Keçmiş yazarların hər birini oxumağa və onlardan yararlanmağa çalışıram. Oxuduğum yeni yazarlara gəlincə isə, Nərmin Hüseynzadəyə, Yeganə Cansailə, Cəlil Cavanşirə, Günel Mövluda, şəxsən isə Aynur Qurbanqızına  üstünlük verirəm...

 

Özündə hansı xasiyyətini daha çox sevirsən? Bəs elə xassiyətin var  ki, nə qədər tərgitmək istəsəndə alınmır?

 

İnsanlara əl tutmağı bacarıram... Yaşından aslı olmayaraq hər kəs ilə ünsiyyətdə olmaqdan zövq alıram. Bu xasiyyətlərimi çox sevirəm. Amma insanlara tez aldanıram. Çox ürəyiaçıq birisiyəm. Bu da bəzən müəyyən çətinliklər yaradır... Bu xasiyyətlərimi nə qədər də, tərgitmək istəsəm də alınmır... Əvvəllər, həqiqətən də tez-tez yalan danışardım. Amma şükürlər olsun ki, bunu  mərhum jurnalist Ceyhun Nağı ilə tanış olandan sonra tərgitdim... Fikirləşirəm ki, bəlkə də bu uşaqlığımdan, özümə inamsızlığımdan irəli gəlirdi...

 

Həyatda ən çox nədən qorxursan?

                 

Atalarımız, qorxan gözə çöp düşər deyiblər. Həqiqətən də belədir. Amma bir acı həqiqət varkı, hamı ondan qorxur. Bu da ölümdür.

Əvvəllər deyirdim ki, ölümdən qorxmuram. Elə bu yaxınlarda sosial şəbəkədə yazdığım statusda buna həsr olundu. Çoxlu qınaq atəşinə tutuldum desəm yanılmaram. Amma sonradan düşündüm ki, həqiqətən də fikirimdə yanılmışam.

 


Məni jurnalistka sahəsində yetişdirən, ömrümün axırına kimi o insanın təcrübələrindən faydalana biləcəyim  mərhum jurnalist Ceyhun Nağının ölümü fikirimdən daşınmağa vadar etdi. Həqiqətən də o çox tez öldü. 39 yaş nə idi ki? Hələ üstəlik 4 yaşlı balaca Zəhranı da atasız qoyub getdi…Onun ölümü ilə barışa bilmirəm. Həmişə də, özünə deyərdim ki, sizi itirməkdən qorxuram. Elə qorxduğum və inanmadığım başıma gəldi… Allah ona rəhmət eləsin! Amin!

 
 Sevdiyin xanımda hansı xüsusiyyətlərə üstünlük verəcəksən? Həyatını necə insanla biləşdirmək istərsən? Xəyalındakı insan necə birisidir?

 

Sevgidə qarşılıqlı münasibət olmalıdır. Əgər bu varsa məncə sevgi bitməz. Mənim xasiyyətimdə olan, mənim kimi aktiv həyat tərzi sürən bir insanla ailə həyatı qurmaq istərdim. Əgər belə bir insan varsa, təklifini qiymətləndirməyə hazıram. Deyəsən bu müsahibəmdən sonra, mənə ancaq sevgi təklifləri gələcək. Necə ki gəlir... (Gülür).

 

Məqsədinə çatmaqçün nələrisə qurban verərsən?

 

Baxır, kim və nə üçün? Yeri gəlmişkən söyləyim ki, həyatda inadkar birisiyəm. Qarşıma çıxan çətinliklərdən qorxmuram. Düşünürəm ki, insan qarşısına çıxan çətinliklərdən qorxmalı deyil. İnadkar olmalıdır. Unutmaq olmaz ki, məhz belə olanda, uğur yalnız və yalnız sizin ola bilər...

 

Həyatda əlçatmaz olan nədir?

 

Düşünürəm ki, əgər insanlarla ünsiyyət qurmağı bacarıramsa, həyatın min-bir üzü ilə rastlaşıramsa, bəlkə də,məndən böyüklərin qazana bilmədiyi uğurları qazanıramsa mənim üçün əlçatmaz bir şey yoxdur... Bu suala verdiyim cavabı insanlar özündən razılıq kimi qəbul edə bilər. Amma məni yaxınnan tanıyan insanlar bilir ki, həqiqətən də mən belə deyiləm. (Gülür).

Təbbi ki, yuxarı da qeyd etdiklərim hamısı zarafatdır. Bəyəm mən sehrbaz İqor Kioyam? (Gülür).

  

 Ən son nə vaxt və hansı kitabı oxumusan?

 

Dünən axşam Varisin, “Sonuncu ölən ümidlərdir” romanınl oxumuşam. Düzünü deyim ki, onun yazdığı roman xoşuma gəlməyib. Belə romanları mənasız kimi qəbul edirəm...

 

Sənə hansı hədiyyənin olmasını arzulayardın?

 

Arzusunda olduğum elə bir hədiyyə yoxdur. Amma universitetə daxil olmağıma görə hədiyyə almaq istəyənlərin nəzərinə bir neçə sevdiyim hədiyyəni xatırlatmaq istərdim. Hələ də öz şəxsi saytımın yaradılması arzusundayam. Görək d, 18 yaşıma kim hədiyyə edəcək bunu mənə. Düzünü deyim ki, bu hədiyyəni daha çox sizdən və hazırda işlədiyim yerdən gözləyirəm. (Gülür).

Daha çox qalstuk almağı çox sevirəm. Bəlkə də, saysam 48-ə yaxın qalstukum var. Amma qalstuk sevsəm də onu hələ də  bağlaya bilmirəm. Hətta yeri gəlmişkən söyləyim ki, ayaqqabımın iplərini də bağlaya bilmirəm. Həmin vaxt yanımda kim olursa, ondan utana-utana xahiş edirəm... (Gülür)

 

Hansı səhvi heç vaxt bağışlamaq olmaz?

 

Əgər uca tanrı insanın müəyyən günahlarını bağışlayırsa, o zaman biz kimik ki?! Əsas insanın günahlarını Allah bağışlasın...

Allahın buyurduqlarından kənara çıxan insanlar mənim gözümdə heyvan simasını xatırladır. İnsan bağışlamağı bacarmalıdır. Əgər  insan bağışlamağı bacarmırsa, o zaman onun heyvandan nə fərqi?!

 Bəzən bağışlayan insanları güclü, bəzən də gücsüz insan kimi qəbul edirlər. İndi məndə bilmirəm ki, bunların hansına aidəm? (Gülür).

 Düşünürəm ki, şüurlu şəkildə insanın səhvlərini bağışlamaq lazımdır. Bu yerdə belə bir deyimi xatırlamağım lap yerinə düşərdi: “ Əgər sən bir dəfə başqası tərəfindən aldandınsa bu qarşı tərəfin, yox əgər həmin insan tərəfindən dəfələrlə aldandınsa bu sənin avamlığındır”.

Çalışmaq lazımdır ki, səhvi bağışlamazdan əvvəl, həmin insana onun etdiyi hərəkəti başa salasan ki, o həmin səhvi bir daha təkrarlamasın... Unutmaq olmaz ki, ən böyük biclik, düzgünlükdür... Yaxşı, xatırlayıram, müəllimim, Ceyhun Nağı da həmişə mənə belə deyərdi...

 

Varlı olmağın sirri...

 

Bu suala cavab verməmişdən qabaq, sirr sözünün mənasını xatırlatmaq istərdim. Axı, hamıya məlum olduğu kimi sirr sözün mənası onu açıqlamamaq deməkdir. İndi siz nə demək istəyirsiniz? Bu sirri sizə açım, siz də varlanasınız?! (Gülür).

Gecələr rahat yatmaq istəyirəm. Buna görə də, varlı olmaq istəmirəm. Məndən heç varlı da çıxmaz.  Heç istəsəm də ola bilmərəm. Çünki, mən ürəyiaçıq insanam, xəsis yox... Axı, varlılar xəsis olur.

Məncə pulu olan insanı varlı hesab etmək düzgü deyil. Amma təəssüflər olsun ki, müasir dövrdə insanlarımız varlı sözünün mənasını pul ilə ölçülər. Məgər varlı olmaq, maddiyyatla ölçülür? Mənim aləmimdə varlı sözünün mənası hər hansı bir insanın dünyagörüşü, insanlarla ünsiyyət qurmağı bacara bilməsi, ziyalı olması deməkdir...Əgər bir insanda sadaladıqlarım cəmləşirsə mən belə insanları varlı hesab edirəm...

 

 Televiziyada sənə verliş açmaq şansı versəydilər, hansı mövzuda və necə bir verliş açmaq istərdin?

 

Kiçik yaşlarımdan  aparıcı olmaq arzusu ilə yaşamışam. Düşünürəm ki, bu arzumun reallaşmasına da çox az vaxt qalıb.

Əgər hazırda belə bir şans olsaydı, özümün həyatını əks etdrən bir verliş açardım. Ancaq bu verlişdə özümdən danışılmasını istərdim. Qonaqlarım da öz müsahiblərimdən olar, ya məni tərifləyər, ya da ki mənim səhvlərimi elə ordaca üzümə deyərdilər. (Gülür).

Zarafat bir yana. Həqiqətən də, gənclərlə bağlı, diskusiyalı bir verliş açmaq istərdim...    

 

Gələcək planların... Jurnalist yoxsa iqtisadçı? Yoxsa hər ikisi? 

 

Düşünürəm ki, gələcək planlarım barəsində məlumat versəm sizə çox əziyyət vermiş olaram. Müsahibəni  kompyuterə köçürən zaman elə hey məni söyərsiniz. İnanıram ki, hətta belə də deyərsiniz: “Ay bala, Allah evini tiksin. Bu qədər də plan olar? Dünyanın axırı deyil ki...”

Hazırda müəllimim olan Ceyhun Nağının 39 yaşı münasibətilə gənc yazar Nərmin Hüseynzadəylə birlikdə onun həyatı barəsində kitab yazırıq. Düşünürəm ki, bu kitab jurnalist tələbələr üçün lazımlı vəsait ola bilər. Yeri gəlmişkən, kitaba baş redaktorluq edəcək Arzu Soltana və kitabın çapına dəstək olacaq MİRAS İctimai birliyinə öz təşəkkürlərimi çatdırıram....

Məncə insan hər sahədən məlumatlı olmalı və istənilən sahədə özünü sınamağa səy göstərməlidir... Hazırda,onsuz da jurnalistəm də... Bircə diplomum çatmır... Jurnalistikada da diplom nəyə lazım ki?! Məncə, əsas istedad, bacarıq, cəldlik lazımdır. Hər bir sahədə özümü sınamağa çalışıram...

 

Azadqadın.az saytı ilə bağlı irad və təkliflərin?

 

Onu deyə bilərəm ki, azadqadın.az-ın gündəlik oxucularından biriyəm. Qısa müddətdə yaranmasına baxmayaraq ilk yerləri tutmağı bacarıb... Bu yolda sizə uğurlar arzulayıram. Təklifim bu olardı ki, saytınızın geniş oxucu kütləsinin olması üçün müxtəlif xarici dillərdə də yayınlanmasını təmin edəsiniz...İradım barəsində fikirləşib, növbəti müsahibələrimizin birində deyərəm. Müsahibə zamanı 33 sual hesabladım. Nənəm belə yerdə həmişə deyir: “ A bala, nə xəbərdir? Dünyanın axırı deyil ki?!”. (Gülür).


Aynur Qurbanqızı, azadqadin.az