Münasibətlər / Psixoloji məsləhətlər

Uşaq təcavüzlərinin qarşısını necə almaq olar? — Psixoloq danışır...

Banu. | 7-02-2020, 09:00
534 0

Son zamanlar ölkə gündəmini silkələyən, 10-17 yaşlı uşaqların qaçırılıb zorlanması, onların qətlləri insanı dəhşətə gətirir. 2020-ci ilin başlamasından az bir zaman keçməsinə baxmayaraq, yaşanan qorxunc hadisələr insanları, əsasən də valideynləri çox narahat edir. Tovuzda 10 yaşlı Nərminin əvvəl oğurlanıb, sonra yandırılaraq qətl edilməsi isə cəmiyyətin qorxusunu daha da artırıb. Bundan başqa, Şəmkirdə 17 yaşlı qızın itkin düşməsi, digər tərəfdən balaca qızın atası və qardaşı tərəfindən aylarla zorlanması, azyaşlı oğlana təcavüz edilərək çaya atılması, Bilgəh qəsəbəsində 14 yaşlı Ayselin gecə evdən taksiyə minərək yoxa çıxması göstərir ki, cəmiyyətdə psixi cəhətdən xəstə insanlar var olmağa davam edir. Niyə bu cür hadisələr baş verir? Buna səbəb kimi ailə zorakılığını, qadağaları hətta zəbt olunmayan seksual təlabatları da nümunə göstərənlər oldu. Bəs, əslində vəziyyət necədir?
Bu mövzu ətrafında araşdırma apararaq, mütəxəssis fikrini öyrənmək üçün Psixologiya elmi üzrə fəlsəfə doktoru İsayeva Amaliya xanıma müraciət etmişik.
Əməkdaşımızın “Son zamanlar uşaq təcavüzünün artması nə ilə bağlıdır? Sizcə, bu insan psixologiyası ilə bağlıdır, yoxsa ortada digər amillər var?” sualına Amaliya xanım belə cavab verib.
“Əlbəttə ki, bu birbaşa insan psixologiyası ilə əlaqəlidir. Bu mövzuda danışarkən bütün nüansları nəzərdən keçirməliyik. Belə deyək, bu təcavüzlər, zorlamalar, pedofiliya və digər zəbt edilməyən cinsi istəklər əsrlər boyu var olub. Biz deyə bilmərik ki, hansısa zəmanədə bu olmayıb. Sadəcə indi texnologiyanın inkişafı, sosial şəbəkələr vasitəsi ilə geniş auditoriyaya yayılır,  hamı xəbər tutur. Belə xəbərləri də kütlə eşidib biləndə təsir altına düşür. Psixologiyada belə bir anlayış var “induksiya” - yəni təsir etmək, təsir altına düşmək. Təbii ki, əgər əvvəl bu cür xəbərlər 5-10 gündən sonra bilinirdisə, indi sosial şəbəkə vasitəsilə işıq sürəti ilə anında yayılır.
Nəzərə almaq lazımdır ki, insanlar müxtəlif cür psixologiyaya mənsubdur. Kimi bu cür neqativ xəbərlərə adi yanaşır, zəif psixologiyalı insana isə bu başqa cür təsir edir, o, təsir altına düşə bilir. Tədricən onun düşüncəsinin dərinliyində yatan bu cür iyrənc istəklər oyanır və o, buna meyillənir. Bu zaman da cəmiyyətin zəif bəndləri üzə çıxır. Əgər bu problem və ya psixoloji pozğunluq insanın içində varsa, müəyyən bir balaca titrəyiş, təkan bunun oyanmasına, üzə çıxmasına səbəb olur. Belə halların qarşısını almaq üçün hər bir detala incə yanaşmaq lazımdır ki, insan psixologiyasına bu cür mənfi təsir göstərməsin”.
Maraqlıdır, bu cür hadisələri ən çox bölgələrdə müşahidə edirik. Bu təsadüfidir, yoxsa həqiqətəndə belə vəziyyətlər oralarda daha çox rast gəlinir? Yoxsa, bu halları ərazilərə ayırmayıb, ona başqa aspektdən yanaşmaq lazımdır?”- fikrinə münasibət bildirən həkim bunun yanlış olduğunu bildirib.
“Bu kiminsə subyektiv fikridir. Belə hadisələr şəhərdə də, kənddə də baş verə bilər. Sadəcə, paytaxt ərazisinə görə bölgələrlə müqayisədə qat-qat balacadır. Buna görə də ərazisinə görə, bölgələrdə bu cür hallara daha çox rast gəlinir. Baxın, bu yanlış düşüncədən də optik bir yalan yaranır. İnsanın beynində yalan informasiya, bu cür yanaşma qalır ki, bölgələrdə belə hadisələr daha çox olur”.
A.İsayeva “Pedofilizmin (uşaqlara qarşı cinsi həvəs) yaranma səbəblərindən də danışıb.
“Pedofiliya psixiki pozğunluqdur. Yenə də xatırlatmaq istəyirəm ki, bu xəstəlik digərləri kimi baş, mədə ağrısı, zökəm kimi hər zaman olub. Pedofilizm xəstəliyi psixoloji problemli, qeyri-sağlam insanın cinsi istəyidir”.
Əməkdaşımızın “Bəs, maraqlıdır bu psixoloji xəstəliyə tutulanların müalicəsi olurmu? Yaxud bu vəziyyətin yaranmaması üçün öndən profilaktik tədbir görmək olar?”,- sualına mütəxəssis bu cür insanların daima həkim nəzərəti altında olmasının zərurətini qeyd edib.
“Psixologiyada iki cür pozuntu var - orqanik və funksional. Orqanik pozuntus olan xəstələr daima həkim nəzərəti altında olmalıdırlar. Demək olar ki, bütün psixiatrik xəstəliklərə tutulan insanlar (şezofreniya və.s) daima müalicə almalıdırlar. Çox təəsüf olsun ki, bu xəsəliklərdən tam qurtulma yolları yoxdur”.
Bəzi insanlar isə bu cür pedofilizmin, zoofilizm və ya təcavüz hadisələrinin yayılmasında insanlarda olan seksual aclıqdan irəli gəldiyini düşünür. Axı, hər zaman qadağa və tabular onları əldə etməyə daha da maraq yaradır. Cəmiyyət içərisində hətta xarici ölkələrdə olduğu kimi bizdə də fahişəliyi leqallaşdırmaq da təklif olunur. Bəs, həqiqətənmi belə vəziyyətlərin qarşısını almaq üçün eyni sistem qurulsa, bu kimi vəziyyətlərin qarşısı alınarmı?
Amaliya xanım əməkdaşımızın bu fikrinə münasibət bildirirərkən cəmiyyətdə bu cür yanlış fikrin formalaşmasının məsələyə heç bir aidiyyatı olmadığını söyləyib.
“Yox, əsla bu çıxış yolu deyil. Təcavüzün, zorlanmanın və ya pedofilizmin heç birinin fahişəxanalara aidiyyatı yoxdur. İnsanlarda olan seksual təlabat instinkdir. Seksual təlabatı idarə olunmayan insanlar var. Ümumiyyətlə, bu çətin idarə olunan bir hissdir. Bu hisslərə qadağalar qoyulanda isə o eybəcər formaya çevrilir. Bir misal çəkim. Yerə nə qədər qalın qır tökülsə də, əgər altında ot varsa, o haradan olsa bir yer tapıb cücərəcək. Bu da belə bir şeydir. Əgər insan beyninin dərinliklərində belə bir psixiki pozğunluq varsa, o balaca bir təkandan axır-əvvəl cücərəcək. Bunun heç biri faxişəxanaları leqallaşdırmaqla həll olunan bir məsələ deyil. Bu birbaşa insan psixikası ilə bağlıdır. Bu pozuntular da fərddə çətin uşaqlıq dövründən, zorakılıqdan, psixoloji travmalardan əmələ gələn bir vəziyyətdir”.
Psixoloqun fikrincə, digər xəstəliklər üçün profilaktik tədbir-peyvəndlərin oluğu kimi psixiki pozğun olan xəstələr üçün mütləq psixoprofilaktika aparılmalıdır.
“Digər xəstəliklər, epidemiyalar yayılanda insanlar peyvənd olunmaq üçün növbəyə dururlar. Bu məsələyə də bu cür ciddi yanaşmaq lazımdır. Psixiki pozğun insanlar cəmiyyət üçün hər zaman təhlükə mənbəyi olub. Ona görə, bu profilaktikalar, xəstə insanları üzə çıxartmağa kömək edir. Bu bütün hallarda olmasa da bəzi məqamlarda faciələrin yaşanmasının qarşısını ala bilər. Ona görə mən belə düşünürəm ki, psixoloqlar, psixiatırlar psixoprofilaktikalar aparmalı, insanlarla söhbət edib, onları bu mövzuda maarifləndirməlidirlər”.
Vüsalə Balayeva
Ölkə.Az