Müdrik kəlamlar / İslam

Nemətin qaynağı

Gülçin | 2-08-2016, 16:30
1 610 9

 

 



Adam var, bərəkət dolu bulud kimidir, keçdiyi hər yerə nur səpib keçər; adam da var, səmum yeli kimidir, olan-qalanı da qurudar, varı yox edib ötər. Adam var, halı necə olur olsun, hər zaman üzündə nur görərsən; adam da var, dünyanın hər cür naz-neməti əlinin altına düzülsə belə, üz-gözünün qırışığı açılmaz. Adam var, qəlbinin sevgisi dilində çağlayar, ağzını zikrlə açar, şükürlə bağlayar; adam da var, nə desən ağız büzər, hər şeydən şükayətçi, hər kəsdən narazı. Adam var, çağlayan dəniz kimidir, toxdur, doludur; adam var, dibsiz quyu kimidir, nə qədər udsa, doymaz, yenə istəyər, yenə istəyər...

 

Bu fərqlərin sayını istədiyiniz qədər uzatmaq olar. Amma nə ehtiyac var ki?! Onların hamısını bir başlıq altında birləşdirmək olar: şükürlü adam, naşükür adam. Bəli, insanları bir-birindən ayıran ən mühüm fərqlərdən biri şükür məsələsidir.

Şükür - nemətin Allah-Təaladan olduğunu bilməkdir, naşükürlük - özündən bilmək. İnsan hər şeyi, özünü belə Allah-Taalanın mülkü olduğunu qəbul etdikdən sonra doğru istiqamətdə düşünməyə başlayır. Bəndənin qəlbindən qopan, dilindən yayılan şükür duyğusu onun Allah-Təalanın nemətlərinə qarşı ən xeyirli qarşılıqdır. Bu barədə Qurani-Kərimdə belə buyurulmaqdadır: "Əgər şükür etsəniz, Mən nemətlərimi daha da artıraram” (İbrahim surəsi-7). Allah-Təala sükr edənə nemətlərini artırdığı üçün gərək insanlar da səmimi təşəkkür edənlərə qarşı rəğbətini, mərhəmətini çoxaldalar. Verilmiş nemətin qədrini bilməyənə nankor deyirlər.

İnsanın vəzifəsi Peyğəmbərimizin də bir hədisi-şərifində buyurduğu kimi, müsibət baxımından özündən daha pis vəziyyətdə olana baxmaq və şükür etməkdir. Rahatlıq və zənginlik baxımından da şükür edə bilmək üçün özündən daha çətin vəziyyətdə yaşayanlara baxıb, sahib olduğu nemətlərin dəyərini bilməlidir. İnsan nemətin qədrini bildikcə Allah da onun bərəkətini artırar.

Həzrəti-Musa (ə.s.) Allah-Təala (c.c.) ilə söhbət üçün Tur dağına gedərkən səhrada boğazına qədər quma basdırılmış bir adama rast gəlir. Həmin adam soruşur:

- Ya Musa, hara gedirsən belə?

- Tur dağına gedirəm, Allah-Təala ilə söhbətim var.

- Ya Musa, mənim bu halımı Allaha anlat, de ki, bürünməyə bir şeyi olmadığı üçün özünü quma basdırıb. Qoy bu dünya malından mənə də bir şeylər qismət eləsin ki, mən də adam kimi yaşaya bilim. Qayıdanda da yolunu burdan sal, Allahın nə dediyini mənə çatdır.

Həzrəti Musa da onun istəyini yerinə yetirəcəyinə söz verib, yoluna davam edir.

Həzrəti-Musa Tur dağından dönərkən həmin adamı yenə olduğu yerdə qumun içində görür. Salam-kalamdan sonra adam Həzrəti-Musadan onun xahişini yerinə yetirib-yetirmədiyini soruşur. Həzrəti-Musa da belə cavab verir:

- Allah-Təala sənin hər halından xəbərdardır. Buyurdu ki, sən şükür edəsən ki, Allah da nemətlərini artırsın.

Adam əllərini qumun içindən çıxarıb əsəbi halda:

- Nəyim var ki, nəyə şükr edim, ya Musa? - deyir.

Elə bu vaxt hardansa bir külək gəlir, bütün qumu sovurub aparır və adam qalır lüt-üryan.

İbrətli söhbətdir, elə deyilmi? Düşünmək üçün çox gözəl mövzudur. Əgər gördüyündən, oxuduğundan nəticə çıxarmırsansa, heç oxumağının da bir anlamı yoxdur. Oxuduğun, öyrəndiyin hər şey həyatında nəyisə dəyişmədikcə, səni zərrə qədər də olsa gözəlləşdirmədikcə, yükdür.

Elm nəticə etibarilə əxlaq, əxlaq da son məqamında elmdir.

Elmi əxlaqa çevirə bilənlərə nə qədər də ehtiyacımız var. Elmin əxlaqı olmayanda bombaya çevrilir, silaha dönür, kütləvi qırğına səbəb olur.

Allaha şükür etmək hər kəsin insanlıq borcudur. Həm də insan dili və qəlbi ilə şükür etməyi özünə vəzifə etməlidir. Allaha şükür etməklə bəndəyə təşəkkür etmək arasında bir əlaqə var. İnsanı bütün mahiyyəti, duyğu və düşüncəsi, istəyi ilə yaxşı tanıyan Peyğəmbərimiz Həzrəti-Muhamməd (s.ə.s.) belə buyurmuşdur: "İnsanlara təşəkkür etməyi bilməyən Allaha da şükür etməyi bilməz”.

Allaha şükür etmək insan üçün çox gərəkli, çox önəmli ibadətdir. Çünki bizi O, yoxdan var edib; bizə can verib; bütün digər yaratdıqlarından daha üstün imkanlar verib. Ağac da canlıdır, ancaq o bir yerdən hərəkət edib, başqa yerə gedə bilməz. Heyvan da canlıdır, ancaq bizə verilmiş ağıl kimi bir nemətdən məhrumdur. Müsəlman olduğumuz, sağlam, rahat yaşadığımız üçün də nə qədər şükür etsək, yenə azdır.



Dəniz qızı | 3 avqust 2016 21:34 | Status: Brilliant user | Şərh: 8 017
Çox şükür bu günkü günümə.Sağ ol xala..
B.Fereh | 3 avqust 2016 14:47 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: B.Fereh
Bu gunki gunume hemiwe wukr elemiwem.Allah weytani bizim qelblerimizden uzaq elesin.Nawukur bendelerden olmayaq.Tewekkurler.

AMIN.
SEVDA | 3 avqust 2016 09:26 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: SEVDA
Wükürler olsun Allahìma her weye gore....
Gülçin | 19 aprel 2016 13:58 | Status: Brilliant user | Şərh: 6 780
Fikir bildirənlərə təşəkkürlər.
Dəniz qızı | 14 aprel 2016 07:46 | Status: Brilliant user | Şərh: 8 017
Şükürlər olsun bu günümüzə.
ESMERRi | 13 aprel 2016 12:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur. İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf etməli, dili ilə Ona şükür etməli və yalnız Ona ibadət etməlidir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).
SEVDA | 13 aprel 2016 10:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Wükürler olsun Allahìma her weye gore....
B.Fereh | 12 aprel 2016 16:34 | Status: Nəzarətçi | Şərh: 6 975
Bu gunki gunume hemiwe wukr elemiwem.Allah weytani bizim qelblerimizden uzaq elesin.Nawukur bendelerden olmayaq.Tewekkurler.
dılay | 12 aprel 2016 15:51 | Status: Brilliant user | Şərh: 8 183
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur. İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf etməli, dili ilə Ona şükür etməli və yalnız Ona ibadət etməlidir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).