Müdrik kəlamlar / Kitab aləmi

Dəlinin dadanmağı- İbrətamiz hekayə

Gülçin | 31-03-2016, 19:30
2 693 8

 


Kəndin bir dəlisi varmış, amma siz bunun adının dəli olmasına baxmayın, yaxşı dəliymiş. Yaxşı deyəndə ki, ara-sıra şıltaqlığı olsa da, kimsəylə işi olmaz, qapıları gəzib-dolaşar, sahibsiz evin qapısından baxmaz, birinə su daşıyar, birinə odun doğrayar, birinə yer belləyər, birinə ot biçər, sonra veriləni yeyər, geyər, uçuq-sökük daxmasında illəri yola verərdi. Kəndin ağsaqqalı bu adamı çox istəyərmiş. Bir dəfə kəndin adamlarından birini yanına çağırıb, ordan-burdan danışandan sonra gəlir mətləb üstünə. Deyir ki, ay əmoğlu, ay mənim müsəlman qardaşım, səndən bir şey istəyəcəm, həmən "yox” demə, get evdə bir xanımınla da məsləhət elə, razılıq olsa, mənim sözümü göyərdərsiniz. Olarmı?

Adam da deyir ki, ay ağsaqqal, mətləb üstünə gəl görüm, nə demək istəyirsən?

Ağsaqqal da deyir ki, ay qardaş, camaat bunun adını dəli qoyub deyə onu adamlıq cərgəsindən silmək doğru deyil. O da adamdır, atası-anası yoxdur deyə tək-tənha qalıb. Sənin də qızının yaşı keçir. Mən istəyirəm ki, Allahın əmri, Peyğəmbərimizin buyruğu ilə sənin qızınla bu qardaşımızı evləndirək.

Adam gedir evinə, arvadla da götür-qoy edəndən sonra ağsaqqalın dediyini qəbul eləyir. Qızın da ağzını arayırlar, görürlər ki, yola yaxındır. Gəlib ağsaqqala deyir ki, sən necə istəyirsən, elə də olsun.

Bəli, hazırlıq başlayır, bu dəlinin daxmasını şirələyib, boyayıb ev halına gətirirlər, geyindirib-kecindirir, əməlli-başlı oğlan halına salırlar, sonra da el adətincə toy edib həmin qızı bunun evinə gəlin gətirirlər. İnsafən qız da yaxşı qız imiş, ata-anası da yaxşı cehiz verirlər. Pah, bu dəlinin həyatı dəyişir, nə dəyişir. Dünənə qədər qapılarda işləyən adam indi əlini ağdan-qaraya vurmur, tərtəmiz, çiçək kimi paltarlar geyir, səhər-axşam isti xörək yeyir, xış-xış eləyən, qar kimi ağappaq yataqda yatır, hələ desən yatağın içində də bir baş yoldaşı, cibi pul görür. Daha nə lazımdır ki?! Nə başınızı ağrıdım, adam görmədiyi günlərə çıxır. Ötən günlər yaddan elə çıxır ki, zalım balası elə bil göz açandan belə yaşayırmış.

Bir gün nə yellər əsir, nə sellər axırsa, şeytan bu yazığı necə qurdalayırsa, köhnə şıltaqlığı tutur, heç bir şeyin üstündə yazıq gəlini salır şapalağın altına. Ömrü boyu dədəsindən bir şapalaq görməmiş gəlin şələ-şüləsini yığıb qaçır dədəsi evinə. Dəli də özünü sındırmamaq üçün gəlinin dalınca qışqırır ki, dalınca gəlsəm, köpəyoğluyam.

Görün işin harasıdır ki, dünənki dəli indi gəlinə qürur göstərirdi: "dalınca gəlsəm, köpəyoğluyam”.

Amma sən saydığını say... Heç bir həftə keçməmiş dəlinin bər-bəzəyi, şıxı-şoxu çəkilib gedir. Evdə nə isti ocaq var, nə çay-çörək, üst-baş it kökündə, yorğan-döşək, ev-eşik zir-zibil içində, qarın ac, ev buz kimi soyuq. Axşam olanda divarlar adamın üstünə gəlir.

Bəli, bizim bu dəli qardaşımız görür ki, heç qürur eləməyin yeri deyil, bir qələtdi eləyib, gərək gedib üzr istəsin, yalvarsın-yaxarsın, gəlini geri gətirsin. Gedib oturur qayınatasının qapısında. Qayınata, qayınana onun qabağına çıxıb deyirlər:

- A bala, çıx get, bundan belə sənin itiyin burda tapılmaz.

Dəli başlayır yalvarmağa ki, ay dayı, ay bibi, bir qələtdi, elədim. Keçin günahımdan, and içirəm ki, bir də ona barmağımı da vurmaram. Bu gedib yalvarır, onlar razılaşmırlar. Axırda qayınata deyir:

- Ay bala, bizdən əl çək deyirəm. Niyə anlamırsan? Sənə qız vermişdik, verməmiş olaq. Elə bil ki, heç olmayıb, əl çək get dəə.

Dəli görür ki, daha yalvarmağınan, dil tökməyinən, vəd verməyinən mətləb hasil olan deyil, deyir:

- Nə təhər yəni verməmişdik? Nə təhər yəni olmayıb? Qız vermisiniz, evimi ev eləmisiniz, məni kişi eləmisiniz, indi də deyirsiniz ki, elə şey olmayıb? Olub axı. Vermisiniz də, dadandırmısınız da. Mənim arvadımı verin, vəssalam.

Deyirlər ki, o "dadandırmaq” söhbəti qayınatanın ürəyinə necə düşürsə, yumşalıb olur ipək kimi. Kişinin arvadını verirlər, götürüb gedir, amma dəli də dediyinin üstündə durur, ondan sonra arvadına güldən ağır söz söyləmir.


 



Ay_Sun | 3 aprel 2016 16:41 | Status: Brilliant user | Şərh: 13 408
Maraqli hekaye ucun tesekkuler xalam.
Dəniz qızı | 2 aprel 2016 16:03 | Status: Brilliant user | Şərh: 8 017
Doğurdan da maraqlı oldu təşəkkür.
Gülçin | 1 aprel 2016 11:45 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: B.Fereh
Ay Gulcin xanim,XOW GELMISIZ!Darixmiwdim sizin b

Sitat: dılay
Xow gelmisiniz Gulcun xanim.


Təşəkkür edirəm, xanımlar. Xoş günləriniz bol olsun. kissing_heart
Hali | 1 aprel 2016 06:46 | Status: VİP user | Şərh: 484
Oxumadim twk
OAKR | 31 mart 2016 23:24 | Status: Qonaq | Şərh: 0
Maraqli idi tesekkurler
SEVDA | 31 mart 2016 23:19 | Status: Nəzarətçi | Şərh: 17 439
Hekayeye gore twk...
dılay | 31 mart 2016 21:52 | Status: Brilliant user | Şərh: 8 183
Xow gelmisiniz Gulcun xanim.Heykaye ucun tewekkurler .Maraqli idi.
B.Fereh | 31 mart 2016 19:48 | Status: Nəzarətçi | Şərh: 6 975
Ay Gulcin xanim,XOW GELMISIZ!Darixmiwdim sizin bele gozel meqalelerden otru.Hemde nigaran idim:(Umud edirem,birde bizi bele nigaran qoymazsiz. kissing_heart