Münasibətlər / Bürclər

“Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək

Banu. | 11-12-2020, 20:59
3 575 0
Belə anlaşılır ki, insanlar artıq virusun yaxınlıqda olması ilə bağlı reallığa vərdiş ediblər. Ona görə də, bir çoxları indi bu mövzuda düşünüb, özünü yormağa həvəs göstərmirlər. Əksinə, bir çox hallarda virusun mövcud olmadığı dövrlərdəki həyat tərzinə dönməyə üstünlük verirlər.

Buradansa, çox sadə bir nəticə ortaya çıxır. Belə ki, insanlar virusun mövcudluğuna yalnız vərdiş ediblər. Ancaq bu təhlükə ilə yanaşı yaşamağa hələ öyrəşməyiblər. Hər halda, öyrəşmiş olsaydılar, insanların davranış tərzi indikindən ciddi şəkildə fəqrli olardı, yoluxma intensivliyi də belə yüksək rəqəmlərə çıxmazdı.

Deməli, bir çox şeylər yanlış gedir. Dövlətlərin epidemiyaya qarşı mübarizə metodlarından tutmuş, hər bir insanın bir fərq olaraq, özünü qoruma instinktinə qədər hər şeydə bir tərslik var. Üstəlik, əksər ölkələrdə ictimai təbliğat mexanizmləri də yetərincə effektiv işləmir.

Ona görə də son həftələrdə dünyanın əksər ölkələrində infeksiyaya yoluxanların sayında ciddi artım müşahidə edilməkdədir. Məsələn, Türkiyədə ötən ay gündəlik yoluxma sayı 800 nəfərdən az idi. İndisə, bu rəqəm 1500 nəfərin üzərindədir. Qonşu Gürcüstan epidemiya ilə mübarizədə ən ümudverici nəticələr alan ölkələrin sırasında yer almaqdaydı. Hazırda bu ölkədə də ciddi həyəcan təbili çalınmaqdadır. Çünki yoluxma sayı ilk dəfə təhlükəli rəqəmlərə doğru irəliləyir.
Azərbaycanda da vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Düzdür, cəmisi bir ay əvvəl ölkəmizdə gündəlik yoluxma sayı 600 nəfərə çatmışdı. Sonra bu rəqəm tədricən azalmağa başladı və hətta 75-80 nəfərə qədər gerilədi. Və bu, həm sevindirici, həm də ümidverici nəticə idi.

Ancaq son həftələrdə situasiya yenidən mənfi istiqamətdə dəyişməyə doğru yönəlib. Belə ki, hazırda Azərbaycanda gündəlik yoluxma 140-160 arasında dəyişir. Bu isə növbəti dəfə həyəcan təbili çalınması üçün yetərli yüksəlişdir.

Ancaq dünyanın digər ölkələrindəki vəziyyət daha acınacaqlı xarakter daşıyır. Belə ki, situasiyanın nisbətən nəzarət altına alındığı düşünülən bir sıra Avropa dövlətlərində infeksiyaya gündəlik yoluxma halları yüksəlişə keçib. Fransa, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və s. kimi önəmli dünya ölkələrində gündəlik yoluxma sayında iki dəfədən çox artım müşahidə edilməkdədir.