Mətbəximiz / Kompot, kokteyllər

İsti günlərin xilaskarı sərin içkilər

dılay | 13-07-2016, 09:00
2 184 3

Çiyələk limonadı

Yaz mövsümünün şirin, gözəl qoxulu meyvələrindən olan çiyələk limonadının evdə hazırlanması həm asan, həm də, ucuz başa gəlir.

 

Tərkibi:

 

1\2 stəkan şəkər tozu

450 qr çiyələk (soyulmuş)

3\4 stəkan limon suyu

4 stəkan qazlı su

Hazırlanma qaydası:

Sadə şərbət hazırlamaq üçün orta boy qazana şəkər tozu və 1\2 stəkan suyu əlavə edirik. Şəkər tozu əriyənə qədər 2-3 dəqiqə qaynadırıq. Hazır olandan sonra soyuması üçün kənara qoyuruq.

 Meyvə suyu çəkən maşına (blenderə) çiyələyi əlavə edirik, 1-2 dəqiqə çiyələk püre halına gələnə qədər çəkirik, daha sonra tənzifdən süzürük. Dolçaya(sürahiyə) çiyələk püresini, limon suyunu və şərbəti əlavə edirik. Daha sonra soyusun deyə soyuducuya qoyuruq. Süfrəyə verərkən qazlı su və buz əlavə edirik.

Qeyd: 4 nəfər üçün nəzərdə tutulub

Albalı limonadı

Tərkibi:

500 ml albalı şirəsi

50 ml limon şirəsi

Şəkər tozu zövqə görə

Bəzək üçün bir neçə albalı

 

Hazırlanma qaydası:

 

Albalı və limon şirəsini şəkərlə qarışdırın. Qədəhlərə bir neçə albalı qoyun və 1/3 hissəsinə qədər şirə əlavə edin. Limonadın üzərinə soyuq qazlı və ya qazsız su əlavə edin. Sonda buzla birlikdə süfrəyə verin.

Nanəli limonad

Tərkibi:

Sirop üçün:

200 qr şəkər tozu

200 ml su

1 limonun sürtgəçdən keçirilmiş qabığı

 

Limonad üçün:

 

200 ml limon suyu ( 6 limon)

1 limonun sürtgəçdən keçirilmiş qabığı

1 litr qazlı su

Bəzənməsi üçün bir neçə nanə yarpağı + limon

Hazırlanma qaydası:

Sirop: balaca qazana şəkər tozunu qoyun. Daha sonra su və sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin. Qazanı ocağa qoyun, 3 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün. Nanə zoğları əlavə edin və 10 dəqiqə otaq temperaturunda, ağzı bağlı saxlayın. Sonra isə soyudun. Limonad: limonları sıxın, tənzifdən süzüb, başqa bir qaba tökün. Sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin və qarışdırın. Soyudulmuş siropun içindəki nanə zoğlarını götürün, limonada əlavə edib qarışdırın. Daha sonra limonada qazlı suyu əlavə edin. Soyuducuya qoyun. Ən azı bir saat saxlayın. Süfrəyə verməzdən qabaq dolçaya (sürahiyə) tökün, limon dilimləri və nanə yarpaqları ilə bəzəyin.

Qarpız limonadı

Tərkibi:

1 litr qazlı su

Kub şəklində doğranmış qarpız (haradasa 4 stəkan)

Zəncəfil (barmaqucu qədər)

Xiyar dilimləri ( yarım xiyar)

Təzə nanə yarpaqları

Buz

1 x.q şəkər tozu

 

Hazırlanma qaydası:

 

Həvəngdəstədə zəncəfil və şəkər tozunu döyün. 2 stəkan qarpız dilimini əlavə edib birlikdə sirop halına gələnə qədər qarışdırın. Daha sonra dolçaya (sürahiyə) qarpız və zəncəfil qarışımını (siropunu), qalan qarpız kublarını, xiyar və nanə yarpaqlarını əlavə edin. Soyuducuya qoyun. Süfrəyə verərkən buz əlavə edin.

Reyhan şərbəti

Son zamanlar rəngilə diqqət çəkən ev şəraitində hazırlanan digər içki reyhan şərbətidir. Hazırlanması çox asandır. İstər böyüklərin, istərsə də kiçiklərin sevərək içəcəyi reyhan şərbətinin reseptini sizlərlə paylaşırıq.

 

Tərkibi (8-10 stəkan üçün):

 

1 dəstə reyhan

1 limonun suyu

1,5 stəkan şəkər tozu

2 litr isti su

Hazırlanma qaydası:

 Reyhanı yuyub, süzün. Bütün dəstəni qazana qoyun. Reyhanın üzərinə limon suyu və şəkər tozunu əlavə edin. Qaynar suyu qazana əlavə edin. Şəkər tozunun qazan dibində yığılıb qalmaması üçün 1-2 dəfə qarışdırın. Şərbət halına gələnə kimi qaynadın. Daha sonra otaq temperaturunda 1 - 1,5 saat saxlayın. Qazanın qapağını mütləq qoyun. Şərbət otaq temperaturunda soyuduqdan sonra tənzifdən süzərək dolçaya (sürahiyə) tökün. Soyuducuda soyutduqdan sonra buz əlavə edib, reyhan yarpaqları ilə bəzəyib süfrəyə verin.

Nuş Olsun!

 

foxy.az


dılay | 13 iyul 2016 21:37 | Status: Brilliant user | Şərh: 8 183
Redakte ucun tesekkurler..
Dəniz qızı | 13 iyul 2016 18:12 | Status: Brilliant user | Şərh: 8 017
Gərək edim bunlardan.
B.Fereh | 13 iyul 2016 18:00 | Status: Nəzarətçi | Şərh: 6 975
Secilmiwlerde saxladim.
Tewekkurler.