Mətbəximiz / Dünya mətbəxi

Yunansayağı börəyin (Spanakopita) resepti

Banu. | 10-06-2020, 07:33
1 083 0
Əziz izləyicilərimiz, sizlərlə paylaşacağımız növbəti təam Yunansayağı börəyin (Spanakopita) reseptidir.

- Pendir 200 qr.
- Kərə yağı 100 qr.
- İspanaq 2 dəstə.
- Şüyüt 1/2 dəstə.
- Yaşıl soğan 2-3 yarpaq.
- Sarımsaq 1 diş (zövqə görə əlavə edilməyə də bilər).
- Zeytun yağı 2 x.q.
- Yumurta 1 ədəd.
- Limon qabığı 1 ç.q. (rəndələnmiş).
- Sidr fındığı 3 x.q. (qovrulmuş).
- Hazır əl yuxası və ya evdə hazırlanmış 5 ədəd.
- Duz, istiot zövqə görə.

Üzəri üçün:
Yumurta sarısı 2 ədəd.

Soba 180 dərəcədə isidilir.
Göyərtilər xırda doğranılır, üzərinə çəngəllə əzərək xırdalanmış feta pendiri əlavə edilir. Üzərinə çırpılmış yumurta əlavə edilir. Rəndələnmiş limon qabığı, 2 x.q. zeytun yağı, sidr fındığı və zövqə görə duz, istiot da əlavə edilərək qarışdırılır.
Yuxalar bıçaqla eni 7-8 sm. olmaqla uzun hissələrə kəsilir. Fırça ilə əridilmiş kərə yağı sürtülür və hazırlanmış pendir-göyərti qarışımı yuxanın ən aşağı hissəsinə qoyulur. Yuxanın sonunadək üçkünc şəkildə qatlanır.
Bütün yuxalar bu şəkildə qatlandıqdan sonra bişirmə kağızı üzərinə yerləşdirilir. Sonda üzərinə çırpılmış yumurtanın sarısı fırça ilə sürtülür.
180 dərəcədə 20 dəqiqə üzəri qızılı rəng alanadək qızardılır.