Mətbəximiz / Şirniyyat

Əsil Bakı paxlavasının resepti və hazırlanması

Banu. | 15-03-2018, 09:00
11 161 0



 
 Ərzaqlar:

Xəmir üçün:
Un – 1 kq.
Süd – 1 st.
Xama – 2 x.q.
Yumurta – 2 ədəd
Kərə yağı – 250 qr.
Quru maya – 1 ç.q.
Duz – bir çimdik

İç üçün:
İçi qozdan və ya badamdan edə bilərsiniz. Amma qozla daha dadlı olur.
Qoz ləpəsi – 1 kq.
Şəkər tozu – 1 kq.
Üyüdülmüş hil – 1/3 ç.q.

Yağlamaq üçün:
Kərə yağı – 400 qr.

Şərbət üçün:
Şəkər tozu – 1 st.
Su – 1 st

Üstü üçün:
2 yumurta sarısı
Zəfəran – 1 ç.q. (2 xörək qaşığı qaynar suda dəmləyirsiniz)
Badam və ya fındıq

Hazırlanma qaydası:
Əvvəlcə xəmiri hazırlayırıq: Ərzaqları qarışdırıb şəkərburada olduğu kimi qatı xəmir yoğururuq. 30-45 dəqiqə isti yerdə saxlayırıq ki, xəmir acısın.

İçi hazırlayırıq: Qozu qozçəkən maşınında xırdalayıb şəkər tozu və hil əlavə edib qarışdırırıq.(işimiz asan olsun deyə bunu əvvəlcədən də hazırlayıb qoya bilərik)

Şərbəti hazırlayırıq: 1 st. Şəkər tozunun üzərin 1 st. su töküb odun üzərinə qoyuruq və şərbət hazır olanda içinə zəfəran da atırıq. Sonra kənara qoyuruq ki, soyusun.

Xəmiri 12 kündəyə bölürük: 2-si daha iri olmalı (alt və üst qatlar qalın olduğu üçün), 10 kündə isə nisbətən balaca. Tavanı azca yağlayırıq. Alt üçün olan kündəni yayıb tavanın dibinə səririk. Üstünü fırça ilə yağlayıb 3-4 xörək qaşığı iç səpib bərabər paylayırıq. Kiçik kündələri bir-bir nazik yayıb səririk, xəmirin uclarını tavanın divarlarına yapışdırırıq. Hər layın üzərinə isə yağ sürtüb və iç səpirik. Sonda 12-ci üst qatı yayıb paxlavanı tamamlayırıq.

Paxlavanı romb formasında doğrayırıq. Hər rombun ortasına fındıq (qoz/badam) qoyuruq. Üstünə yumurta sarısı çəkirik və əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə bişiririk.

Təxminən 15-20 dəqiqə sonra, üzü qızardıqda götürürük, paxlavamızın üzərinə bərabər qaydada bol yağ gəzdiririk. (200 qr. əridilmiş yağ) Yenidən sobaya qoyub 25-30 dəqiqə, qızarana kimi bişiririk.

Şərbət soyuduqdan sonra üzərinə 1 x.q bal əlavə edib yaxşıca qarışdırırıq. Ən axırda paxlavanı sobadan çıxarıb üzərinə bərabər qaydada şərbət gəzdiririk. Söndürülmüş sobaya qoyub 5 dəqiqə (istidə qalsın deyə) sonra götürürük.

Qeyd: Şərbəti tökəndən sonra paxlavanı qaynar, işləyən sobaya qoysaq bərkiyər deyə, söndürülmüş sobaya qoyuruq ki, sadəcə buğ vursun.

Sobadan çıxardığımız paxlavanın doğranmış romblarının üzərindən bir daha bıçaqla gedirik. İlıq halda tavadan bir-bir çıxarıb düz qaba yığırıq.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.