Ayağa dur,Azərbaycan!
AYAĞA DUR,AZƏRBAYCAN!
Nə yatmısan,qoca vulkan,səninləyəm!
Ayağa dur,Azərbaycan,səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur,Azərbaycan!
Bunu sənə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
-Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
Külüng tutan,yaba tutan,
Kösöy tutan,nişanlı ər,səninləyəm!
Səninləyəm,qız atası,
Hanı nərən,hanı səsin?!
Hanı andın?
Yoxsa sən də yatmışlara,batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil,Vətən oğlu,ayağa qalx!
Üfiqinə bir yaxşı bax!
Sərhəddinə bir yaxşı bax,
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur,içində qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə!
Varım-yoxum səninləyəm,
Azım-çoxum səninləyəm!
Şirin yuxum səninləyəm!
Yıxın məni söz atından,-
Atın məni tank altına.
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim.
Atın məni tank altına,
Qabaqdakı bir körpəni xilas edim.
Necə səni,necə məni xilas edim?
Səninləyəm,sözü qəmli,
Özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
Rəncbər atam!
Oyat bizi,ey Yaradan:Səninləyəm!
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi!
Ey yaradan,səninləyəm!
Səninləyəm yatmış vulkan,
Səninləyəm!
Ayağa dur,Azərbaycan,
Səninləyəm!...
Müəllif: Məməd Araz.
Redaktə etdi:Röyamsan.