Layihələr / Tanıdım səni

Facebook-da 105 min azərbaycanlını bir araya gətirən adam

Aynur_Qurbanqizi | 11-11-2011, 00:01
8 077 124


Azərbaycanda ən böyük səhifənin yaradıcısı və onu uğurla idarə edən Cavid Bəhruzdan müsahibə


 

«Maraqlı insanlar – onları siz də tanıyın» bölməsinin bu dəfəki qonağı dünyada öz populyarlığı ilə liderlik edən sosial şəbəkə - facebookda ən böyük səhifəyə sahib olan və bu səhifədə vətənpərvərliyi aktiv şəkildə təbliğ edən 26 yaşlı  bir gəncdir - Cavid Behruz… Bu imza o qədər tanınmasa da, 105 min üzvü olan «Azərbaycan»səhifəsibu sosial şəbəkədə çoxlarına məlumdur. O, həmişə kimliyini gizlədir, çünki əsas məqsəd-məramı sadəcə gənclərə vətənpərvərlik hisslərini aşılamaq, toprağının hər qarışı haqqında məlumat vermək, önəmli məsələləri müzakirəyə çıxartmaq, gündəmdə olan hadisələrə diqqətləri yönəltmək, milli qəhramanlarımız, Azərbaycanın ictimai-siyasi həyatında böyük rol oynayan dahilərimiz haqqında tez-tez informasiyalar verməklə onların həyatlarından gənclərin örnək götürməsinə çalışmaqdır. Bununla kifəyətlənməyən Cavid, həmçinin «Azərbaycanda azərbaycanca danışaq» şüarı altında dilimizin təbliğinə də ayrıca yer ayırır, öz aralarında başqa dildə danışan həmvətənlərimizi ciddi şəkildə qınayır, tənqid edir. 

 

Hər birimiz vətənimizi, torpağımızı sevirik. Amma, Cavid Behruzun bu bölməyə qonaq olmasının səbəbi onun bizlərdən fərqli olaraq, bu hissi təkcə içində yaşatmaqla kifayətlənməyib, həm də geniş şəkildə təbliği ilə məşğul olmasıdır. Təəssüf ki, dildə «vətən-vətən» deyən çoxlarının başı öz şəxsi işlərinə, əyləncəyə qarışıb və hər kəs də gündəlik vaxtını-zamanını ayırıb təmannasız ciddi şəkildə bu işi görməkdə həvəsli deyil. Cavid Behruzun da yüzminlərlə gəncdən məhz fərqi də budur!

 

O, Naxçıvanda doğulub. Ailənin tək oğul övladıdır, 4 bacının sevimli qardaşı… Ali təhsillidir, subaydır. Hazırda Türkiyədə fəaliyyət göstərir. Bu istedadlı oğlanın həm də şairlik qabiliyyəti var, gözəl şeirlər yazır.

 

 


 

 

İndisə, keçək müsahibəyə və bu vətənpərvər gənci daha yaxından tanıyaq:

 

1) Cavil Bəhruz kimdir? Özünüzü necə təqdim edərdiniz?

 

Adətən bu sual soruşulanda necə cavab verəcəyimə çətinlik çəkmişəm. Həmişə kiməm sualını özümə soruşduqda əslində heç kim olduğumu dərk etmişəm. Özümü təqdim etməyə gəlincə isə təxəllüsümlə təqdim edərdim – Cavid Behruz.

 

2) «Maraqlı insanlar» bölməsinə qonaq olmanızın səbəbi müsahibənin girişində qeyd olunub. Facebook kimi böyük sosial şəbəkədə gənclərə vətənpərvərliyi aşılamaq… Bu fikir ilk dəfə hardan ağlınıza gəldi?

 

Bu fikir təsadüfən yaranmayıb. Hələ orta məktəbdə oxuyarkən sinifdə “lövhəmiz” var idi və orada vətənpərvərlik ruhunda məqalələr yazırdım. Mən türk liseyində təhsil aldığım üçün bir az da liseydəki türk müəllimlərimizin Vətən sevgisini qısqanırdım və həmişə onlara əslində Azərbaycanlıların onlardan daha çox vətənpərvər olduqlarını göstərmək istəyirdim. Bəlkə də elə deyildi, ancaq buna qismən mən və mənim kimi düşünən yoldaşlarımla bərabər nail olmuşduq. Daha sonra isə sosial şəbəkələr yarandı və bizim də daha geniş auditoriyaya xitab edə bilmə şansımız yarandı. Facebook sosial şəbəkəsində Azərbaycanı, Azərbaycançılığı, milli-mədəni irsimizi, dilimizi, adət və ənənələrimizi, ordumuzu təbliğ və tərənnüm edəcəyimiz bir çox səhifələr qurduq və heç bir maddi maraq güdmədən onları aktiv şəkildə idarə edirik.

 

3) Vətənini sevən bir gənc kimi vətənə xidmət olaraq başqa hansı işləri görürsünüz, yaxud görməyi arzulayırsınız?

 

Mən Vətənə xidmət etmək ifadəsinə bir çox şeyi sığdırardım. Vətəni düşünmək də Vətənə xidmət etməkdir, dövlət məmurunun şərəf və vicdanı ilə işləməsi də Vətənə xidmətdir, tələbənin yaxşı oxuması da... Mənə gəlincə hal-hazırda virtual olaraq təbliğat işləri ilə məşğul olsam da gələcək üçün başqa planlarım da var. İnşallah onları həyata keçirdərkən sizlərdən də yardım istəyəcəyik...

 

4) Facebookda insanları səhifələrə üzv etmək çox çətindir. 105 min insanı bir səhifə ətrafına toplamağı necə bacardınız?

 

Biz səhifələrimizə üzvləri əsasən paylaşmalarımızın keyfiyyətinə görə toplaya bilmişik. Heç bir siyasi təsirə düşmədən hər bir Azərbaycanlıya xitab etməyi bacarmışıq. Bu da qulaqdan-qulağa gəzərək bizim ən böyük reklamımız olub. Həmçinin xüsusilə qeyd edim ki, bu günə kimi heç bir ödənişli reklamdan istifadə edərək səhifəmizi reklam etməmişik.

 

5) İnsanların həyata baxışı müxtəlifdir. Bir mövzunu müzakirəyə qoyanda müəyyən hissə razılaşırsa, müəyyən tərəflər də əleyhiyə yazır, sizi tənqil edir. Bəs, bu cür vəziyyətlə qarşınlaşanda nə edirsiz?

 

Mən tənqid görəndə sevinirəm, fərqli düşüncələrə həmişə açıq bir insan olmuşam. Gənclərimizin əsaslı tənqid etməsi deməli nələrisə görə bilmələri deməkdir.  Bundan necə şikayətçi ola bilərəm ki? Ancaq bəzi hallarda məni yaxud başqa fərdi təhqir edirlər, bunu da normal qəbul edə bilmərəm əlbəttə ki... Lazımi tədbiri görürəm o vaxt.

 

6) «Azərbaycanda azərbaycanca danışaq» şüarı altında dilimizin gözəlliklərindən bəhs edən bir səhifə yaratdığınzına görə demək doğma dilimizə laqeyd münasibət sizi də narahat edir. Bəs, siz özünüz dilimizə sadiq qalmısınız? İllərdir Türkiyədə yaşamağınıza əsasən bu sualı verirəm. Çünki Türkiyədə yaşayan həmvətənlərimizin əksəriyyəti o ləhcədə danışır.

 

Bizim xalq olaraq həmişə özgə dillərə marağımız olub. Dil öyrənmə qabiliyyətimiz Allah vergisidir məncə. Nə qədər çox dil bilirsənsə bir o qədər dünyagörüşün çoxdur deməkdir. Ancaq öz ölkəndə öz həmyerlinlə başqa dildə danışırsansa o sənin dünya görüşündən xəbər verməz. Ana dildə danışmaq, danışa bilmək bir mədəniyyətdir. Bu gün təəssüf ki, bir çoxlarımız öz aralarında rus dilində ünsiyyət  qurmağa üstünlük verirlər. Bunu bəziləri təbii qəbul edir və səbəb kimi rus bölmələrində təhsil almağı göstərir. Ancaq mən onlara Cənubi Azərbaycanlı soydaşlarımızı nümunə göstərərdim. Azərbaycan dilində heç bir təhsil almadıqları halda iki cənublu soydaşımız öz aralarında farsca danışmazlar. Türkiyə türkcəsinə gəlincə mən bunu da qəbul etmirəm. Azərbaycan dili bütün fikirləri ifadə edə biləcək qabiliyyətdədir və bəzən soruşanda ki sən bu sözü niyə Türkiyə türkcəsində işlətdin, cavab verir ki, Azərbaycan dilində onun qarşılığı yoxdur. Əslində buna səbəb həmin insanın ana dilimizdə az ədəbiyyat oxumasındandır. Azərbaycan dilində bilmədiyi sözü Türkiyə türkcəsində bilməsinin səbəbi isə Türkiyə kanallarına baxmağına görədir. 

 

7) «Azərbaycan» səhifəsində hansı yeniliklər gözlənilir? Bir də bu aktiv səhifənin hər hansı dövlət orqanı ilə əməkdaşlığı haqqında düşünürsüz?

 

«Azərbaycan» səhifəsində çox yeniliklər olacaq. İlk öncə milli portal yaratmağı düşünürük. Azərbaycan virtual dünyada çox geri qalıb, buna da səbəb insanlarımızın hər şeyi dövlətdən gözləməsidir. Təbliğatı dövlət yox vətəndaşlar  edər. Dövlət sadəcə köməklik göstərər.
Səhifəmizin hər hansı bir dövlət orqanı ilə əməkdaşlığına gəlincə biz buna heç vaxt razılıq verməmişik. Bu barədə biz təklif olub, ancaq biz müstəqil şəkildə işləməyə üstünlük verdiyimizi qeyd etmişik.

 

8) İstərdim bir az da şəxsiyyət olaraq sizi yaxından tanıyaq. Hərdən maraqlı sevgi statusları paylaşırsınız. Sevgi sizin üçün nədir?

 

Məncə sevgi ülvi hissdir. Sevməyi bacaran və onu yaşayan sevginin anlamını bilər.

 

9) Xəyalınızda yaratdığınız ideal qadın obrazı?

 

Məncə sevdiyin qadın idealdır. Onu Allah yaradıb, sən xəyalında yaratsan nə çıxar?

 

10) Həyat deviziniz nədir?

 

“Teymur Topal idi, ancaq axmaq deyildi...”

 

11) Bildiyimə görə, brend saat həvəskarısınız. Hətta statusların birində qeyd etmişdiniz ki, onlara verdiyiniz pula villa almaq olardı. Bu həvəs sizdə hardan yaranıb və o saatlardan istifadə edirsiniz? Yoxsa sadəcə kolleksiya kimi yığırsınız?

 

Saat və qol düymələrinə çox həvəsim var. Bu həvəs universitet illərimdə yaranıb. Dəyəri bir neçə min dollar olan bir çox saatım var və o saatları istifadə etmək üçün almışam. Mən baxıb zövq alanlardan deyiləm... Əlbəttə hamısından istifadə edirəm.

 

12) Başqa hansı xobbiniz var?

 

İnternetdə araşdırma etməyi və PlayStationda futbol oynamağı xoşlayıram.

 

13) Həm də geyimizinə çox önəm verirsiz. Klassik yoxsa idman üslubuna üstünlük verirsiz? «Kişi bəzənməməlidir» fikrinə münasibətiniz?

 

Geyimimə çox önəm verirəm, həmişə şux görünməyə çalışıram. Klassik yoxsa idman üslubu deyə bir seçimim yoxdur. Yerinə görə hər ikisindən də istifadə edirəm. Kişi də özünüə fikir verməlidir...

 

14) Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

 

Boş vaxtım çox olmadığı üçün bu sual bir az mənə aid olmadı. Vaxt tapan kimi Facebookdakı səhifələrdə nəsə paylaşıram. Birdə bowling oynayıram.

 

15) Sizə görə varlı olmağın sirri? Pul sizin üçün nədir?

 

Mən varlı deyiləm ki sirrini də biləm. Bu sualı varlılara yönləndirmək lazımdır. Pul mənim üçün çox şeydir, ancaq hər şey deyil. Məsələn heç vaxt pula görə əqidəmi satmaram. Bu da yəqinki pulun mənə görə dəyərinin nə olduğunu açıqladı.


16) Qızıl balıq sizdən 3 arzunu reallaşdırmaq istəsə, nələri seçərdiniz?

 

Bu suala cavab vermək çətindir. Ola bilər ya arzum yoxdur, ya da çoxdur...

  

 17) Şəxsi həyatınızda ictimai rəyə, cəmiyyətin qınağına önəm verirsiz?

 

Önəm verirəm. “Palaza bürün, elnən sürün” sözündən nə qədər nifrət etsəmdə el qınağından həmişə çəkinmişəm.

 

18) Ən çox hansı mövzuda kitabları oxuyursunuz? Ən sevimli əsər və yazıçınız?

 

Oxumaq üçün kitab seçərkən mövzusuna çox fikir vermirəm. Ancaq tarixi əsərlər oxumağı daha çox sevirəm. Ən sevimli əsərim isə Dostoyevskinin “Cinayət və Cəza” əsəridir.

 

19) Hansı səhvi heç vaxt bağışlamaq olmaz?

 

Bağışlanmayacaq səhv yoxdur mənə görə. Çətin və gec bağışlanacaq səhvlər vardır.

 

20) Bilsəniz ki, 3 gün sonra öləcəksiniz, nə edərdiniz?

 

Mən Allaha inanan biriyəm. Qəza namazları qılardım.

 

21) Sizcə ailədə niyə kişi qadından üstün sayılmalıdır? Niyə qadınlar bu asıllıqdan xilas ola bilmirlər?

 

Mən bu fikirlə razı deyiləm. Məncə ailə tam şərik qurulmuş bir yuvadır. Bir şərik digərindən özünü üstün qılarsa o yuva həmişə yan yatar. Qadınlarımızın asılılıq məsələsinə gəlincə isə qadınlarımız özlərini asılı gördükləri üçün bu gün siz bu sualı məndən soruşursunuz.

 

22) Qadın haqlarını tanıyan, zərif cinsə zorakılığa qarşı çıxan bir bəysiniz. 21-ci əsrdə yaşayırıq, amma hələ də “Yaxşı at özünə qamçı vurdurmaz” məsəlini çox gənclərimizin utanmaz-utanmaz dilinə gətirir. Sizcə, bunun səbəbi nədir?

 

Bunun səbəbi mentalitet və ailədə gördükləridir. Bunun əsrə, ilə dəxli yoxdur, beyinə, formalaşmağa dəxli var. Qadına əl qaldıran kişi güclü yox zəifdir, çox zəifdir... "Yaxşı at özünə qamçı vurdurmaz" sözünü qadınların şiddətə məruz qalması ilə əlaqələndirən zehniyyət cahillik bataqlığındadır. Öz ana və bacısını, ailə qadınlarını bir heyvan ilə müqayisə edənlərə deyiləcək söz tapa bilmirəm.


23) Son olaraq, azadqadın.az-a iradlarınız, təklifləriniz və məsləhətləriniz?

 

İradım saytın dizaynıdır, təklifim isə reklama ehtiyacı olduğu üçün bu sahəyə diqqət yetirməsidir. Təşəkkür edirəm.

 

Müsahibəni apardı: Aynur Qurbanqızı


buxqalter | 28 oktyabr 2015 12:07 | Status: VİP user | Şərh: 1 212
Zovq aldim oxuduqca.ehsen bele genclerimize.sizin kimi duwuncede insanlarimiz cox olsa geleceyimiz haqqinda yaxwi weyler fikirlewe bilerik
Sunay Elizade | 29 may 2015 16:22 | Status: Gümüş user | Şərh: 2 156
halal olsun
Wiyinn | 4 mart 2015 14:37 | Status: VİP user | Şərh: 889
tesekurler 105 nefer nece mindirdiyeee
Nigar | 22 fevral 2014 00:26 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: beehive
haber için teşekkürler efendim, saygılar,,,

beehive | 29 noyabr 2013 11:19 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
jasmin7 | 3 iyul 2013 21:54 | Status: VİP user | Şərh: 745
\\\\\\\\\\\\\\\\
Mickey Mouse | 8 iyun 2013 16:26 | Status: Professional user | Şərh: 4 008
Sitat: leyla meherremova
MENCE AILEDE KISI BIR PILLE YUXARIDA OLMALIDIR,YOXSA AILE UZUN YASAMAZ.

love
shela | 7 iyun 2013 11:41 | Status: Gümüş user | Şərh: 2 910
Aqılli insandı.
Qanad | 20 may 2013 22:12 | Status: Yazar | Şərh: 4 357
Bunu bacarirsa halaldir.
Milaska. | 24 mart 2013 11:51 | Status: Gümüş user | Şərh: 1 486
tewekkur wink
sevinc keder | 19 sentyabr 2012 10:08 | Status: Professional user | Şərh: 3 818
:n44:
_Peri_ | 14 avqust 2012 13:16 | Status: Gümüş user | Şərh: 1 662
maawallahhhhhhhhhhh
life82 | 9 avqust 2012 20:38 | Status: Gümüş user | Şərh: 985
MAŞALLAH ,YAXŞI OGLANDI :n49:
Ayka21 | 4 avqust 2012 22:37 | Status: Yazar | Şərh: 2 770
:n43:
zyoma | 3 iyul 2012 14:31 | Status: VİP user | Şərh: 185
halaldi